Həyatın ədəbiyyatı – oxucu, yoxsa yazıçı?

108 Baxış

tahir

“Qırxayaq yeriyəndə hara getdiyini görürsən, amma ayaqlarını saya bilmirsən. Eləcə də səni içinə alan gərdişin hansı yana yön tutduğunu anlayanda heç nəyin hesabını aparmağa gücün çatmır, zaman da qırxayaq sürətiylə, həm də səsiz-səmirsiz ömrünün divarındakı çatlara təpilir…”

Zahid Sarıtorpağın “Dərdin Sarı Çəpkəni” romanının əsrarəngizliyindən ayrılıb Babək prospektinin daim təmir gedən və sinəsi dağılan asfaltına baxdım. Ədəbiyyat, kütlə, çatdırılma, özünüifadə çırpıntıları…

İtələşmə düşdü.Yenə basabas halı hər kəsi qoynuna aldı. Cəmiyyət…

Görəsən, ədəbiyyat bütün həqiqətləri özündə əks etdirməyə borcludur? Ya da sualı başqa cür qoyaq: Ədəbiyyatda ali mətn yaratmaq üçün nələri öyrənmək lazımdır? Yazmaq üçün hansı qaydalar mövcuddur?

Anam yenə xəyalıma gəldi. Əllərini ovuşdura-ovuşdura dedi: “Söz ver ki, nə vaxtsa onlar haqda yazacaqsan”. Gözlərimi aşağı – Castin Trudo ilə yeganə ortaq cəhətimiz olan rəngli corablarıma dikirəm. Ona “Bəzi məhrəm dərdlərin insanlara çatdırmağın əleyhinəyəm” deyə bilmirəm. Çünki əxlaq prinsipləri fərdidir. Ədəbiyyatçı və yazıçı əxlaqı isə tamamilə başqa mövzudur.

Bəs real olan nədir? Min bəzəklə insanlara çatdırdığımız bu möhtəşəm “yalan”, yoxsa sənət adlandırdığımız uca zirvə?

Bu sualı kim verir? Öz məhrəm acılarını nəinki insanlara yazmayan, hətta göstərməyən Ülviyyə Tahir. Deyəsən, mən bioqrafiya yazmağın tam əleyhinəyəm. Bioqrafik ədəbiyyat tükənmişliyin, mövzusuzluğun əlamətidir.

Ədəbiyyat bizə kollektiv yaddaşın məhsullarını təqdim edir. İnsan fərdi yaddaşı ilə yalnız özünü dərk edəndən malik olduğu xatirələri və hadisələri xatırlaya bilir. Kollektiv yaddaş isə bizə necə dünyaya gəldiyimiz barədə anamızın xatirələrindən tutmuş Hitlerin kimliyindən, Adəmə qədər zehnin sonsuzluğunu təqdim edir. Bu anda mənim gözlərimin önündə nəhəng düşüncə sonsuzluğu yaranır. Biz yaddaşdan yaddaşa ilmək ataraq, sanki bir nəhəg xalça toxuyuruq. Zaman adlı xalçada, ilməyi söz, naxışı insan düşüncəsi olan sonsuza qədər uzanacaq bir zehnin səyahəti. Gülümsəyirəm, qarşımdakı adam da qımışır. Ona bu an Adəmdən bəri uzanan nəhəng bir xalçada ilmək axtardığımı desəm mənə gülər və ən yaxşı halda dəli hesab edər…

zahd

Dahilik nədir? Ən yaxşı yazıçı kimdir? Ən yaxşı olmaq nədən keçir? Bunun məktəbi var? Bu suallar yalnız məni narahat edib? Əsla…

Avtobus qəfil “tormoz” verdi. Özümü yıxılmaqdan qorumaq üçün yanımdakı xanıma söykənməli oldum. Drayzer. Xatırladım. Drayzer məhz bu sualın cavabına az qala 1000 səhifəlik roman həsr edib. Dahi…

Yucin illərlə axtarmaqla, rəssam kimi zirvələr fəth etməklə özünütəsdiqə can atır. Milyonlar qazanır, milyonlar itirir. Amma həyatının ən kritik anında – 40 yaşında həyat yoldaşı ona ölərək bir övlad buraxıb gedir. Həmin körpəni qucağına alan Yucin o anda dərk edir ki, bütün cəhdləri, yaradıcılığı toz olub, ömrünün çatlaqlarında harasa sovrulub getdi. Anlayır ki, onun özünə dahi deməsi bir körpənin yaradılışında bir dırnağa dəymir. Bu zaman o zamandır ki, sənətkar özünün sadəcə bir “kopi-paste” olduğunu dərk edir.

Umberto Ekonun yazarlıq və ədəbiyyat haqda nəhəng bir araşdırmasını oxudum. Düsturlar, yazı üslubları, ümumilikdə rasional Eko mətni… Amma yazının sonunda bıçağı sapladı.

Onu Qalitsiyada bir planetariuma aparırlar. Bu planetariumlarda işıq sönəndə özünüzü həqiqətən bir çöldə, ulduzlu bir səmanın altında oturmuş görürsünüz. Amma Ekonu burada başqa sürpriz gözləyirdi. O planetariuma daxil olan kimi ona səmanın 1932-ci il 5 dekabrından 6 dekabrına keçən gecənin – doğulduğu zamanın səmasını göstərirlər. Eko həyəcandan dizlərinin büküldüyünü və heyrətə düşdüyünü yazır. O, zamanı belə ifadə edir: “Elə bir gecənin səmasını mənə göstərdilər ki, mən heç vaxt onu görmək imkanım olmayıb və qeyri-mümkün bir hal idi. Yəqin ki, anam da o ulduzları görməmişdi, çünki ağrılar içində qıvrılırdı. Atam da çətin ki, səmaya baxmağı ağlına gətirərdi. O zaman dərk etdim ki, mən o planetariumda ən ideal oxucuyam”.

Nəhayət, bu qarışıq düşüncələrlə evə çatıram. Oğlum həyətdə soyuq əlləri ilə yanağıma toxunur. Ona Zahid Sarıtorpağın sözlərini: “Soyuğun elə istidir ki…” – deyə pıçıldayıram. Nəhayət, sonuncu nəticəni əldə edirəm: biz sadəcə nümunəvi oxucularıq. Cavab burda gizlidir. Hər bir yazıçı ən yaxşı oxucu olduğu halda hədəfinə nail ola bilir. Həyat kitabı bu anlamda daha əhəmiyyətlidir.

 

Ülviyyə Tahir

Bölmə : Tənqid
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10