Günah hissi

19 Baxış

eziz nesinSenet.az “XAN” Xatirə Ədəbiyyatı seriyasından Əziz Nesindən bəhs edən “Belə gəlmiş, belə getməz” kitabından bir hissəsini təqdim edir.

Günah hissi

O cümə günü axşamçağı paroxoda minib evdən İstanbula gələrkən günah hissi içində əzilirdim. “Darüşşəfəqə”yə qayıdırdım, atasız dostlarımın yanına. Halbuki mənim atam vardı. Atamın olduğunu dostlarımdan, müəllimlərimdən, hamıdan gizləməyə məcburdum. On bir yaşındakı bir uşaq üçün bunun necə böyük dərd olduğunu anlaya bilirsinizmi?
Məktəbə getmək istəməyən ayaqlarımı zorla sürüyürdüm.
Məktəbə gəldiyim o axşam içimdən səsimin gücü çatdığı qədər “Atam var!” deyə bağırmaq gəlirdi. Amma atamın olduğu ortaya çıxsaydı, o saat məni məktəbdən çıxarardılar. Mən də daha təhsil ala bilməzdim. Oxumayacağımdan daha çox, anamın necə kədərlənəcəyini fikirləşirdim.
Bilmirəm, görəsən, atasının olduğunu gizlətmək məcburiyyətində qalan başqa bir uşaq varmı bu dünyada? Bir uşağın hər kəsin içində atasına “Ata” deyə bilməməsi necə də böyük faciədir. Uşaq faciəsi…
Çünki “Darüşşəfəqə”yə yalnız atasız uşaqların qəbul olunduğu hamıya məlum idi. Bəlkə də məlum deyildi, amma mənə elə gəlirdi ki, hamı bilir.
Bir uşağın atasının olmasının üzə çıxmasından qorxması, utanması qorxunc bir dərd, ifadəedilməz bir faciə idi. Bu dərd iliyimə kimi işləyirdi.
– Doxsan yeddi!..
Aradan çıxa bilməzdim. Dostlarımla birlikdə yeməkxanaya girməli idim. Girdim. Masanın arxasına keçib oturdum. Yediyim hər tikə boğazımda ilişib qalırdı. Bunu şüurlu olaraq etməsəm də, özümü elə hiss edirdim, sanki yoldaşlarımın haqqı olan yeməyi oğurlayırdım. Mənim etdiyim oğurluq idi, həm də bu oğurluq ömrüm boyunca davam edəcəkdi. Məktəbi bitirdikdən sonra da qurtulmayacaqdı. Yenə də dostlarımdan, hər kəsdən atamın olduğunu gizlədəcəkdim.
Atamın, əslində, olması yalanının ortaya çıxacağı qorxusu atamın olduğunu gizlətmək yalanından daha çox əzirdi məni.
Yeməkdən sonra, həmişəki kimi, dərsimizdə “müzakirə” saatı başladı. Qabağımdakı açıq kitabdan heç bir şey oxumadan, oxuduğumu başa düşmədən eləcə oturmuşdum. Sonra yenə də, həmişəki kimi, yataqxanaya getdim. Soyunub çarpayıya uzandım. Həmişə mənə öyrədiləni edərdim: “Sağ tərəfin üstə yatmalısan, çünki yaxşılıq mələkləri sağdadır. Sonra “Qul huvəllahu əhəd”i oxuyacaqsan”.
Hər gecə yerimə uzanıb, – “Ya rəbbim, böyük bir adam olum!” – deyə dua edər, “Qul huvəllahu”, “Fələq və Nas”ı oxuyaraq yuxulayırdım. “Böyük adam” deyəndə həmişə ağlıma kəşfiyyatçılar, ixtiraçılar gəlirdi. Çünki kəşfiyyat aparanlar, ixtira edənlər böyük adam idilər, ölümsüzdülər, onların adı sonsuz olaraq yaşayacaqdı. “Ya rəbbim, ölkəm üçün yararlı bir adam olum!..” “Əl-ham”ı, “Qul huvəllahu”nu üçüncü, dördüncü dəfə oxuyanda yuxu məni aparırdı. Gecə hansı vəziyyətdə yatırdımsa, eləcə də qalır, səhər yenə sağ tərəfi üstdə qalxırdım.

O gecə dördüncü, beşinci, onuncu kərə “Qul huvəl-lahu”nu desəm də, gözümə yuxu getmədi. Bəs birdən atamın olduğu üzə çıxsa?.. Səhər yuxudan ayılanda gördüm ki, adyalım yerdədir.