Həbubullahın “ziyarəti”

146 Baxış

Yusif-Ali-AfsarFəlsəfə doktoru Yusif Ali Afşar

On gündür ki, Qəmərqullar kəndinin sakinləri ilə Qədirqullar kəndinin sakinləri arasında mübahisə gedir. Mübahisəyə səbəb Həcc ziyarəti olmuşdur. Yox, yox! Onlar dinsiz deyillər, onlar dinə bizdən də çox inanırlar. Hətta onlar cinə, ifritə, əcinnəyə də inanırlar. O qədər inanırlar ki, o kəndlərdə heç kimin mobil telefonu, noutbuku, kompyuteri də yoxdur. İşiq, qaz da yoxdur. Çünki belə şeyləri şeytan əməli sayırlar. Düz də edirlər! Hətta o kəndlərdə heç dalğa ötürücüsü də yoxdur. Ancaq ki, bu kəndlərin hər birinddə bərabər sayda – 12 məscid var. Hamısı da eyni hündürlükdə.

Hə, mətləbdən uzaqlaşdım deyəsən. Harda qalmışdıq?

Hə tapdım, mübahisədə qalmışdıq. Demək bu iki kəndin sakinləri heç vaxt bu günə kimi öz aralarında mübahisə etməzlərmiş. Həmişə hər şeyi bərabər edərdilər ki, kimsə kimdən inciməsin və nəsə mübahisəyə səbəb olmasın. Hətta bu kəndlərdə heyvanların sayı da, əhalinin sayı da eynidir. 678 nəfər Qəmərqullarda, 679 nəfər də Qədirqullarda yaşayır. Qədirqullardakı artıq bir nəfər də bu kəndin 145 yaşlı sakini Əsədullahqulu babadır. Bu kişi uzun illərdir ki ölmək bilmədiyinə görə say balansını pozur. Amma bu kəndlərin ağsaqalları Əsədullahqulu babanı hər iki kəndin fəxri sakini elan ediblər ki, cavanlar dalaşmasın bu saya görə. Bu kənddə hər kəs yalandan and içəndə də onun canına and içirlər ki kişi tez ölsün. Nə isə Əsədullahqulu baba da üzünə durub, qurdla qiyamətə qalacağına söz verib sanki.

Bu kəndlərin hər birində 8754 qoyun, 691 inək var. Hansı qoyun əkiz doğdusa onun balasının birini Əmənqullar kəndinin sakinlərinə verirlər ki, qoyun balansı pozulmasın. Əkiz və üçəm bu kənddə qadağandır. Ona görə də keçi, it və pişik  saxlamırlar. Kimin də arvadı əkiz uşaq doğarsa, qonşu kənddə əkiz uşaq doğulana kimi, əkiz uşağın atası kənddən çıxıb gedərdı “xam torpağa”.

Beynim o qədər dolub ki, yenə də mətləbdən uzaqlaşdım. Hə bildim, harda qalmışdım! Bu il mübarək Həcc ziyarətinə getmək üçün hər iki kənddən eyni sayda, eyni adlı – Əmirullah, Qeybullah, Meybullah və Seyfullah adlı 8 nəfər kisi haqqında Qafqaz Müsəlmanları İdarəsinə, şəxsən şeyx həzrətlərinə müraciət etmişdilər və hər birinin də müraciəti qəbul edilmişdir. Nəhayət mübarək gün yetişmiş və zəvvarlar müqəddəs torpağa yola düşmüşlər. Ziyarət zamanı Həcc ayinlərini yerinə yetirərkən Şeytan daşlamada Qədirqullardan olan Meybullah ayaq altında qalaraq ölür. Kəndə üzüqara qayıtmağa qorxan qəmərqullu və qədirqullu zəvvərlar öz çadırlarında gecəikən Qəmərqullardan olan Meybullahı yuxudaykən ayaqları altında tapdalayaraq öldürüblər və nəşini  də gecə adaşı Meybullahın yanına uzadıblar ki, səhər bərabər dəfn edilsin. Hər iki Meybullah da yanaşı Məkkədə dəfn olundular. Bu kəndin sakinləri bax belə sədaqətli olublar bir-birinə qarşı.

İndi isə bu sədaqətli kəndlilərin mübahisəsinə səbəb isə Həbubullah olmuşdur. Demək Qədirqullar kənd sakini Həbibullah gizlin olaraq şəhərə gəlib çox varlı məmurlardan birinə məktub yazaraq ondan Həcc ziyarətinə getməsinə kömək etməsini xahiş edir. Həmin məmur müəllim də idarəyə tapşırıq verir ki, Həbubullahı onun hesabına Həcc ziyarətinə göndərin. Həbubullah da kəndçilərindən gizlin Həcc ziyarətinə gedir və qarayanız olduğundan orada özünü verir Mərakeşli zəvvarların yanına. Həccin bütün ayinlərini can-başla icra edib qayıdır kəndə. Elə kəndlər arasındakı çözülməz mübahisə də bu ziyarətdən qayıtdıqdan sonra başlayıb. Qədirqullar kəndinin sakinləri Həbubullahın ziyarətini qəbul etsələr də Qəmərqullar kənd sakinləri deyillər ki, bu ziyarət dərgahda qəbul edilməyib. Çünki bu ziyarətin pulunu Həbubullah haram yolla tapıb. Qədirqullar kəndinin ağsaqqalı da deyir ki, o məmurun pulu da xalqın sərvəti hesabına olduğuna görə Həbubullahın da ziyarəti halal yolla həyata keçib. Həbubullahın haqqı olan pulu özünə veriblər, o da gedib ziyarət edib gəlib.

Nə isə, deyəsən çox danışdım. Mən getdim Qədirqullara, oradan da gedəcəyəm Qəmərqullara. Bəlkə məni eşidələr. Vəziyyət çox çətindir. Bilmirəm nə oldu bunlara? Bu haram pulumu, yoxsa din sevgisimi axırda bunları bir biri ilə düşmən etdi…

 

 

 

 

Bölmə : Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10