Gürcüstan “intiligenləri” nə istəyir; inteqrasiya yoxsa?

123 Baxış

inteqrasiyaİşimlə əlaqdar bir çox millətlə bir yerdə işləmişəm. Fərqli fərqli millətlər görmüşəm ancaq azərbaycanlılar qədər qeyri-adisini görməmişəm. Mənim millətimin özünə nifrəti, başqa milləti özündən üstün tutması, daima kölə olmaq istəməsi məndə həmişə təssüf hissi oyadıb. “Nəyə görə bir-birimizə qənim kəsilirik, bir-birimizin ayağını altını qazırıq, başqa milləti özümüzdən üstün tuturuq?”; həmişə bu suallara cavab axtarmışam ancaq heç bir zaman tapa bilməmişəm. Əminəm ki, Azərbaycan dünyada yeganə dövlətdir ki, əcnəbi miqrantlar daima müdür, yerlilərsə daima fəhlə işləyir. Əminəm ki, Azərbaycan yeganə dövlətdir ki, xarici ölkələrdən olan soydaşlarımıza vətəndaşlıq verməmək üçün sünii problemlər yaradıldığı halda Fələstindən, Əfqanistandan və s. ölkələrdən olan, danışıqlarından qan iyi gələn, feodal təfəkkürlü insanlara çox rahatlıqla vətəndaşlıq verir. Sizi bilmirəm ancaq mən başqa belə bir dövlət eşitməmişəm. Bizim bir-birimizə nə qədər nifrət etdiyimizi görmək ötrü də sadəcə son bir ayda Gürcüstanda yaşayan azərbaycanlıların mətbuatdakı çıxışları izləmək kifayətdir. Əvvəlcə Gürcüstandakı İran meyilli radikal şiələr Xocalıda ölmüş məsumları öz islam propaqandalarına alət etmələri, sekular, “kosmipolitanlarının” “Xocalı ədalət desək yurtdaşımız ermənilərin xətrinə dəyər” demələri məndə təssüf hissi oyatdı; “kimdi onları adam yerinə qoyan” deyib məsələnin üstündən keçdim. Ancaq azərbaycanlıları Gürcüstan parlamentində təmsil edən birinin qalxıb da Gürcüstandakı azərbaycan dilli məktəblərin bağlanılmasının tərəfdarı olduğunu deməsi məni sözün həqiqi mənasında şoka saldı. Bu fikrin ən iyrənc tərəfi ondadır ki, Gürcüstandakı bir çox azərbaycanlı həmin millət vəkili ilə eyni fikirdədi. Bəs onlar nəyə görə öz ana dillərinə bu qədər biganə və qəddarcasına yanaşırlar? Onlar iddia edirlər ki, gürcü dilini öyrənə bilmədiklərinə görə gürcü cəmiyyətinə inteqrasiya edə bilmirlər və gürcülər bizi “göy satan” kimi tanıyır. Bu məktəblər onların gürcü dilini öyrənmələrində yeganə “maneədir”. Əvvala demək istəyirəm ki, hər bir cəmiyyət öz istehsal etdiyi məhsulu satır və bunda utanılacaq bir şey yoxdur. Yəni biz göy, pendir, kartof istehsal etdiyimiz üçün bunları, gürcülər isə çaxır, araq istehsal etdikləri üçün “çaxır və araqlarını” satır. Başqa sözlə “çaxır satan” “göy satana” lağ edir və “göy satan” “çaxır satana” “get çaxırını sat” deyə bilmədiyi üçün qisasını azərbaycan dilli məktəbdən alır. Heçdə azərbaycan dilli məktəblər gürcü dilini öyrənməyə maneəçilik törətmir. Amerikan iqtisadçısı Peter Druker hər bir amerikan vətəndaşının, uşağını dövlət məktəbinə göndərib-göndərməməsindən asılı olmayaraq, dövlətə təhsil üçün vergi ödədiyini fəxrlə deyir və bildirir ki, təhsil ABŞ-ın ƏN ÖNƏMLİ SƏRVƏTİDİR. Bəs sizcə biz Gürcüstan azərbaycanlıları ayda 5 Lari təhsil üçün pul verə bilməyəcək qədər kasıbıqmı? Necə olur ki, başqa ölkələrə istirahətə getməyə, ən son model maşın almağa, bir evdə üç-dörd maşın saxlamağa, gürcü qızları ilə bazdıq etməyə, qıza cehiz verməyə, kəndlərdə məscid tikdirməyə, ölü yerinə, toylara, sünnətə salmağa pul tapa bilirik, amma rayondan bir gürcü müəllimi çağırıb uşaqlara bu dili öyrətməsini üçün kəntdə ailə başına beş Lari yığmağa pul tapmırıq? Nəyə görə qəbul etmək istəmirik ki, biz bu dili öyrənmək istəmədiyimiz üçün öyrənmirik, tənbəlliyimiz ucbatında öyrənə bilmirik, azərbaycan dilli məktəblər sadəcə bəhanədir? O ki, qaldı inteqrasiya məsələsinə bu məsələ haqqında danışarkən yalnış anlaşılma olmasın deyə əvvəlcədən demək istəyirəm ki, mən separatizmin tərəfdarı olan bir insan deyiləm və bir insan kimi gürcü cəmiyyətini və gürcü dövlətini çox bəyənirəm. Separatçılığın bir cəmiyyətə nələr gətirdiyini də bilirəm. Həm Gürcüstan İran deyil. Azərbaycanlıların Sovetlərdən və Saakaşvilidən qalma bir çox hüquqlar dövlət tərəfindən əla şəkildə qorunur. Mənim demək istədiyim budur ki, bu hüquqları gürcü dövləti ilə yanaşı biz də qorumalıyıq və çatışmayanları isə əldə etməliyik, DAHA GÜRCÜLƏRƏ YALVARARAQ BU HÜQUQLARI ƏLİMİZDƏN ALMASINI İSTƏMƏMƏLİYİK.

