Günahkar

52 Baxış

teraneDəyərli dostum! Bu məktubu sənə yazıram, vicdanım məni rahat buraxmadığı üçün. Onu heç vaxt oxuya bilməsən də, bu düşüncələrimi səninlə bölüşmək istədim. Çünki mənəvi sıxıntı çəkiləsi mümkün olmayan əzabdır, zülmdür. Etiraf edim ki, illər keçsə də, o müdhiş gecəni unuda bilmirəm. Bəzən yuxularımda mənimlə küskün-küskün söhbət edirsən. “-Sən, düz eləmədin!”-deyirsən. Mən özümə haqq qazandırmaq istəyirəm, lakin yuxudan ayılıram. Bu hal dəfələrlə baş verib. Düşünürəm ki, belə davam edə bilməz. Qəlbin səmimi etirafı, vicdan əzabından qurtulmaqdı. Hər şeyi olduğu kimi yazıram ki, heç nə qaranlıq qalmasın…


Bizim dostluğumuz tələbəlik illərindən başladı. Təsadüf elə gətirdi ki, eyni partada oturası olduq. Həyata, ədəbiyyata baxışlarımızın üst-üstə düşməsi aramızda böyük dostluğa çevrildi. Günlər, aylara, illərə çevrildikcə ailələrimiz də bir-birinə qaynayıb-qarışdı. Valideynlərimiz bu dostluğumuzdan fərəhlənirdilər. Bizə həsəd aparan qızlar da çox idi. Arzularımız, fikirlərimiz də eyni idi. Bəzən bir sözü, fikri həmin anda düşünür və deyirdik. Ancaq… Həmin o müdhiş gecədə sirrini anana necə söylədiyimi heç özüm də bilmədim. Üç aya yaxın idi ki, əzab çəkirdin, qorxurdun, yuxu səndən uzaq düşmüşdü. Tez-tez baş verən ürəkbulanman, solğunlaşmış sifətin bu sirri anana açmağa məni vadar etdi. Gələcəkdə baş verə biləcək daha ağır fəsadların qabağını almaq üçün.

Vaxtsız -vədəsiz bir məqamda qönçə gül kimi qoxlayıb atmışdılar. Arzuların puç olmuş, həyatın gözündə darmadağın olmuşdu. Bu azmış kimi, vaxtında qarşısı alınmasa, qanundan kənar doğula biləcək körpə…

Mən susa bilməzdim. Həmin günlər hər ikimiz üçün ağır idi. Biz gənc idik, böyük məsləhətinə ehtiyacımız vardı. Anan ağlayıb dizini döysə də, hər halda, dərdinə dərman bulacaqdı. Yazıq anan… O, özünü də, səni də ölmüş bilirdi. Axı, bu da təbii idi. O, anaydı, arzusu, diləyi vardı. Gizlin çəkdiyin əzabların, göz yaşların səni ağrıtdığı kimi, məni də yaxın dost, bacı kimi incidirdi. Elə buna görə də ananı xəbərdar etdim… Mən hardan biləydim, nə biləydim ki sən….

Bir Allah şahiddi ki, bu xəbəri anana pis niyyətlə demədim. Ancaq elə bununla da sənin yanında etibarımı, sədaqətimi itirdim. Üzr istədim, bağışlamadın, anlatmağa çalışdım, qulaq asmadın. Kəsdiyimiz çörəyi, birgə bölüşdüyümüz günləri, ayları, illəri üstümə çırpıb getdin. Ürəyin soyumadı, hər fürsət düşəndə məni sancdın, sözlərinə dünyanın acısını qatdın. O gün yadımdan çıxmaz. Onda ağladım, yalvardım, göz yaşı tökdüm, bağışlamadın. Sınmış, əzilmiş, vicdan əzabıyla evimizə getdim.

Bir səhər qəfil çalınan telefon zəngi məni sarsıtdı, dizlərim büküldü. Sən ömrünün bahar çağında özünə qəsdlə hamımıza üsyan etmişdin. Və indi də fikirləşirəm ki, sənin ölümündə günahkar mən oldum, yalnız mən! Sonralar anan özünə, mənə çox təsəlli verdi. Təəssüf ki, təsəlli ilə insan geri qayıtmır.
***
Dost yoxluğu yaman imiş. Bu yazını qəlb ağrısıyla yazdım. 25 ildən artıq vaxt keçsə də, bağışlanmağımı istəyirəm. Qoy hamı bilsin: unuda bilmirəm olub keçənləri. Dəyərini, varlığını, səni itirəndən sonra daha çox anladım. Ölümündə günahkar bilirəm özümü. İndi də vicdanım məni sıxır. Yəqin, mənim necə əzablar çəkdiyimdən gec də olsa ruhun xəbər tutacaq.
-Bağışla məni, dostum!!!

 

Təranə Fazilqızı

Bölmə : Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10