Həcər xanım

4 Baxış

letif

LƏTİF ŞÜKÜROĞLU

Mən Həcər xanımı görəndə təqribən 84-85 yaşı olardı. Mütənasib bədən quruluşu, amiranə duruşu və danışıq tərzi, ağ sifəti, uzun və düz boynu, yaşının ağbirçək çağında da qaməti əyilməmiş bu xanım ilk görüşdən adama çox güclü təsir bağışlayırdı. Bir söz demədən belə fikirlərinə hakim kəsilir, baxışları adamı sanki əzirdi. Ancaq ilk baxışda zəhmli görünən bu xanım danışmağa başlayan kimi rahatlıq tapırdın. İşlətdiyi xoş sözlər, əsilzadə xanımlara məxsus incə davranışı, eyni tərzdə gülümsəməsi təsəvvürlərini tam dəyişir, ona qarşı adama rahatlıq gətirən bir inam yaradırdı. Heç vaxt çox danışmır, fikirlərini tam aydın çatdırır, qarşısındakını səbirlə dinləyirdi. Ancaq nəvələrinin, ya başqa birisinin eyni sözü ona ikinci dəfə təkrar etdirməsinə qəzəbi tutanda üzünün həilm, mehriban ifadəsi qəflətən dəyişir, görkəminə uyğun bir forma alırdı. Ondan yaşca kiçik olan həyat yoldaşı da bu qadından sanki çəkinir, hər sözünə dərhal və sorğu-sualsız əməl etməyə çalışırdı. Bəlkə də mənə belə gəlmişdi, deyə bilmərəm. Ancaq necə olsa da, onların qarşılıqlı münasibətlərində buna bənzər halları neçə dəfə müşahidə etmişdim. Bir də, uşaq vaxtı, həm də qonaq qaldığı bir evdə adamın gözündən nəsə çətin yayına bilərdi.

Həcər xanımın bütün bəhs etdiyim və etmədiyim xüsusiyyətləri genindən gəlirdi. Əsilli-nəsilli bəy qızı olan Həcər xanım gözünü açandan dunyanı belə görmüşdü. Bəy ailəsində tərbiyə alması onun dünyagörüşü, davranışı ilə yanaşı, xarakterinə də öz təsirini gəstərmişdi. Rayon ərazisindəki kəndlərin əksəriyyətinin, onlarca mülkün, geniş ərazilərin, böyük var-dövlətin sahibi olan Nəriman bəyin qızı başqa cür ola da bilməzdi. Ona yaxşı təhsil, tərbiyə vermiş, zadəgan aləminin qanun-qaydalarına uyğun davranmağı öyrətmişdilər. Yetişdiyi mühitin ən üstün cəhətlərini mənimsətmək üçün müəllimlər tutmuş, musiqi, rəqs dərsləri keçmişdilər. Həcər xanım da atasının ümidlərini doğrultmaq üçün lazımınca səy göstərmiş, bütün öyrədilənləri sinədəftərinə həkk eləmişdi. Deyilənlərə görə, bu keyfiyyətlərə necə yiyələndiyini o, cəmiyyət içərisində dəfələrlə məharətlə nümayiş etdirmişdi. Ancaq quruluşun dəyişməsi, sovetləşmənin başlanması ilə Həcər xanımın arzuları kimi, bacarıqlarını yüksək cəmiyyətə təqdim etmək imkanları da suya düşmüşdü. Malik olduqlarının böyük hissəsinin zorla əllərindən alınması və yeni quruluşun öz qaydalaranı qəbul etdirməsi səbəbindən Nəriman bəyin üç övladından ən kiçiyi olan ikinci qızını da sadə həyat tərzi keçirmək məcburiyyəti qarşısında qoymuşdu. Təkcə statusuna, ailə vəziyyətinə deyil, həm də təhsil və dünyagörüşünə görə ona uyğun gəlməyən birisi ilə ailə həyatı qurmalı olmuşdu. Yeganə təsəllisi bu evliliyin öz istəyi ilə baş tutması və seçdiyi insanın xoşxasiyyət və mərd olması idi.

