Güney Azərbaycan aydınları və Türkiyə

72 Baxış

pervanePərvanə Məmmədli

 

1828-ci ilin məlum hadisələrindən sonra Azərbaycan iki hissəyə bölündü. Bir hissəsi İranın, digər hissəsi çar Rusiyasının tərkibinə qatıldı. Həmin dövrdən etibarən Quzey və Güney Azərbaycanda mədəniyyət, o cümlədən ədəbiyyat mətbuat, ictimai-siyasi, tarixi amillərlə şərtlənən özünəməxsus inkişaf qanunauyğunluqları inkişaf etməyə başladı.

Azərbaycanı iki yerə ayıran sərhəd 1925-ci ilə qədər nisbi xarakter daşıyırdı. Yalnız Pəhləvilər sülaləsi(1925-1978) hakimiyyətə gəldikdən sonra Arazın  hər iki tayı arasında əlaqələrə son qoyuldu.

Əhalisinin yarıdan çoxunu  azəri və digər türk xalqlarının təşkil etdiyi İran  o illərdən etibarən tarixi-kültüroloji baxımdan onlarla yaxın olan Türkiyə ilə təmasda olur, ondan mənəvi dəstək alırdı. Bu  vaxtdan başlayaraq ziyalılar Güney və Quzey Azərbaycan arasında yaranmış «boşluğu» qismən də olsa doldurmağa çalışırdılar. Güney və Quzey Azərbaycanın tanınmış ziyalılarının böyük bir qismi Türkiyədə ali  təhsil alıb, təcrübə keçib formalaşmış, türk  təfəkkür tərzinə və mədəniyyətinə yiyələnmişlər. Geri qayıdarkən onlar qazandıqları təcrübəni, görüb əxz etdikləri yenilikləri İranda yayırdılar. Belə ziyalılardan biri də Mirzə Həsən Rüşdiyyə idi. O, XIX əsrin ikinci yarısında Osmanlı İmperiyasının ərazisi daxilində olan Beyrut şəhərində türk ziyalılarından dərs aldıqdan sonra Türkiyəyə gəlir. İstanbulun elm, maarif və mədəniyyətlə zəngin ortamı onda maarifçilik ideyalarının yaranmasında və gəlişməsində böyük rol oynayır. M.H.Rüşdiyyə sonralar vətənə qayıdıb yeni üslubda məktəblər açmaq təşəbbüsü ilə fəaliyyətə başlayır. Təbriz, İrəvan və Tehranda açdığı bu məktəblərə Türkiyədə qəbul edildiyi kimi, «Rüşdiyyə» adını verir: həmin tarixdən Rüşdiyyə sözü Mirzə Həsənin təxəllüsünə çevrilir. H. Rüşdiyyə ibtidai məktəblər üçün Azərbaycan və fars dillərində 20-dən çox dərslik yazır. Onların içində türk balalar üçün yazdığı  «Vətən dili» adlı kitabı xüsusi önəm daşıyır. Qeyd etmək lazımdır ki, onun İrəvanda və Azərbaycanın bir çox şəhərlərində açdığı məktəblərdə tədris ana dilində aparılırdı.

M.H.Rüşdiyyə o zamankı İran tədris sistemində yenilik olan yeni tipli ilk məktəbin əsasını qoymuşdur. Artıq XX əsrin əvvəllərində Rüşdiyyənin təsiri ilə İranda və Güney Azərbaycanda onlarla yeni «Rüşdiyyə»lər, «Kamal», «Tərbiyət», «Nübar», «Pərvəriş», «Loğman» kimi bir çox məktəblər açılmışdı.

XIX əsrin sonlarında İranda hökm sürən despotizmə və mütləqiyyətə qarşı çıxıb xalqın tərəqqisi uğrunda mücadilə edən mütəfəkkir ziyalılar az deyildi. Onların böyük qismi ölkədən uzaqlaşaraq xaricdə bir çox cəmiyyətlər yaradır, onun ətrafında birləşir, təsis etdikləri qəzetlər vasitəsilə İranda yaşayan xalqların ictimai fikrinin inkişafında və siyasi hazırlığında müstəsna rol oynayırdılar.

