Günah hissi… Hüseynbala Səlimov

7 Baxış

MTU5NjQ3NjBmYjA2NDE_1

Körpə Zəhranın qətlindən demək olar ki, hamımız yazdıq. Amma on, hətta yüzlərlə belə yazılar kiçicik bir təsəlli ola bildimi? Azacıq da olsa, təskinlik verə bildimi?..

Heç düşünmürəm. Ona görə ki, ən böyük təsəlli o vaxt olardı ki, ermənilər bunun necə var əvəzini ödəsinlər və bizim körpələr bir daha erməni gülləsinə tuş gəlməsinlər…

Amma hələki bunu edə bilmirik. Səbəbləri çoxdur və bir-bir onların üzərində dayanmağa elə bir ehtiyac da yoxdur, onsuz da hamı hər şeyi yaxşı bilir.

Bilmədiyimizsə odur ki, görən, bizdən sonra gələn nəsillər bizi başa düşəcəkmi və azacıq da olsa, onların gözündə bəraət qazana biləcəyikmi? Şəxsən mən buna inanmıram. Böyük ehtimalla bəraət  gözləmir bizi. Ən yaxşı halda “Bacarmadılar” deyib köks ötürəcəklər…

Onsuz da bu gün qadınlarımızın və qocalarımızın qarşısında başlarımız tamam-kamal aşağıdır. Onların oğullarını və nəvələrini qoruya bilmədik.

Nəvələrinin çiyinlərində qəbir evinə getməli olan dağ vüqarlı babalarımız nəvələrinin cənazələrinin ardınca aram–aram, təmkinlə, bir Dünya ağırlığındakı yükü ürəklərində daşıya-daşıya son məzarlığa getməli oldular. Toy otağı bəzəməli olan analar cənazə və yas evi bəzəməli oldular. Onların hər birinin dilində sanki bircə sual donub qalıbdır: “Bu nədi, kişilər? Təkcə özünüzü qorumağı düşündünüzmü?”…

Qərəz, nə deyim? Mərsiyyəçilik də bir iş deyildir… Hətta bundan da bir təsəlli yoxdur. Təsəlli yenə də çalışmaqda və çarpışmaqdadır. Ən azı bir gün deyə biləsən ki, heç olmasa, mən də bunu edə bildim…

İndisə hara baxırsan, tək ədalət çağırışları, tək ədalət ricaları görürsən: Bəli, Xocalıya ədalət istəyirik, Şuşaya ədalət istəyirik, balaca, körpəcə Zəhraya ədalət istəyirik! Demirəm ki, düz etmirik. Amma ədaləti yalnız dilənməklə heç nə həll olmur, heç olmasa, gərək, bir dəfə ədaləti özün də yaratmağa cəhd edəsən. Heç olmasa, tək bircə dəfə… Bunu etsək, başımız da bir azacıq ucalar, dədələrin-nənələrin və qadınların gözlərinin içinə dik baxa bilərik…

Biz körpə Zəhranın ölümünün acısını yaşadığımız bir vaxtda dünyanın 20 böyük dövlətinin başçısı Hamburqda toplaşmışdı. Hamı da daha çox ikicə böyük dövlətin – ABŞ-ın və Rusiyanın təmaslarının intizarında idi. Görüşdülər. Amma əminəm ki, həmin görüşdə D.Trampın da və V.Putinin də yadına düşməyən bir məsələ vardısa, o da elə bizim Dağlıq Qarabağ problemi və yaxud da Abxaziya və Osetiya problemidi…

Bundan nə Tramp, nə də Putin bir günah hissi keçirmədi. Ona görə ki, bu adamlar üçün insan ölümü sadəcə, bir statistikadır. Daha doğrusu, öz ölklərində insan ölürsə, bu, onlar üçün faciə, yox başqa bir yerdə ölürsə, quru statistikadır…

Guya, bunları Suriya narahat edir. Amma ruslar açıq–aşkar deyirlər ki, biz Suriya münaqişəsinə və ya digər münaqişlərə ona görə qarışmalıyıq ki, Ukrayna, Qarabağ, Gürcüstan və Moldova unudulsun…

Elə Tramp da bütün bu münaqişə bölgələrindən yalnız və yalnız Ukraynanın adını bilir. Yalnız onunla maraqlanır. Sanki nə Qarabağ var onun üçün, nə Abxaziya, nə də başqa münaqişə…

Nə gizlədim, mən Amerika sistemini və onun demokratik dəyərlərini çox sevirəm. Soruşanda da ki, demokratiya bizə nə verə bilər, deyirəm ki, ABŞ-a baxın və görün, demokratiya özündə hansı potensialı hifz edə bilir! Bu mənada mən “dəhşətli” qərbçi və amerikanistəm. Amma hətta onarın da davranışında və məntiqində elə məqamlar var ki, mənim üçün tamam anlaşılmazdır…

İkinci Dünya müharibəsi zamanı ABŞ Perl-Xarbor faciəsini yaşamışdı. Bu günə qədər onu unuda bilmir və Yaponiyaya bağışlamırlar. Müharibə bitəndə hamıya aydındı ki, Yaponiyanın da məsələsi həll olub. Amma yenə də ABŞ ora atom bombası atdı. Dünyada “yeni eranın başlandığını müjdələmək” üçün (H.Trumen), Yaponiyanı birdəfəlik neytrallaşdırmaq üçün, həm də ki, Perl–Xarborun əvəzini çıxmaq üçün…

Amma məsələ bizə gələndə yaman “sülhpərvər” olurlar, sanki bunlar heç öz sərhədlərindən min kilometrlərlə uzaqlarda qan tökən ABŞ və ya Rusiya deyildir! Sanki bütün cəbbəxanasını kiçik Çeçenistana boşaldan Rusiya deyildir bu…

Biz də durub onlardan ədalət umuruq. Onlara isə bu hiss tamamilə yaddır. Ya da yalnız və yalnız öz ölkələrinə və vətəndaşlarına tətbiqən anlaşıqlıdır…

Bir az əvvəldə günah hissindən yazdım. V.Putinin bir neçə il bundan əvvəl dediyi bir fikri heç vaxt unutmaram. Demişdi ki, bizə günah hissi təlqin etmək istəyirlər, biz isə bunu özümüzə yaxın buraxmamalıyıq…

Nə demək olar? Günah hissi də insana xas olan xüsusiyyətdir. Özü də İlahi bir hissdir, İlahidən gəlmə bir hisdir. Bu hiss yoxdursa, deməli elə Dostoyevski demişkən, hər şey icazəlidir. Deməli, hər şeyi etmək olar – insanların haqıını tapdamaq, körpələri öldürmək olar! Bunu istəyirikmi?

KÖŞƏ YAZARLARI
TOP 10