Atam məni onun yanına, Rəzdərə kəndinə atası Nəriman bəylə maraqlandığım və Gəncədən yay tətilini keçirməyə kəndə gəlmiş nəvəsi ilə bir yerdə olmağım üçün aparmışdı.

Rəzdərə kəndi Zəngilanın ən mənzərəli guşələrindən birində yerləşirdi. Dağlarla əhatələnmiş kəndin yuxarısı Top meşəsinə dirənir, ətəyindən suyu göz yaşı kimi dupduru Bəsitçay axır, çay vadisi boyunca isə əsrarəngiz təbii çinar meşəsi uzanırdı. Sahəsinə görə dunyada ikinci, Avropada birinci olan bu meşə Zəngilanın ən füsunkar yerlərindən  biri idi. Ötən əsrin 70-ci illərində təbii qoruq elan edilmiş (ona Bəsitçay qoruğu adı verilmişdi) bu ərazi indi erməni işğalçıları tərəfindən talan olunmaqdadır. Artıq təsdiqini tapmış məlumatlara görə, yüz illərin şahidi olan xan çinarlar misilsiz vəhşiliklə doğranıb müxtəlif məkanlardakı mebel fabriklərinə daşınır.

Çinar meşəsi Zəngilana yaxından-uzaqdan gələn qonaqların ilk öncə görməyə can atdıqları göz oxşayan, əsrarəngsiz məkan idi. Yaxşı yadımdadır, rayona gələn dostlarımla da təbiət qoynuna səfərimiz məhz oradan başlayırdı. Atam da dostlarımın gəlişinə sevinər, ya öz maşınında, ya da tanışlardan birinin vasitəsi ilə bizi çinar meşəsinə yola salar, imkan düşdükcə özü də bizimlə birlikdə hər qarışına bələd olduğu bu yerləri gəzməkdən zövq alardı. Adətən yayda baş tutan belə səfərlərdə dostlarla bütün günümüzü çinar meşəsində, Bəsitçayın sahilində keçirər, gəzib dolandıqdan sonra bizim üçün hazırlanmış ləzzətli təamlardan dadar, bir də gecəyarısı geri dönərdik. Çinar meşəsi ilə sonuncu görüşüm də iki tələbə dostumla birgə olmuşdu. Dağlardan axıb gələn Bəsitçayın şəffaf sularında üzən balıqları, xan çinarların sularda bərq vuran əksini  seyr etməkdən zövq alırdıq. Çinarların bəzilərinin gövdəsini 4-5 adam birlikdə qol açıb qucaqlaya bilmirdi. Daha qocamanlarının koğuşunda isə bir neçə adam yağışdan rahatca daldalana bilərdi. Bütün bu mənzərələri sözlə ifadə etmək mümkündürmü?! Bu qüdrət hər adama nəsib olmur. Gərək Müşfiq, Səməd, ya da  Musa Yaqub olasan. Onda təbiət möcüzələrini seyr edib:

Çaylar qaranlıqda bəyaz küçələr,

Dağlar çox qəribə olur gecələr, – deyə bilərsən.

Heç vaxt soruşmasam da inanıram ki, dostlarım da çinar meşəsi ilə həmin sonuncu görüşdən eyni təəssüratla ayrılıblar.

… Həcər xanım onların dədə-baba kirvəsi idi. Bu qohumluq bizim uşaqlıq çağlarımızda da davam etdirilirdi.