Tanınmış mühacirət mətbu orqanlarının ən nüfuzlusu Türkiyənin İstanbul şəhərində nəşr olunun «Əxtər» (1875-1896) qəzeti idi. Tək Güney Azərbaycanın deyil, İran mətbuatı tarixində ilk mühacirət mətbu orqanı sayılan bu qəzet təbrizli Ağa Məhəmməd Tahir tərəfindən nəşr olunurdu.

Tanınmış rus şərqşünası K.Çaykin «Əxtər» qəzetini fövqəladə təsir buraxan bir mətbuat orqanı kimi təqdim edərək yazırdı: «Onun məqalələri İran cəmiyyəti üçün vəhy kimi bir şey idi». İranda yaşayan xalqların ictimai-siyasi baxışlarının inkişafında müstəsna rol oynayan bu qəzet mövcud quruluşu tənqid edən və bu quruluşda dəyişiklik aparmaq zərurətini irəli sürən mühacirət qəzeti sayılırdı.

Görkəmli Güney Azərbaycan yazıçısı Əbdürəhim  Talıbov, tanınmış maarifpərvər xadim Məhəmməd Şəbüstəri (Əbu-Ziya) tərəfindən  İstanbulda çap olunan «Şahsevən» qəzeti İran mühacirət mətbuatında ilk satirik nəşr  idi. Qəzetin nüsxələri Paris, London və Avropanın digər şəhərlərində də yayılırdı.

Tarixdən məlum olduğu kimi, 1918-ci ilin aprelində Güney Azərbay­cana türk hərbi hissələri daxil olmuşdu. Qeyd etmək yerinə düşər ki, 1918-ci ilin əvvəllərində rus ordusunun Güney Azərbaycanı istila etməsindən istifadə edən erməni quldurları Şimali  Azərbaycanda və Şərqi Anadoluda olduğu kimi hərbi ordu yaradıb Maku, Səlmas, Xoy və Urmiya şəhərlərində soyqırım törətmişdilər. Tağı Rüfət həmin günlərdə  ürək ağrısı ilə yazdığı «Novruz və kəndli» şeirində Urmiyadakı soyqırımına işarə edirdi;

 

Novruz, yadımdadır Urumiyyədə,

Cəmşid bayramında coşdu cəmiyyət,

Azuş kəndliləri tutuldu dərdə,

Neynəvadakıtək qırıldı millət

 

Yaranmış ağır vəziyyətdə Osmanlı Ordusu Cənubi Azərbaycan türklərinin köməyinə çatır.

Türklərin gəlişi  ilə vilayətdə milli əhval-ruhiyyəli dairələrin fəaliyyəti canlanmışdı. Təbrizdə və Urmiyada türklər islamçı təşkilat olan «İttihadi-islam»ın şöbəsini yaratmışdılar. Onlar həmçinin Azərbaycan türkcəsində  «Azərbay­can»  qəzetinin nəşrini təşkil etmişdilər. Qəzetin redaktoru gənc müəllim, şair, təbrizli Tağı  Rüfət idi. Qəzet türkçülük ideyasının təbliğinə xidmət edirdi. Bu mətbu orqanın səhifələrində türklər, farslar, İran və Turan, Azərbaycanın qədimdən türk ölkəsi olması haqqında yazılar dərc edilirdi.

Urmiya şəhərində isə tədrisin Azərbaycan türkcəsində aparıldığı məktəb­lər açılmışdı. Məktəbdə şəhərin savadlı ziyalıları və türk zabitləri dərs deyirdilər. Məktəbdə Urmiya uşaqları və gənclərinə onların türk olduqları təlqin edilir, fars dili xarici dil kimi tədris edilirdi. Təbrizdə nəşr edilən «Azərbaycan» qəzeti və Urmiyadakı türk məktəbi türk birliyi ideologiyasının yayıçıları və Azərbaycanın türkçülük əsasında milli şüurunun dərinləşməsi və genişlənməsi vasitəsi idi.

Haqqında bəhs etdiyimiz gənc şair və müəllim T. Rüfət təhsilini əvvəlcə Təbrizdə, sonra isə İstanbulda almışdı. Türkiyədə olarkən türk və fransız dillərini mükəmməl öyrənir. Aradan bir az keçəndən sonra gənc Rüfət fars dilində olduğu kimi türk və fransız dillərində də şeirlər yazır.

