Həyat, sən nə şirinsən!

103 Baxış

Arif Alim Gözlərimin qarşısından getmir pilləkənlərin sürahisindən tutaraq asta-asta aşağı düşməsi. Bilmirəm, kim idi, onu “Dilçiliyimizin yeriyən tarixi” adlandırmışdı. Zarafat deyil, kimlərlə polemikaya girməmişdi, kimlərlə dilçiliyin əsas məsələləri haqqında əsaslı faktlara söykənən mübahisələr etməmişdi?!

Bütün məsulliyəti dərk edərək deyə bilərəm ki, ən çox səs-küy qoparan yenilik təfəkkürü onun yazıları ilə gəlib dilçiliyimizin müasir dövrünə.  Sxematik, aksiom kimi, şablon olaraq qəbul edilmiş bir çox fikirlərin buzunu məhz o qıra bilmişdi.

Dəqiq desəm, yüzlərlə quru elmi cümlələrin kiməsə əməli fayda verə biləcəyi fikrindən uzağam. Elmi məsələlərin mütləq bədii ifadəsi olmalıdır. Oxunaqlılığı, şirinliyi olmalıdır. Xüsusilə, filoloji sahədə. Dostlar arasında “filankəs terminlər lüğətini qarşısına qoyub yazır” ifadəsini çox işlədirik. Bu, ona görədir ki, əsl elmi fikir məhəbbətin, eşqin təzahürü kimi ortaya çıxmalıdır. Onu sevgi yaratmalıdır. Son illərdə yazdığı və ən çox istinad etdiyimiz “Azərbaycan dilinin qrammatikası” kitabı da belə idi. Mənə özü vermişdi bu kitabı. Yataqxanada kimsə məndən aldı. Sonra ikinci dəfə istədim. Yenə kimsə götürüb apardı. Üçüncü dəfə üzüm gəlmədi istəməyə. Kafedraya gedib kitab rəflərinin birindən sakitcə “oğurladım”. Bilirəm, kitab oğurluğu oğurluq sayılmır.

Danışığından, oturuşundan, duruşundan Azərbaycan dilinin poetikası tökülürdü. Azərbaycan dilinin ifadə imkanları, qrammatik qaydaları danışığına hopduğu kimi, baxışına hakim idi, yerişinə də.

Bir gün dedi ki, Arif, sən gəl mənim kafedramda aspirant ol. Dedim, artıq başqa kafedra seçmişəm.

Deyirlər, insan yaşlaşdıqca uşaqlaşır, körpələşir, kövrəkləşir. Bunun ən bariz nümunəsi idi O. Qaçırdı qocalıqdan. Mübarizə aparırdı daim həqiqət uğrunda çarpışdığı kimi. Bir çoxları “Alman kimidir” deyirdilər. Düzlüyünü, dəqiqliyini, yalana, saxtalığa getmədiyini bilirdilər. Tələbələrinin dilinin əzbəri, ürəklərinin sevgisi idi müəllimləri.

Və mənə elə gəlirdi ki, bu qədər hörmətin, məhəbbətin qarşılığında tənha idi elə bil. Elə bil nəyisə çatmırdı bu daim həyat eşqi ilə yaşayan insanın. Bəlkə də…

Bu gün ancaq bunu deyə bilərəm: Bizlərə dilimizi sevdirənlərdən oldun, Allah sənə min rəhmət eləsin, gözəl müəllimimiz!

Hə, bir də nədəndirsə, insanlar mütləq adlarının çəkisi ilə bərabərləşirlər, adlarının taleyini yaşayırlar. Bunun təsdiqi  həm də YUSİF MİRƏHMƏD OĞLU SEYİDOV sözlərinin alt qatındadır.

 

Bölmə : Arif Alim
KÖŞƏ YAZARLARI
TOP 10