Həyat səni sevə bilmərəm

72 Baxış

vefaVəfa Mürsəlqızı

 

 

Həyat səni sevə bilmərəm

İnandır məni!
Hər şey yaxşı olmasa belə,
yaxşı olmayan şeylərin bir gün bitəcəyinə.
İnandır məni, həsrətin qürbətə gedəcəyinə.
İnandır bir gün onsuz darıxmayacağıma
xoşuma gəlməyən insanların qabağıma çıxmayacağına.
İnandır nə olar, bir daha kimsənin ölümünü görməyəcəyimə,
yer üzündə bircə canlının da ölməyəcəyinə.
İnandır solmayan yarpaqlara, atalı-analı uşaqlara.
Daha qadınların göz yaşı tökməyəcəyinə,
biz mələklikdən çıxdıqca
çiynimizdəki mələklərin əzab çəkməyəcəyinə.
DostA xəncərinin yarası ağrımır de,
Allah bizi sevir, qarğamır de.
Quşları inadır sapandın yoxluğuna,
ac uşaqları inandır qarınlarının toxluğuna.
Onu mənsiz yaşaya biləcəyinə inandır,
Bəsdir, bilirəm, hamısı yalandır.
Olsun, yalan da olsa.
İnandır, inandır məni,
Həyat, yoxsa sevə bilmərəm səni!

 

 

 

Çatanda düşəcəm

Donumuzu dizdən yuxarı çırmalayıb,
şalvarlarımızı daraldıb,
saçımızı it qulağı kimi qulağımızın üstünə töküb,
Avropaya gedirik.
“yes” “ok” la əvəz olunub nəzakətli sözlərimiz,
cins şalvarın çırığında çıxır dizlərimiz.
Kişilərin bığı yoxdur, arvadların saçı.
Qardaş “bacıya” oxşayır,
“Qardaşa” oxşayır bacı.
Sevgiləri şəhvətlə yükləyib,
Avropaya gedirik!
Rənglərin ən gözəli “mavi” düşüb gözümüzdən,
Kim aldı görəsən, bizi-bizdən?
Düşmüşük yolun “ağ”ına,
yox, bəlkə də qarasına
Eləcə əl havasına, Avropaya gedirik.
Camahat bizim zurnanın havasına süzür,
biz xarici havaya,
başımız papaq yerinə kepqa qoya-qoya,
Avropaya gedirik.
Çörəyimiz Almaniyadan gələndən qaçıb bərəkətimiz,
sırtıqlığa dönüb səmimiyyətimiz,
siqaret çəkməklə ölçülür mədəniyyətimiz.
Avropaya gedirik.
Siz Allah, ay camaat, çatanda deyin düşüm…

 

 

 

 

 

 

 

 

Bölmə : Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10