Güneyimizin çağdaş Sabiri – Pərvanə Məmmədli

9 Baxış

9001_ygivwtjvth

Senet.az oxucularına “Ustad” jurnalının “Cənubdan izlər” rubrikasından Pərvanə Məmmədli “Güneyimizin çağdaş Sabiri” adlı yazısını təqdim edir.

Payızın ilk ayında mənə Urmiyada tanınmış tənz (Güney Azərbaycanda və İranda satiranı belə adlandırırlar) Mirzə Hüseyn Kərimi Marağalının 85 illik yubileyinə məruzə ilə qatılmaq qismət oldu.

Qədim Manna dövlətinin başkəndi olan, Zərdüştü, Şərqdə musiqiyə  və ədəbiyyata aid qiymətli traktatların  müəllifi Səfiəddin Urməvini, Səfəvilərin sarayında yaşayan satirik ruhlu bəhri-təvillərin yaradıcılarından Tərzi Əfşarı, Məhəmmədəmin Rəsulzadənin İranda əsasını qoyduğu demokratik fikirlərin davamçısı Heydər Əmioğlu Əfşarı, əfsanəvi opera müğənnisi Fatma xanım Muxtarovanı və daha kimləri yetişdirən Urmiyanı görmək çoxdankı arzum idi.

Urmiyadakı tədbirə Naxçıvandan İİR Naxçıvan konsulluğunun Mədəniyyət Mərkəzinin rəhbəri Hüseyn Ağazadənin  dəvəti ilə, eləcə də AMEA Ədəbiyyat İnstitutunun  direktoru, akademikİsa Həbibbəylinin tövsiyəsi ilə getdim. Azərbaycan Respublikasından gəlmiş  yeganə dəvətli kimi böyük məsuliyyət hissi keçirdiyimi də boynuma alıram. Hüseyn Kərimi bəlkə də həyəcanımı azaltmaq üçün, məni təqdim edərkən bədahətən bir  bənd şeir də  söylədi:

 Şəmi, cəmi məcalisi şüara

İftixari məhaxile üdəba

Bakıdan lütf edibdir,

Doktori xoş səliqə Pərvanə.

 Onun bu təqdimi təbii ki, məni çox cəsarətləndirdi.

“Zəmanəmizin gerçək Sabiri” adını qazanmış Hüseyn Kəriminin təntənəli törəninə Tehrandan, Təbrizdən, Marağadan, eləcə də İranın türklər yaşayan bir çox bölgələrindən çox  sayda dövlət rəsmiləri, dəvətli qonaqlar, şairin oxucu və pərəstişkarları gəlmişdilər.

Urmiyada kültürə, ədəbiyyata böyük sevgi, məhəbbət gördüm. Urmiya İranda tənzin-tənqidin mərkəzi seçilib. Burada yetişən yazarlar sələfləri Tərzi Əfşar kimi satiraya meyilli olublar. Həcv, tənqid yazmaqda məharətlidirlər. Elə Hüseyn Marağalının yubileyinin burada keçirilməsi də təsadüfi deyildi. “Ədəbi-tənz” – Satira dərnəyinə istedadlı gənc şair Səid Süleymanpur  başçılıq edir. Urmiyada fürsət tapıb onun apardığı dərnəyin qonağı oldum. Gənclərin bir-birilə şeirlə deyişməsi xoş təsir bağışladı. Onlara qulaq asarkən hiss edilirdi ki, ədəbiyyata yeni nəfəs, yeni duyum, duyğu gəlir. H.Kəriminin yubiley törəninin aparıcısı  da S. Süleymanpur idi. O hətta bu mötəbər tədbirdə özünəməxsus tənz yarışması da elan edib tədbirə yeni bir rəng  qatdı.

Urmiyanın qədim üstüörtülü  bazarı, məscidləri və kitabxanası, bir də üzüm və alma bağları onun bir növ vizit kartıdır.

