“Hədəf” ailəsi “Yuğ” teatrında olub

81 Baxış

namelumaxundzade“Hədəf” Nəşrləri və “Hədəf” kurslarının işçiləri Azərbaycan Dövlət “Yuğ” teatrında olublar. Onlar “Naməlum Axundzadə” tamaşasına baxıblar.  

Tamaşada Mirzə Fətəli Axundzadənin üç pyesindən  “Hekayəti Molla İbrahimxəlil Kimyagər”, “Hekayəti Müsyo Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah cadükini məşhur” və “Sərgüzəşti vəziri-xani Lənkəran”dan istifadə olunub. Tamaşada yaradıcı qrup tamaşaçılara belə bir mesaj verir: “Ey insanlar, sizi buxovlayan zəncirləri qırmaqdan usanmayın. O sizi yeni məhrəm tellərlə həyata bağlayacaqdır”.

Qeyd edək ki, “Naməlum Axundzadə” tamaşasının  quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Əməkdar Rəssam Rəşid Şerif, musiqi tərtibatçısı Ramiq Mehdi, geyim rəssamları isə Umay Həsənova və Leyla Əliyevadır. Tamaşada Axund obrazını əməkdar artist Fərhad İsrafilov, Dərviş Məstəli şahı əməkdar artist Məmməd Səfa, Kimyagəri əməkdar artist Vidadi Həsənov, Xatunu əməkdar artist Sonaxanım Mikayılova, Xanımı Gülzar Qurbanova, Övrəti Yaqut Paşazadə oynayırlar.

Tamaşa bitdikdən sonra “Hədəf” nəşrlərinin direktoru Şəmil Sadiq “Hədəf” ailəsi adından teatrın yaradıcı heyətinə öz təşəkkürlərini bildirib. O, tamaşadan böyük zövq aldıqlarını deyib: “Hər birinizə bizə belə gözəl anlar yaşatdığınız üçün xüsusi təşəkkür edirəm.  Düşünürəm ki, bu tamaşadan sonra Mirzə Fətəli Axundzadənin əsərlərini yenidən oxumalıyıq”.

Daha sonra iştirakçılar tamaşa haqqında təəsüratlarını Senet.az-la bölüşdülər. “Hədəf” Tədris Mərkəzinin Təhsil-tədris işləri üzrə direktoru Elxan Nəcəfov rejissor və aktyor işini yüksək qiymətləndirib: “Ümumiyyətcə “Yuğ” teatrı fərqli və orijinal teatrdır. Deyərdim ki, sözün həqiqi mənasında tamaşaçıya ən yaxın olan teatrdır. Yəni tamaşaçı birnövü həm də səhnədədir. Rejissor və aktyor işi baxımından da tamaşaçını alıb apara bilirlər. Hər dəfə böyük məmnuniyyətlə izləyici oluram. Artıq sənətkar dostlarımızla yaxın ünsiyyətdə olmaq imkanımız yaranıb. Bütün komandaya uğurlar. C. Cabbarlı yaradıcılığından bilirik ki, teatr müqəddəs sənətdir. Bu müqəddəs işdə sənətkarlarımıza daha çox sənət uğuru arzulayıram”.

“Hədəf” kurslarının Nizami filialının müdiri Məhəmməd Xankişiyev də öz növbəsində tamaşanı bəyəndiyini dedi: “Tamaşa Axundzadə yaradıcılığının bir qismini əks etdiridi. Bir neçə əsərin sintezindən yaranmış bu göstəri bizi ruhən ağlatdı, güldürdü, düşündürdü, düşündürdü… Axundzadə ruhuna sayğı idi bu tamaşa. Bacarıqlı və istedadlı akyor heyətinə uğurlar arzulayıram”.

“Hədəf” kurslarının Nizami filialının müdir müavini Məzahim Mustafazadə tamaşadan məmnun qaldığını bildirib: “Yuğ” teatrı mənə bugün cəhənnəmin əyani nümayişini göstərdi. Mən o anları yaşamış oldum. Aktyorların professionallığı nəticəsində bu tamaşada güldüm, qorxdum, düşündüm, maarifləndim. İkinci dəfədir ki, tamaşalarını izləyirəm və hər dəfə tamaşadan belə məmnun  ayrılıram. Bu teatrı və tamaşaçının içində olan bu komandanı alqışlayıram”.

Müəllimə Zöhrə Cəfərova tamaşanı müsbət dəyərləndirib: ““Yuğ” teatrına “Hədəf”lə birgə ikinci dəfədir ki gedirik. Fikirlərim olduqca müsbətdir. Mənən qidalandıq. Ədəbiyyatçı olaraq dahi Axundzadənin əsərlərini fərqli ampulada seyr etmək bir başqa zövq verdi mənə. Tamaşa zamanı bir əsərdən digər əsərə keçid isə aktyorlar tərəfindən xüsusi professionallıqla edilirdi. Bir sözlə, acmış ruhumuzu bir az da olsa doyuzdurduq. İnşallah yeni quruluşda olan tamaşaları səbirsizliklə gözləyirik”.

“Hədəf” kurslarının müəllimi Odər Sərdar  tamaşadan təsirləndiyini qeyd etdi: “Bu gün dəyərli həmkarlarımla “Yuğ” teatrında gözəl tamaşada olduq.  Tanınmış aktyorlarımız Vidadi Həsənov, Məmməd Səfa və digər dəyərli aktyor və aktrisalar Türk və müsəlman dünyasında dramaturgiyanın əsasını qoymuş böyük ustad Mirzə Fətəli Axundzadənin “Hekayəti Molla İbrahim-Xəlil Kimyagər”, “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” və “Aldanmış Kəvakib (Hekayəti-Yusif şah)” əsərlərinin tamaşasını sərgilədilər. “Yuğ” teatrının özəlliyi burasındadır ki, orda olan zaman adam sənətlə iç-içə olur. Orda göz yaşı da, gülüş də təbii olur, insan sənət tanrısına daha yaxın olur. Ən yadda qalan an isə Vidadi Həsənovun tamaşanın ortasında səsləndirdiyi “Cəhənnəmdən qorxursan?” sualını mənə də ünvanlaması oldu. Mən də təbii olaraq “Yox” dedim”.

 

KÖŞƏ YAZARLARI
TOP 10