“Günah” romanının müəllifi ilə görüş

16 Baxış

Yeni təqdimatı keçirilən “Günah” romanının müəllifi gənc jurnalistlərlə görüşüb. Yazdığı mövzu ilə Azərbaycanda diqqət mərkəzində olan gənc yazar Sevinc Səfərova əsəri ilə bağlı təəssüratlarını bölüşüb. Romanın ərsəyə gəlməsi üçün apardığı araşdırmalar, müşahidələr barədə danışıb. Müəllif hər hansı əsəri, filmi ərsəyə gətirmək üçün vacib olan məqamlarla bağlı jurnalistlərlə fikir mübadiləsi aparıb. Hazırda çalışdığı ABŞ şirkətlərinin iş prinsipləri, topladığı təcrübələr, özünün çəkdiyi filmlər barədə məlumat verib. “Vacib deyil ki, insan özünü oda atıb çox böyük işlər görüsün. Vacib olan odur ki, kiçik bir işi də çox yüksək səviyyədə, gözəl şəkildə insanlara təqdim etməyi bacarasan”, -deyən Sevinc Səfərova əsas məqsədinin Azərbaycanı ABŞ-da tanıtmaq olduğunu bildirib. O, dünya təcrübəsində tətbiq edilən yenilikləri Azərbaycana gətirmək istədiyini qeyd edib. Hazırda ABŞ-da yaşayan Sevinc Səfərovanın Azərbaycana bu dəfəki səfərinin məqsədlərindən biri isə “Xocalı” haqqında film çəkməkdir. Bununla da Xocalıda törədilən vəhşiliklər, soyqırım haqqında dünya ictimaiyyətini daha çox məlumatlandırmaq niyyətində olduğunu vurğulayıb.

Yazar həmçinin “Günah” romanı kitabını imzalı şəkildə jurnalistlərə hədiyyə edib.

Qeyd edək ki, görüş Hədəf Karyera Mərkəzi, BDU-nun “Jurnalistika Elmi-Tədqiqat Laboratoriyası”nın birgə təşkilatçılığı və Senet.az saytının informasiya dəstəyi ilə gənc jurnalistlər üçün keçirilən təlim çərçivəsində baş tutub. Bu ayın sonunda təlimlərdə fərqlənən jurnalistlərin xüsusi mükafatlandırılması nəzərdə tutulur.