Urmiyada olduğum günlər orada üzüm sərgisi keçirilirdi. Bizim rayonlarda keçirilən nar, alma bayramları kimi. Vaxtın darlığından bu meyvə  və bolluq bayramına gedə bilmədimsə, axşam qaldığım hoteldəki televizordan seyr edə bildim. Mənə bu da maraqlı oldu ki, 24 saat işləyən Urmiya TV-nin əksər proqramları Azərbaycan türkcəsində yayımlanır. Kanalın “Ulduz” proqramında Kəriminin törənində bir gün öncə şairin araşdırıcıları ilə  Urmiyada çap olunan ”Dəniz” qəzetinin redaktoru Mustafa Quluzadənin söhbətini həvəslə seyr elədim. Urmiya TV-nin bir serialını da izləyə bildim. ”Dörd divar” adlanan bu yerli serial çox diqqətimi çəkdi, yerli şivə qatışıq, təmiz Azərbaycan türkcəsində film seyr etməkdən məmnun qaldım. Demək, Urmiya TV Azərbaycan türkcəsində serial filmlər də çəkir. Televiziya ilə yanaşı çox sayda yerli qəzet  və dərgilər də gördüm. Bunlar Əli Mustafazadənin redaktorluğu ilə çıxan “Ağrı”, eləcə də  Mustafa Quluzadənin “Dəniz”, Mehran Təbrizinin “Nəvide Azərbaycan”, Hüseyn Ağazadənin “Araz” qəzetləri və ”Mahnı” dərgisi idi. Bundan  başqa Urmiya radiosu da fəaiyyət göstərir. Radionun “El sözü”, “Xonça”,”Bu axşam bir salam” proqramları dinləyicilər arasında çox populyardır. “El sözü”nün qonağı olub, radioda müsahibə də verdim.

Törən keçirlən zalın binasında kitab sərgisi də açılmışdı. Burada Urmiyanın bir çox nəşriyyatlarının, eləcə də yaxşı tanıdığım Məhəmməd Sobhdel, Bəhram Əsədi ilə görüşüb nəşr etdikləri  kitablarla tanış oldum.

Urmiyada qısa bir sürəcdə olsam da, geriyə zəngin təəssüratlarla qayıtdım. Yolboyu alma, üzüm bağları göz oxşayırdı.

Bütün bu maraqlı, zəngin görüşlərimdən dolayı bir az da pərişanlığım  vardı. Vaxtın darlığındanmı, gördüyümdən sarsılacağımı  öncədən bildiyimdənmi Urmiya gölünü yaxından görə bilmədim. Daha doğrusu, bir zamanlar ünlü şairlərin  vəsf edib, ilham mənbəyi olan indi isə suyu çəkilib öləziyən gölü. Çıxışımın sonunda da bunu xatırlatdım. Allahım, gözəl Urmu gölü, Urmu çölünə dönməsin bircə… Cavid əfəndi demiş, o torpağı, insanları, hər sözü, sazı xoş olan Urmiyadan, gölünü öncəki kimi bol sulu görmək arzusu ilə ayrıldım.

 Hüseyn Kəriminin yaradıcılığına həsr olunmuş məqalənin mətnini  hörmətli oxuculara təqdim edirəm.

                                                                       Pərvanə Məmmədli

 Şairəm, şamü səhər fikr edərəm, şeir yazaram

Acığın gəlsə də, gəlməsə də düz yazaram

                                                                           H.M.Kərimi

 Sağlığında şeirləri xalqın dilində əzbər olub sevilən şairlərə zəmanəmizdə çox az rast gəlmək olar. Vətənimizin Güneyində yaşayıb yaradan olan Marağalı Hüseyn Kərimi belə şairlərdəndir. Onun  şeirləri dildən-dilə, eldən-elə dolaşıb, şairə böyük sevgi  və şöhrət qazandırıb. Bütün İran boyu gəzsən, onun şeirlərindən bir misra da olsa əzbər bilməyən çətin ki tapıla.

Mirzə Hüseyn Kərimi 85 il öncə Marağada dünyaya gəlib. İlk müəllimi atası Məhəmməd Əli Zakir  olub. Ailəsinin maliyyə durumu yaxşı olmadığı üçün həm ticarət etmək, həm də təhsilini davam etdirmək məcburiyyətində qalıb.

Atası Məhəmməd Əli Zakir Kərimi də böyük satira ustası  Mirzə Ələkbər Sabir kimi sabun bişirib  açdığı dükanda satır, ailəsini dolandırırdı. Məhəmməd Əli Zakir  xalq arasında seçilib sayılan şairlərdən olub. Hətta adı 1945(1324)-ci ildə Təbrizdə Milli Hökumət zamanı çap olunmuş “Ana dili” adlı dərslik kitablarına salınmış, məktəblərdə bir şair kimi  onun yaradıcılığından bəhs olunmuşdu.

