Senet.az ədəbiyyat və sənət dərgisində şənbə günləri “Memuar notlar” layihəsi:
Çar jandarm idarəsi Zərdabi üzərində nəzarət təyin edir. Bir gün klubda, jandarm rəisi Həsən bəylə görüşür və bütün gecəni onunla bilyard oynayır. Ertəsi gün Həsən bəyi jandarm idarəsinə çağırırlar. Jandarm rəisi ondan sual edir:
–Dünən siz klubda kimlərlə görüşmüş, nə barədə danışıq aparmısınız? Bizə xəbər veriblər, heç nəyi gizlətməyin.
Həsən bəy təəccüblə:
–Cənab rəis,- deyir, – dünən kluba gələndən çıxıb gedənədək mən ancaq sizinlə bilyard oynamışam. Siz ki, bunu yaxşı bilirsiniz.
Rəis yuxudan ayılmış kimi Həsən bəyə diqqətlə baxır:
–Bəli, bəli, yadıma düşdü, siz mənim oyun yoldaşımsınız, cənab Məlikov. Amma gərək bağışlayasınız, vəzifəmdir, qanun belə tələb edir. Azadsınız, gedə bilərsiniz.
***
H.M.Zərdabi hər dəfə Bakı dumasına üzv seçilirmiş. Bakı dövlətlilərindən biri – Hacı Aslan növbəti seçkilərin birində küllü miqdarda pul xərcləyib çoxlu səs alır. Zərdabinin yerinə duma üzvlüyünə seçilir. Kəblə Mirzə adlı birisi də Hacı Aslanın toruna düşür. Onun Həsən bəylə də tanışlığı var imiş. Bir gün Həsən bəy Kəblə Mirzəni küçədə görüb onu dayandırır:
–Kəblə Mirzə, Hacı Aslan çox bilir, yoxsa mən?
–Əlbəttə, sən.
–Xalqımıza o çox xeyir verir, yoxsa mən?
–Sən.
–Bunlar bir yana, o təmiz insandır, yoxsa mən?
–Sən.
–O halda məni qaralayıb onu nə üçün seçdiniz?
Kəblə Mirzə səsini çıxartmadıqda, Həsən bəy gülə-gülə əlavə edir:
–Siz məni seçsəniz də birdir, seçməsəniz də. Mən bundan bir şey itirmirəm, amma xalq itirir. Mənim ürəyimi ağrıdan ancaq budur.
***
Jandarm idarəsinə Zərdabi haqqında yazılan böhtançı kağızlar gündən-günə artırdı. Jandarm idarəsi onun evinə xüsusi xəfiyyə təyin etmişdi. Güdükçü gənc və təcrübəsiz idi. Hənifə xanım eyni adamın bir neçə gündən bəri onların pəncərəsinə göz zillədiyini ərinə xəbər verdikdə, Həsən bəy xanmını sakit etmək üçün zarafata keçir:
–Mətləb aydındır, nədən qorxursan, xəyalpərəst cavanlardandır. Bir neçə gün pəncərənin qabağında gəzib, səni görməyəndən sonra rədd olub gedəcəkdir.
Hənifə xanım gülümsəmiş və:
– Xeyir əzizim, – demiş, -mənə elə gəlir ki, o, mənim yox, sənin intizarını çəkir.
***
Həsən bəy dumada daima yoxsulları müdafiə edirdi. O, fəhlə və kəndlilərin ağır vergilərdən xilasına çalışırdı. Zərdabi dumadakı çıxışlarının birində mədən sahiblərinə vergi qoymağın vacib olduğunu dəllillərlə sübut edir. Onun cəsarəti neft sahiblərinin bərk narazılığına səbəb olur. Onlardan biri təhqirə əl atır:
–Lütün biri lüt, öz cibində bir qəpiyi yoxdur, bizim cibimizə girmək istəyir. Yaxşılıq edib bunu qlasnı seçmişik, indi bizim əleyhimizə danışır!
Sərmayədar Səfərəliyev isə üzünü Həsən bəyə tutub qəzəblə bağırır:
–Sənin dilini kəsib, başını saxlamaq lazımdır!
***
Deyilənlərə görə, Həsən bəy mənasız, mətləbsiz mahnıları oxuyanları ələ salmaq üçün özü də aşağıdakı sözləri avazla oxuyarmış:
Ağacda oturub sərçə,
Niyə uzunsan, ey küçə.
Sən hardasan ey beçə,
Ey yar, ey yar, ey qara göz.
***
Zərdabini Peterburqa, “Zemledelçeskaya qazeta”da işləməyə dəvət etdikdə, o, vətənindən ayrılmaq istəməyib demişdir:
–Məqalələrim yaxşıdır, çünki bunları azad adam yazır. Dövlət qulluğuna getsəm, dilim bağlanar.
***
Zərdabi kənddə yaşadığı vaxt “Tərcüman” qəzetini müntəzəm alırdı. O, bu qəzeti sevir, “Əkinçi”nin yetişdirməsi hesab edirdi. Həsən bəy bir dəfə “Tərcüman” qəzetini mollaya vermiş və söyləmişdi:
– Al, bu qəzeti, minbbərdə oxu, burada yazılanlar sənin nağıllarından daha faydalıdır.