Hər şey və heç nə haqqında

135 Baxış

gunelnatiqGünel Natiq    

 

Kimsə dedi ki, şərab bu halları aradan qaldırır. İçkiylə arası yox idi, amma hər şeyi unudacağını düşünəndə içəcəyini öz-özünə söz verdi. İçki məclislərini xatırladı. Özlüyündən çıxıb özgələşən insanlar gəldi durdu gözünün önündə. “O dərəcədə özgələşməyə gərək yoxdu”,-deyə düşündü. Bir az unutsa bəsidi.

Heminqueyi psixoloji vəziyyətdən çıxarmaq üçün  yaddaşını silmişdilər, ondan sonra o yaza bilmir və bunda həkimləri günahlandırırdı. Elə intihara səbəb də bu olmuşdu. “Hər şeyə dözərəm, yaza bilməməyə isə – heç vaxt!”

Əvvəllər intihar edənlərə içində kin tuturdu. Yəni insan o dərəcəyə gəlib çata bilər ki? Güclü olmalıydı insan. Buna borclu idi.

Amma elə şeylər var idi ki, insan xəbərsiz idi. Özü- özünü bilsəydi, tanısaydı insan. Bircə özünü bilsəydi…

İnsan dünya kimi qəliz və dünya kimi sadə idi, amma bu sərhədləri müəyyən edə bilmirdi. Gölməçədə boğulurdu, dərin dəryalarıysa rahatca keçirdi. Hər şey o qədər mürəkkəb və o qədər sadə idi ki.

…Şərab əldə etmək çətin olmadı. Elə bil dostu olacaqlardan hali olub Tiflisdən əsl gürcü çaxırı alıb gətirmişdi. O da çantasına qoyub qohumlarının bağına yollanmışdı. Yolboyu çaxır çalxalanır, qoxusu yan-yörəyə yayılırdı. Titrəyən əlləri ilə çantanı dimdik tutub çaxırı dağılmaqdan qoruyurdu.

Maşının hər iki pəncərəsi açıq idi, içəri dolan təmiz hava üz-gözünü oxşayır, xəfif göz yaşlarını qurudurdu.

Əslində hər şey təzə başlamışdı. Bir neçə ay əvvəl sevdiyi insan yanındaydı.  Tənhalıq qoxan həyatına gəlişi lap nağıla oxşayırdı, ya da ona elə gəlmişdi. İndi həyatı  uşaq vaxtı oxuduğu qorxulu nağıllara bənzəyirdi. O nağılların birində qəhrəman ürəyini şeytana satıb əvəzində həyatdan istədiklərini almışdı. Bütün həyatı boyu həmin nağılı xatırlayırdı. Qəlbini itirməkdən hər şeydən çox qorxurdu.

Bircə hər şeyi unutsaydı. Bircə yaddaşını silə bilsəydi.

…Bağ evinə çatanda qaş qaralırdı. Bağ sahibi və qonaqlar meynəli tağın altındakı masanın ətrafına yığışıb deyib-gülürdülər, o da ikinci mərtəbəyə qalxıb şərabı gizlədiyi yerdən çıxarmışdı. Titrək əlləri ilə şüşəni dodaqlarına yaxınlaşdırıb qurtum-qurtum içmişdi. Şərab şüşəsinin qapağı yolda açılıb çantasına dağılmışdı. Indi onun üçün bunun fərqi yox idi. Bircə qorxulu nağılların əsirliyindən qurtulsaydı.

Tərs kimi toyuqların arasına xəstəlik düşmüşdü. Hər gün bir-iki toyuq kəsirdilər, “onsuz da xəstəlik düşüb canlarına , saxlamağın xeyri yoxdur”.  Hər dəfə canına üşütmə düşürdü, elə bil onun ətini kəsirdilər. Hər toyuqdan tüksüz balaca ətcəbalalar qalırdı. Bunları görəndən sonra özünü ikinci mərtəbəyə salıb çaxır torbasına əl atırdı.

Üstəlik qohumu ona demişdi ki, hər toyuq kəsiləndə həyətdəki xoruz necə özünə əl qatır, lap insan kimi “şivən salır”…  Ardını eşitməmək üçün tez ikinci mərtəbəyə qalxırdı. ..

Hər gün kəsilən bir toyuq həyatın puçluğunu bir az da xatırladırdı. Həyat bir az da uzaqlaşırdı. Elə bil onu anladıqca uzaq qaçırdı ondan.

