Həsrətiylə yaşıd qız… Ümmül Banu  

212 Baxış

OLYMPUS DIGITAL CAMERA

Filologiya elmləri doktoru,professor Minaxanım Təkləli

 

… Bakıdan bir qız qaçırdı. Daha doğrusu qaçmağa can atırdı. Lakin görünməz zincirlər onu əlindən, ayağından möhkəm tutmuşdu. Heç nəyə görəsə yox, atasının xatirinə qaçmaq, bu qədər sevimli Bakısını bir dəfəlik tərk edib ondan ayrılmaq istəyirdi. Sovet hakimiyyətinin qurulması ilə bir anlığa hər şeyini itirən və vəfalı quluqçularının himayəsində qalan və dərhal həbs edilən Cümhuriyyətin Ticarət naziri olan atasının ardınca ayağı yalın qızmar daşların üstü ilə Bayıla azdan-çoxdan, bağlama daşıyan növcavan qız çox vəfalı idi. Bir az əvvəl  atasının xatirinə, daha döğrusu, onun nicatı naminə də 14-15 yaşında ərə getmişdi tələsə-tələsə…

Yaddaşını nə qədər qurdalasa da atasının bircə dəfə də olsun onu öpmədiyini, başına sığal çəkdiyini heç xatırlaya bilməsə də onu çox sevirdi. Daha çox isə ölüm təhdidi ilə üzbəüz qalan milyonçu və Milli hökumətin naziri olan atasına ürəyi yanırdı, yazığı gəlirdi. Axı anasının üzünü heç görməmişdi, heç döşündən süd də əmə bilməmişdi. Faciəli bir gündə nə anasına, nə də iki milyonçu ocağının nəvəsi olaraq özünə yaraşmayan bir daxmada dünyaya gəlmişdi. Erməni qırğınından xilas edib bu yazıq qadını-dünənki xanımı: Ağa Musa Nağıyevin qızının, Şəmsi Əsədullayevinsə gəlinini zorla çatdırıb Qara şəhərdə bir rus fəhləsinin evində basırıq bir bucaqda daldaladıb gizlədə bilmişdilər. Ölümüdən ki gizlədə bilmədilər… Əli qanlı erməni ilə birlikdə qarabaqara gəzən qara ölüm onu pəncələdi. Beləliklə bizim qəhrəmanımız hələ həyata göz açdığı ilk dəqiqələrdən başlamaqla insanı  yalnız ”türksən” deyə diri –diri kəsib biçən Bakı qırğının hər ikisinin şahidi olmuşdu. Nə qədər yapma biganə tonda danışsa da, soyuq məzə ilə təsvir etsə də o soyqırım əzabını unutmamışdı ki 80-ci illərin sonlarından başlayan Qarabağ münaqişəsi onun köhnə ağrılarını tərpətmiş olduğundandır ki, səsini ucaldır, indiyədək sovetləşməsindən ötrü bir küskünlük bəslədiyi Vətənə yaxın gəlir.

…Ümmül Banı Bakıda 15 il yaşamışdısa da , buradan 80 ildən artıq sürən ömrə çatacaq qədər xatirələr apara bilmişdi. Atası və anası tərəfindən zənginlər ailəsində doğulsa da, Babasının Biləcəri kəndində iki cüt bir tək qoyunu olub onu güddüyündən də xəbəri vardı. Dünyaya anasının ölümü ilə gəlmiş, anasının da adını daşımış bu qızın adı Ümmül Banu idi…Bakıdan gedərkən bu ayrılığın əbədi olduğunu bilirdi, və çox vaxt aparacaq deyə vidalaşmağa gedəcəyi yaxınları, dostları ixtisar edəcəkdisə də kənddəki boş qalmış mülklərinə son bircə dəfə baxmaqdan ötrü gedir və uşaqlıqda etdiyi kimi hər bir ağacla böyük qızılgül bağçasında onun tumurcuqlamış hər bir yarpağına, budağına salam verib danışdırır. Bu bağda sıralanıb ehtiramla durmuş qovaqlara ağlayaraq vida edir; ta uşaqlıqdan bu möhtərəm qovaqları atası, babası adlandırmışdı, daim düşüncəli, fikirli-fikirli xışıldayan qovaqlar onu dinləyən, onun qayğısını çəkən böyüyü imiş sanki. Uşaq oyunları dairəsinə daxil etdiyi bu xatiratlar, yola düşərkən Vətəndə ciddidən-ciddiyə öpüşüb ayrıldığı əzizləri oldu sanki…

