Hərbi hissələrdə intizam yaratmaq təşəbbüsü və ….

23 Baxış

Ağ zanbaqlar ölkəsiSenet.az Atatürkün oxuyub heyran qaldığı və dərhal ölkədəki məktəblərin, xüsusilə hərbi məktəblərin proqramına salınmasını əmr etdiyi “Ağ zanbaqlar ölkəsi” kitabından altıncı hissəni təqdim edir. 

Əsərdən ilk hissə- Atatürkün dərslik olmasını istədiyi kitab ilk dəfə Azərbaycan dilində

İkinci hissə- Tarixi kim yaradır? Qəhrəmanlar, yoxsa millət?

Üçüncü hissə- Suominin tarixi

Dördüncü hissə- Snellman

Beşinci hissə- Təlimçi məmurlar

Hərbi hissə-xalq məktəbi

Hələ İsveç hakimiyyəti dövründə finlərin öz konstitusiyası var idi. Həmin konstitusiyada qeyd olunan qanunlar çərçivəsində finlərin “seym” adlandırılan parlamentləri də mövcud idi. Özlərinə məxsus poçt qəbzləri və pul vahidləri var idi. Az sayda orduya da sahib idilər.

Finlər Rusiya hakimiyyəti altına keçəndən sonra bu idarəçilik üsulları və hüquqlarını qoruyub saxladılar. Ancaq isveçlərin hakimiyyəti dövründə dövlət qurumlarında idarəçilik isveç məmurlarının əlində idi. Finlər İsveç mədəniyyətinin inkişafı üçün canlı vasitələr sayılırdılar.

Suomi adlandırılan Finlandiya Rusiya hakimiyyəti altına keçdikdən sonra finlər bütün dövlət qurumlarında idarəçiliyi ələ keçirmək və ölkənin həqiqi sahibləri ola bilmək üçün mübarizəyə başladılar. Çalışmalara isə kiçik işlərdən başladılar. mərhələli olaraq olaraq ilk, orta və ali təhsil müəssisələrində İsveç müəllimlərinin yerinə Fin müəllimləri təyin edilirdi. Beləliklə də yavaş-yavaş finlərdən hakim, həkim və məmurlar yetişdirilirdi.

Kiçik Fin ordusu da milliləşməyə başladı. İsveç zamanında əsgərlərin hamısı finlərdən ibarət olurdu. Ancaq baş komandanlıq, baş qərargah və ümumilikdə orduda idarəçilik isveçlərin əlində idi. Rütbə sahiblərinin əsgərlərə qarşı rəftarı da isveç ordusunda olduğu kimi idi.

İsveçlər qəhrəman millətdir. İslahatlar zamanı Qustov Adolf və Böyük Pyotrun dövründə XII Karl İsveç ordusunun şöhrətini bütün Avropaya yaymışdı. Ancaq o zaman isveçlərin hərbisi aristokratların əlində idi. Ölkədə hərbçi ailələr arasında xüsusi imtiyazlı bir sinif meydana gəlmişdi. Bu sinfə daxil olanlar məmurlara, tacirlərə, ziyalılara və bütün xalqa yuxarıdan aşağı baxırdılar. Xalqın övladı olan əsgərlərə qarşı isə çətin, dözülməz sərt bir intizam sistemi tətbiq edilirdi.

Komandirlər təhsil, rəsmi tədbirlər və hərbi hissədəki həyatlarından başqa heç bir şeylə maraqlanmırdılar. İşdən sonrakı boş vaxtlarında isə içki içir, qumar oynayır və ya əyləncə məclislərində əylənərdilər. Əksəriyyətinin təhsili natamam idi. Məktəbdən sonra oxumağa, araşdırmalara, düşünməyə maraq göstərmirdilər. Heç bir ictimai və milli ideyaları yox idi. Yalnız məğrurluqla qılınclarını oynatmağı bacarırdılar. Şux formalar geyinən bu insanlar pul xərcləməkdən başqa heç nə bilmirdilər. Əyləncə məclislərində rəqsləri ilə hər kəsi üstələyirdilər. Çoxunun içki və qumardan başı açılmırdı. Əsgərlərə qarşı daim sərt və kobud davranırdılar. Öz dilləri ilə desək “hərbi öküzlər”ə alçaldıcı baxışlarla yuxarıdan aşağı baxırdılar.

