Hər şey Vətən üçün, hər şey cəbhə üçün! – Təranə Paşayevanın yazısı

12 Baxış

175132_phk44h8h9t

Bu kəlmələr qəhrəman babalarımızdan miras qalan müqəddəs çağırış, səfərbərlik şüarı olmaqla bərabər, hər bir fərdin qəlbində vətəndaşlıq ruhunu coşduran, milyonların qollarına qüvvət, ürəklərə təpər verən Vətən əmridir! Elə bir əmr ki, şanlı tariximiz boyu dönə-dönə səslənsə də bu gün, bu an onun müəllifi Vətənimizin özüdür, Ali Baş Komandanımızdır!

Hər şey Vətən üçün, hər şey cəbhə üçün, hər şey qələbə üçün! İndi hər kəs dərk edir ki, bu yalnız çağırış deyil, Azərbaycan xalqının öhdəliyidir, tariximizin diktə etdiyi şərəfli bir proqramdır və bu proqramın zəfərlə sonuclanması ordumuzun qüdrətindən, eyni zamanda, uşaqdan-böyüyə hər bir vətən övladının inamından, sarsılmaz mövqeyindən asılıdır.

Biz azərbaycanlılar dünyanın ən sülhsevər xalqlarından olsaq da xain, məkrli düşmənlərin təhriki nəticəsində tarixi torpaqlarımızı, xalqımızın əmin-amanlığını, bütün Qafqazda sülhü hərb yolu ilə qorumağa məcburuq! Belə məsuliyyətli, taleyüklü bir mərhələdə özümüzə “necə etməliyik ki, bir an  yubanmadan müzəffər ordumuza dayaq duraq, Ali Baş Komandan demişkən, onlara nəfəsləri qədər yaxın olaq?” sualını verək. Düşünmək üçün zamanlarca baş sındırmağın yeri yoxdur, hər an məhz bu düşüncə – ruhən, mənən, mümkün maddiyyatımızla yurdumuzun şərəfi uğrunda, bizim hər birimiz üçün döyüşən əsgərimizə dayaq olmaq düşüncəsi vicdan məsələsi, qeyrət işi, vətəndaş borcudur!

Xarakterindən asılı olmayaraq tarixi hadisələr reallığı dəyişdirmir. Həqiqət budur ki, xalqımız iki yüz illik tarixi ərzində ilk dəfə olaraq ən çətin, eyni zamanda tamamilə fərqli üfüqləri nişan verən sınaq savaşına atılmışdır. Və bu da mütləq qeyd olunmalıdır ki, əslində biz dünyanın əksər xalqlarından fərqli olaraq iki qanlı cəbhədə döyüşürük – ön və arxa cəbhədə.  Ön cəbhədə müzəffər Azərbaycan ordusu Ali baş komandan İlham Əliyevin sərkərdəliyi ilə 30 ilə yaxın müddətdə xain qonşunun, erməni vandallarının işğalı altında olan əzəli və əbədi torpaqlarımızın azad edilməsi uğrunda sücaət göstərir, qəhrəman əsgərlərimiz bizi istəyənləri və istəməyənləri mat qoyur, arxa cəbhədə isə planetimizi ölümlə hədələyən gizli düşmən – COVİD-19 adlı virusla gərgin mübarizə gedir.

Bəllidir ki, təhlükə anında nəinki insanlar, çevrənin bütün şüurlu-şüursuz  canlıları doğal bir instinktlə birləşməyə, bir-birindən möhkəm tutmağa, çiyin-çiyinə olmağa can atırlar. İndiki məqamda bir daha təsdiqlənir ki, bizim bu günümüz və sabahımız sarsılmaz birliyimizdədir. Birlik bir millətin, bir xalqın milli varlığını yaşatmağın ən sınanmış və mübarək yoludur.

Vətənimiz bütün tarixi boyunca bərəkətli torpağı, yeraltı, yerüstü sərvətləri, coğrafi məkanı ilə yadellilərin diqqətini çəkib. Zaman-zaman müharibələrin, əsarətin acısını çəkib yurdumuz.  30 illik işğal tarixinin ağırlıqlarını çiynində daşıyan, kədərini qəlbində yaşayan nəslin nümayəndəsi kimi mən də zəfər, qələbə yolumuzun birlikdən keçdiyi həqiqətinə Vətən müharibəsinin davam etdiyi günlərdə  bir daha əmin oldum.

Bu gün biz milli oyanış, milli birlik mərhələsindəyik, xalq dövlətinin ətrafında, müstəqil Azərbaycanın banisi, ulu öndər Heydər Əliyev siyasətinin davamçısı, Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşib. Bu birliyi daha kimsə sarsıda bilməz. Çünki artıq Azərbaycan xalqının güvəni, inamı, gələcəyə olan ümidi canlıdır, yenilməzdir. Xalq öz sərkərdəsinə, Ordusuna inanır. İnam güc deməkdir, inam sabaha gedən yolda ən etibarlı yoldaşdır.