Ölümündən az əvvəl tanındı Azərbaycanda. O vaxt  “ Vətən” cəmiyyəti qızğın fəaliyyət göstərirdi və bu fəaliyyətin hər bir addımını  maraqla izləyirdik. Bu kəşf idi…Yazıçı Elçin danışırdı ki, ilk dəfə Ramiz Abutalıbovla onun evinə daxil olduqda yazıçı onun doğma dili unutduğu ehtimalı ilə yavaş səslə Ramiz müəllimə: görəsən Azərbaycan dilini bilirmi? Bunu eşidən Ümmilbanu Bakı ləhcəsi ilə ötkəm-ötkəm: niyə bilmirəm?!

Bitib tükənməz Bakı xatirələrini dönə-dönə dinləyən mühacir dostları ondan bu şirin xatirələri yazıya çöçürməyi ondan xahiş etdilər. Ümmül Banunun yazıçılığı da belə başlamışdı… Qürətdə kargüzar, satıcı, hətta manikençi işləmişdisə də ətrafında mühacir rus yazarları Teffı, Kuprin, Bunin, Marina Svetayeva, Zinaida Gippius, Merejkovski…vardı. Nəhayət 1945-də “Qafqaz günləri”ni bitirib nəşr etdirir. Bu onu qısa bir zamanda məşhurlaşmasına kifayət idi. Bundan iki il sonra onun “Paris günləri” xatirə romanı çap olunur. İndi onun özünü borclusu hesab etdiyi Bakıya və ona qucaq açıb sığınacaq vermiş bu gözəl şəhərə borcunu qaytarmış oldu. 2002-nin yayında “Qafqaz günləri” nin isti-isti təsiri altında girib Mərdəkandakı məşhur “Abşerom” sanatoriyasını gəzirəm Bu bağ əsərdə geniş yer tutur. Ümmül Banunun uşaqlıq illərini keçirdiyi və təlatümlərə düşən yeniyetmə çağlarında ilk məhəbbətini tapdığı bağ. Deyilənlərə görə bağın sahəsi 15 hektarı keçirmiş. Və möhtəşəm malikanə 1897-1901 illər arasında tikilib bitmişdir. İndisə sanatoriya kimi fəaliyyət göstərən mülk və ona məxsus bağ “tala ki talayasan, çap ki çapasan” prinsipi ilə balta-bel ilə olmasa da təsərrüfatsızlıq, haramxorluğun əli ilə dağıdılmış, sözün həqiqi mənasında bağquşlar ulayan bir xarabazarlığı xatırladır. Ümmül Banu gəlib görməsə də hətta deyirlər ki, özünün də uşaqlığı burada keçən Züleyxa Əsədullayeva-Veber də bağı ziyarət edərkən göz yaşını saxlaya bilməyib: əlimizdən aldınız, sahib çıxıb saxlayaydınız barı, demişdi.

Bakı xatiratları rəng-rəng, ilmə-ilmə artır-çoxalır kitabda, xarakter çizgilər, dodaqqaçıran əhvalatlarla tanış olduqca yaxşıca bilirsən ki, bu “bakılı” xatiratlar sonadək ondan əl çəkməmişdi. Böyük bibisi əri haqqında sevgi və hörmətlə olmasına baxmayaraq müəllifin anıları bir az qalmaqallıdırsa da təbiidir və təbii, doğal gülüşlər də doğurur. Bu məşhur yeznə Berlində olarkən bir gündə ağlasığmaz cərimələr ödəməli olur; küçəyə tüpürdüyünə görə polis onu cərimə edir. Sıradan bir adamın, azacıq bir maaşa qulluq edən birinin ona öz üstün vəzifə nümayiş etdirməsini sinirə bilmir. Bir yandan tüpürür, bir yandan ödəyir. Və ya Parisdə operada darıöıb, heç kimi saya salmadan foyedə Bakıdan bildiyi ara mahnılarını oxuyur. Heç kimsəni saymadığını nümayiş etdirməkdən ötrü bahalı “Maksim” restoranında dayanmadan sinə dolusu bərkdən gəyirir. Evə dönərkən aldığı bahalı hədiyyələr içində, qaldığı gözəl mehmanxanalardan oğurladığı külqabı, nimçə və s. xırdavat olarmış. Bunlar yazıçı üçün Vətəndən apardığı xatiratlar içində heç nəylə onlardan fərqlənməyən şirin, dadlı anılar idi.