Snellmanın rəhbərliyi ilə maarifləndirmə işlərini həyata keçirən gənc Fin ziyalıları orduya da lazımi dəstək verdilər. Xüsusilə də ordudakı əsgərlərin təlim və təhsili ilə maraqlanmağa başladılar. Bunun nəticəsində bilik və bacarıqları ilə fərqlənən şagirdlər, hətta universitet tələbələri belə təhsillərini başa vurduqdan sonra hərbi məktəblərə daxil olmağa, ordu sıralarına qoşulmağa başladılar. Beş-altı il, hətta on il davam edən hərbi xidmətləri ilə birlikdə öz elmi araşdırmalarını da davam etdirirdilər.

Snellman həm də bu gənclərin problemlərini və sıxıntılarını bilən ən yaxşı müəllim olmuşdu və onların hər cür problemlərini həll etməyə çalışırdı. Konfranslarda, həmçinin yazılarında davamlı olaraq bu düşüncələri paylaşırdı:

Ordu xalqın ən vacib, ən məsuliyyətli və ən nüfuzlu məktəbi ola bilər. Bir daha düşünün! Ölkənin hər tərəfindən, xüsusilə də ucqar bölgələrindən ən sağlam və inkişafa meyilli minlərlə insanı toplayırlar. Onları ailələrindən və işlərindən ayırırlar. Minlərlə insanı hərbi məntəqələrə toplayıb geyindirir, yedirir və içirirlər. Bütün ehtiyaclarını qarşılayırlar. Lakin əsgərlər hərbi xidmətlərini başa vurub yaşadıqları yerlərə geri qayıtdıqdan və öz əvvəlki işlərini davam etdirməyə başladıqdan sonra əsgərlikdə keçirdikləri zamanın bir faydasını görməyəcəklərsə bütün bu nemətlərin və çəkilən zəhmətin də bir xeyri olmayacaqdır.

Snellman daha sonra sözlərinə belə davam edir:

İlk baxışdan çox mədəni görünən millətlər belə hələ də sülh şəraitində dinc şəkildə yaşamaq üçün yüksək mədəni səviyyəyə gəlib çatmayıblar. İnsan yaranandan mövcud olan kin, intiqam və vəhşi davranışlar başqalarının haqlarına müdaxilə şəklində hələ də davam edir. İnsanlardan canlı qalalar yaradırmış kimi ordularını gücləndirənlər özlərini müdafiə etməyə çalışarkən dünya qalmaqallar, qanlı hadisələr səhnəsinə çevrilir. Şübhəsiz ki, əsgərlərini vətənin müdafiəsində sipər edən ordu dəyərlidir.

Sərhədləri qoruyan ordunun arxasında isə millətin əmin-amanlığı, xoşbəxtliyi və müstəqilliyi dayanır. Snellman ordu haqqında bu fikirləri söyləyirdi:

Ordu fədakar dini təriqət kimidir. Əsgər olmayan bizim kimi insanlar vətənin müdafiəsi üçün yaradılan bu canlı qala divarlarının əhəmiyyətini lazımi şəkildə təqdir edə bilmir. Bu divarların inşasında istifadə edilən hər kərpic, sərf edilən ən xırda xərc belə canlı insanlardır. Bu zərrələrdən hər biri bizi və bizim əmin-amanlığımızı qorumaq üçün lazım olarsa ölməyə belə hazırdır.

Yolda, hər hansı bir mağazada və ya parkda əsgərlərə rast gələndə hörmətlə salam verib, onlara “Əziz qardaşlarım siz hər zaman bizim əmin-amanlığımız üçün bu ağır vəzifəni icra edirsiniz. Allah köməyiniz olsun.”- demək istəyirəm.

 Xahiş edirəm düşünün! Hərbi məntəqələrdə hər bir əsgər sanki canlı almazlardır. Hər il minlərlər belə dəyərli varlıq bir yerə toplanır. Uzun müddət sonra yorulur, tükənir və çox şeylərini qurban verirlər. Müəyyən zaman istifadə edilən əsgərləri gəldikləri yerlərə küskün və üzəri cızılmış yararsız almazlar kimi göndərmək heç düzgün deyildir!