Mən Həcər xanımın yanında iki həftə qaldım. O, hər səhər bizi oyatmaq üçün adam göndərir, hərdən də özü yatdığımız otağa gəlirdi. Biz onun hər şeyi sanki nəzarətdə saxlayan baxışları altında yuyunur, az qala hər gün dəyişdirilən dəsmalla yaxşı-yaxşı qurulanır, sonra süfrə başına gəlirdik. Burada bizi südlüaş, təzə kərə yağı, şan balı və  soyutma yumurta gözləyirdi. Süfrəyə düzülən dadlı təamlar adamın iştahını açırdı. İştahımız olmasa belə, yeməkdən imtina üçün heç bir bəhanənin qəbul edilmədiyini yaxşı bildiyimizdən sakitcə səhər yeməyini yeyir və çaya getməyə icazə istəyirdik. Artıq o da məlum idi ki, çayda çimməyə yalnız əvvəlcədən tapşırığını almış qonşu uşağı ilə birlikdə gedə bilərdik. Çaydan təyin edilmiş vaxtda qayıdır, azı bir saat kitab oxuyurduq. Doğrusu, bu, Həcər xanımın nəvəsinin xoşuna gəlməsə də, mən dərhal kitabı götürür, həvəslə oxumağa başlayırdım. Məndən iki yaş böyük olan nəvə isə hər dəfə bir bəhanə axtarır, təklikdə məni nənəsindən qorxmaqda günahlandırır, “sən olmasan, heç mənə də kitab oxutmazlar”, deyirdi. Ancaq bu inciklik çox tez də keçib gedir, növbəti oyunda biz yenidən dostlaşırdıq.

Həcər xanımın yanına gələn qohumlar, hətta kənd adamları onunla böyük etiramla, bir az da çəkinə-çəkinə danışır, bir dəfə də olsun sözünü kəsmirdilər. Ancaq bütün bunlar qorxudan, yaxud ona xoş görünmək istəyindən irəli gəlmirdi. Əksinə, mənim tanıdığım adamların hamısı ona səmimi qəlbdən belə münasibət göstərirdilər. Bu əsilzadə xanımın yerişi-duruşu, təkcə məclislərdə deyil, elə hər yerdə özünü aparması, danışığı, bir sözlə, hər şeyi onları valeh edirdi. Qadınlar ondan xanım-xatınlığı, gənc qızlar  nəzakət qaydalarını, ümumiyyətlə, mədəniyyəti öyrənirdilər. O, ətrafındakı insanların hamısı üçün bir məktəb idi. Sovet təhsil sisteminin öyrətmədiyi, öyrətmək istəmədiyi bir məktəb. Onun yaradıcıları olan əsilzadə ailələri artıq uzun illər əvvəl tarix səhnəsindən zorla çıxarılsalar da, yaratdıqları dəyərlər itməmişdi. Həcər xanım kimi əsil xanımlar bu dəyərlərin daşıyıcıları kimi onu nəsildən-nəslə çatdırırdılar.

Mənə elə gəlirdi ki, kənd qadınları yaşının ahıl çağında da öz şuxluğunu, xanımlığını qoruyub-saxlayan bu insanı görəndə öz güzəranlarının ağırlığını bir qədər də olsa unutmağa, zahiri görünüşlərinin qayğısına qalmağa çalışırdılar. Onlar qadın olduqlarının fərqinə varır, bu duyğunu qəlblərinin dərinliyindən aşkara çıxaran Həcər xanıma minnətdar olurdular.

Həcər xanımın geyimi göz oxşayırdı. Paltarı əynində şux dayanır, təzə və səliqəli görünür, belindəki gümüş kəmər isə sanki alışıb yanırdı. Ayağındakı rəngbərəng corablar, ən müasir dəbli ayaqqabılar, hərdən çiyninə saldığı qara yun şal və başına bağladığı ipək yaylıqlar ona çox yaraşırdı. Az qala hər gün yeni paltar geyinir, xoş ətirlərdən istifadə edir, evdə də, çöldə də eyni qaydada şux yeriyirdi. Həmin vaxtdan mən oxuduğum bədii  əsərlərin xanım qəhrəmanları haqqında fikirləşəndə qeyri-ixtiyari gözlərimin qarşısında Həcər xanım canlanır. Bir nasirin, yaxud dramaturqun təsvir etdiyi əsilzadə xanımlarda tanış cizgiləri tapmayanda həmin əsərin həyatiliyinə istər-istəməz şübhə edirdim. Həcər xanım mənim yaddaşımda öz dövrünün etalon insanı kimi qalıb və onu həmişə ilk dəfə gördüyüm kimi xatırlayıram.

Bölmə : Ədəbiyyat