Cəngavər əsgərlərimiz qanı, canı bahasına torpaqlarımızı düşmən tapdağından azad edir, Qarabağda həyat dirçəlməyə başlayır, dağlarımızın ən uca zirvəsində azadlığın carçısı üçrəngli Azərbaycan bayrağı qürurla dalğalanaraq düşmənin qolunu-qanadını qırır, xainlərin mənfur başlarını yerə soxur. Azərbaycan əsgərinin hünəri qarşısında duruş gətirə bilməyən terrorçu erməni qruplaşmaları silahını, hərbi sursatını döyüş meydanında ataraq qorxaqcasına qaçır. Son nəfəsini verən düşmən yenə də məkrindən əl çəkmir, döyüş bölgəsindən uzaqlarda olan şəhərlərimizi raket atəşinə tutur, ağır artilleriya zərbələri ilə evləri, obyektləri dağıdır, dinc əhalini qırğına verir, günahsız körpələri öldürür. Bu, körpə qatili olmaqdan belə çəkinməyən terrorçunun iç üzüdür, pis niyyəti, alnına vurulan damğası, dəyişməz xislətidir.

Birlikdən, dədə-baba torpaqlarını azadlığa qovuşdurmaq arzusundan qüvvət alan Azərbaycan xalqını azğın düşmənin məkrli siyasəti qətiyyən ruhdan salmır, əksinə onlara qarşı ümumxalq qəzəbini alovlandırır. Bir qədər sadəlövh səslənsə də Türkiyə telekanallardan birinin əməkdaşının cəbhəyanı bölgələrdən təqdim etdiyi reportajda Ermənistan ərazisindən başına qrad yağdırılan  yerli sakinin yarı Azərbaycan, yarı rus, yarı türk ləhcəsində: – Biz atılan bombalardan qorxmuyoruz, naaborot qızışıyoruz!” haykırması bu gün insanların dilində sözün yaxşı mənasında lətifəyə çevrilib.

Şanlı Ordumuz müqəddəs vəzifəsini yerinə yetirir, aşkar düşmənlə hesabını aparır, səhiyyə təşkilatları da öz növbəsində əhalinin sağlamlığı keşiyində ayıq-sayıq dayanır, Azərbaycan həkimləri gizli düşmən – COVİD-19-la mübarizədə əsil fədakarlıq nümayiş etdirir.Vətənin səfərbər olduğu bu günlərdə bəs biz – sıravi vətəndaşlar, Qeyri-hökumət təşkilatları, özəl və ictimai  qurumların rəhbərləri ümumxalq mücadiləsində hansı işləri görür, nələri edirik?

Olduqca qürurvericidir ki, bu məsul günlərdə hər kəs öz işinin başında daha möhkəm dayanıb. Hamı bu həqiqətin fərqindədir ki, öz əməli ilə dövlətimizə, onun bütövlüyünün bərpasına, yüksəlişinə, inkişafına xidmət edir. Çoxsaylı etnik zənginliyə malik ölkəmizdə hər bir şəxs ümumu vətəndaş mövqeyindən çıxış edir: Talışlar da, ləzgilər də, ruslar da, türklər də… Tolerant ölkənin tolerant xalqı mükəmməl birliyi ilə dünyaya öz haqq səsini duyurur. Biz ədalət müharibəsi, Vətən müharibəsi aparırıq. Amma hansı məqsədlə aparılmasından asılı olmayaraq müharibə qandır, ölümdür, dağıntıdır, fəlakətdir. Yazımın əvvəlində qeyd etdiyim kimi gözlənilməz fəlakətlər insanları birləşdirir, mərhəmət duyğusunu yüksəldir.

Xalqımıza qarşı törədilən haqsızlıq bitəcək, Qarabağ torpağı düşmən tapdağından azad ediləcək, musiqi beşiyi Qarabağ yenə Üzeyirlər, Xan Şuşinskilər, Çabbarlar,  Bülbüllər yetişdirəcək, Heyratı səsi dağlarda əks-səda verəcək, Suqovuşandan sellənən dirilik suyu quruyan torpaqlara, qəddarcasına yandırılan meşələrə yenidən həyat verəcək. Amma bu da həqiqətdir və bir psixoloq olaraq deməyə borcluyam ki, yaşanan stres və gərginliklər izsiz ötüşməyəcək. Çünki istər ön cəbəhənin, istər arxa cəbəhinin psixoloji sarsıntılarından yaranan posttravmatik xəstəliklərin qaçılmaz olduğu hər kəsə bəllidir.