Hüseyn Kərimi atası vəfat  etdikdən  sonra onun sabun dükanını kitab dükanı kimi işlətməyə başlayır.

O bədii yaradıcılığa  artıq İranda ənənə halını alan nəzirə ilə başlamadı. H.Kərimi ilk müəllimi olmuş atasının təsiri və tövsiyəsi ilə növhələrlə ədəbiyyata gəldi.

Ümumiyyətlə İranda, Güney Azərbaycanda əsrlər boyu din faktoru güclü olduğundan mərsiyə və növhə ədəbiyyatı bu məkanda geniş yayılıb. Raci, Dilsuz, Sərraf, Pürğəm, Qumri və başqa mərsiyə şairlərinin yaratdıqları mərsiyə ədəbiyyatı Güneydə dilimizin qorunub, yaşadılmasına xidmət edib. M.Ə.Rəsulzadə vaxtilə mərsiyə ədəbiyyatından bəhs edib yazırdı: “Mərsiyənin Azərbaycan ədəbiyyatına böyük xidməti olmuşdur. Əgər türkcə mərsiyə olmasa, türk şeir və nəzmi də bu dərəcədə ümumiləşməyəcək və Azərbaycan xalqı, ehtimal ki, bir çox zaman daha doğma ədəbiyyat üzü görməyəcəkdi… İştə mollası, taciri, mə’muru hamısı farslaşır ikən, milli hiss və təəssübü qorumaq baxımından mərsiyələrin rolu əvəzsiz olmuşdur”.

Hüseyn Kəriminin növhələri,mərsiyələri çoxdur. O, 14 məsumun və Kərbala əhvalatları ilə bağlı növhələr yazıb. H.Kəriminin  növhə  və mərsiyə sahəsində 21 məclisdən artıq dəyərli əsəri işıq üzü görüb. Sadə dildə yazılan bu növhələr asan əzbərlənib yadda qaldığından xalq tərəfindən çox sevilir.

Gənclik illərində Hüseyn Kərimiyə ən böyük və düzgün  qiyməti vaxtilə yaxın təmasda olduğu bu gün artıq ədəbiyyatın önündə gedən Məhəmmədhüseyn Şəhriyar, B.Qaraçorlu Səhəndlə yanaşı Əli Təbrizli, Yəhya  Şeyda, Barışmaz və b. verib.

“Məndən sonra İranda türkcə şeirin ən böyük ustadı Hüseyn Kərimidir” söyləmişdi  ölməz şairimiz Məhəmmədhüseyn Şəhriyar.

Əli Təbrizli ”Dil və ədəbiyyat” əsərində Hüseyn Kəriminin bütün maneə çətinliklərə baxmayaraq yazıb-yaratmasını önə çəkirdi: “Muvəffəqiyyət ardınca düşənlərin heç biri xalqın şivəsində,xüsusiyyətində yazmayıblar və bunlardan hətta mində biri də Kərimi ola bilməzlər. O kişi iddiası olmadan, papyon (boyuna taxılan kəpənək, qalstuk.P.M.) nə şey olduğunu bilmək istəməyən, kəndlərdə, şəhərlərdə, yaxınlarda, uzaqlarda milyonlarca İran, hətta İraq türklərinin ürəklərində bəslənməkdə və dillərində əzbər olmaqdadır… Bu kişi, tuturlar, basırlar, kəsirlər demək yerinə və üzr və bəhanə əvəzinə yorulmadan gecə-gündüz çətin-çətin batlaqları, alçaqları aşıb və hətta töhmətləri aşmadan milli yolunu düzgün getməkdədir. Niyə ki, minnətsiz  çörəyi sadə olan bozbaşı onun  üçün birinci xanlıq və şahlıqdır”.

İstedadlı şair Bulud Qaraçorlu Səhəndə görə – “Ana dilimizdə satirik şeirdə bu qədər axıcılıq və güc Hüseyn Kərimidən başqa heç bir şairdə yoxdur”.

