Hərə sevgini bir cür qavrayır, elə ölümü də… – NARGİS

114 Baxış

3

Metakədər

Albert Kamü yalnızlığı kimi

Sərhədsizdir sənə hisslərim…

Bu tamam başqa şeydir.

Tamam yad bir şey.

Hiss edirəm bunu saçlarımın ən ucuna kimi. Nəsə qırmızıvaridir. Sərhədsizdir. Məni sənə əsir edir.

”Hamı bilir ki, həyat yaşamağa dəyməz. Əslində, insan ha otuzunda ölmüş.

ha yetmişində bu çox da vacib deyil”…

Sən arqumentləri xırdalayırsan,

bu məni bezdirir…

Mənim qəpik-quruşdan xoşum gəlmir, əvəzolunmazım…

Hərə sevgini bir cür qavrayır, elə ölümü də…

Hərə ruhu bir cür qavrayır, elə tutqunu da…

Sevişmək daha susdura bilmir ruhun fəryadını…

Xırda mətnlərə sığdırıb boğmaq varkən səni, niyə böyük janrlara sürüyüm ki, hekayələrimizi?

Çəkdiyim siyah tabloya anidən sıçramış sarı rəng kimisən.

Mən günəşi görmürəm, optimist təxəyyüllər gözləmə məndən, əzizim!

Sarı mənə vərəmli cəmiyyətin simasını xatırladır…

Sarı məni üşüdür…

Günəş arayışında deyiləm,

Günəşi görmürəm, əzizim…

Künclərdə dilənən körpə əlləri görə bilirəm ancaq.

Hiss edirəm körpə ovuclarını dondurur bumbuz qəpiklər…

Qəpik qoxusuna nifrət edirəm, əzizim…

Qəpik səsi məni dəli edir…

Günəş şüalarına doğrumu açılır, yoxsa o balaca əllər?

Söylə əzizim?

Ruhumu dağlayan bu çarəsizliyimi uyudacaq bir yalan de…

De ki, çox xoşbəxtdir bu dünyada uşaqlar….

Günəş də görməzdən gəlir onları demə mənə…

De ki, onlar günəşi sevmirlər, əslində…

Canım yanır, ruhum yanır…

Anemiyalı əllərimdəki zəif həyat yetmir bütün ovucları isitməyə.

Virginiyanın çarəsizliyinə qapılıram…

Bütün çaylar quruyur dünyamda…

Ciblərimdəki bütün daşlar qəpik-quruş kimi ironiya ilə cingildəyir beynimdə.

Gülür mənə bütün kişilər, bütün qadınlar, bütün insanlar!

Bircə susur uşaqlar…

Everstləşir bütün ağrılarım,

Metakədəri izah edə bilmirəm heç kimə…

Mən izah edə bilmirəm Hamsunun aclığının ağrısını dünyaya.

Günlər öncə iki stəkan qara çaya sığdırmışdım bütün demək istədiklərimi. Məncə, sən, əslində, demək istəmədiklərimi də, eşidirdin…

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10