…Rəfiqəmgildə, elə öz küçəmizdə, bir az aşagılarda yeni il axşamındayam. Hələ yeni il süfrəsi başına keçməmişik, qarşıdakı bəzəkli evə, daha doğrusu saraya baxıram. Ümmül banu uşaqliğini keçirdiyi ev- Əsədullayevlərin malikanəsi. Tolstoy küçəsiylə Qoqolun kəsişdiyi yerdə. Bu evə -dediyi kimi cənuba-dənizə baxan hissəsində uşaqlıq otaqları olduğu saraya can atırdı, gəlib baxsın, deyə. Bibisi qızı  Züleyxa Əsədullayeva gəldiyi kimi o da istəyirdi gəlsin, görsün; başqa bir təmənnası yoxdu.

Əvvəl kommunal şəraitdə plafon və karnizlərdəki dəbdəbəyə, ayaq altındakı “xalça” parketlərə yaraşmayan misginlik, siçanlı-siçovullu həyətlərin üfunətini verən bu keçmiş saraylarda indi vəziyyət başqadır. Müstəqilliyimizin ilk çağlarında fərasətli kimsənin pulla, kimininsə məmur amirliyinə güvənib bir qəpiklik blanklara bir milyonluq imzalar atıb bu sehirli kağızlarla bu nağıl kimi kaşanələrə sahib olurdular.

Bayaqdan qulaqlarım çatlayır. Balkonda ayaqlarını “düşmən əskəri” sayaq aralı qoyub şəstlə durmuş (arağın gücünə) elə həmin şəstlə də tapançanın güllələrini havaya boşaldan gənc yorulmur ki yorulmur. Bir anlığa onu Qarabağda təsəvvür etmək istəyirəm. Nə qədər edirəm, bu yelbeyindən bir intiqamçı, qorxmaz bir oğul çıxara bilmirəm.

…Narahat, əsəbi bir adam olan yazıçı Bunin – neçə illərdir Fransada mühacirətdə olan Nobel mükafatçısı İvan Bunin öz vəsiyyətini çoxdan eləmişdi; dönə-dönə təkrar etməkdən yorulmurdu: məni üzüaçıq (yəni xristiansayaq) basdırmayasınız. Küçələrlə üzüaçıq aparılan cənazəyə yad gözlərin, laübalı baxışların mənzərəsini seyr edirmiş kimi ikrahla: “yox-yox, heç vaxt” – deyə, hirslənirdi, sanki bu saat onu elə beləcə üzüaçıq aparmaq üçün tabuta basacaqdılar. Arvadından daha çox dayəsinə, evdə qalıb qarımış və bununla analığı könüllü olaraq boynuna çəkmiş bacısına oxşayan xanımı Vera onun bütün “şıltaqlığına” əməl etdiyi kimi bu vəsiyyətini də əziz tutdu.    Vera Muromtseva İvan Buninin üçüncü arvadı idi. Bu qanuni nikah ona Bunin kimi gənc, gözəl və ehtiraslı, eyni zamanda ehtişamlı bir yazıçı bəxş etmişdisə də qısqanclıq əzablarını da bol-bol əta etmişdi. O, hətta əvvəldən Bunini heç kəsin çağırmadığı tərzdə Jan çağıraraq yad dodaqlardan çıxan adlardan ötüşmüş, bir növ  “özünüküləşdirmək” istəmişdi. Bilirdi ki ərinin saysız-hesabsız məşuqələrinin heç birinin ağlına onu belə çağırmaq gələ bilməzdi.