Qısacası mənə elə gəlir ki, inteqrasiya məsələsini bu “çaxır satanlardan” qorxan “göy satan intelegentlər” düzgün başa düşməyib. İnteqrasiya etnik qrupların, qaçqınların və s.lərin cəmiyyətin əsas axarına qovuşması deməkdir. İnteqrasiya ÇOX VACİB BİR MƏSƏLƏDİR. Ancaq vacib olduğu qədər də təhlükəlidir. Çünki inteqrasiya ilə assimiliyasiya arasında çox incə bir xətt var. Gərək bunu görəsən, nəzərə alasan. Ancaq təssüf ki, bugün Gürcüstanda inteqrasiyadan dəm vuran insanların böyük əksəriyyəti deyəsən assimilasiya məsələsindən xəbərsizdilər. Onlara elə gəlir ki, azərbaycan dilli məktəbləri bağlamaqla inteqrasiya məsələsi öz həllini tapacaq; yəni daha “çaxır satanlar” onlara “göy satan” deməyəcək və onlar gürcü cəmiyyətinə inteqrasiya edə biləcəklər. Açığını desək azərbaycan dilli məktəblərin bağlanması heç də inteqrasiya məsələsəni həll etməyəcək. Əslində bu fikirə gəlməyimin çox səbəbi var lakin onların hamısını yazmağa nə mənim vaxtım var nə də oxumağa sizin həvəsiniz. Sadəcə bir neçəsini yazmaq istəyirəm. Birinci səbəb bizim dünya görüşümüzdür. Bizim əksəriyyətimiz üçün bazar məktəbdən daha önəmlidir. İnsanlar dünya siyasətindən danışarkən bir qonşunun qızını evə kimin gətirməsindən danışırıq. Biz çox statik bir millətik. Hələ də yeddinci əsrdə Məkkədə yazılmış qanunlarla işləyirik. Dünya süni insan orqanları istehsal etmək məsələsini müzakirə edərkən biz qızların feysbuka girməsinin və ya profilə şəkillərini yerləşdirməsinin əxlaqsızlıq olub olmadığını müzakirə edirik. Və çox təəsüflə deyirəm ki, belə insanlar aramızda daha çoxdu. Biz inteqrasiya üçün azərbaycan dilli məktəbləri bağlamaqdansa birinci belə insaları ƏHLİLƏŞDİRMƏLİYİK. Yəni əgər sabah bütün azərbaycan dilli məktəblər ləğv edilsə belə gürcü dilini alayarımçıq öyrənən bu gədələrimiz heç də Harvard universitetinə girib Gürcüstanda yüksək bir vəzifə tutmaq həvəsində olmayacaqlar. Onlar sadəcə bazarda göy satarkən öz brak malını gürcüyə sırımaq üçün daha azərbaycanca yox alayarımçıq gürcücə deyəcək ki “əgər bundan bir qəpik xeyrim varsa Allah balamı öldürsün”. Əminəm ki, bu sözü da artıq bilirlər.

