“Hər fəslin gəlişi mənə Şuşanı xatırladırdı” – Firəngiz Mütəllibova

0 Baxış

hg

 

Ömrünün dörd on ilini sənətə, səhnəyə həsr edən, bu işə könül verib, onu varlığı qədər sevən istedadlı sənət adamlarındandır Firəngiz Mütəllimova. Uzun illər bir-birindən maraqlı çox obrazlar yaradıb, yaxın, uzaq məmləkətlərdə Azərbaycan mədəniyyətini layiqincə təmsil edib. Ən böyük qazancı tamaşaçı alqışı, tamaşaçı sevgisi olub. Ömrünün 30 ilini Şuşasızlığın ağrısı, acısı ilə keçirsə də, heç vaxt ümidini itirməyib. Tez-tez yuxularında gördüyü doğma Şuşasına bir gün mütləq qayıdacağına inanıb. Böyük Qələbəmizin birinci ildönümü ərəfəsində AZƏRTAC-ın müxbiri sevimli aktrisa ilə görüşüb, söhbət edib. Onunla müsahibəni təqdim edirik.

- Uzun illərdi səhnədəsiniz, yaratdığınız maraqlı obrazlarla tükənməz tamaşaçı sevgisi qazanmısınız. Canlandırdığınız obrazları taleyinizin bir parçası hesab edirsinizmi? Həyatınızdakı hadisələrlə oynadığınız obrazlar arasında bir oxşarlıq, uyğunluq olubmu?

- Sənətə gəldiyim ilk gündən özüm olmağa çalışmışam. Yəni canlandırdığım obrazlarda özümü görsəm də, hansısa bir obraz sırf mənim həyatım barədədir desəm, yanılaram.

Çalışdığım Azərbaycan Dövlət Akademik Milli Teatrı otuz ilə yaxındır ki, İlyas Əfəndiyevin “Qarabağnamə” tamaşası ilə teatr mövsümünü açır və bu artıq ənənə halını alıb. Orada canlandırdığım “Tubu xanım”, yəni Qarabağ xanımı obrazını 30 ildən çoxdur ifa edirəm. O tamaşada Qarabağımızla, şəhidlərimizlə bağlı dediyim sözləri indi ruhən, qəlbən daha yaxşı hiss edirəm. İnşallah, bu tamaşanı Şuşada mütləq təqdim edəcəyik.

- Səhnə fəaliyyətinizdə sevilən və yadda qalan obrazlar çoxdur. Xüsusilə tamaşaçılar sizi “Səni axtarıram” televiziya tamaşasında Gülnar obrazı ilə daha çox sevirlər… Bu obrazla sizi nə birləşdirir?

-Teatrda çox maraqlı obrazlarım olub, lakin o zamanlar televiziyada yalnız bir kanal olduğu üçün “Səni axtarıram” tamaşasında Gülnar obrazı ilə daha çox yadda qaldım. Gülnar mənim xasiyyətimə zidd olan bir obrazdır. Məsələn, mən heç vaxt ərkəsöyün olmamışam, zəngin ailəm olmayıb, yəni Gülnarın yaşadığı o təmtəraqlı həyatı yaşamasam da, canlandırdığım obrazı o qədər çox sevirdim ki, özümü daxilən Gülnar hiss edirdim. Mənə bu gün də Gülnar deyə müraciət edənlər var.

Bundan başqa, İlyas Əfəndiyevin “Bizim qəribə taleyimiz” tamaşasında narkoman bir qızın həyatından bəhs edən “Mələk” obrazı var. Mən Mələyi, o qədər böyük həvəslə canlandırırdım ki, Türkiyədə qastrol səfərimizdə onun dilindən söylədiyim monoloqu ayaqüstə alqışladılar.

- Sizin üçün teatr, yoxsa kinoda rollar yaratmaq daha rahatdır?

- Mənim üçün həmişə ən vacibi teatr olub. Oranı ikinci evim hesab etmişəm, teatra daha çox öyrəşmişəm. Teatrın hər bir səhnəsinin sanki özünəməxsus bir qoxusu var. Teatr canlı sənətdir, orada bir ciddi intizam var. Mənim üçün əsas teatrdı. Mən gənc olanda paralel bir neçə tamaşada məşq edirdim və filmlərə çəkilməyə çox vaxtım olmurdu. Ancaq “Bəyin oğurlanması”, “Qaçaq Nəbi”, “İşarəni dənizdən gözləyin”, “Atları yəhərləyin”, “Mənim ağ şəhərim” və sair filmlərə çəkilmişəm.

- Firəngiz Mütəllimova bu sənət üçün nələr qurban verib?

