Həyəcan çatışmır

148 Baxış

zaur xudiyevSənət.az “Məşhur oxucu” layihəsində ilk müsahibəsini təqdim edir. İlk müsahibimiz isə jurnalist Zaur Xudiyevdir. O, özünü “dəhşət çox mütaliəli” hesab etməsə də, çox maraqlı söhbətimiz alınıb və oxuduğu kitablar haqqında dedikləri onun heç də az mütaliəli olmadığının göstəricisidir. Bu günki ədəbiyyatımızdakı bəzi məqamlarla bağlı müsahibimizin fikirlərini də öyrənə bildik. “Müəllif satışdan xeyir götürə bilmir. Oxucu oturub həsrətlə hansısa müəllifin yeni kitabını gözləmir. Bir sözlə, həyəcan çatmır.” -deyən jurnalist səbəblərə gəldikdə, “Müəlliflərimizin yaxşı yaza bilməməsindən tutmuş, oxucuların laqeydliyinə qədər çoxlu səbəblər”in olduğunu düşünür. “…ciddi potensialı, istedadı olan bir müəllif bu potensialını 30-40 manat qonorar üçün köşə yazmağa xərcləyir.” -Bu sözlər isə bugünkü yazarların işinə mane olan səbəblər sırasında qeyd edilib. Zaur Xudiyevin bu və digər fikirləri ilə daha ətraflı şəkildə elə müsahibəsində tanış ola bilərsiniz.

İndi kimi oxuyursunuz?

- Hazırda Şərif Ağayarın sonuncu – “Gülüstan” romanını oxuyuram. Əslində kitabı çoxdan çantama qoymuşam, ancaq arada müəyyən işlər oldu, oxuma tempim çox aşağı düşdü. Olur məndə belə hallar. Bir neçə həftə, bəzən bir ay heç bir kitabı oxuya bilmirəm. Səbrim çatmır. Belə hallarda daha çox xırda hekayələr, internet dərgilərdə maraqlı nələrsə olanda oxuyuram. Ancaq deyim ki, hazırda növbəti belə böhranı arxada qoymuşam, artıq həvəslə oxumağa davam edirəm.

 Ümumiyyətlə, milli ədəbiyyatımıza üstünlük verirsiniz, ya xarici?

- Ciddi fərq qoymuram. Mən dəb xatirinə, filankəs bunu oxuyub, mən də mütləq oxumalıyam deyə hansısa, müəllifi, əsəri oxumuram. Bəribaşdan deyim ki, özümü dəhşət çox mütaliəli, çox kitab oxumuş hesab etmirəm. Çox olub ki, dostlar mənə irad bildiriblər ki, məsələn, sən hələ filan romanı oxumamaısan? Tarixi romanlara xüsusi marağım var. Həm xarici, həm də yerli əsərləri qarşıma çıxdıqca, marağımı çəkdikcə oxuyuram.

“Gülüstan”dan qabaq amerikalı yazıçı Ceyms Boçertin “Xaşxaşilər” – Ələmut fədailərinə həsr olunmuş 5 cildlik roman seriyasını bitirdim. Ümumiyyətlə, tarixi mövzular daha çox diqqətimi çəkir. Müəllifin xarici və ya yerli olması isə o qədər də fərq etmir.

 Sizcə bu gün fəaliyyət göstərən ədəbi mətbuat ədəbiyyatı ifadə edə bilirmi?

- Məncə bu barədə birmənalı şəkildə fikir bildirmək mümkün deyil. Çünki mən ədəbi mətbuatı tam olaraq izləyə bilmirəm. “Ədəbiyyat” qəzetini almıram, “Ulduz” jurnalı təsadüfən qarşıma çıxsa, alıram. “Azərbaycan” ümumiyyətlə, çıxırmı bilmirəm. Alternativ mətbu orqanlarından “Yazı” dərgisini daimi olmasa da, oxumağa çalışıram. Ən azından internet üzərindən. İnternet dərgiləri isə davamlı izləyirəm. Kulis.az saytının daimi oxucusuyam,  kult.az bağlanana qədər izləyirdim, sizin dərgi əvvəl maraqlı idi, oxuyurdum, indi nəsə passivlik var.

