Həqiqət

53 Baxış

anar əli       Anar Əli

       Bil

Bu dünyada zəhmətlə hər iş gəlir başa, bil,
Bu dünyanın mənası öz ömründür – yaşa, bil.

Öyrən elmi, ədəbi, yetir əqli kamala,
Özün hədsən özünə, öz “həddini aşa” bil.

Könlün dolsun eşq ilə, çağla dəryalar kimi,
Sevmək üçün aləmi çıx məcradan, daşa bil.

Hər ləkədən təmizlən, qəlbini safa çatdır,
Özünə düşmən olan nəfsinlə savaşa bil.

Meyl eləmə aləmə, çünki fənadır sonu,
Yoxsa başın dəyəcək min cür daşdan daşa, bil.

Bil zamanın qiymətin, dəyərləndir hər anı,
Gedir dönmədən geri, yer qalmır bir “kaş”a, bil.

Əhd-peyman bağlayan gərək vəfa gözləyə,
Əsl aşiq meyl etməz özgə qələm qaşa, bil.

Duan qayıdar geri, çatmaz Haqq dərgahına,
Əgər haram qatarsan bişirdiyin aşa, bil.

“Bu dünya pəncərədir, hər gələn baxar gedər”,
Elə sən də gəl onu bir köhnə tamaşa bil.

Xeyirxah ol hamıya, yaxşılıq et əvəzsiz,
Vaxt gələr, bürünərsən zər ipək-qumaşa, bil.

Anar, könlün dilləndi yenə təzə avazla,
Elə de, könülləri sözünlə dolaşa bil.
 

                   Ancaq

Cananı mənim sеvdiyimi can bilir ancaq,

Könlüm diləyin dünyada canan bilir ancaq.*

 

Eşq atəşidir afəti canan edən cana,

Eşqin nəliyin oduna yanan bilir ancaq.

 

Məşuqunun hüsnündən alar zövqünü aşiq,

Çünki özünü ol hüsnə heyran bilir ancaq.

 

Hər kimə əzizdir cananın canı canından,

Ol kəs canını  canana qurban bilir ancaq.

 

Ay üzlü yarın çöhrəsidir nurunu saçan,

Ayın qədrini gecədə cahan bilir ancaq.

 

Nəsimi sözündən Anar, ilham alıb yazdın,

İlham pərin onu sözə sultan bilir ancaq.

________________________________

* Beyt  Nəsiminindir.

 

                         Sevdim
Sevdim səni, ey canımın cananı, elə sevdim,
Hər kim kimi mən sevmədim, ancaq belə sevdim.

 

Sevdim sənin gül hüsnünü bir ayrı həvəslə,
Heyran olub o qaş-gözə, zülfü telə sevdim.

 

Naz-qəmzənə dözdüm elə min bir cəfa ilə,
Əl vurmadan gül çöhrəyə, incə belə, sevdim.

 

Hərdən səni usandırıban xətrinə dəydim,
Amma yenə ümid edib dəstə gülə, sevdim.

 

Göz yaşına qərq olmuş ikən cümlə aşiqlər,
Mən nəşə içində, səni gülə-gülə sevdim.

 

Nə yaxşı ki, məskənimiz doğma Bakımızdır,
Düşmədən susuz səhraya, quru çölə, sevdim.

 

Sevdim səni mən eşq ilə İlahidən gəlmiş,
Sanma gözəlim, aldanıb fəndi-felə sevdim.

 

Anar, işıq tut sözlərinə, qoy hamı bilsin,
Yazdım ki, deyəm mən o gözəli elə sevdim.

 

                       Yandır məni

Yenə də kövrəldim, gülüm, sevgindən,
Yenə boğazıma qəhər yığıldı.
Dedin, yaxın gəlmə, məni sev gendən…
Elə o vaxtdan da evim yıxıldı.

Gözlərim önündə gözəl bənizin,
Onu axtarıram hayana baxsam.
Hüsnünə baxmağa vermədin izin,
Gözüm sənə dönür ha yana baxsam.

Sevgin öz sehrinə  bürüyüb məni,
Onun ağuşunda uyuyuram bax.
Onsuz yuxularda görürəm səni,
Nə qədər istərsən, yandır məni, yax.
 

                    Ona
Hüsnünə heyran olmuşam,
Hey baxdıqca baxam ona.
Tellərinə sığal çəkəm,
Çiçəkləri taxam ona.

Gözlərin – gözüm işığı,
Qoy alım özüm işığı.
Qıyma çox gəzim işığı,
Ya zülmətəm – yoxam ona?

Gül camalın amalımdır,
Bu ölümdür, ya qalımdır.
Qoyma deyim: Yar zalımdır.
Hardan keçdi yaxam ona..?

Həyat mənə sənlə gözəl
Onu bəzə, şənlə, gözəl.
Ömrün-günün mənlə, gözəl,
Keçsə, yağ-bal yaxam ona.

 
         Qırx beş yaşıma

Budur, qırx beş yaşım oldu,

Təbriklər daş-qaşım oldu,

Yüngülvari aşım oldu –

Ad günümü qeyd elədim.