Bu sözlərdən sonra Snellmanın mənəvi tələbələri olan gənc Fin zabitləri cavab olaraq bunları söylədilər:

Bizim yeni ordumuz ruhən diri, vərdişləri və hərbi xidmətləri baxımından isə yeni olmalıdır. Ordumuz yeni bir ruha və ideyaya sahib olmuşdur. Əsgər xüsusi məntəqələrdə bəslənən inək deyil. Mənim kiçik və daha az təhsilli qardaşımdır. Ana vətən, övladını təlim və tərbiyə üçün hərbi xidmətə göndərərək bizə əmanət edib. Əsgərlər tərxis olunduqdan sonra ana vətən təbii ki, zabitlərdən, generallardan soruşacaq: “Baxaq görək, hansı övladımı necə yetişdirdiniz? Sizə təhvil verdiyimiz yüz minlərlə cavanlara nə öyrətdiniz, onlara hansı təhsili verdiniz? ”

Zabit əsgərin yalnız qardaşı deyil, onun sadəcə ağası deyil, eyni zamanda müəllimidir. Onun təhsil almasında məsuliyyət daşıyan şəxsdir. Zabit əsgərlərinə görə çox məsələlərdə məsuliyyət daşıyır: Əsgərin canı zabitə əmanətdir. Zabit onun sağlamlığına görə də məsuliyyət daşıyır. Əsgərin beyni də zabitin ixtiyarına verilir. Zehninin və fikirlərinin formalaşmağına görə məsuliyyət daşıyır. Əsgərin qəlbi də zabitin ixtiyarına verilir. O, əsgərləri güclü şəxsiyyət kimi formalaşdıracaq, onlara vicdanı təmiz olmağı, ədəb qaydalarını, insanlarla sağlam münasibətlər qurmağı öyrədəcək.

Yeni vəzifələr isə bu günədək daha ağır və çətin öhdəlikləri yerinə yetirən gənc Fin zabitlərini qorxutmurdu:

 Hər zaman- yalnız sülh şəraitində deyil, müharibə vaxtı da biz vətənimiz üçün faydalı olacağıq! Biz hərbi xidmətdə olarkən də vətənimizə yararlı ola bilərik. Əsgərlərin təhsil alması və onlarla əlaqədar gördüyümüz digər işlərin ölkəmiz üçün faydası olacaq.

 Bu günə qədər Finlandiya xalqı hərbi xidmətdən nifrətlə danışırdı. Əvvəllər kobudluq, tərbiyəsizlik, dava-dalaş və qarışıqlıq olan yerlərdə hər kəs:

“Cənablar, bura hərbi xidmətdir?”

“Sanki hərbi hissənin havası var!”

“Onun əxlaqını hərbi xidmət pozub!” –deyirdi.

Gənc Fin zabitləri artıq bu sözlərdən inciyir və eşitmək istəmirdilər. “Yeni dövrün hərbi xidməti başqa bir hərbi xidmət olacaq!” -deyə and içmişdilər.

Biz hərbi xidməti bir xalq məktəbinə çevirəcəyik. Hətta bir universitet formasına çevirəcəyik. Qoy hər bir əsgər hərbidə keçirdiyi günləri həyatı boyu sevgi ilə xatırlasın və hər zaman tərifləsin; hərbi xidmətdə öyrəndiklərini həyatında müvəffəqiyyətlə tətbiq etməkdən qürur duysun. Hərbi xidməti elə bir məqama yüksəltməliyik ki, artıq xalqımız alçaldıcı ifadələr əvəzinə:

“Xeyirli olsun, onu hərbi xidmət islah edib.”

“O təhsilini hərbi xidmətdə alıb.”

“Əsgərlik vaxtı dürüst, çevik, çalışqan və kübar olmağı öyrəndi”- desin və bu sözlərin hər biri atalar sözlərinə çevrilsin.

Hərbidə nizam-intizam qaydaları və hərbi xidmətin məqsədləri belə aydın şəkildə ortaya qoyulduqdan sonra gənc Fin zabitləri bu məqsədə çatmaq üçün təcili yollar axtarmağa, ən yaxşı üsulları tətbiq etməyə başladılar.

Bundan sonra zabitlər əsgərlərə qarşı münasibətlərini, onlarla rəftar tərzini diqqətlə nəzərdən keçirdilər və əsgərlərlə əvvəlki davranış qaydalarını dəyişdirdilər.

