Hərdənbir – Nəriman Nərimanov

11 Baxış

18

“Mənim” işim necə olacaqdır? Vaxt var idi, gecələr mən də kluba gedərdim. Gündüz çəkdiyim zəhmətdən sonra orada yornuq alardım… Sonra zəmanə dəyişirildi. Erməni-müsəlman davası araya gəldi… Sonra bu sosialistlər iğtişaş saldılar… Bundan müqəddəm gecələr küçələrdə “gecə quşları”na rast gəlirdik. İndi “gecə quşları”nın yerinə qazaqlara, saldatlara rast gəlirsən. Bundan müqəddəm sən “gecə quşları”na deyərdin: “Yavaş get madam, bir sözüm var, pojaliska, hərgah qorxursan ötürüm….”.

İndi qazaqlar, saldatlar deyirlər: “pastoy”, “astanavis”, nə bilim daha nə. Sən də qulaq asıb durursan. Gəlir axtarır, “iyliyir”. Bir şey tapdısa, xoş halına. Əlindən alıb buraxır. Tapmadısa, “uçastok paydom” deyib boynunun kökünə də qaşov çəkəcəkdir. İş nə tövr düşübsə, rusun qazağından, saldatından qorxan kimi heç kəsdən qorxmuram. İstər beş-altı qoçu dalımca gəlsinlər, heç birindən qorxan deyiləm. Amma rus qazağını beş addımda görəndə “afatım” alınır. Nə isə, bir qorxudur canıma düşübdür. Əvvəl qazağın qarnının ağrısını bilməyirdim, özümü böyük zəhmətlərə salırdım. Rusca bilməyə görə “kakoy takoy prava imeyeş” deyib sual-cavab edirdim. Amma qazaq yenə də “paydom-paydom” deyib uçastoka sürüyürdü. Elə ki, uçastoka yavuqlaşırdıq, qazaq “nu, stupay çort”, deyib buraxırdı….

Bu işə mən təəccüb edirdim. A kişi, bu nə olan işdir. İki verst məni sürüyə-sürüyə aparıbdır, indi beş addım qalanda “nu, stupay çort”, deyib buraxır. Təəccüb burasıdır ki, indi mən buna deyirəm “paydom”, bu gəlmir…. Bir neçə belə ittifaqdan sonra cənab qazağın qarnının ağrısını bildim: tapança tapdı, xoş halına, tapançanı alıb buraxacaqdır. Tapança tapılmasa, gərək “na vodka” verəsən, yoxsa, uçastoku bəhanə gətirib küçələri gəzdirəcəkdir. Bu əhvalatı biləndən sonra indi qazaq özü də gəlməsə, özüm çağırıram: “zemlyak, na” deyib bir boğma verirəm, tainki məni dindirməsin…. Belə zəhmətlərdən sonra daha gecə vaxtı mən küçəyə çıxarammı, daha kluba gedərəmmi?!….

Həqiqət, getməsəm də olmayır. Evdə oturub nə iş görüm? Kimin qeybətini eləyim? Axırda fikrimə bir yaxşı iş düşdü. Neçə illərdir mən ruznamə yazırdım. Necə ki, keçən dəfə dedim, öz fikrimi, hissiyyatımı orada özüm üçün qələmə götürürdüm. Heç kəs də oxumasa, özüm oxuyub ləzzət alırdım. Ancaq əhvalat az olmağa görə həftədə bir, ayda bir yazırdım…. Xub, indi ki, əhvalat çoxdur, niyə yazmayım? Evdə oturub belə fikirdə olarkən qonşum Kərbəlayı bəy Hacıbəyovdan bir kağız aldım. Kağızda qonşum yazır: “Cənab Arı bəy, sizdən təvəqqe edirik bizim məclisə təşrif gətirəsiniz”.

Mən durub getdim. Cənab Kərbəlayı bəy qabağıma çıxıb bir otağa apardı. Otağa daxil olub gördüm ona qədər adam bu otaqda oturub çay içir. Kimi çırt çubuq çəkir, kimi qəlyan xoruldadır, kimi əlində təsbeh oynadır…. Məni görəndə, buyurunuz, Arı bəy, buyurunuz, deyib yuxarı başa apardılar. Qayda üzrə hamının bir-bir gözlərinə baxıb görüşdük. Cənab Kərbəlayı bəy bir azdan sonra başladı: – Cənab Arı bəy! Neçə ildir biz qonşuyuq, sizi belə ertədən evə gələn görməmişəm. İndi neçə vaxtdır görürəm şamlar yananda evə gəlirsiniz. Sizə nə əcəb, evdə “skuçna”, yəni küsvətlə keçmir? “Nə edim Kərbəlayı, indi zəmanə dəyişibdir. Doğrusu, qorxudan evə tez gəlirəm.” “Belə olan surətdə biz sizdən təvəqqe edirik hər axşam bizə təşrif gətirəsiniz. Çünki bizim otaqda necə ki, indi görürsünüz, hər axşam məclis var. Danışarıq, söhbət edərik…. Siz oxumuş adamsınız. Taza xəbərlərdən-zaddan bizə söylərsiniz. İndi Allaha şükür, qəzetələrimiz var, olardan bizə məlumat verərsiniz….” Xülasə, mən razı oldum. O gecə erməni-müsəlman davasından bir az söhbət edib dağıldıq. Getdim evə. Öz-özümə fikir etdim ki, bu yaxşı iş oldu. Mən indi hər gün ruznaməmdə yazdığım şeyləri onlara oxuyaram. İndi ikinci ildir haman məclisdə öz ruznaməmi oxuyuram. Çox huş-kuş ilə qulaq asırlar. Keçən aylarda Rusiyada iğtişaş artıq şiddət etməyə görə mən fikrimi bir az dəyişdirdim. Siyasi məsələlər barəsində yazırdım. Bir neçə gecədən sonra əhli-məclis gördüm deyir: cənab Arı bəy, təvəqqe edirik belə məsələləri qoyasınız qalsın.

Bizim nəyimizə lazım Rusiyada nə iş görürlər. Bizə erməni-müsəlman məsələsindən yazınız, söhbət ediniz. Bəli, mən yenə başladım ruznaməmi bu barədə doldurmağa…. Sonra belə oldu ki, bir az sakitlik oldu. Daha oradan-buradan teleqramlar gəlmədi. Çarəsiz qalıb oradan-buradan düzəldirdim. Bir məqam oldu ki, dedilər ermənilər müsəlmanlar ilə barışdılar. Mən fikrə getdim. Xub, belə olmuş olsa, Kərbəlayı qonşumun məclisində nə oxuyacağam? Bir gecəlik də əhvalat hazırlayıb getdim. Əhvalatı oxuyandan sonra əhli-məclisdən biri dedi: “Cənab Arı bəy, indi dum-dum deyirlər o necə olan şeydir?” Mən cavab verdim ki, bəli, o da lazım olan əhvalatdır. İstəyirsiniz sabahdan o barədə oxuyaram. Hamı razı oldu. Başladım ruznaməmi dum əhvalatı ilə doldurmağa, dilli-dilsiz dum vəkillərini meydana çəkməyə. O qədər bunların qulaqlarını doldurdum ki, özləri sonra dedilər: “A kişi, bu “Kəlilə Dimnə” nağılına oxşadı….” Bunlar keçər gedər. Ancaq indi dum bağlandı. Erməni-müsəlman məsələsi də hələ bir az yatıbdır. Məclis də məndən xəbər-məbər gözləyir. Nə barədə yazacağam? “Mənim işim” necə olacaqdır? Nə barədə söhbət olsa, gələn səfər məlum edərəm.