Həsən bəyin mülkü

129 Baxış

haciSenet.az Kənan Hacının “Özgə qapılarında” silsiləsindən 1-ci hekayəni təqdim edir:

 

Mən birinci sinfə gedəndə valideynlərim evimizi satmışdılar və  “aşağı məhəllə” deyilən yerdə köhnə ikimərtəbəli evin ikinci mərtəbəsini kirayələmişdik. Bu evə  “Həsən bəyin mülkü” deyirdilər, Həsən bəy kəndin varlı adamlarından olub, sovet höküməti qurulandan sonra bütün bəylər kimi, onun da var-yoxu əlindən alınıb. Çoxsaylı mülklərindən ona qalan elə bu ikimərtəbəli ev olub. Tağlı girişdəki möhkəm taxta qapının üstündə taqqulbab vardı, qapı arxadan rəzəylə bağlanırdı. Qapı və rəzəsi o qədər möhkəm idi ki, hansısa bir oğru bu qapını sındırmaq fikrinə düşsəydi, istəyinə nail ola bilməyəcəkdi. Kənddə bu cür qapısı olan tək-tük həyət tapılardı. Qapının künc-bucağını yaşıl yosun basmışdı.

 

Həsən bəyin oğlu olmadığından ev qızı Suğra arvadın ümidinə qalmışdı. Biz ora köçəndə artıq qocalmış qadın ömrünün son illərini yaşayırdı və divarlarının suvağı ovulub-tökülməkdə olan köhnə evdə tək-tənha qalırdı. Özünün dediyinə görə, əri lap çoxdan ölmüşdü, Məryəm adında bircə qızı vardı ki, o da ailəsiylə birgə şəhərdə yaşayırdı. Dul qadın hər həftə qızına baş çəkməkdən ötrü şəhərə yollanırdı. Bizim bu evə köçməyimiz onun sönük həyatına bir qədər canlılıq gətirdi. Yaddaşının bir küncündə qalaqlanmış xatirələri gün işığına çıxarmağa fürsət yaranmışdı, onun bu xatirələri oyatmaqdan başqa heç bir məşğuliyyəti yox idi. Onun özü bu gündə olsa da ürəyi keçmişlə döyünürdü, fikirləri keçmişdən qidalanırdı. Hər hansı bir hadisəyə keçmişin nöqteyi-nəzərindən qiymət verirdi, ətrafda baş verən dəyişikliklər onun sabitləşmiş, durğun düşüncələrinə təsir etmək gücündə deyildi. Hər şey onun beynində keçmişdəki kimi qalmışdı, dünyasını çoxdan dəyişmiş, sümüyü sürmə olmuş adamlar haqqında da indiki zamanda danışırdı. Deyəndə ki, ay Suğra xala, filankəs çoxdan rəhmətə gedib, özünü eşitməzliyə vururdu, sözünü qaldığı yerdən davam edirdi. Danışırdı, danışırdı, danışırdı, axırda ah çəkib kiriyirdi. Mən onun dərin qırışlarla dolu saralmış üzünə baxırdım, gözləri bulanıq idi, xatirələr də gözlərini canlandırmaq gücündə deyildi. Bu gözlər yaman çuxura düşmüşdü və ağarmış qalın qaşları bu gözlərin tünd bəbəklərinə kölgə salırdı. O, həyətdə də kölgə kimi görünüb yox olurdu, həmişə də qurumuş dodaqları altında nəsə pıçıldayırdı. Zaman onun belini çoxdan bükmüşdü, qarnı o qədər böyük idi ki, yastığa bənzəyirdi.

