“Hələ ki, pandemiya öz romanını yazır” – Ədiblərimiz karantin günlərində

9 Baxış

155728_cfdnjcnv9m

“Evdə oturmaq yaşlı nəsil üçün o qədər də problem deyil”

Ötən ilin sonlarında Çində üzə çıxan koronavirus infeksiyası pandemiya halını alaraq az qala bütün dünyaya yayılıb. Bu ölkələr sırasında Azərbaycan da var. Profilaktika tədbirlərinin həyata keçirilməsi üçün ölkədə karantin elan edilib, bir çox müəssisə, o cümlədən bütün təhsil ocaqları fəaliyyətini dayandırıb. Bəs yaradıcı cameə sözügedən karantin günlərindən necə yararlanır?

525.az suala cavab tapmaq üçün bir neçə ədib arasında sorğu keçirib.

Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyat Fondunun direktoru, yazıçı Əjdər Ol deyib ki, 30 ildən bir dünyanın dəyişməsilə bağlı nəzəriyyə var: “Məsələn, 90-cı illərdə dünyada böyük proseslər gedirdi. Artıq o hadisələrdən 30 il keçib. İndi isə dünya yeni təhlükə qarşısındadır. Düzdür, miqyasını hələ dərk edə bilmirik, çünki gözümüzün qarşısında cərəyan etmir, sadəcə qulaqlarımız eşidir. Xəstəlik haqqında təsəvvürümüz o qədər də geniş deyil. Düşünürəm ki, bütün rəsmi göstəriş və tövsiyələrə əməl etmək lazımdır. Yazıçılara gəldikdə isə, söz adamı bütün bunların mənəvi tərəfini düşünür, yeni sınaq kimi baxır. Təbiət etibarilə soyuqqanlı adam olduğumdan panikaya asanlıqla düşmürəm. Amma əlbəttə, evdə qalmaq, karantin vəziyyəti yazmağıma da, oxumağıma da müsbət təsir göstərib. Mütaliə edirəm, qeydlər aparıram, düşünürəm”.

Yazıçı Səfər Alışarlı bildirib ki, Emmanuil Kazakeviçin müharibə poveslərini təkrar oxuyur: “Mənə elə gəlir ki, “Ulduz”, “Çöldə iki nəfər”, “Dost ürəyi” povestləri rus-alman savaşı haqda yazılmış ən gözəl əsərlərdir. “Oderdə bahar” romanını isə yəqin ki, hamı oxuyub”.

Yazıçı qeyd edib ki, karantin evdə oturmağa əlavə vaxt versə də, psixoloji baxımdan adamı sıxır: “Yaradıcılıq məhdudiyyəti sevmir. Bizdə isə bu məhdudiyyətlər həm də tacirlərin əxlaqsızlığı ilə müşayiət olunur. Odur ki, təkcə virusdan yox, həm milli naqisliklərimizin bariz təzahürləri ilə mübarizə aparmalı oluruq”.

S.Alışarlı onu da vurğulayıb ki, yaradıcılıqla məşğul olmağa çalışır: “Əlimdə yarımçıq işlərim var, kefimi tənzimləyə biləndə onlarla məşğul oluram. Hərdən ürəyimin nə istədiyini tapmaq üçün öz içimdə eşələnirəm, bəzən tapıram, bəzən tapmıram. Özümə təskinlik verirəm ki, haqqa və Allahın ədalətinə inamla yaşamaq az deyil. Feysbukda hərdən elə inamlı adamlar görürəm, sevinirəm onlarla eyni dövrdə yaşadığıma”.

Şair Zakir Fəxri bildirib ki, yaradıcı insan, ümumiyyətlə, özünə qapanan olur: “Küçədə gəzməklə yaradıcı olmaq mümkün deyil. Karantinin ən böyük xeyri odur ki, köhnə kitabları oxumaq şansımız olur. Yaradıcılığın bizə bu haqda nəyi yazdıracağı sonradan məlum olacaq. Dövlətin çağırışına əməl etmək lazımdır. XV əsrdə Venesiyada da belə hadisə baş vermiş, hətta xeyli insan tələfatı olmuşdu. Çalışmalıyıq ki, qaydalara tabe olaq. Evdə oturmaq yaşlı nəsil üçün o qədər də problem deyil, gənc nəsil bir az bundan yayınır. Bu özü də bir imtahandır. Ümid edirəm ki, üzüağ çıxacağıq bu sınaqdan. Təki bu virus mənəviyyatımızı bürüməsin”.

Yazıçı Saday Budaqlı karanti günlərini kitab oxumaq, öz yarımçıq yazılarına baxmaqla keçirir. Üstəlik, onun bu virus haqqında nəsə yazmaq fikri də yoxdur: “Hələ ki, pandemiya öz romanını yazır (gülür). Təki xəstəlik tez qutarsın, biz də öz gündəlik həyatımıza qayıdaq”.

Cavid QƏDİR