T.Rüfət Türkiyənin Trabzon şəhərində iranlı uşaqların təhsil aldığı  «Nasiri» məktəbində bir neçə il müdir işləyir. Fransa  mətbuatında fransızca yazdığı məqalələrə görə hətta Fransa konsulluğu tərəfindən ödülə də layiq görülür. Birinci  Dünya müharibəsi başlayanda isə yenidən vətənə qayıdır və Təbriz məktəblərində fransız dilindən dərs deyir, müəllimlik fəaliyyətini davam etdirirdi.

Təbrizin Məhəmədiyyə mədrəsəsində müəllim işləyən Tağı Rüfət haqda həmin məktəbdə oxuyan tanınmış şair Həbib Sahir sonralar yazırdı ki, « Bir gün səhər sinfimizə  İstanbulda ali təhsil alan, başına «gənc türklər»ə məxsus börk qoyan, boynuna rəngli fokul bağlayan, əyninə gözəl qara paltar geymiş gənc bir müəllim varid oldu. O, fars şeirində yenilik yaratmış Tağı Rüfət idi.  …Məktəbdəki gənc şairlər artıq qəsidə və mədhiyyələri buraxıb əruz vəznində “Sərvəti finun” ədəbiyyatı üslubunda lirik və ictimai şeirlər yazmağa başladılar.

Tağı Rüfət haqda Sahir onu da qeyd edirdi  ki, «biz sonralar bildik ki, bizim gənc müəllimimiz həm də şair imiş. Türkiyədə təhsil alan və çağdaş türk ədəbiyyatının pərəstişkarı olub, o cümlədən «Sərvəti-fünun» ədəbi məktəbinin İranda davamçısı olan Tağı Rüfət ədəbiyyatı həm forma, həm də məzmun cəhətdən yeniləşdirmək, dili sadələşdirmək, Şərq motivlərini və poetik sistemini dəyişdirmək və s. kimi ədəbi məramı qarşısına məqsəd qoymuşdu. Çalışdığı «Təcəddüd» qəzetində, eləcə də «Azadistan» dərgisində özünə həmfikir və məsləkdaşlar tapmışdı.

Qəzetlə yaxından əməkdaşlıq edib, yazdıqları şeirlərlə müntəzəm çıxış edən Cəfər Xamneyi, Şəms Kəsmai və başqaları idi. C. Xamneyi ali təhsilini Fransada, Şəms isə Qafqazda almışdı. Sözsüz ki, onların təhsil aldığı ölkələrdəki ədəbi ortam bu iki istedadlı gəncin sonrakı yaradıcılığında dərin iz qoymuşdu. Türkiyədə təhsil alıb, İstanbulun ədəbi mühitində formalaşmış, dərs dediyi mədrəsələrdə gəncləri Türkiyədəki yeni ədəbi axınları yaradıcılığında yansıdan həm türk, həm də farsca  yeni üslublu şeirlər yazmağa ruhlandıran Tağı Rüfətin özünün də türkcə şeirlər yazması istisna deyil. «Təcəddüd» qəzetinin saylarından birində onun bir türkcə yazılmış şeirinə rast gəldiyim üçün bunu yazmağı əhəmiyyətli bildim.

Tağı Rüfət özü kimi istedadlı şair olan Həbib Sahirin fransız dili müəllimi olmuşdur. Sahir isə öz növbəsində Tağı Rüfətin  və özünün layiqli davamçısı olan doktor Həmid Nitqinin coğrafiya müəllimi və yaxın dostu olmuşdur.

Türkiyədə ali təhsil alan Həbib Sahirə İstanbul ədəbi-mədəni mühiti dünyagörüşünün yetkinləşməsinə böyük etki göstərir. Sahir orada Tofiq  Fikrət, Yəhya Kamal, Nazim Hikmət kimi görkəmli şairlərlə şəxsən tanış olur, onların əsərlərini mütaliə edir. Bütün bunlar onun həm zəngin şərq ədəbiyyatı, həm də Avropa ədəbi-bədii,  estetik  və fəlsəfi fikir tarixi, müasir ədəbi proseslərlə tanış olmağa imkan yaratmışdı.