 

Suğra arvadın evində də hər şey keçmişin nişanəsiydi, taqqulbablı qapıdan içəri adlayan kimi sanki 40-cı, 50-ci illərə düşürdün. Həyətdə heç bir həyat nişanəsi gözə dəymirdi, bura sanki dünyanın unudulmuş bir parçası, zamanın zirzəmisi idi. Suğra arvadın aşağı mərtəbədəki otağı otaqdan çox ərzaq anbarını xatırladırdı, burdakı səliqəsizlik adamı heyrətə salırdı. Kəfkiri Allah bilir, nə vaxtdan dayanmış köhnə divar saatının üstünə hörümçək öz torunu çəkmişdi. Bir dəfə anam məni Suğra arvada nəsə demək üçün aşağı yolladı, axşam vaxtı idi, o, adətən, erkən yatırdı, səhər isə sübh tezdən oyanırdı. Balaca taxta qapını döyməmiş araladım və gördüyüm mənzərədən özümü itirdim; Suğra arvad sağ böyrü üstə uzanmışdı, mələfə üstündən azca sürüşdüyündən onun anadangəlmə lüt olduğunu gördüm. Arxası qapıya tərəf olduğundan məni görmədi, qulaqları ağır eşitdiyindən qapının aralandığını da hiss etmədi. Qapını örtmək də yadımdan çıxdı, tez yuxarı mərtəbəyə, anamın yanına qaçdım və gördüyümü anama danışdım. Utandığımdan yanaqlarım od tutub yanırdı. Yadımdadır, anam gülüb dedi ki, hə, o, gecələr lümlüt yatır. Görəsən niyə lüt yatırmış? Hələ də bu suala cavab tapa bilmirəm. Gənc qadını hardasa başa düşmək olar, amma üzərində həyatın son nişanələri qalmış bir qarı yatağa niyə anadangəlmə lüt soyunub girsin ki? Suğra arvadın qırışmış, eybəcər hala düşmüş bədəni aradan otuz ildən çox keçməsinə baxmayaraq hələ də gözlərimin önündən çəkilmir. Yeddi yaşım vardı və mən ilk dəfə idi ki, lüt qadın bədəni görürdüm…

 

Evin ikinci mərtəbəsi yaman gündəydi, yadımdadır, anam tozlu döşəməni, bucaqlarında hörümçəyin nəhəng tor toxuduğu kirli tavanı silib-təmizləməkdən ötrü iki-üç gün yaş əsgilərlə əlləşməli oldu. Yazıq qadın, güclü və sağlam olmağına baxmayaraq, axırda lap heydən düşmüşdü. Evin hər küncü nəmişlik qoxuyurdu. Yaxşı ki, üzü yaza doğruydu, yoxsa bizim üçün ikiqat çətin olardı. Həyət böyük idi, atam düşündü ki, buranı əkib-becərmək yaxşı olar. Beləliklə, bütöv həyəti bellə işlədi, balaca olmağıma baxmayaraq, mən də həyətin daş-kəsəyini, ot-ələfini təmizləməkdə ona kömək edirdim. Sonra atam həyətdə qoyunlar üçün pəyə tikdi və beş-altı qoyun alıb ora buraxdı. Mal-heyvan olan həyətə mütləq it lazım idi, kişi hardansa yaxşı bir it də alıb gətirdi və pəyəyə yaxın yerdə daşdan balaca yuva tikib iti ora zəncirlədi. O iti “toplan” deyə çağırırdım, bütün günü itlə oynayırdım. Amma bir səhər yuxudan ayılanda anam dedi ki, itə nəsə veriblər, bayaq yem verməyə gedəndə gördüm ölüb. Elə bil dünya başıma uçdu, yerimdən sıçrayıb həyətə cumdum, itin cəsədi yuvanın qabağında idi, ağzı açıq idi, cəhəngində qan qurumuşdu. Yerə çöküb hönkür-hönkür ağlamağa başladım. Anam məni heç cür ovuda bilmirdi. Atam deyirdi ki, iti zəhərləyiblər, özü də bilirəm bu kimin işidir, mənə sataşırlar. Qatlama bıçağı döşəyinin altından çıxarıb şalvarının arxa cibinə qoyanda anam qabağını kəsib yalvarmağa başladı. Bizi bədbəxt eləmə, – dedi, – qoy cəhənnəm olsun! Allah onun bəlasını verəcək. Bu yazıda mən həmin adamın adını çəkmirəm, çünki həmin adam da artıq dünyasını dəyişib. Amma atam hansısa toyda onunla üzbəüz gələndə sözünü ona demişdi və sifətinə bir şapalaq ilişdirmişdi.