İsveç əsarəti altında olarkən hərbi hissələrdə vəziyyət çox acınacaqlı idi, orada yaşamaq mümkün deyildi. Çirkabdan havası daim ağır olurdu. Əsgərlərin hərbi geyimləri köhnəlmişdi. Köhnə və iylənmiş yeməklərdən əsgərlər zəhərlənir,  yeməyənlər isə ac qalırdılar. Rütbə sıralaması ilə kiçik çavuşlar, çavuşlar, leytenantlar digər əsgərlərin yeməklərinin və soyuqdan qorunmaq üçün verilən vəsaitlərin (ədyal, əsgər paltosu və s.) bir hissəsini özləri mənimsəyirdilər. Əsgərlərə dəyər verilmir, yuxarıdan aşağı baxılırdı. Hərbi hissələrdə ən ağır ifadələrin işlədilməsi belə gündəlik danışıq tərzinə çevrilmişdi.

Amma artıq hər şey kökündən dəyişmişdi. Hərbi məntəqələr təmizlənmiş, divarlar boyanmış, bağçalara güllər əkilmiş,  pəncərələrə və divarlara dibçəklər qoyulmuş, pəncərələrdən pərdələr asılmış, giriş hissələrə ayaqaltılar sərilmişdi. Əsgərlər də hər səhər yuyunaraq günə başlayırdılar.

Ətraf ərazinin və gigiyenik təmizlikləri ilə yanaşı mənəvi təmizliyə, əxlaqi təmizliyə də xüsusi diqqət yetirilirdi.

İsveç hakimiyyəti dövründə xalq arasında istifadə edilən ifadələr əsgərlərin necə təhqir olunmasının ən bariz göstəriciləri idi:

İsveçli kimi özünü itirmiş sərxoş!

İsveç əsgəri kimi söyüş söyür!

Əvvəllər əsgərlər daim sərxoş olur, ağıza alınmayacaq söyüşlər söyürdülər. Əsgərlər, zabitlər, hətta generallar belə bir-birilərinə söyürdülər. Qarşılarındakını sevərkən də, məzəmmət edərkən də söyüşlərdən istifadə edirdilər. İşlədilən bütün ifadələrin hamısı da çox iyrənc olurdu. Heç çəkinmədən ata-anaya, dinə-imana, günəşə-aya, göy üzünə və təbiətə- ağıllarına gələn hər şeyə qarşı nalayiq ifadələr işlədirdilər.

Gənc Fin zabitləri hərbi hissələrə təmizlik vasitələri gətirdilər, əsgərlər yeməkdən əvvəl və sonra sabundan istifadə etməyə başladılar. Təmiz məhrəbalar və əsgərlərin hər birinə bir diş fırçası və pastası paylayaraq şəxsi gigiyenaya diqqət etməyi öyrətdilər.

Diş təmizliyindən sonra dil təmizliyini, söyüşsüz və düzgün danışmağı öyrətdilər. Zabitlərin özləri də nalayiq ifadələr işlətmir və söyüş söymürdülər. Əvvəllər əsgərlərlə kobud və sərt davranırdılar, artıq belə hərəkətlərə icazə verilmir. Amma heç bir təhqirə yol vermədən, nalayiq ifadələr işlətmədən, kobud davranmadan ən sərt intizam formalaşdıra bildilər.

Əvvəllər yalnız əsgərlər deyil, zabitlər və cəmiyyətin xüsusi seçilmiş ailələrinin nümayəndələri belə adi dava-dalaşı, bir-birinə çığırıb-bağırmağı igidlik sayır və bunları hərbidə əvəzolunmaz hesab edirdilər. İnsanlar müxtəlif söyüşlər bilmələri ilə öyünürdülər.

Hərbi xidməti tamamilə fərqli bir vəziyyətə gətirməyə nail olan gənc Fin zabitləri belə deyirdilər:

Hərbi xidmət bizim ailə ocağımızdır. Ora bizim ibadət yerimizdir. Din xadimi üçün məbəd, müəllim üçün məktəb nə deməkdirsə, hərbi hissələr də bizim üçün o deməkdir. Biz burada xanımlar arasında olduğumuz zaman davrandığımızdan daha ədəbli və tərbiyəli olmaq məcburiyyətindəyik.