Psixoloji zədələrin insan orqanizmində törədə biləcəyi ağır fəsadların qarşısını almaq üçün  nə etməliyik? Psixoloji Xidmət və Tədqiqatlar İctimai Mərkəzi (QHT) və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi olaraq, pandemiya elan olunan gündən və Qarabağ uğrunda gedən döyüşlərin alovlandığı andan xalqa psixoloji xidmət işini məhz bi məsuliyyətli zamanın tələblərinə uyğun şəkildə qurmağa çalışırıq.

İnsan amili, hər bir vətəndaşının hərtərəfli sağlamlığı bizim dövlətimizin apardığı siyasətin əsas prioritetlərindəndir. Təbii ki, yaşadığımız həssas dönəmdə Azərbaycan dövləti, əlaqədar təşkilatlar bu faktoru daha ciddi nəzərə alır. Biz də dövlətin mənəvi dəstəyini hər zaman hiss edən özəl qurum olaraq bu günkü vəzifəmizin nə qədər ciddi olduğunu yaxşı bilirik.

İnsanlar ekran, efir qarşısında hər gün qələbə xəbəri gözləyir. Döyüş bölgələrində yaşayan əhalinin durumunu, xüsusən cəbhə bölgəsində  hər an atəş altında olan uşaq və yeniyetmələrin vəziyyətini təsəvvür etmək belə ağırdır. Müharibə qanunları ilə yaşamağın ağırlıqları daha çox onların üzərinə düşür. Mətbuat orqanları, radio-televiziya jurnalistləri canları-qanları bahasına gecəli-gündüzlü qaynar nöqtələrdə olur, ən son məlumatları çatdırırlar. Azərbaycan mətbuatı son zamanlar sözün həqiqi mənasında fədakarlıq göstərir. Raket və ağır artilleriya atəşləri nəticəsində dağıntılara məruz qalan bölgələrdən – Gəncə, Tərtər, Bərdə, Goranboy və digər yerlərdən insanların real əhval-ruhiyyəsinin yüksəkliyin nümayiş etdirən müsahibə və reportajların verilməsi təqdirəlayiq haldır. Yaxşı olardı ki, ümumi ab-havanın yaratdığı psixoloji gərginliklər,  stresslər nəzərə alınsın və mətbuat səhifələrində, radio və televiziyalarda psixoloji maarifləndirməyə də geniş yer ayrılsın.

Mətbuatdan söz düşmüşkən mən “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin fəaliyyətinə, onun peşəkar mütəxəssislərinin psixoloji mövzuda yazdığı məqalələrə geniş yer ayıran  KİV-lərə, o cümlədin “525-ci qəzet”in redaksiyasına, baş redaktor Rəşad Məcidə təşəkkürümü bildirirəm. Mətbu orqanlarla əməkdaşlıq insanlarla təmasları, psixoloji dəstəyi daha əlçatan edir. Bəllidir ki, hazırkı dönəmdə mənəvi-psixoloji dəstəyə, psixoloq məsləhətinə daha çox ehtiyac duyulur.

Mövcud vəziyyət psixoloji xidmətlə məşğul olan qurumların  qarşısında yeni vəzifələr, məsuliyyətlər qoyur. Zamana uyğun olaraq təbii ki, psixoloji baxış, psixoloji yanaşma da müəyyən mənada dəyişir. Biz də öz işimizi bu tələbə uyğun qurmağa çalışırıq.

“Loqos” Psixoloji Xidmət və Nitq İnkişaf Mərkəzi 6 illik fəaliyyətinin ilk günlərindən Bakıda və bölgələrdə insanların psixoloji sağlamlığı istiqamətində kompleks iş aparır.  Hələ müalicəsi, peyvəndi bəlli olmayan pandemiya xaosu, müharibə həyəcanı, atəş altındakı bölgələrdə yaşayan insanların, şəhid ailələrinin ağrıları, yaralı və itgin əsgər ailələrinin nigarançılığı, hətta cəbəhədən yüz kilometlələrlə aralıda yerləşən şəhər və kəndlərimizdəki əhalinin  diqqətinin məhz cəbhədən gələn xəbərlərə yönəlməsi, gecəli-gündüzlü mərdliklə döyüşən əsgərlərin yaşantıları, bütün bunlar təbii ki, psixoloji mühitə təsirsiz ötüşə bilməz. Bu qaçılmazdır.  Bu mənada məhz indi  psixoloqların üzərinə fövqəladə məsuliyyət düşür.

Pandemiyanın dərsləri bizə çox mətləbləri öyrətdi. Adət etdiyimiz iş prinsiplərini köklü şəkildə dəyişməli olduq. Amma hətta ən ciddi təcridolma dönəmində belə peşə məsuliyyətini unutmadıq. Onlayn xidmət yolu ilə insanlarla davamlı ünsiyyətdə olduq, məsləhətlər verdik, psixoloji problemlərlə əlaqədar müraciət edən şəxslərlə fərdi konsultasiyalar apardıq. Koronovirusun tüğyan etdiyi ilk aylarda demək olar ki, həm Bakıdakı, həm də bölgələrdəki filiallarımız bir gün də olsun fəaliyyətini dayandırmadı. İnsanlara təmənnasız xidmətimizlə vəzifə və vətəndaşlıq borcumuzu yerinə yetirdik.