 

Bir gün atam dedi ki, hinduşkalardan biri yoxdu, bütün həyəti gəzdik, hinduşka tapılmadı. Həyətin başındakı hasar çox alçaq idi və bu hind toyuğu da çox güman ki, bu alçaq hasardan qonşunun həyətinə adlamış ola bilərdi. Qonşuluqda yaşayanlar iki qoca ər-arvaddan ibarət idi. Əziz kişi uzun, caydaq kişi idi, başına həmişə kepka qoyurdu, siqareti müştüyə keçirib çəkirdi. Danışığı qüsurlu idi, sözlər ağzından güclə çıxırdı, arvadının adı da yadımdadır, Gülbibi. Gülbibi xalanın da bir gözü şüşədən idi, hansısa hadisə nəticəsində gözünün bir tayı şikəst olmuşdu. Danışıqlarından bilirdim ki, yerli adam deyillər. Bizimlə də təzə-təzə isnişirdilər. Atam hasardan Əziz kişini hayladı, Əziz kişi əlinin gözünün üstünə günlük edib “gəldim, başına dönüm” dedi. Atam dedi ki, bəlkə bizim hinduşka sizin həyətə keçib, bir baxardın. Əziz kişi o dəqiqə cavab verdi ki, ola bilməz, keçsəydi mən görərdim, ay qonşu. Atam qayıtdı ki, ay kişi, bir bax da. Əziz kişinin dayandığı yerdə qarğıdalı adam boyundan idi, toyuq orda olsaydı belə görmək mümkün deyildi. Əziz kişi deyəsən həyəti axtarmaq fikrində deyildi, eləcə yoxdu, bizim həyətdə hinduşka yoxdur, deyirdi. Qəfildən qocanın ayağının altında bir pırıltı qopdu, kişi özünü itirdi: Bay, bbbburda imiş kiii.

 

Sonra anam deyirdi ki, kopoyoğlu, hinduşkanın dalına keçmək istəyirmiş. Bir ayağı burda, bir ayağı gorda, tutduğu işə bax. O əhvalatdan sonra daha nə özü, nə də arvadı utandıqlarından hasara yaxınlaşmırdılar.

 

Gecələr qoyunlardan hansısa uzun-uzadı, ara vermədən mələyirdi və aşağıdakı qatda yatan Suğra arvadın yuxusu ərşə çəkilirdi və o, yerindən qalxıb deyinməyə başlayırdı. Biz yuxarıdan onun nə dediyini eşidirdik: “Sovxaya qalsın sizin bu qoyunlarınız! Sabah bu tövləni sökdürməsəm, heç atamın qızı deyiləm! Gündüzlər peyin iyindən həyətdə dolanmaq olmur, gecələr də yatmağa qoymurlar. Qoy bir səhər açılsın…” Səhər açılırdı, birtəhər Suğra arvadın qılığına girib onu sakitləşdirirdik, qoyunun əvəzinə ondan üzr istəyib söz verirdik ki, bu axşam “solo konsert” olmayacaq. Gecə qoyun çər dəymiş öz  “vədini” pozurdu və Suğra arvad yenə bizi pəyəni sökdürəcəyi ilə hədələyirdi.

 