- Doğrudur, sənət qurban tələb edir, amma mən bu sənət üçün qurban verdiyim yalnız səhhətim olub. Daima çalışmaq, oynamaq, qastrollarda olmaq, saatlarla ac qalmaq, soyuq məkanlarda məşq eləmək, soyuq yerdə oturmaq, açıq havada tamaşa canlandırmaq, şəraitsiz yerdə qalmaq və sair. Ancaq bir daha dünyaya gəlsəydim, bu qədər əziyyətli sənət olmasına baxmayaraq, yenə də aktrisalığı seçərdim. Bu sənəti çox sevirəm. Çünki səhnə sənət adamını yaşadır. Biz səhnə ilə nəfəs alırıq. Tamaşaçı sevgisi, alqışlar isə bizim ən böyük mükafatımızdır. Hazırda pandemiya ilə əlaqədar əvvəlki kimi tamaşalar oynamıram. Teatrda iki tamaşanı bitirdikdən sonra mükəmməl bir ana obrazı ilə teatrsevərlərin görüşünə gələcəyəm.

- Firəngiz xanım, siz əslən Şuşalısınız. Şuşa xatirələriniz, Şuşasız keçən illər və nəhayət ki, möhtəşəm Qələbəmiz… Şuşanın azad olunması ilə bağlı fikirləriniz maraqlı olardı.

- Otuz ilə yaxındır demək olar ki, tez-tez Şuşanı, atamla anamı, evimizi yuxularımda görürdüm. Ürəyimdə daim Şuşaya qayıdacağımız günü düşünürdüm. Hər fəslin gəlişi mənə Şuşanı xatırladırdı. Anamla atam Şuşa deyərək, o həsrətlə dünyadan köçdülər. Hətta mən bir dəfə anama bənövşə gətirmişdim. Dedim ki, qoy onun qoxusu sənə Şuşanı xatırlatsın. O, kövrəldi və sakitcə başını yelləyərək “Şuşada yetişən bənövşənin ətri başqadır” dedi.

Mən uşaq olarkən Şuşadakı Yuxarı Gövhərağa Məscidi o vaxt muzey kimi fəaliyyət göstərirdi. Orada Şuşanın görkəmli şəxsiyyətlərinə, eləcə də şəhərin tarixinə aid qədim eksponatlar, əşyalar, əl işləri vardı. Mən hər gün o muzeyə gedirdim. Muzeyin direktoru bizimlə üzbəüz evdə yaşayırdı, rəhmətlik atamı görəndə deyirdi ki, sənin qızın hər gün muzeyə gəlir. Gülə-gülə deyirdi ki, nə var axı burada, həftədə bir dəfə gəlsin, daha hər gün niyə gəlir. İndi düşünürəm ki, məni ora çəkən ilahi bir qüvvə, bir cazibə varmış. Elə bilirdim mən muzeyə gedirəm, əslində isə mən məscidə gedirdim.

Biz Şuşasız çox çətin və ağır günlər keçirdik. Qismət elə gətirdi ki, mayın 12-də, anamın doğum günündə, müqəddəs Ramazan bayramı zamanı Şuşaya getdim. Mən Şuşaya girərkən “Yeddi dolama” adlanan yola çatdıq, uzaqdan Şuşanı görəndə bir anda sanki sehrləndim, xatirələrimdə boğuldum… Gözlərim yaşardı, kənara çəkilib uşaq kimi ağlamağa başladım. Çox qəribə və ağır hisslər keçirdim…

Cıdır düzündə əyilib Vətən torpağının o xoş qoxusunu içimə çəkdim. Torpaq qoxusu-dünyanın ən gözəl ətri kimi gəldi burnuma. Orada əsgərlərimizin ayaq izləri vardı. Elə bil onların hamısı mənim yanımdan ruh kimi keçdilər. Bir möhtəşəmlik yaşayırsan, bir müqəddəslik yaşayırsan, o hiss başqa hissdir. Mən bütün şəhidlərimizin qarşısında dərin hörmətlə baş əyirəm…

“Xarıbülbül” musiqi festivalı çox möhtəşəm keçdi. Ulu öndər Heydər Əliyevin videolentini dinləyəndə kövrəldim. Mən heç vaxt unutmaram, Ulu Öndərimiz ikinci dəfə xalqın istəyi ilə siyasi hakimiyyətə gələndə, atam çox ağır xəstə idi. Onun televizordakı çıxışını izləyirdim. Atam yataqdan qalxaraq televizora yaxınlaşdı və bir az çıxışı dinlədikdən sonra: “Bizim xilaskarımız gəlib. Biz Şuşaya qayıdacayıq!”, – dedi.

Prezidentimiz Şuşanı azad elan edəndə, elə həvəs, elə sevinc hissi yarandı ki, sözlə təsvir etməkdə çox acizəm. Bu tarix, bu “Dəmir yumruq” gələcək nəsillər üçün rəmzi məna daşıyacaq, əbədi sevinc mənbəyi olacaq. “Dəmir yumruq” “Koroğlu” dastanına dönəcək. Onunla bağlı çoxlu tamaşalar, filmlər hazırlanacaq, möhtəşəm ssenarilər yazılacaq…

Bölmə : Müsahibə