Qarabağ savaşı başlanan gündən peşəkar xidmətlə yenə də insanların yanındayıq. Erməni terrorçu birləşmələrinin Gəncə şəhərini iki dəfə raket atəşinə tutaraq dinc əhalinin  həyatına qəsd etməsi, həm də o anları yaşayan, dağıntılar altından sağ çıxan, həmçinin hadisənin şahidi olanların keçirdikləri dərin həyəcan hissi təbii ki, posttravmatik problemlər yarada bilər. Yaşananların daha dərin problemlərə yol açmaması üçün “Loqos” PNİM vaxt itirmədən xain düşmənin həyata keçirdiyi ideoloji müharibənin fəsadlarını aradan qaldırmaq məqsədilə erməni terroru ilə psixoloji mübarizə aksiyasına başlamışdır.  Gəncədəki filialımızın dağıntılara məruz qalmasına baxmayaraq mütəxəssislərimiz ruhdan düşməmiş, bütün diqqət faciə qurbanlarının ailələrinə, ata-anasını itiririb ağır şok yaşayan uşaqlara cəmlənmişdir. Biz təmənnasız mənəvi-psixoloji dəstəyimizlə uşaqdan-böyüyə müharibədən zərər çəkən hər kəsin yanındayıq. Biz artıq ekran-efir, ayrı-ayrı mətbuat orqanları, sosial şəbəkə hesabları vasitəsilə Gəncə əhalisinə “Loqos”PNİM-in sosial-humanitar aksiyasından faydalanmağı elan etmişik. İmkan varkən, yenə təkrar edirəm ki, bu aksiya hələ, bir ay qüvvədədir, ehtiyac olduğu təqdirdə təbii ki, biz yenə sosial-humanitar aksiyalar keçirəcəyik.

İstər Bakıdakı, istərsə də bölgələrdəki filiallarımızın peşəkar mütəxəssisləri davamlı olaraq şəhid ailələri ilə görüşür, ehtiyacı olanlara mənəvi-psixoloji dəstək verirlər.

Təbii ki, bunlar yetərli deyil, indiki vəziyyətdə hər kəs özünün, ailəsinin, həmçinin doğmalarının sağlamlığının qeydinə qalmalıdır. Hadisələr uşaqlara, yeniyetmələrə daha ciddi təsir edir. Odur ki, ata-analar övladlarının davranışlarına diqqət yetirməli, onlara qarşı daha həssas olmalı, hər hansı narahatlıq üzə çıxdığı zaman mütəxəssisdən məslət almalıdırlar. Müharibənin hər anı stresdir, istər ön cəbhədə, istər arxa cəbhədə. Odur ki, mümkün qədər hər kəs özünün psixoloqu olmalı, emosiya və düşüncələrini tənzimləməyi, reallığı qəbul edərək, onunla yaşamağı öyrənməlidir.

“Loqos”un Bərdə filialında çalışan əməkdaşlarımız da müharibə qanunlarına uyğun şəkildə çalışır, sözün həqiqi mənasında fədakarlıq göstərirlər. Mən imkandan istifadə edib göstərdikləri xidmətə görə icraçı direktor Günay Hüseynova başda olmaqla bütün əməkdaşlara minnətdarlığımı bildirirəm.

Bəli, bizim peşə borcumuz insanlara mənəvi-psixoloji dəstəkdən ibarətdir. Amma Vətənin bu məsuliyyətli günlərində hər kəs kimi biz də vətəndaşlıq, insanlıq borcumuzu qətiyyən unutmuruq. Səsimizə səs verən yaxın çevrəmizlə birləşərək müharibədən zərər çəkən, evləri dağılan, köməyə ehtiyacı olan ailələrə maddi kömək göstəririk.

İndi bütün Azərbaycan səfərbərdir, hər kəs şəxsi qayğılarını, problemlərini unudub. Zəfərə gedən yolda birliyimiz gündən-günə möhkəmlənir. Ulularımız nahaq yerə deməyib ki, “el bir olsa, dağ oynadar yerindən!”

Düşmən nəhayət anlasın ki, nə ölüm, nə itim, nə dağıntı bizim xalqımızın günü-gündən yüksələn ruhunu sarsıda, psixoloji mətanətini, inamını qıra bilməz. Çünki biz haqq işi uğrunda, Vətənin bütövlüyü uğrunda mübarizə aparırıq. Və ədalət mütləq zəfər çalacaq!

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10