Hərbi xuntaya qarşı – “Beynəlmiləl”

21 Baxış

Filmin tanıtımı

20beynelminel  Sırrı Süreyya Önder və Muharrem Gülmezin rejissorluğu ilə səhnələşdirilən “Beynelmilel” filmi 2006-ci ildə çəkilib. Lakin filmin ilk nümayişi 2007-ci ilin yanvar ayında gerçəkləşib. Filmdə 1980-ci il 12 sentyabr qiyamından sonrakı idarə üsulu, Türkiyənin şərqində yerli musiqiçilərin(gevendelerin) rastlaşdıqları hərbi diktatura tragikomik bir dillə seyirçilərə təqdim olunur. Yazdığı ssenarilərdə, çəkdiyi filmlərdə 1980-ci il hadisələrini ciddi şəkildə hədəfə götürən Sırrı Süreyya Önder bu filmi ilə Türk kino tarixinə möhrünü vurmuş sayılır.

Çünki bu film onlarla yerli və beynəlxalq mükafat alıb. Bu isə bir rejissor üçün çox böyük uğur hesab edilə bilər. Bunun üzərinə seyirçi sevgisini və kino-tənqidçilərin ayırdığı diqqəti əlavə eləsək möhtəşəm bir uğur mənzərəsi yaranır.

Filmin mövzusu

 1980-ci ildə Adıyamanda bir qrup musiqiçi o il tətbiq olunan “küçəyə çıxma qadağası” səbəbindən çətinlik çəkirlər.  Dolanışıqlarını qaydasına salmaq üçün tapdıqları üsul, bütün musiqiçilərin həbs edilməsinə səbəb olur. Səyyar əyləncə salonu yaradıb, çıxışlar edən gevende-lər həbs olunur. Adıyamanın ordu komandanı gevende-lərdən müasir bir orkestr qurarmaq qərarına gəlir və bütün hadisələr bu ideyadan sonra inkişaf etməyə başlayır. Yerli orkestrdan Adıyamanı ziyarət edəcək Konsey üzvlərinin qarşılanma mərasimində ifa etmələri tələb edilir.

Ancaq konsey üzvlərini qarşılamağa təkcə musiqiçilər hazırlaşmır. Şəhərin gənc kommunist aktivistləri də bu mərasimə “hazırlaşır”. Siyasi elmlər fakultəsinin tələbəsi Haydar(Umut Kurt) böyük qardaşının nəsihətlərini dinləmir. “Biz musiqiçiyik. Heç musiqiçidən də inqilabçı, kommunist ola bilərmi?” deyən qardaşı Serveti(Sırrı Süreyya Önder) dinləməyən Haydar şəhərə gələcək konsey üzvlərinə qarşı etiraz aksiyası hazırlamaq üçün əlləşir. Etiraz aksiyasını həyata keçirmək üçün orkestr rəhbəri Abuzerin(Cezmi Baskın) qızı,  hətta sevgisini belə açıq etiraf edə bilməyən Gülendamın(Özgü Namal) köməyindən sitifadə etməyə çalışır.indir (1)

Haydarın audiokasetə yazmaq üçün verdiyi valda məhşur musiqi, “Beynəlmiləl” var. Musiqini təsadüfən dinləyən Abuzer musiqini bəyənir. Dərin musiqi və siyasi savadı olmadığı üçün, qızının dediyi kimi “Bahar marşını” orkestr ilə birlikdə məşq edir. Şəhərə gələcək hərbi xuntanın üzvlərini qarşılamaq üçün bu marş seçilir. Marş şəhəri idarə edən hərbi üsul-idarənin komandiri tərəfindən də bəyənilir.

Haydar etiraz aksiyası üçün narahatlıq keçirsə də onun gözlədiyindən daha ciddi bir aksiya baş verir. Hərbi xuntanın üzvləri kommunist marşı olan “Beynəlmiləl”lə qarşılanır.