Hə, indi gələk sualın məğzinə, mətbuat ədəbiyyatı ifadə edirmi? Oxuduğum qədər deyə bilərəm ki, ciddi qütbləşmə var. Azərbaycan ədəbiyyatının bir-birindən xəbərsiz iki fərqli qütbü var. Bunlardan biri AYB qrupudur, digəri isə o vaxtkı AYO-nun bazasında formalaşmış, sonradan yeni və gənc müəlliflərin də qoşulması ilə yaranmış alternativ qrup. Mənə elə gəlir ki, ikincilər daha aktivdilər və daha səmərəli işlər görürlər. Təbii ki, bunu deməklə digərlərinə haqsızlıq da etmək istmirəm. Ancaq mənim baxdığım rakursdan baxanda belə görünür.

Mətbuatdakı bugünkü qütbləşməni necə xarakterizə edərdiniz?

- Əvvəlki sualda buna toxundum. Məncə, bu normal haldı. Qütbləşmə deməyək, adekvat, qarşı fikir deyək buna. Hansı daha çox faydalıdı, ədəbi proseslərə hansı daha çox xeyir verir, bunu deyə bilməyəcəm. Çünki o mətbəxin içində deyiləm. Kənardan gördüklərimi də az öncə qeyd etdim.

 Deyirlər imkansızlıq ədəbiyyatçıları məddahlığa sövq edir. Bu fikrə münasibətiniz necədir?

- Razılaşmıram. Məddah elə məddahdı. Bunun fiziki, maddi ehtiyaclarla əlaqəsi yoxdu.

Müasir ədəbiyyatımızda yaltaq, məddah olmayıb milli ideologiyaya xidmət edən yazarlardan kimin adını çəkərdiniz?

- Çox təxribatçı sualdı. Mən indi durub burda 3, 5, 7 və ya 10 adamın adını çəksəm, kimisə deməsəm, həmin adamı məddahlıqda ittiham etmiş olacam. Elə deyil? Ümumiyyətlə, kiminsə psixologiyasını bilmədən, tanımadan heç kimi məddahlıqda ittiham etməyin düzgün olmadığını düşünürəm. Biz əlimizə oraq alıb hər kəsi sən xainsən, sən yaltaqsan, sən əclafsan deyə “biçə” bilmərik. Uzaqbaşı, bizim kiməsə sən yaxşı yazmırsan, sən yazdığını bəyənmədim demək haqqımız var. O da subyektiv fikir olaraq.

Sizcə ədəbiyyatımızın, yazıçılarımızın fəaliyyətində nə çatışmır?

- Azərbaycanda ədəbi hadisə yoxdu. Çatışmayan budu. Bizdə kiminsə yazdığı yeni roman, hekayə və ya digər əsər ajiotaj yaratmır. Kitab təqdimatı olur, 15-20 nəfər dost-tanış yığışır. Kitab dərc olunur, maksimum 500-1000 tiraj. Müəllif satışdan xeyir götürə bilmir. Oxucu oturub həsrətlə hansısa müəllifin yeni kitabını gözləmir. Bir sözlə, həyəcan çatmır.

Bunun səbəbi nədir? Bu isə başqa söhbətin mövzusudu. Müəlliflərimizin yaxşı yaza bilməməsindən tutmuş, oxucuların laqeydliyinə qədər çoxlu səbəblər saymaq olar.

Bir zaman 60-cılar deyə bir termin məşhur idi, sizcə 30-40 ildən sonra geri baxanda 2010-2015-ci illər ədəbiyyatına nə ad verəcəklər?

- Altımışıncılar çox unikal nəsildi. Onlar üçün yazıb-yaratmağa hər cür şərait yaradılmışdı. Çox güclü yazıçılar çıxdı o nəsildən. Bu günkü Azərbaycan dilini formalaşdıran, yaradan müəlliflər Əkrəm Əylisli, Anar, İsa Hüseynov, İsmayıl Şıxlı, Fərman Kərimzadə kimi yazıçılar o dövrdə yazıb-yaratmağa başladılar. Ədəbiyyatın qızıl dövrü demək olar, mənim fikrimcə.