Zabitlərin davranışları və söylədikləri əsgərlərə bunları təlqin edirdi:

Hərbi hissələri sərxoşların toplandığı kef məclislərinə və ya söyüş məkanına çevirməyin. Yerə tüpürməyin. Döşəmələri çirkləndirməyin. Nalayiq sözlər işlədərək hərbi hissədəki təmiz ab-havanı korlamayın. Dilinizi təmiz saxlayın, dostlarınızın qulaqlarını kirlətməyin. Kobud söyüşlərlə danışmaq, itlərin hürməsindən də pisdir. Söyüş söymək mədəniyyətsizliyin göstəricisidir. Əgər igidlik göstərmək istəyirsinizsə, bunun üçün daha əsaslı yollar seçin.

İdman edin, uzun məsafəyə üzməyi, ustalıqla güləşməyi, hündürlükdən tullanmağı öyrənin. Yığıncaqlarda və tədbirlərdə nəzakətli olmağı öyrənin. Faydalı kitablar oxuyun. Oxuduqlarınızı və dinlədiklərinizi yaxşı başa düşməyə çalışın.

Beləliklə gənc zabitlərin hər biri ayrılıqda bir müəllim oldu. Əsgərlərin təlimlərinə nə qədər çox vaxt sərf olunsa da, zabitlər əsgərləri tərbiyə etmək üçün hər gün 1-2 saat vaxt ayıra bilirdilər. Zabitlər əsgərlər üçün xüsusi oyunlar, əyləncələr, tamaşalar və ümumi oxu gecələri təşkil edirdilər. Onlarla söhbətlər aparıldığı kimi, müxtəlif millətlərə aid hekayələr və məşhur qəhrəmanların igidliklərindən bəhs edən kitablar oxutdururdular.

Müəyyən göstərici avadanlıqlar vasitəsilə vətən tarixi və digər millətlərin tarixinə aid sxemlər, xəritələr, mənzərələr göstərərək ümumi mədəniyyətlər haqqında məlumatlar verirdilər.

Bundan başqa hərbi xidməti bitirib tərxis olanlarla vətənə bundan sonra necə xidmət edəcəkləri ilə bağlı tez-tez təlimatlar verir, bu məqsədlə yazılmış kitablar oxutdururdular. Zabitlər bunları deyirdilər:

Gəldiyiniz yerlərdə insanlar göstəbəklər kimi yaşayırlar. Onlar insanların əslində necə yaşamalı olduqlarını nə görüblər, nə duyublar, nə də kitablardan oxuyublar. Siz də elə idiniz. O göstəbəklərin yanına gedib yenidən onlar kimi yer altında yaşamağa davam etsəniz, heyflər olsun! Siz ora yeni həyatın müjdəçiləri kimi gedin! O ucqar yerlərdə yaşayan insanların ruhlarını oyandırın. Oralarda yeni ordu yaradın. Bu ordu sülh, hüzur, bəşəriyyətin xoşbəxtliyi üçün çalışan bir ordu olsun.

Müxtəlif ordularda igidlikləri ilə önə çıxmış qəhrəmanlardan ibarət dəstələr var. Onlar özlərinə “ölüm dəstəsi” adını veriblər. Başqaları da onlara elə deyir. Onlar lazım olarsa tək bir əsgər qalana qədər ölməyə and içiblər. Onlar qəhrəmanlardır.

Vətən üçün yaşamaq, ölkənin inkişafı və yüksəlməsi üçün çalışmaq da onun yolunda ölmək qədər şərəflidir!

Torpağı necə becərir, buğdanı necə əkib-biçirsiniz?

Heyvanlardan və meşələrdən necə faydalanırsınız?

Kişilər həyat yoldaşları ilə necə rəftar edirlər? Analar və atalar uşaqlarını necə tərbiyə edir?

İndi isə gəlin birlikdə həyat şəraitlərini yüksək səviyyədə quran cəmiyyətlərə nəzər salaq:

Niyə hamı ingilis parçalarını, Bohemya billurunu, Çexoslavakiyanın şüşə məmulatlarını, Felemenk (Hollandiya) balıq konservlərini, İrlandiya qoyunlarını, Fransa şərablarını, Danimarkanın kərə yağını, Bruxelles (Brüssel) krujevalarını, Rusiya kürklərini, İsveç kartonlarını və kibritlərini almağa üstünlük verir?

Çünki həmin məhsullar o ölkələrdə daha yaxşı və keyfiyyətli istehsal edilir. Siz də bizim ölkəmizdə belə keyfiyyətli məhsullar istehsal edə bilmək üçün çalışın!