İstanbulda fəaliyyət göstərən «Amerikalılar klubu»nda fransız missionerlərindən yeni fransız ədəbiyyatını öyrənir. Sahir şeir yaradıcıdlığından daha çox ciddi mütaliəyə vaxt ayırır. Ara-sıra şeirlər, İstanbul türkçəsində isə bir-iki şeir   yazsa da, əsasən böyük fransız şairi Şarl Bolderin yeni səpkili şeirlərini fars dilinə tərcümə edir. Klassik şeir ənənələrindən fərqli, əruz vəznində türk  dilində yazıb-yaradan Türkiyənin böyük novator şairi Yəhya Kamalın əsərlərini daha çox oxuyur və bu şeirlər ruhunda güclü iz qoyur.

Tanınmış Türkiyə tədqiqatçısı Əli Yavuz Akpinar yazır ki, «Sahirin bir  çox  şeirində Türkiyə türkcəsinin havasını, ifadə xüsusiyyətlərini duymaq olar. Şairin İstanbul həyatının izlərini daşıyan mənzumələrində Azərbaycan dilinin  dil  və üslub  xüsusiyyətlərini  duymaq olar. Şairin İstanbul həyatının izlərini daşıyan mənzumələriAazərbaycan dilinin dil və üslub  örnəkləri ilə zövqü  oxşar bir tərzdə qarşıya çıxır».

Türkiyə şairi Tofik Fikrətin

Çal, mən də olum şövqi ilə ahənginə həmkar

 

Ruhlardakı sevdaları çuşan edəlim.

misraları ilə başlayan «Ey yari nəğməkar» şeirindən ruhlanıb 1977-ci ildə aşağıdakı şeiri yazır;

 

Bax, Çamlıcadan ay ucalır

Rəngi qızıl qan

Andıqca səni nazlı pəri,

Sanki çıxar can.

Qumral saçını tök üzünə

Al ələ udun.

 

Əli Yavuz Akpinar Həbib Sahir lirikasıyla türk şairi Əhməd Haşimin lirikası arasında bir  çox oxşarlıqları qeyd edib yazır; «Həbib Sahirin şeirlərində hakim rəng olaraq, eyni ilə Haşimdə olduğu kimi qırmızını görürük. Onların  hər ikisi təbiət mənzərələrinin ifadəsində bu rəngə siyasi-ictimai bir məna  qazandıırırlar. Şah rejiminin  zülmünü, İranın qana bulanmasını bu rənglə anlatmağa  çalışır».

Tehran Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra H.Nitqi 1943-cü ildə Türkiyəyə gedib orada elmi yaradıcılıqla məşğul olur. İstanbul mühiti onun dünyagörüşü və yaradıcılığında böyük iz qoyur. O, hüquqşünaslıq sahəsində biliyini artırmaqla yanaşı, türk dünyasının ədəbi mühiti ilə də yaxından tanış olur. Tehranda adını belə eşitmədiyi şairlərin əsərlərini oxuyur, onların bir çoxu ilə görüşə bilir.
Ədəbiyyata  olan həvəsini H.Nitqi özü, atası və müəllimi Həbib Sahirlə bağlayırdı. Bu barədə o, xatirələrində yazırdı: «Mənim atam ədəbiyyatçı idi. Onda qədim qəzetlərin kolleksiyası vardı. Mən «Nəsimi-şimal» və «Molla Nəsrəddin»i oxuyurdum. Məlüküş-şüəarının həftəlik çıxardığı «Növbahar» qəzetini o qədər oxumuşdum ki, əzbər bilirdim. «Şahin» adlı qəzeti çox kiçik yaşlarından oxuya-oxuya məqalələr yazmağa başladım. Elə yazı xəstəliyim də o vaxtdan başladı. Şeirə gəlincə, atam şeir həvəskarı idi, özü yazdığı şeirlər də az deyildi. Mən də ona baxıb həvəslənirdim. Mən elə bilirdim ki, bizim dilimizdə ancaq komik, məzhəkəli şeirlər yazılır, ciddi şeirlər isə farsca olur. İbtidai məktəbdə türkcə danışdığım üçün məndən ilk cəriməni aldılar, mən türkcə ilə farscanın fərqinə vaqif oldum… Anladım ki, pul fərqləri varmış. Evdə olanda atam deyərdi ki, filan kəlmənin farscası yoxdur. İstanbula gəldikdən sonra gördüm ki, türkcə ciddi şeirlər də varmış. Təəccüb etdim, yavaş-yavaş gördüm ki, bizim də ciddi şeirlərimiz ola bilər. Sonralar Abadanda işləyərkən oranın kitabxanasında filologiya və ədəbiyyatla bağlı kitabları oxuyub araşdırmağa başladım»  Həbib Sahir  «Yadımdadır, o məntiqlər və hikmət, Cami-Cəmlə nakam olan gənc Rüfət»lə başldığı «Məktəb xatirələri» şeirində sevimli müəllimi Tağı Rüfəti anırdısa, Həmid Nitqi idə müəllimi və yaxın dostu Həbib Sahiri belə xatırlayırdı:
Oxudun
şeirinin axışı məni,
uzaq sahillərə aldı apardı
daldığım xülyalar sərxoşluğundan,
bir yanğın yerində birdən oyandım
yıxılmış yuvamın halına yandım…
Oxudum
hicranlı nəğmələrini;
qanayan ürəklər dilə gəldilər
köhnə yaraları eşdin
və deşdin
ən gizlin diləklər dilə gəldilər.

