Güzgüdəki bulud adamla axşam gəzintisi – Kənan Hacı

16 Baxış

author_37

Unudulmaz şairimiz Adil Mirseyidin ruhuna ehtiramla

Elektrik qatarının sonuncu vaqonunda yenicə yerimi rahatlayıb oturmuşdum ki, “güzgüdəki adam”ı gördüm; başındakı miləmil kepka, çal saqqalın altından boynuna dolanmış şarfı, gözündəki pensne bizi əhatə etmiş zaman və məkanla təzad təşkil edirdi. Çöldə sulu qar yağırdı, havada hüzn vardı. Ona yaxınlaşmağa ürək eləmədim, güzgüdən çıxıb başqa bir güzgüyə girəcəyindən ehtiyat elədim. Mənə elə gəlirdi ki, mən o adamın sirrini bilirəm və vaqon yırğalanmaqla mənim ona yaxınlaşmağıma mane olurdu, o sirr də əlimdəki dolu kasadaydı, sirrin kasadan kənara sıçramasından qorxurdum. Bu an bir şeir özünü vaqondan relsin üstünə atdı. Qatar o şeirin üstündən ötüb keçdi…

Bizim virtual söhbətimiz qatar şəhərə çatana qədər davam etdi.

gün gələr sən də qorxarsan

güzgülərdə özünlə göz gözə qonuşmaqdan

güzgülərdə gedə bilməyəcəyin yerlər

güzgülərdə çözələmədiyin sirlər

yaşamadığın ömür yazmadığın şeirlər

güzgülərdə gördüyün görüb könül verdiyin

bütün pəncərələr sınıq

bütün qapılar bağlı

bütün könüllər oyuq

bütün ürəklər çatdaq

bütün bülbüllər divanə

bütün mələklər suçlu

güzgülərdə bir ev tik özünə

rəngdən səsdən umuddan

bir bulud şəkli çək güzgüyə

bir sevgi yağmuruyla

as o evi buluddan.

Buluddan asılmış binanın qarşısında şairlə rastlaşdım. Üzündə-gözündə qədim bir təbəssüm yurd salmışdı. Qucaqlaşdıq, qonşu olmağımız münasibətilə bir-birimizi təbrik etdik. Yaralı ciyərlərimiz də sevindi. Adama bir siqaret də tüstülətdik. Göy üzü masmavi idi, qonşunun balaca qara itinin gözlərindəki tənbəl qüssə kölgə kimi asfaltın üzərinə yayılmışdı.

içində tənha mi notu titrəyən adam

payızın içindən keçdi bir axşam

son sevda şərabını

başına çəkib içdi bir axşam

…tənha mi notunun dalınca düşüb

getdi röyaların gerçək olduğu yerə.

***

Mən xatirələrimi də son dərəcə qiymətli xəzinə kimi qoruyuram və arada onların da tozunu alıram, onlar yaddaşımda oyandıqca bugünləşir, keçmişdən daha çox bu günə aid olur, təravətli olur, durulur. Azərbaycanın ən mütəvazi şairlərindən olan Adil Mirseyidlə bağlı anılar da yaşadığım binanın on ikinci qatından görünən göy üzü kimi masmavidir, dumdurudur. Elektrik qatarındakı qəribə, virtual görüşümüzdən sonra onunla “28 may” metrosunun yaxınlığında rastlaşdıq. İlk dəfə ünsiyyətimiz onda yarandı, indi xatırlamıram, yanında kimsə vardı, bizi həmin adam tanış elədi. Şeirlərimi oxuduğunu və bəyəndiyini dedi. Cəfər Cabbarlının heykəli ətrafında daimi məskən salmış qumrulardan biri qəfildən aramıza girib söhbətimizə “qoşuldu”.

ovcumda quş səsi gətirdim evə

ovcumu açdım, uçdu quş səsi

yenə tək-tənha qaldım.

Adil Mirseyid o qumrunun səsinə qoşulub getdi… O səsin rəsmini çəkməyə getdi. O səsin əksi şairin eynəyində çırpınırdı, şair o səsi özündən, eynəyinin çərçivəsindən xilas etməyə tələsirdi. Qumru sanki hansısa bir sirrə ilişib qalmışdı, o quşun qanadları güzgüyəmi dəyib sınmışdı?! Heç cür uçub gedə bilmirdi… Güzgüdəki adam özünə yer tapa bilmirdi, bəlkə qumru da qara sevda türküsü ötürdü…

Bir dəfə yazmışdım ki, Adil Mirseyid bu səs-küylə dolu dünyanın içindən sakit bir çay kimi axıb gedən adam idi. Şeirlərində sevə-sevə təsvir etdiyi Sena çayı kimi… Sanki o, heç yaşa dolmamışdı, uşaq yaşında qalmışdı. Gülüşü də, sözü-söhbəti də, sevgisi də uşaq kimiydi: dumduru, saf. Onun şeirləri pafosdan uzaq idi, ülgüyə sığmırdı, bu şeirlər yer üzünün yox, göy üzünün şeirləri idi. Buna görə də o şeirləri ancaq Tanrıya dua kimi pıçıldamaq olardı. Güzgüdəki duaları göy üzünə pıçıldayıram:

Tanrıdan bir əmanətdi mənə bu dünya

ağla mənim halıma

bir zamanlar inanmışdım

                        güzgüdəki xəyalıma

şeirlərim dünyanı dəyişməliymiş guya.