Filmin mövzusu cəlbedici və olduqca maraqlıdır. Kiçik bir təqdimatla kifayətlənib, film haqqında şəxsi fikirlərimi bölüşmək istəyirəm. Çünki, filmə baxmaq çox böyük bir zövqdür.

Aktyor işi

 Mənim çox sevdiyim aktrisa Özgü Namal bu filmdə də tam olaraq öz yerindədir. Rejissorun bu seçimi şəxsən məni bir film həvəskarı kimi çox sevindirdi. Özgü Namal bu filmdə yaratdığı Gülendam obrazı ilə əminəm ki, uzun müddət seyrçilərin yaddaşında qalacaq.  Eyni zamanda  Abuzer rolunu canlandıran Cezmi Baskın da üzərinə götürdüyü vəzifəni layiqincə yerinə yetirib. Bir çox teleseriallarda, komediya filmlərdə rol alan Cezmi Baskın bu filmdə sərgilədiyi  ustalığı çox təqdirə layiqdir. Digər aktyorların canlandırdığı xarakterlər, xüsusən Haydar rolunun ifaçısı Umut Kurtun aktyor oyunu da xoşagələn və yaddaqalandır. Ancaq rejissor Sırrı Süreyya Önderin canlandırdığı Servet rolunu bir o qədər də canlı və uğurlu hesab etmək olmaz. Minbaşı rolunu canlandıran Oktay Kaynarca kiçik rol oynasa da onun da aktyor oyunu çox yaddaqalandır. Yəni Oktay Kaynarca öz xarizmatik oyunuyla, çox diqqət çəkir.

post-9260-1181601697 Filmin musiqisi

 Filmin musiqi tərtibatı yetərincə uğurlu deyil, düşüncəsindəyəm. Fildə iki yaddaqalan musiqi var. Pierre Degeyterin Kommunist İnternasionalının Marşı(Beynəlmiləl) və Şopenin “Cənazə” marşı. Halbuki, səhnələrə görə daha canlı və yaddaqalan musiqilər tapmaq o qədər də çətin sayılmır. Gevende-lərin ifa etdikləri xalq musiqiləri bölgəyə uyğun seçilsə də yaddaqalan deyil. Şəxsən bir seyrçi kimi bu seçimlər məni qane eləmədi.

Filmin uğuru

 ilmdə xeyli komedik ünsürlər və detallar olsa da film tam olaraq komediya təsiri bağışlamır. Sözün açığı film adamı qəh-qəhə çəkərək gülməyə qoymur. Bu əslində böyük uğurdur. 1980-ci il 12 sentyabr qiyamı, qiyamdan sonra hərbiçilərin idarəçiliyə əl qoyması və hərbi xuntanın hakimiyyətinin səriştəsizliyi haqqında çəkilmiş ən gözə bir filmdir. Hərbiçilər o qədər səriştəsizdir ki, Abuzerin “Bahar marşı” adı verdiyi dünyada çox məhşur olan Kommunist İntenasionalının Marşını tanımırlar. Və əslində bu savadsız və dünyagörüşsüz hərbiçilər xalq musiqiçilərində qeyri-peşəkar bir orkestr yaratmaqla onların faciəsini daha da dərinləşdirirlər. Fildə bir inqilabçının, sadə əyalət qızının, yaşlı insanların sevgisi də çox uğurla verilib. Haydarın ideyalarına sadiqliyi və çalışqanlığı seyircidə ona qarşı rəğbət yaradır. İdeya və düşüncələrinə görə hətta sevgini belə qurban verməyi bacarır. Bu psevdoinqilabçılıq kimi nəzərə çarpmadığından filmi daha maraqlı edir.

Film haqqında xoş sözlər və tənqidi fikirlər səsləndirmək mümkündür. Mən isə filmə baxmağı, 106 dəqiqənizi ayırıb bu gözəl ekran işini izləməyinizi tövsiyyə edirəm.

 Senet.az

 

Bölmə : Manşet, Modern
KÖŞƏ YAZARLARI
TOP 10