Artıq məhsul bəhər verməyə başlamışdı; keşniş, göy soğan, turp, vəzəri yetişmişdi və anam gün-günortadan axşama kimi dəstə bağlayırdı, atamla mən göy dəstələrini evin qabağındakı balaca hovuzda suya salıb kisələrə basırdıq, müştəri gəlib qapıdaca pulunu verib aparırdı. Atam Neft Daşlarında işləyirdi, bir həftə dənizdə, bir həftə evdə olurdu. Atam evdə olmayan günlərdə yük anamın üzərinə düşürdü, həyət-bacanı suvarmaq, ziyanlıq olmaması üçün əkilmiş məhsula qulluq etmək lazım idi, anam bu işlərin öhdəsindən gəlməyi bacarırdı. Qarşıdan sentyabr gəlirdi, mən birinci sinfə gedəcəkdim. Sənədlərimi məktəbə vermək üçün şəkil çəkdirməliydim. Saçım xeyli uzanmışdı, atam məni əvvəlcə bərbərə apardı. Bərbər həmişəki kimi uşaqlar üçün nəzərdə tutulmuş taxtanı kreslonun qoltuğuna qoydu və mən çıxıb onun üstündə oturdum. Atam bərbərdən xahiş elədi ki, sən Allah, qəşəng düzəlt bunun saçını, bu il məktəbə gedir qırışmal. O vaxt uşaqların saçını “polboks” etdirmək kimi bir dəb çıxmamışdı, bəşəriyyət hələ “inkişafın o həddinə” çox-çox illər sonra gəlib çıxacaqdı. Bərbərxanadan çıxıb fotoqraf Eldargilə gəldik. Eldar kəndin fotoqrafı idi, evləri biz qaldığımız mülkün yaxınlığında idi. Orta boylu, sifətdən taciklərə oxşayan qara bir adam idi. Mənim on bir aylığımda atam onu evə gətirib şəkillərimi çəkdirmişdi. O şəkillərdən birində mən anamın qucağındayam, atam da böyrümüzdə oturub. ”Bir şəklin tarixçəsi” yazımda Eldarı xatırlamışdım və yazmışdım ki, bu şəkil mənim valideynlərimlə ilk və son şəklimdir. İndi onlar həyatda yoxdurlar, bu anı tutub saxlayan fotoqraf da dünyadan köçüb. Onlar indi başqa bir dünyanın sakinidirlər. Amma biz nə vaxtsa yenə görüşəcəyik, amma başqa qiyafədə olacağıq. O anların isə şəklini çəkən olmayacaq. Belə bir yazı yazmışdım, indi düşünürəm ki, bəlkə Eldar o biri dünyada da bizim şəklimizi çəkəcək. Nə qədər səfeh fikir olsa da indi, bu anda ağlıma gələn ilk cümlələr bu oldu. Eldar mənim məktəb üçün şəklimi çəkdi, əynimdə ağ-qırmızı damalı bir köynək vardı, göy rəngdə şortik geyinmişdim, anam dərziliyi yaxşı bacarırdı deyə o şortiki də mənim üçün o tikmişdi. Çox təəssüf ki, o şəkil qalmayıb.

 

Məktəbə getməyimə iki-üç gün qalırdı. Atamla küçə qapısında dayanmışdıq, keçəl Abdullanın kiçik oğlu Ağabalanın aşağı məhəllədən qaçaraq gəldiyini gördük. Ağabala gonbul oğlan idi, bığ yeri təzəcə tərləyirdi, hələ əsgərliyə getməmişdi. Atam soruşdu ki, alə, kopoyoğlu, nolub, hara qaçırsan? Ağabala tövşüyə-tövşüyə sözləri ağzında qırıb-tökdü: – Şi-şirbala əəəmi, Güülbala əmi öldü, durma, gəl!

 

Gülbala böyük əmim idi. Ağabala kiçik əmimgildən gəlirmiş, atamdan əvvəl birinci onlara xəbər aparıb. Atamın ikiəlli başına qapaz vurduğu və “vaaay!” deyə qışqırması yadımdadır. Gülbala əmimgil  “Xan bağı” deyilən yerdə qalırdılar. İndi onu dumanlı şəkildə xatırlayıram. Hündürboy, ağsaç kişi idi, ondan çəkinirdim. Atam böyük qardaşı kimi həmişə onunla məsləhətləşirdi və hesablaşırdı. Onun ölümündən sonra atam özünə qapandı, bütün günü evdə oturub susurdu və “Prima” tüstülədirdi. Əmimin qəbir daşı üçün götürdüyü şəklə baxanda burnunun üstü elə qırışırdı ki, elə bil asqırmaq istəyir. Əmim şəkildə dama-dama köynəkdə, ağ saçları səliqə ilə daranmış vəziyyətdə idi. Qəbrin başdaşına həmin şəkli vurulub. Bir dəfə atamın ağzından bir söz çıxdı: Elə bil atamı ikinci dəfə itirdim…

 

Həsən bəyin mülkünə köçdüyümüz ilin payızında mən birinci sinfə getdim.

 

 

 

 

Bölmə : Manşet, Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10