 

Ustad Kərimi satirik şeirdə təkdir

Yarı hənək olsa da, yarı tənəkdir.

 

(Burada hənək zarafat və satira, dəyənək isə çomaq mənasındadı. – P.M.)                                                                

Həm növhədə ustaddı, həm tənzdə, qəzəldə

Azərbaycan ölkəsinə şanlı bəzəkdi,

  misralarını tanınmış  ədəbiyyatşünas və şair Yəhya Şeyda Hüseyn Kərimiyə ünvanlamışdı.

 Hüseyn Kərimi sələfi M.Ə.Sabirin

 Şairəm, çünki vəzifəm budur, əşar yazım

Düzü düz, əyrini əyri edəm izhar yazım ,

 

şeirinə qarşılıq olaraq –

 

Şairəm, şamü səhər fikr edərəm, şeir yazaram

Acığın gəlsə də, gəlməsə də düz yazaram.

 

– söyləməsi Hüseyn Kərimiyə əsrimizin gerçək Sabiri deməyə haqq verir.

Şair özəl olaraq tənz-satira və həcv ustası kimi  daha çox tanınır. H.Kəriminin yazdığı şeirlər istər yaşlı, istərsə də gənc nəslin arasında çox bəyənilir  və dildən dilə dolaşır. Deyilənə görə hətta farslar belə Kərimini oxuya bilmək üçün türk dilini (Azərbaycan dilini) öyrənirlər.

Satiranın, həcvin Güney Azərbaycanda dərin,  möhkəm kökləri var.

Növhə və mərsiyələrlə yanaşı  yazdığı satirik şeirlər H.Kərimini xalq arasında çox məşhurlaşdırıb. Belə ki, mərsiyə və növhələri ilə xalqı ağladan şair satiraları ilə onları güldürüb düşündürməyə vadar edib.

Şairin “Rəngarəng” və ya “Külliyyate Ədəbiyyate Kərimi” adlı ilk kitabı 1958-ci ildə Təbrizin “Sədi kitabxanası” tərəfindən nəşr edilib. H.Kərimi şeirlərini 2001-ci ildə altı cilddə “Rəngarəng Kərimi” adı ilə yenidən çap etdirir. Daha sonrakı nəşrlərdə isə tək satira və həcvləri deyil, mədhiyyələri, qəsidələri, nəsihət və səfərnamələri də daxil edilir. Artıq “Rəngarəng”in 17-ci cildi çapa hazırlanır. Dini mövzuda şeirlər yazan şairin  növhə və mərsiyələri bir neçə  cilddə ayrıca çap olunub. Onun indiyədək çap olunan kitablarının sayı  40-ı aşır.

Kərimi cəmiyyətdə gedən hadisələrə etinasız qalmayıb, Siyasi durum və ictimai vəziyyət hər zaman onu düşündürüb.  İçində yaşadığı elin-obanın gileylərini, dərd-sərlərini qələmə alıb, şah rejiminin yarıtmaz üsul-idarəsini, məmurların sadə xalqa yuxarıdan aşağı baxmasını hədəfə alıb. Güneyli araşdırıcı Rza Həmrazın yazdığına görə Kəriminin şeirləri Şah dönəmində 12 il yasaq olunmuşdu.

Ey Kərimi, sözü rəng ilə boya

Görüsən camiə bazdır boyağa

–yazan şairin həmyerlisi Məhəmməd Rza Müqəddəsi Marağalı yazırdı ki, Hüseyn Kərimi el-oba dərdlərinə duzlu deyimlər geydirib-insan əzablarının söylər dili olmuşdu.

“Şairin qəlbi” qəzəlində şair ürəyini gah “çox mənzərəli bir biyabana, basəfa gülüstana, gah da şurezar səhraya” bənzədən  H.Kərimi “onda min min xəzinənin pünhan olmasını”bildirir. Özü  kimi həcv yazanların kəskin sözlərindən inciməməyə çağırır, əksinə bu “şiveyi meqalatın”  yalnız  xalqın xidmətində  durduğunu bildirir.

Elinin, ölkəsinin qayğısını çəkən şair ictimai-sosial mövzulara yaradıcılığında geniş yer verir. Şah zamanında Amerikanın təsiri altına düşən və  az qala onun müstəmləkəsinə çevrilən ölkəsinin halına acıyır. İstəkli sevgili və ana kimi sevdiyi İranın  amerikalara boyun əyməsinə dözə bilmir, cəsarətlə “İran ərə getdi “ şeirində etiraz səsini ucaldır.