Onun şeirlərində biz bambaşqa bir zamana düşürük, bu qəribə zaman və məkan içərisində bəzən rənglər ilıq, sözlər soyuq olur, umuddan özünə yuva da qura bilərsən… Amma bu dünyanın qapıları sənin üzünə açılmaya da bilər. Sən qara sevda mələyini magik güzgüdə görə bilmirsənsə, demək Adil Mirseyid dünyası sənin üçün qapalı orbit olaraq qalacaq.

Dənizi duymayan adamlar, oğlum,

bu payız axşamı anlamaz bizi.

Qürbətə gedirəm axşamlar, oğlum,

mavi göy üzündə bir durna izi.

Bəlkə də gecələr yuxusunda yazmadığı şeirləri görürdü, görünməz mətnlər qapısını döyürdü, o mətnlərə qoşulub “Paradizi” kafesinə yollanırdı və…

Könlümlə baş-başa qaldım bu gecə

könlümü kamantək çaldım bu gecə.

Yuxusuna gələn, qapısını döyən şeirlər sözə gəlməyəndə sürrealist dona bürünüb kətan üzərində canlanırdı. Adil Mirseyid bütövlükdə ömrünü impressionist ovqatın içində yaşadı. Güzgüdən çıxınca bulud adama çevrilirdi, bulud kimi yükünü yerə qoyunca Ay süvarisi olurdu. O, dəyişməz təyinlərə əsir düşmədi, çidarlanmış metaforaları qırıb onların yan-yörəsini durğu işarələrindən təmizlədi. Onun poeziyasının mahiyyətində durğu işarələrinə yer yox idi. Onun poetik obrazları əsasən üç ünsürdən ibarət idi – dəniz, rüzgar və səma. Bu obrazlar heç bir durğu işarəsinə sığmırdı. Adil Mirseyid həm də bu mənada novator şair idi. Şair bəzən dilin qaydalarına qarşı çıxmağı da bacarmalıdır və bunu elə formada etməlidir ki, ona irad tutmasınlar. O şairlərə böyük şair deyə bilirik ki, onlar dilin ifadə imkanlarını genişləndirməyi, sözün məna çalarlarını kəşf etməyi, ona yeni ruh və nəfəs verməyi bacarırlar. Adil Mirseyid bu tipli şairlərdən idi.

Xalq yazıçısı Elçin onu “elitar şair” adlandırmışdı: “Adil Mirseyid artıq sənətdə özünü təsdiq etmiş elitar Azərbaycan şairidir və onun son illərdə çap etdirdiyi şeirləri mən müasir poeziyamızda hadisə hesab edirəm”. (Elçin, “Elitar poeziya”. “Yeni Azərbaycan” qəzeti, 25.10.2002)

O, zahirən laübalı adam təsiri bağışlayırdı, görünüşündən dərvişanəlik və rindanəlik yağırdı. Əksər şairlər kimi. Təxminən 6-7 il öncə İçərişəhərdə onun “Ay süvarisi” şeirlər kitabının təqdimatı keçirilirdi. Rəssam dostu Fikrət İbrahim şairin portretini çəkib gətirmişdi və tədbirdə həmin portreti ona bağışladı. Tədbir bitəndən sonra Adil müəllim məndən xahiş etdi ki, həmin portreti Sabir bağı ilə üzbəüz “Monolit” kafesinə aparım. Həmin kafe şəhərdə yaşayan əksər şair və yazıçıların, rəssamların və digər sənət adamlarının yığışdığı məkan idi. Kafenin müdiri portreti alıb kabinetinə qoydu. Dedim Adil müəllim gəlib özü götürəcək. Sonra Adil Mirseyid və qələm dostları ilə birlikdə başqa bir məkanda çay süfrəsinin başına yığışdıq. Aradan yeddi-səkkiz ay keçmişdi, yolum Sabir bağı tərəfdən düşmüşdü. “Monolit”in müdiri məni görüncə gülə-gülə uzaqdan əl yellədi və dedi ki, sənin şair dostun hələ də gəlib əmanəti aparmayıb… İndi bilmirəm həmin portret Adil Mirseyidin arxivində qalırmı ya yox…

***

İndi biz Adil müəllimlə qapıbir qonşuyuq. O gün yenə binanın həyətində siqaret tüstülədirdik. Uzun illər öncə elektrik qatarına minib birlikdə şəhərə gələndə ağlıma gəlməzdi ki, əslində yolumuz birdi. Yollar bizi eyni məkana gətirir, qonşuyuq axı. Adil müəllimin eynək arxasından gözləri yol çəkirdi.

Avqust yağmurunda

barışın səsi

yaşamaq istəyi

ölmək həvəsi.

Şair narahat idi. Yumşaq səslə “yapon balıqlarını yemləyib düşürəm” dedi və özünəxas tərzdə gülümsədi. O getdi, mən həyətdə qaldım.

Suda bulud kölgəsi

balıqların səsi

uçur havada.

Yeri-göyü ələk-vələk edən külək sanki uzunmüddətli sükutdan öc alırdı. Mən Adil Mirseyidi gözləyirdim… Bilirdim ki, o gəlməyincə küləyin hirsi soyumayacaq…