“Hədəf” nəşrlər evi və Bilik Fondu “Fənlərin Dostluğu Olimpiadası” keçirir

20 Baxış

8224245583e947981f40

Dekabrın 11-i saat 11:00-da Bakı, Sumqayıt, Şəmkir və Xırdalan şəhərlərində təşkil olunacaq “Fənlərin Dostluğu Olimpiadası”nın VII bilik yarışması ilə bağlı təşkilati və texniki məsələlərin yekun müzakirəsi məqsədi ilə “Hədəf” nəşrlər evinin nümayəndələri Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda olublar.

“Hədəf” nəşrlər evinin direktoru Şəmil Sadiq və qurumun təmsilçiləri Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Fondun əməkdaşları ilə görüşüblər. Görüşdə olimpiadanın daha uğurlu alınması istiqəmətində təkliflər səsləndiriblər. Bilik Fondunun olimpiadanın keçirildiyi şəhərlər sırasına Şəmkir şəhərinin salınması təklifi  məmuniyyətlə qəbul olunub.

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilən olimpiadanın məqsədi fənlərarası əlaqəni möhkəmləndirmək, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək xüsusi istedada malik olan şagirdləri müəyyənləşdirib gələcək fəaliyyətlərində stimul yaratmaqdır.

Olimpiada ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 9-cu, 10-cu və 11-ci sinif şagirdləri arasında keçiriləcək. Bir mərhələdə keçirilməsi nəzərdə tutulan Olimpiadada şagirdlər 2 saat müddətində 50 sualı cavablandıracaqlar. Olimpiadada şagirdlərin iştirakı ödənişsizdir. Olimpiadanın rəsmi elektron ünvanı www.inteqrasiya.az saytında şagirdlər onlayn qeydiyyatdan keçməklə iştirak edə biləcəklər.

“Fənlərin dostluğu Olimpiadası”nda iştirak edəcək şagirdlər və onların təhsil aldığı məktəblər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Olimpiada Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondu, Azərbaycan Universiteti və Hədəf Kurslarının birgə təşkilatçılığı ilə baş tutacaq. Olimpiadanın dəstəkçiləri Modika Hospital, Nizami Kino Mərkəzi, Altun Kitab, Yes Travel, Kitabevim.az kitab mağazaları şəbəkəsidir.

Bölmə : Redaktorun seçimi