 

Ömür çoxdan gedir sona,

Gündən ilə qona-qona.

Girib “İnsan” adlı dona,

İnsan olmaq hey dilədim.

 

Hərdən mağmınam, əfələm,

Hərdən qafiləm, cahiləm,

Amma, əslində səfiləm,

Yaşayıram hey çilədə.

 

Nə qədər qalıb, bilinmir,

İz qoydunsa, yox, silinmir.

Hər adama söz bil, enmir,

Enən söz də vəhy ilədir.

 

Yaxşı olan minnət qoymaz,

Ondan Dünya, Cənnət doymaz.

Yaxşılıqdan heç soyumaz,

Bəndə olan bax  belədir.

 

Xeyirsizsən – bil, ölüsən,

Susuz qoymusan çölü sən.

Get, özün götür beli sən,

Qaz qəbrin – ümid belədir.

 

Ömür gedir, ölüm gələ,

Can bu dünyadan dincələ.

Dünya özü böyük tələ,

Qurtuldunsa, bu əladır.

 

Yol

Yollardan gözüm yığışıb,

Nə düz görür, nə yoxuşu.

Onsuz da məni gözləyir

Yerin qəbirdən ağuşu.

 

Yazıldıqca sətir-sətir,

Əməl dəftərim də bitir.

Allahın gözü üstümdə,

Hesab soracaq birbəbir.

 

Fanilikdən ruh yorulur,

Qərarsızlıq çox zor olur.

Dünya da zindana dönüb

Dörd divar kimi dar olur.

 

Dünya gözəl görünsə də,

Zər-zibaya bürünsə də,

Məni özünə çağırır

Görünməzdən gələn səda.

 

Ruh gedir yolun Allaha,

Can ucuzdur, yolsa – baha.

Yolçu yolda gərək, deyir,

Vaxt yetişib, durma daha.

 

Həqiqət

Dünya bir pəncərədir, hər gələn baxar gedər,

Özünü min bir oda, atəşə yaxar gedər.

Ömrə xəzan yetişər, qış gələr, bahar gedər,

Pəncərəni bağlayın, heç kəs ordan baxmasın.

 

Baxan varsa, qoy baxsın sevgili yar hüsnünə,

Eşqilə alovlanıb, yetişsin ta vəslinə.

Qayıtsın öz ruhunun əvvəlinə, əslinə,

Olmasın nakam eşqi, gözündən yaş axmasın.

 

Dünya bir qonaq evi, qalıb qayıtmaq üçün,

Ana bətnindən gəlib, qəbirdə yatmaq üçün,

Bəlkə də son arzuya öləndə çatmaq üçün,

Bu yəqin həqiqətdir, qoy heç kəs darıxmasın.

 

Adam

Biri vardı, biri yox,
Olanlar çox az idi,
Həyat bəmbəyaz idi,
Ürəklər dərin idi,
Ağıllar dayaz idi.
Adamlar avam idi,
Amma ki, adam idi…

 

Dördlüklər

Qalanlar qaladadı,
Çəmənlər taladadı.
İnsanın iftixarı
Övladda, baladadı.

Dünya beşgünlük deyil,
Nə də heç şənlik deyil.
Varsa zövqü səfası,
Yenə də mənlik deyil.

Yada düşdü dünənlər,
Oda düşdü dinənlər.
Səadətə yön aldı
Haqqa doğru dönənlər.

Demə hər cür yalanı,
Düz get, dönmə dalanı.
Özünə iş açarsan,
Çağırarsan bəlanı.

Ay qadanı alım, gəl,
Var şəkərim, balım, gəl.
Onlar mənə kar etmir,
Gəl düzəlsin halım, gəl.

Göyün yeddi qatı var.
Bax gör harda çatı var?
Bunu dərk edənlərin
Həm sövmü salatıvar.

İçində eşq varsa, gəl,
Dünya sənə darsa, gəl.
Bəndədən danışmıram,
Allah sənə yarsa, gəl.

Yoxdusa heç nəyin, gəl,
Ya asta, ya yeyin gəl.
Boyan Haqqın rənginə,
Təqva libas geyin gəl.

Dağ başını duman alar,

Duman çəkilər, qar qalar.

Dünyadan küskün könlümü

Ancaq vəfalı yar alar.

 

Dağ başına çıxa bilməm,

Şimşək olub çaxa bilməm.

Şəhla gözlər mənə baxsa,

Mən onlara baxa bilməm.

 

Əzizim sənə yaxşı,

Söz deyim sənə yaxşı.

Sözüm xoşuna gəlsə,

Sən də de mənə “yaxşı”.

 

Yaşıl düzlər göz oxşayır,

Könlü lətif söz oxşayır,

Hərdən də səssiz-səmirsiz,

Gözəl çöhrə, üz oxşayır.

 

Səhər əsən nəsim gözəl,

Üzlərdə təbəssüm gözəl.

Bu dünyada yaşamağa

Sənsən tək həvəsim, gözəl.

 

Ürəklərdə arzu-dilək

Çin olacaq, biz nə bilək.

Amma yenə yaşayırıq,

Nə vaxtsa sevinək-gülək.