 

İran ədəbiyyatında həm forma, həm də məzmunca «Təcəddüd» (yeniləşmə) hərəkatının qaranquşları sırasında Cəfər Xameneyi, Şəms Kəsmayi kimi şairlərlə bərabər gənc Tağı Rüfət də vardı. Həbib Sahir Həmid Nitqinin ədəbi meyil və yönümünə hansı təsiri göstərmişdisə, Tağı Rüfət də Həbib Sahirin bir şair kimi formalaşmasında həmin işi görmüşdür. Beləliklə, zəncir tək bir-birinə bağlı və bir-birinin davamçısı olan bu üç şair İranda çağdaş Azərbaycan şeirinin yaranması və inkişafında önəmli rol oynamışlar. Türkiyəli tədqiqatçı Yavuz Akpinarın təbirincə desək, onların şeirlərini qarşılaşdırmalı bir şəkildə incələsək, İranda modern şeirin hansı yollardan keçdiyinin, necə təşəkkül tapıb formalaşdığının şahidi olarıq.

Tehranda türkcə çıxan «Varlıq» dərgisinin fəaliyyəti ilə bağlı qeyd etmək  yerinə düşər ki, nəşr olunduğu ilk dövrlərdən (1979-cu ildən) başlayaraq dərgi Azərbaycan ədəbiyyatını, mədəniyyətini ümumtürk ədəbiyyatı kontekstində öyrənilməsi nəzəriyyəsini və ortaq türk dili düşüncəsini müdafiə etmişdir. Dərginin səhifələrində eyni  zamanda Zeynəb Qorxmaz, Əli Yavuz Akpinar, Faruq Sümər və başqa Türkiyə alimlərinin  də əsərləri yayınlanmışdır.

«Varlıq» jurnalı iyirmi ildən artıqdır ki, fəaliyyət göstərir. C. Heyətin İrandakı böyük nüfuzu bu jurnalın yaşamasının təminatçısıdır.  Cavad Heyət dünya şöhrətli cərrah kimi böyük nüfuz qazanmış böyük şəxsiyyət, hərtərəfli savadı, geniş erudisiyası olan ziyalı-vətəndaş kimi öz imkanlarını «Varlıq»da ifadə etmiş və bu gün də böyük ehtirasla bu işi davam etdirir.

Göründüyü kimi, bolşeviklərin kommunist rejimi və pəhləvilərin yerli türklərə qarşı yönəldilmiş siyasəti nəticəsində keçmiş Sovetlər Birliyinindəmir sərhədləri Quzey Azərbaycanı Güney Azərbaycandan ayıranda İranda yaşayan  Azərbaycan türkləri öz mənəvi ehtiyaclarını  ödəmək və dəstək almaq üçün üzlərini Türkiyəyə tutmuş, orada qazandıqları təcrübəni əməli həyata tətbiq edərək faydalanmışlar.

 

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10