40 il sonra 2010-2015-ün necə görünəcəyinə gəlincə, məncə, az da olsa, gələcək nəsillərə ötürüləcək nələrsə, hansısa ədəbi nümunələr olacaq. Məsələn, Şərif Ağayar, Aqşin Yenisey kimi müəlliflər 40 il sonra da xatırlanacaq deyə düşünürəm. Ola bilər ki, hazırda bizim müasirimiz olan hansısa yazar sadəcə bir hekayə ilə illərlə yaddaşlarda yaşasın, ancaq o da mümkündü ki, onlarla kitabı çıxmış adamdan 5 il sonra əsər-əlamət qalmasın.

Adicə bir misal çəkim, itmiş nəsil deyilən bir nəsil var Azərbaycan ədəbiyyatında – 80-cilər. Çox istedadlı müəlliflər olub ki, layiq olduqları dəyəri vaxtında ala bilməyiblər. Buna bir az da 90-lardakı qarışıq dövr səbəb oldu. Etimad Başkeçid, Murad Köhnəqala, Nəriman Əbülrəhmanlı, Əlisəmid Kür və digər istedadlı müəlliflər var idi ki, bunlar öz layiqli dəyərlərini ancaq 2000-ci illərdə ala bildilər. Əgər tam olaraq ala biliblərsə. Ona görə də düşünürəm ki, bu gün oturub 30 il sonra kim qalacaq, nə qalacaq deyə fikirləşmək boşuna yorulmaqdı.

Həm də gəlin etiraf edək ki, yaradıcılıq şərtləri, şəraiti tamam fərqlidi. Əgər o dövrdə yazıçının sosial qayğısı, məişət problemi yox idisə, ancaq yazmaq haqqında düşünürdüsə, bu günün müəllifləri həm işləməli, məişət problemlərini həll etməlidirlər, həm də yazmalıdılar. Düşünün ciddi potensialı, istedadı olan bir müəllif bu potensialını 30-40 manat qonorar üçün köşə yazmağa xərcləyir. Yaşamaq üçün minimumları əldə etmək cəhdləri ciddi əsər yaratmağa mane olan əsas səbəblərdən bəlkə də birincisidi. Ona görə də o dövrlə bu dövrü müqayisə etməyin tərəfdar deyiləm.

Bir ədəbiyyatçı olsaydınız kimi sərt tənqid edərdiniz? Müasir ədəbiyyatımızdan.

- Ümumiyyətlə, müasir ədəbiyyatımızda tənqid edilməyəcək müəllif tanımıram. Ədəbi tənqidçi olsaydım, kimisə “baltalamaz”dım, ancaq heç kim haqqında da fikirlərimi deməkdən çəkinməzdim.

 Son beş ildə çap olunan hansı əsərləri oxuculara məsləhət görərdiniz?

- Məsləhət bir az naqolay sözdü. Kiməsə kitab məsləhət görəcək adam mən deyiləm. Ancaq bir neçə müəllif adı çəkə bilərəm. Nəriman Əbdülrəhmanlının “Yolçu”, “Könül elçisi”, “Qurban” romanlarını oxumuşam, mənim üçün çox maraqlı idi. Tarixi romanları sevən adamlar oxuya bilərlər.

Şərif Ağayarın “Haramı” romanı çox xoşuma gəlib.

Seymur Baycanın “Quqark” romanı bir az səliqəsiz yazılıb, mənim fikrimcə, ancaq mövzu olaraq bəyənmişdim.

Dilqəm Əhmədin məqalələrdən ibarət “Sonuncu dahi” və”Fərqlilər” kitabı tarixi mövzularla maraqlananlar üçün çox qiymətli ola bilər.

İlqar Fəhminin “Bakı haqqında kollaj”ı, Aqşin Yeniseyin müxtəlif vaxtlarda çıxmış şeir kitabları, Kəramət Böyükçölün “Çöl” romanını da misal çəkmək olar.

Qanturalının “9 hekayə”sində yaxşı hekayələr toplanıb. Mirmehdi Ağaoğlunun hekayələrini çox bəyənirəm, onun da hekayələrdən ibarət “Alman malı” kitabı çapdan çıxıb, təzəlikcə.

Bilirsiniz, kiməsə nəyisə təklif etmək bir az da riskli işdi. Zövqlər müxtəlifdi, mənim xoşuma gələn, kiminsə xoşuna gəlməyə də bilər. Ona görə, məncə daha uzatmayaq.