Dövrün sosial və ictimai ziddiyyətlərini tənqid atəşinə tutan şair cəmiyyətin həyatında baş verən təzadları tənqid etməkdən çəkinməyib, zəmanəsinin ictimai eyiblərini satira və həcv  dili ilə ifşa edir. Kərimini rahatsız edən böyük məsələlərdən biri də, həmvətənlərinin mənəvi qəfləti, bu halın törənmə səbəbi və bu vəziyyətdən çıxma yollarıdır. O dini xürafatı,fanatizmi, nadanlığı, geriliyi, savadsızlığı, məmurların özbaşınalığını kəskin tənqid edir.

H.Kərimi düzlükdən, qanundan, şəriətdən  danışıb, İslamın  buyurduqlarını ayaqlayıb, haramı halal sanıb, sonra da  axına qoşulub müqəddəs quranı oxuyanları, rüşvət alıb haqqı batil, batili  haq göstərənləri satirik  dillə tənqid edir. Bu tip insanları həm  xalqı, həm də tanrını aldatmaq istəyənləri “ Saqqalım ağardı” şeirində Sabirin tərzilə gülür.

Avam xalqın cəhalətdən ayılmağını istəməyənlərin “Qorxan baş salamat olar” deyimini əsas tutaraq xalqa qan udduran  “yönünü hər səmtə salan”, ”millətin qanını zəli kimi soran”, ”aləmi yeyib amma doymayan”ları kəskin satira atəşinə tutur.

Ana-qızlarımızın təhsili,biliyi olmazsa, //Qalar övladımız həsrət mədəniyyət üzünə// söyləyən həməsri M.Ə. Möcüz kimi qadınların təhsilə, bilgilənməyə, azad düşünüb, nəfəs almağa və s. ehtiyacı olduğunu bildirir. Kərimi qadınları evdə dustaq edən kişiləri qəlbiqara və zalım sayır. ”Oğlanlar sözü” şeirində” oğlanın dilindən atasına  qadınların da kişilər kimi eyni hüquqlu olduğunu, oxumağa, işləməyə, işdən sonra əylənməyə, dincəlməyə haqqı olduğunu yazır.

Kəriminin kitab mağazası Marağada qədim bazarın içərisində ürək açan bir yerdədir. Bura həm də ədəbiyyat, maarif ocağını xatırladır. Qış aylarında Marağanın söz, şeir əhli ora yığışıb şeirləşir. Gənclər ana dilində yazmağı, şeirin fəzilətini, texnikasını H.Kərimidən öyrənirlər. Şair  “Ana dilim” şeiridə doğma dilə olan ən səmimi, ülvi hislərini gətirir.

Kərimini bir çox müasirlərindən fərqləndirən cəhətlərdən biri də özəl dil və üsluba sahib olmasıdır. Onun əsərlərinə milli ruh hakimdir, dili xalqa yaxındır, xalqın anlayacağı dildə yazan şair şeirlərini Marağa ləhcəsində qələmə alır.

Kəriminin şeirlərində bəzən İranda söyləndiyi kimi qəbih ifadələr (vulqarizm) işlədir.Şərq ədəbiyyatında “Ziştü Ziba” deyilən bir şeir növü də var. Fars dilində “Pis, çirkin və gözəl” deməkdir. Adətən, qəzəl janrında olan şeirlərdə istifadə olunur. Belə ki, qəzəlin hər beyti iki misradan ibarət olur. Birinci misrada şair rəsmən söyüş söyür, tam vülqar bir ifadə işlədir. İkinci misranı isə elə gətirir ki, məna dəyişilir, söyüşdən əsər qalmır. Onun bəzi qəzəlləri belə “nöqtəli ədəbiyyat” nümunələrinə məxsusdur.

Onu çox zaman XIII əsrdə yaşayıb yaratmış qəzvinli həcv ustası Übeyd Zəkani, eləcə də ötən əsrdə yaşamış Molla Cavad Müznüb, Məhəmməd Bağır Xalxali ilə  də müqayisə edirlər.