Zaman keçdikcə o, Buninin aludəçiliyinə alışıb adət etdi. Ölümündən sonra onun gündəliklərindəki bir çox qaranlıq yerlərin əsil mahiyyətini bərpa etdiyi kimi məşuqələrinin də gizli, hətta şifrəli inisiallarını da açıqca dəqiqləşdirən o oldu.

O hər şeyi bilirdi və sədaqətlə dözürdü. 1948-ci ildə Nobel mükafatçısı Bunin SSRİ nümayəndə heyətinin dəvətinə gedərkən də Ümmül banunu  özüylə götürmüş, Vera da dal cərgədə qüssəli dözümü ilə bu tələsik eşqi, 1946-dan başlayan “macəranı” seyr etməli olmuşdu.

Bu Şərqli qızı Buninin neçə-neçə illər əvvəllərdən təsvir etdiyi əsərlərindəki Şərqli qızının indi parlayan təcəssümü idi.

Qadınpərəst, (sevgipərəst demək istəmişdim) Buninin “Qaranlıq xiyabanlar” kimi bütün yerdə qalan əsərlərindəki qəhrəmanlar (onlar az qala bu əsərlərin baş qəhrəmanıdır) cəlbedici Şərqi gözəlliyə malik, sehrkar, ekzotik gözəlliklər daşıyan qadınlardır. Onun ömrü boyu aradığı, axtardığı Şərqli qızı budur, bu.

Buninlə yazıçı Banini (Ümmül Banunu) yazıçı Teffi tanış etmişdi. İvan Buninə tərcüməçi lazım idi. Əslində ona “kitabı bağlamağa, son nöqtəsini qoymağa” sonuncu məhəbbət, sevgiyə, eşqə, həyəcanlara, ehtiraslara əlvida dediyi son anda axırıncı eşq lazım imiş.

Ümmül Banunun da son əsəri “İvan Buninin son döyüşü” oldu. Cavanlığın şirəsi ilə ətində-qanında yaşadığı bu macəranı qocalıq nisgillərində təzədən yaşamalı, yaşatmalı oldu.

… Bu qız Bakıya gələcəkdi. Gəlmək istəyirdi. “Qafqaz günləri”nin Azərbaycanda yayınlandığını bilib sevinirdi. Yaşı 90-a yethayetdə idisə də niyyəti qəti idi. Bakıdan qaça-qaça xəfə yollarla çıxmışdı; bu qədər yaşlanmışdısa da bir yeniyetmə qədər cəld idi, həmin yerişlə də vətənə gələcəyinə əmin idi. Amma qəfildən yıxıldı, ayağını sındırdı. Qocalıqdan qurumuş sümüklər eynən qurumuş budaqlar kimi çaqqıltı ilə sındı.. ardınca son günün soyuğu gəlirdi…qup-quru bu sümüklər bitişib birləşə bilmədiyi kimi Ümmül Banu da son nəfəsdə öz Bakısına yetişib qovuşa bilmədi. Bu ayaq sınığı və bizim də soyuqluğumuz və biganəliyimiz onu Bakının sərt küləkləri kimi onu sürətlə Bakıdan qovurdu. Əslində qəlb sınıqları vardı Ümmül Banunun.

Bunini- sevdiyim “Şərqli Bunin” adı qoyduğum Buninin gündəliyini ələk-vələk etdim, bu eşqə dair bir nöqtə də tapmadım. Olsun, bunlara lüzum yoxdur. Amma “Şamaxı şahzadəsi” var; Buninin “Sirli bazarertəsi” əsərində  eynən Ümmül Banu kimi qaş-gözündən başlamış ayaqqabısının üstündəki bəzəkli düyməsinə qədər nəqş olunmuş.

Fırtınanın qürbətə qovduğu bu qız fırtınalı günlər yaşadı, qasırğalar qucağında buradan ora, oradan bura atıla-atıla, lakin elə Bakıdan apardığı utancaqlıq qarışmış qəhqəhələr, dadar-doymaz azadəliklər içində .

 

 

 

 

 

                                                                                                                                     

Bölmə : Manşet, Tənqid
KÖŞƏ YAZARLARI
TOP 10