Bir neçə gün orda qalmışdılar. Heç nəyə baxmayaraq təmiz hava xeyrinə olmuşdu. Beyni bolluca oksigen almışdı. Dənizin sahilində oturub gözlərini uzaqlara zilləmişdi. Uşaq vaxtı bu yerlər onu həyata qaytarmışdı. Xəstəhal uşaq idi, dərmanlar kömək etməyəndə kimsə Abşeronun qumunu məsləhət görmüşdü. Bu yerlərin dənizi, qumu sağaltmışdı onu. Yenə də kömək etməliydi həmin dəniz, həmin hava, həmin qum. Hökmən kömək etməliydi.

Dava-dərman yazan həkimini xatırladı. Dərdinə çarə tapmaq ümidilə qəbuluna getmişdi, həkimin dərdi isə dərmanları onun hansı aptekdən alacağı dərdiydi. “Bax o yaşıl apteki görürsüz? Dərmanları ordan alın”. “Ordakı dərmanlar daha təsirlidir”? -sadəlöhvcəsinə soruşmuşdu. Həkim əlini alnına çəkib “hmm belə deyək, daha ucuzdur”,– demişdi. O da xatırlamışdı ki, həkimin vəziyyəti bəlkə də digərlərindən fərqli deyil, neçə ailə onun əlinə baxır, həm şəhərdəki, həm kənddəki qohum-əqrabanı onun qazancı həyatda saxlayır.

Sonra həkim onu gözlərinə heç baxa bilməyəndə kirimişcə durub çıxmışdı otaqdan. Elə həmin aptekə gedib almışdı dərmanları. Alanda gözünün qabağına həkimin əlinə baxan adamlar-uşaqlar və qocalar gəlmişdi.

Amma dərmanlar öz təsirini çoxdan itirmişdi. O, sevdiyi insanı itirdiyi vaxtdan, bəlkə də. O dərmanlar xəstəyə kömək edə bilərdi. O isə xəstə deyildi. Özü boyda bir quyuda idi. İstəsə özü də çıxardı – bunu yaxınları deyirdi- “əgər istəsə”.

Gecələr sabahın açılacağını, səhərlər axşam düşəcəyini ümidlə gözləyərək bir neçə günü beləcə yola vermişdi. Çünki başqa ümidi yox idi.

Sonra şəhərə qayıtmışdılar. Şəhərdə gürcü çaxırı yox idi. Əvəzində dəniz və qağayılar ruhuna hopmuşdu; o dəniz və o qağayılar ki, şərabdan daha çox köməyinə gəlirdi. (Ordan gətirdiyi şərabı anası köhnə kompot bilib tullamışdı).

Sonra kimsə gəzməyin, yol getməyin faydasından danışmışdı. Uzaq yerlərə getməyə qorxurdu. Həyətdə gəzişib gəlirdi. Sonra məsafəni bir az da artırmışdı. Çalışırdı bacardığı qədər uzağa getsin. Yolda gül mağazalarına tamaşa edir, bəzən yaxınlaşıb əliylə oxşayır, yenidən yoluna davam edirdi. Əslində yolu da yox idi, eləcə gedirdi. Hara gedəcəyini bilmədən, yolunu yenidən tapacağına ümid etmədən gedirdi.

Oksigen üçün almanın faydalı olacağını eşitmişdi. Yoldan iki kilo alma alır, elə torbayla gəzinirdi. Saçlarını neçə vaxt idi ki, daramırdı, makiyajdan danışmağa dəyməzdİ, nə geyindiyinin də fərqi yox idi onun üçün, əlinə keçəni üstünə atıb yola çıxırdı. Əlində meyvə torbası dalandan-dalana keçir, heç nə barədə düşünməməyə, xatırlamamağa çalışırdı.

Ümidlər hər şeyini alıb bu meyvə torbasını vermişdi əlinə. Fikirləşirdi ki, indi evə qayıdacaq, meyvələri doğrayıb kompyüterin önünə keçəcək və yazacaqdı. Bütün ümidləri bu torbada idi. Bəzən əlindəki meyvə torbası ağırlıq edirdi, amma bərk-bərk torbaya “qısılıb” yol gedirdi. Bəlkə də sehr olacaq və torbadan meyvə yerinə itirdikləri çıxacaqdı.

Hər gün yolu bir az da uzaqlara düşürdü, ümidlər torbanın ən dərin yerində gizlənir, heç bir ovsunla ordan çıxmırdı.

Hər gün intihar barədə xəbərlər çıxırdı. “İnsan güclü olmağa borcludur”,– yenə deyirdi öz-özünə. Hərçənd dediklərinə özü də artıq inanmırdı, amma bunu hər şeydən çox istəyirdi…

Uzaqbaşı dəniz, qağayılar vardı həyatda. Uzaqbaşı gürcü çaxırı vardı. Uzaqbaşı meyvə torbasında öz müqəddaratını gözləyən almalar vardı. O almalar ki, hər nağılın sonunda bir də göydən düşürdü…

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10