H.Kəriminin çeşidli ədəbi növ və biçimlərdə  yazılmış əsərləri  arasında həm xalq ədəbiyyatının növhə, mərsiyə, bayatı, qoşma, gəraylı təcnis kimi, həm də klassik  ədəbiyyatımızın qəzəl, məsnəvi və s.kimi nümunələrini görmək olar.

Kəriminin yaradıcılığında klassik poeziya ənənələri  çox qüvvətlidir. O satirik qəzəllərində və dini ruhlu şeirlərində, klassik poeziya gələnəklərindən Hafiz, Füzuli Saib Təbrizi, Nəbati, Ləli kimi şairlərin irsindən bəhrələnir.

Şair Marağanın, Urmiyanın, Təbrizin və başqa  Azərbaycan kənd və şəhərlərinin həyat lövhələrini, müxtəlif tipajlarını duzlu, məzəli boyalarla əsərlərində  vəsf edir.

Təbrizli şair Ləli məşhur “Kətli”(Kəndli-P.M.)şeirində biri sürü qoyun saxlayıb ətə həsrət qalan kəndlinın halına açıyır.

H.Kərimi isə duzlu dili ilə, Ləlinin göstərdiyi “kətli”nin  artıq “cız-bızı görəndə burnun tutub yandan keçən və  daim səndvic, kolbas yeyən kətliyə” döndüyünü bildirir. Kərimi  özü də orijinal formalar yarada bilir. Xalq ədəbiyyatında, aşıq şeirində cinaslara müraciət edən şairin uğurlu misraları  qəlbi oxşayır.

Sadə xalq dilində yazan şairin əsərlərində atalar sözləri, atmacalar, qarğışlar, zərb-məsəllərə çox rast gəlmək olar. Şairin xalq yaradıcılığına bağlı olan xüsusiyyətlərindən biri də şairin ifadə tərzidir.

Yəhya Şeyda Hüseyn Kəriminin əsərlərində işlətdiyi – Xalqın dilindən götürdüyü 400 arxaik sözü seçib bir lüğət hazırlamışdır.

Kəriminin mükalimələri iki şəxs arasında olan dialoq üzərində qurulub. İki şəxsin, iki heyvanın və ya insanla heyvanın danışıqları əsərin süjet xəttini təşkil edir. Qoyulan bir mövzu, məsələ ilə bağlı aparılan dialoqda bir-birinə  iki zidd  qütblər  arasındakı mübahisəli fikirlər ortaya atılır, sonda isə doğru və obyektiv nəticə ortaya qoyulur. ”Qara qarğanın bülbüllə mükaliməsi”, “Pişik və xoruz”, ”Qarğa və qoca leylək”, ”Qarğa və bülbül”, ”Dəvə və eşşək”,”Ev sahibinin siçanlarla danışığı”təmsilləri buna  gözəl örnəkdir. ”Əhd Həzrəti Süleyman” və ”Əzrayıl” isə xalq arasında ən çox sevilən və yayğın olan alleqorik şeirlərdir.

”Quşların  seçkiləri” təmsilində seçkilərin haqq, ədalətli olması ifadə olunur.

H.Kəriminin  yaradıcılığını araşdıran Dərbəndi  yazır ki, Şəhriyardan onun şeirləri ilə Kəriminin şeirləri arasında olan fərqi soruşanda demişdi ki, Kəriminin əsərləri livana (istəkan-P.M.), mənimki isə taxçaya qoyulan  bəzəkli kasaya bənzər. Amma livandan hamı kasıb, dövlətli, əkinçi, savadlı, savadsız istifadə edər”.

Ölməz Şəhriyarın uzaqgörənliklə söylədiyi bu sözlər  bu gün özünü tam doğruldur. Yazdıqları ilə xalqını  həm həyəcanlandırıb ağladan, həm də güldürüb düşündürən, onların sorunlarını dilə gətirb yazan şairi xalq necə sevməyə, dəyərləndirməyə bilər!?

Kəriminin əsərlərinin bir zaman Bakıda da çap üzü görüb oxucuları sevindirəcəyi gün yəqin uzaqda deyil.

Mənbə:”Ustad” jurnalının 9-cu sayı.

                                                                            

KÖŞƏ YAZARLARI
TOP 10