Bütün bunları kim edəcək? Kəndlərinizdəki kor qardaşlarınızın və valideynlərinizin gözlərini kim açacaq? Bataqlıq və meşələrin ən ucqar keçilməz məntəqələrinə qədər getməyə kimin cəsarəti çatacaq?

Əsgərlərinə bu xəbərdaredici və məlumatlandırıcı sualları ünvanlayan müəllim zabitlər cavabları yenə özləri verirdilər:

Siz! Ən əvvəl siz edəcəksiniz. Məhz onda ailələriniz, kəndləriniz uzun illərinizi vətən üçün hərbi xidmətdə keçirdiyinizə görə heç nə itirməyəcəklər, əksinə qazanacaqlar. Onlardan aldıqlarınızın qat-qat artığını geri qaytarmış olacaqsınız. Siz hərbi xidmətə xam bir maddə kimi gəldiniz. İndi isə cilalanmış bir almaz kimi və möcüzələr yaradan bir sehrbaz kimi yaşadığınız yerlərə geri qayıdırsınız.

Təbiətin belə bolluq və bərəkət kimi nemətləri əsirgədiyi Finlandiya torpaqlarında gənc Fin zabitləri böyük mədəni bir gücə çevrilirdilər. Böyük bir fabrikin məhsulu kimi ölkə üçün ağıllı, güclü, canlı insanlar yetişdirilirdi.

Əsgərlər artıq daha təcrübəli, qocaman dostlarının hörmətini saxlayır və onları sevirdilər. Hərbi xidmətləri boyu onları incitməkdən, hər hansı bir şəkildə qəlblərinə dəyməkdən çəkinirdilər. Daha zəif və səhlənkar dostlarının davranışlarını isə daim nəzarət altında saxlayırdılar.

Tərxis olunduqdan sonra isə çox vaxt zabitləri ilə məktublaşırdılar. Əsgərlikdə keçirdikləri günləri xüsusi minnətdarlıq hissi ilə xatırlayır, həyata artıq yeni gözlə və daha canlı baxmağa başladıqlarını dilə gətirirdilər.

Ölkənin inkişafı ilə bağlı düşüncə və xəyallarını zabitlərinə söyləyir, onlardan nə etmək lazım olduğunu soruşurdular. Əsgərlər bəzi kitabların gətirilməsini xahiş edir, müxtəlif qəzet və jurnallara abunə olmaq istəyirdilər.

Ən kiçik yaşayış yerlərindəki daxmalaradək ölkənin hər yeri ilə hərbi hissələr arasında səmimi bir əlaqə qurulmuşdu. Hamılıqla, uşaqdan-böyüyə hər kəs bir olub ölkənin inkişafı və yüksək mədəni səviyyəyə çatması üçün təşkilatlar yaradırdılar.

Hərbi xidmət artıq ölkə üçün bir faciə deyildi, artıq onun fəaliyyəti təqdir edilirdi. Artıq valideyinlər, çətin tərbiyə edilən uşaqlarına bu sözləri deyirdilər:

Əsgərlik yaşın gəlib, hərbi xidmətə getsən yaxşı olar. Bəlkə hərbi mühit sənin şəxsiyyət kimi formalaşmağına kömək edər!

Ətrafdakılar da bu fikirlər razılaşırdılar:

Əlbəttə islah edər. Belə tənbəllərin öhdəsindən ancaq əsgərlik gəlir. Görürsüz, Peko Yüksen, Rudi Atonen orduda necə formalaşdılar. Halbuki əvvəllər onları yollarını azmış insanlar hesab edirdilər. İnşallah sizin övladlarınız da onlar kimi hərbi xidmət sayəsində formalaşarlar. Artıq bilirik ki, əsgərlik bizim uşaqlarımızı bizdən daha yaxşı tərbiyə edə bilir.

Yaşlılar da təsdiqləyirdilər:

Bəli, əvvəlləri də görmüşük. Çox faciəli bir həyat yaşayırmışıq. Şükürlər olsun ki, indi gənclər həyatı daha gözəl və daha yaxşı qura bilirlər.

Bu şəkildə hərbi hissələr də bilik və əxlaqi nöqteyi-nəzərdən xeyli inkişaf etmişdi. Yaxşı maya xəmiri qıcqırtdığı kimi, hərbi xidmət də millətin bilik və əxlaqının formalaşmasında xüsusi əhəmiyyət kəsb etməyə başlamışdı.

Türkcədən Azərbaycan dilinə uyğunlaşdıran- Gülşən Aslanova