Günel Eminlidən hekayə: “Antalıq”

11 Baxış

asasa

Senet.az Günel Eminlinin “Antalıq” hekayəsini təqdim edir.

Qapı döyülür. Qadın qapını açıb kişini içəri buraxır. Kişinin səsindən təəccübləndiyi duyulur:

- Elə bildim, məni başqa geyimdə qarşılayacaqsan.

- Yox, bu gün yox.

- Nə olub? Qanın qaradı?

- Bir az. Bu gün qızımla görüşdüm. Arislə o qədər gəzdik ki. Zooparka aparmışdım. Elə sevinirdi. Amma hər dəfə onunla vaxt keçirəndə qorxuram.

- Nədən?

- Bir də görüşməyəcəyimizdən.

- Hər şey özündən asılıdır. Qərarı sən verməlisən.

- Səncə, bu qərardan sonra onunla görüşə bilməyəcəm?

- Yox, əlbəttə, yox. Nə danışırsan? Uşağın psixologiyasını birdəfəlik korlamaq istəyirsən? Sən kim olacaqsan onun üçün? Ana? Ata? Analıq? Yoxsa Antalıq? Yəni elmə məlum olmayan bir məxluq! Ya qəfil göydən düşmüş xala? Heç düşünmüsən bunları?

Qadın ağlamağa başlayır. Kişi kresloya əyləşib, onu sakitləşdirməyə çalışır.

- Gəl, seanslara davam edək. Bəlkə, sənə köməyim dəydi. Yazdığım dərmanları qəbul edirsən?

- Hə, amma onlar məndə depressiya yaradır. Özümü öldürmək səviyyəsinə çatıram.

- Bu, əks təsirlərdi. Özünə təlqinin nəticəsidi. Sən sakitləşməli və hər şeyi yenidən, ətraflı düşünməlisən. İstəyirsən, gəl yenidən əvvələ qayıdaq.

- Yox, yox. İfritə anamdan və onun saysız-hesabsız məşuqlarından danışmağa nə həvəsim var, nə də taqətim.

- Amma sənin indiki problemlərinin kökü ordadı. Biz kələfin ucunu tapmalıyıq. Ya sən onu bağışlamalısan, ya da o xatirələri elə dərin yerdə basdırmalısan ki, həyatına mane olmasınlar.

- Necə basdırım, hə? Qaranlıq gecələrdə anamın yanından qalxıb qaranlıqda əllərini mənim yatağıma atan əclafları necə unudum? Elə bilirsən asandı? Yaşlı-başlı adam olmuşam. Hələ də yastığımın altında balta saxlayıram. Elə bilirəm o əllər yenə uzanacaq və onları dibindən kəsməliyəm. Mən heç o adamların üzlərini də görmürdüm. Eləcə, əlləriydi. Tüklü, kobud, iri əllər. Məndən düşmənim kim olduğunu soruşsan, yeganə cavabım bu olacaq: bir cüt əl.

- Yaxşı, yaxşı sakitləş. Sən çoxdan böyümüsən. Həyatdır, hamının dolabında gizlətdiyi xoşagəlməz xatirələri olur. Sənin də bəxtinə beləsi düşüb. Bunu qəbul elə və yaşa. Qızın var. Onun xətrinə cəhd elə. Amma elə bir qərar vermisən ki… İndi də sən qızının ən dəhşətli xatirəsi olmaq istəyirsən? Düşün bunları.

Qadın yerə çökür. Başını əlləri arasına alıb, bu vəziyyətdəcə donub qalır. Birdən yerdən qalxıb yan otağa keçir. Bir qədər sonra otağa kişi qiyafəsində daxil olur və bayaq oturduğu kreslo ilə üzbəüz divana əyləşir.

- İstəyirdin belə qarşılayım səni?

- Hə, özün kimi. Necə varsansa. Yaraşıqlı və cavan kişi kimi. Qadın qiyafələrini tulla. Ya da hələlik gizlət. Arada, özünlə bacarmayanda geyin. Amma qətiyyən əməliyyatla özünü qadına çevirmək barədə düşünmə. Sənin qızın var. Anlamalısan ki, beynində öz anana oxşamayan ana obrazı qurmusan. Sən onun yerini tutmaq istəyirsən. Keçmiş arvadın da bu obraza uyğun gəlmədi, ayrıldın. Amma anla. Sən heç vaxt olmaq istədiyin o ana ola bilməyəcəksən. Sən kişisən. Atasan. Arisin atası. Arisin doğma anası var. Ona ikinci anaya ehtiyacı yoxdur. Amma ataya həmişə ehtiyacı olacaq. Anladın?

Cavab gəlmir. Qısa fasilədən sonra kişi sözünə davam edir.

- Bir dəstə gül al, get ananın məzarını ananı ziyarət elə. Onu bağışla, dua elə, ruhunu rahat burax. Günahlarını əfv elə. Yüngülləşəcəksən.

- Qusacam bu dəqiqə.

- Yaxşı, yaxşı. Özünü dediklərimə hazır hiss eləyəndə gedərsən.

Bu vaxt telefon çalır.

- Alo, bəli. Hə, qızım. Yatmamısan hələ? Hara gedək? Sirkə? Əlbəttə, əlbəttə. Gələn şənbə. Danışdıq.

Dəstək asılır.

- Görürsən, qızın hər şənbə səni görməyə can atır, xəyallar qurur. Sənsə qadın olmaq üçün dəridən-qabıqdan çıxırsan. Hormonları qəbul etməyə başlasan, əvvəl elə səsin dəyişəcək. Qızına normal “alo, qızım” deyə bilməyəcəksən. Gör bu əziyyətlər bircə dəfə qızınla danışmaq səadətinə dəyərmi? Düşün, bunları. Ya da təsəvvür elə, o uşaq da normal ata görməyəcək və böyüyəndə o da özünü kişiyə çevirmək istəyəcək. Onda nə olacaq? Bu sizin nəslin faciəsinə çevriləcək, genetikanıza oturacaq. Belə bir işə birinci sən qol qoymaq istəyirsən?

Yenə cavab gəlmir. Kişi sözünü tamamlayıb qapıya tərəf gedir. Birdən qəfildən ona tərəf dönüb soruşur:

- Cərraha qərarını bu gün deməlisən?

- Hə, o mənim zəngimi gözləyir.

- Onda mən getdim. Sən düşün. Bir də düşün. Sonra qərarını ver.

Kişi asta addımlarla mənzili tərk edir.

O birisi kişi kresloya çökür. Əlindəki telefonda qızıyla bugünkü gəzintidən yadigar qalan fotolara baxır. Hamısında uşaq elə xoşbəxt gülümsəyir ki… Telefonun fotolar bölməsindən çıxıb, hansısa nömrəni yığır:

- Alo, həkim axşamınız xeyir. Bəli, bəli mənəm. Mən, mən… qərarımı verdim. Hə, yoxsa yox?…

Kişi kresloya yanaşı mizin üstündən fincandan bir qurtum su alır və…

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10