İkinci isə İnteqrasiya bir növ qadın kişi arasındakı sevgiyə oxşayır. İnteqrasiyanın olması üçün mütləq bunu hər iki tərəfin sevməsi lazımdır. Yəni dövlət əlinə dəynək alıb kimlərisə döyə-döyə zorla bir-birini sevməyə məcbur etməməlidir. Əgər sevgi qarşılıqsız olarsa onda bu münasibət əbədi olmaz. Buna ən gözəl nümunə zənimcə ABŞ dövlətidir. Bildiyimiz kimi ABŞ-da XIX əsrin 60-cı illərində quldarlıq quruluşu ləğv edildi. Amma zəncilərin ingilis dilini bilməsinə baxmayaraq onlar ABŞ cəmiyyətinə hələ də tam inteqrasiya ola bilməyiblər. Səbəbi isə budur ki, dövlət dəyənəklə özlərini “önəmli, daha ağıllı” sayan ağları (sizcə şovinist gürcülər də belə deyilmi?) döyrək zorla qaraları sevməyə məcbur edib. Zəncilər bunun üçün heç bir mütəşəkkil mübarizə aparmayıblar (necə ki, nə Gürcüstandakı nə də İrandakı azərbaycanlıların aparmadığı kimi). Yəni loru dildə desək əgər gürcü özünü səndən yuxarıda görürsə gürcü dilini ondan yaxşı danışsan da sən o cəmiyyətin üzvü ola bilməyəcəksən. Heç kəsə sirr deyil ki, Gürcüstan dövləti əlinə dəyənək alıb şovinist gürcüləri döyərək zorla etnik azərbaycanlıları sevməyə məcbur edir. Ancaq gəlin görək gürcülər azərbaycanlıları bu qədər sevirmi? Yəqinki nə Qamsaxurdiyanı nə də Gürcüstan dövlətinin ən yüksək nümayəndələrindən birinin Novruz bayramında azərbaycanlılara müraciətlə “sizin vətəninizlə (Azərbaycanla) Gürcüstanın əlaqəsi çox yaxşı inkişaf edir” deməsini unutmamısınız. Yəni dövlətin ən yüksək vəzifəsini tutan adamlar belə buranın bizim ana vətəniniz olmadığını deyirsə deməli bizim burada qalmağımızın səbəbi gürcülərin bizə olan sevgisi deyil. Bunun səbəbi BTC kimi beynəlxalq layihələr və Gürcüstanın hər iki tərəfdən türk dilli dövlətlərlə həmsərhət olmasıdır. Başqa bir sözlə desək bizim burada qalmağımızın yeganə səbəbi GÜCDÜR.. Yəni Gürcüstan dövlətində olan bəzi aydınlar rasizmin onlara nə qədər baha başa gələcəyini bilir və şovinistləri zorla tutub saxlayır. Ancaq biz bir-birimizin ayağından dartmağa davam edərsək, “Qarabağdan bizə nə, Xocalıdan bizə nə?” deyərək Azərbaycan da daxil olmaqla dünyanın başqa yerlərindəki azərbaycanlıların qəlbini qırarsaq, gürcüyə xoş getsin deyə seçkilərdə öz namizədimizin əleyhinə saxtakarlıq edib gürcünü seçərsək, bizə “göy satan” deyilər deyə İNTEQRASİYA ADI İLƏ GÜRCÜYƏ YALTAQLANMAQ ÜÇÜN bu məktəbləri bağlayarsaq biz sadəcə özümüzü zəiflətmiş olaraq. Gəlin bir öz-özümüzə sual verək: Gürcüstan dövlətinin və bəzi gürcü aydınlarının şovinist “çaxır satanları” zorla tutub saxlaması nə qədər davam edə bilər? Bəs bir gün həmin o şovinstlər hakimiyyətə gələrsə necə? Onda bizim yanımızda kim olacaq? Bugün əgər biz “ermənin qucağında böyümüşəm, erməni qonşumdu, çıxıb Qarabağda, Xocalıda ölmüş insanlara ədalət istərsən onların xətrinə dəyər” təfəkkürü ilə yaşasaq sabah gürcüstanda bir xaos nəticəsində hakimiyyətə gələcək milliyətçilərin əlindən bugün “ermənin xətrinə dəyər” deyə səsinizi çıxartmadığınız, gürcüyə xoş getsin deyə yaltaqlanaraq məktəbini bağlamaq istədiyiniz bu insanlar bizə “Borçalıdan bizə nə” deməzmi? Belə bir problemlə qarşılaşmamaq üçün bir –birimizlə elə birləşməliyik ki, hətta şovinstlər belə bu birlikdən doğan gücü görüb belə bir şeyə cürət etməsinlər. Unutmayın ki, Güc sülhün hamisidir. Gücün nə qədər önəmli olduğunu daha aydın şəkildə başa düşmək üçün atom bombasına baxa bilərik. Atom bombası nə qədər pis bir silah olsada, bu silaha sahib olmaq güc nümayişidir və bu silahın icadından sonra dünyadakı super güclər arasıda müharibələr dayandı.

Başqa sözlə desək DÜNYA SÜLHƏ HAMİLƏ QALDI.

Qabil  Aşirov

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10