“Güney Azərbaycanda çağdaş ədəbi proseslər” və “XX əsr Güney Azərbaycan epik şeiri” kitablarının təqdimat mərasimi keçirilib

20 Baxış

14843192464212443066_1000x669

Yanvarın 13-də Beynəlxalq Mətbuat Mərkəzində Jurnalist Qadınlar Assosiasiyasının (JQA) təşkilatçılığı ilə yazıçı-publisist, AMEA-nın əməkdaşı Esmira Fuadın “Güney Azərbaycanda çağdaş ədəbi proseslər” və “XX əsr Güney Azərbaycan epik şeiri” kitablarının təqdimat mərasimi keçirilib.

Senet.az xəbər verir ki, JQA-nın prezidenti Sevil Yusifova kitablar haqqında fikirlərini bölüşüb və müəllifin zəhmətini yüksək dəyərləndirib.

AMEA-nın şöbə müdiri, filologiya elmləri doktoru Asif Rüstəmli vurğulayıb ki, “Güney Azərbaycanda çağdaş ədəbi proseslər” kitabında müəllif bir əsrə yaxın müddət ərzində bir xalqın söz cəbhəsindəki mübarizəsi, yaratdığı ədəbiyyat və müasir ədəbi proses haqqında geniş məlumat verib. “XX əsr Güney Azərbaycan epik şeiri” kitabında isə müəllif bütövlükdə Azərbaycan ədəbiyyatşünaslığında az öyrənilən poema janrının inkişaf mərhələlərini araşdırıb. Xüsusilə XX əsr Azərbaycan ədəbiyyatında orijinal, poetik mətinlərin onların ideya-məzmun xüsusiyyətlərini nəzəri-estetik meyarlara söykənərək qiymətləndirib. Bildirib ki, müəllif kitabda şairlərin klassik ənənələri XX əsrin yeni ictimai-siyasi, ədəbi və mədəni şəraitinə uğun şəkildə inkişaf etdirdiklərini, poema janrının ədəbiyyat tarixindəki yerini düzgün təyin edərək, bu sahədəki boşluqların müəyyən qədər doldurduqlarını göstərməyə çalışıb. Vurğulayıb ki, təhlillərin konkretliyi və dərinliyi mövzunun düzgün anlaşılmasına körpü salmaqla yanaşı, bu nümunələri yaradan şairlərin poetik təbiəti, mənsub olduqları cərəyanları haqqında da əhəmiyyətli məlumatlar verilir.

Tədbirdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutun əməkdaşları – Şəmil Sadiq, Cavanşir Yusifli, Şahbaz Musayev, şair-publisistlər Zərəngiz Qayalı, Zərnişan Azayeva, iş adamı Məlahət Qurbanova və başqaları kitabların ədəbiyyat nəzəriyyəsi sahəsində yüksək əhəmiyyətindən söhbət açıblar. Kitabın ali və orta məktəbdə dərs vəsaiti kimi tədris olunmasının vacib olduğunu söyləyiblər.

Çıxış edənlər müəllifin insani keyfiyyətlərini də yüksək dəyərləndiriblər.

Sonda E.Fuad kitabların yaranma tarixindən danışıb, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

KÖŞƏ YAZARLARI
TOP 10