H.Baykara yaradıcılığında Azərbaycan Milli İstiqlalının əksi – Faiq Ələkbərli

38 Baxış

Без названия

XX əsrin əvvəllərində Şimali Azərbaycanda ictimai-fəlsəfi fikrin milli-demokratik yönü birmənalı şəkildə türkçülük (Türk birliyi), islamçılıq (İslam birliyi), qərbçilik (Qərb mədəniyyətini mənimsəmək, ya da müasirləşmək/yeniləşmək) və istiqlalçılıq (müstəqil Azərbaycan) ideyaları ilə bağlı olmuşdu. Burada başlıca məqsəd milli və dini məsələlərin əsas prinsiplərindən kənara çıxmamaq şərti ilə Qərbin müsbət demokratik dəyərlərini də təbliğ etmək idi. Deməli, bu dövrdə milli-demokratik cərəyan Azərbaycan milli ictimai-fəlsəfi fikrində önəmli yer tutmuşdur.

Bu dövrdə Azərbaycan türk aydınlarının böyük əksəriyyəti (Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan Topçubaşov, Nəsib bəy Yusifbəyli və b.) milli fəlsəfi dünyagörüşlərində əsas üstünlüyü milli-dini xüsusiyyətlərə və liberal-demokratik dəyərlərə vermişlər. Bu aydınlar dövrünün tələblərini və ideyalarını da nəzərə almaqla milli və dini dəyərlərə sadiq qaldılar. Onlar Azərbaycan Türk millətinin fəlsəfi, mədəni və dini dünyagörüşü əsasında yeni ideyalar irəli sürdülər. Bu ideyalar idealist dünyagörüşündən əsasən kənara çıxmamış və milli fəlsəfi fikir zəminində təşəkkül tapmışdır. Məhz bu aydınların irəli sürdüyü ideyalar nəticəsində Azərbaycan çar Rusiyasının müstəmləkəsindən qurtularaq azad və müstəqil bir dövlətə çevrilmişdi. Belə ki ilk rüşeymləri XIX əsrin ikinci yarısında qoyulan və XX əsrin əvvəllərində sistemləşən milli azadlıq ideyası Azərbaycan Cümhuriyyətinin yaranması (1918) ilə nəticələndi. Ölkənin siyasi-ideoloji mənzərəsinin dəyişməsində  I (1905) və II (1917) Rusiya inqilabları çox mühüm rol oynadı. Şübhəsiz ki, bu inqilablar dövründə xalq arasından milli liderlərin, ideoloqların xalqı öz arxalarınca aparmaları müstəsna yerə malikdir. Məhz onların sayəsində yeni dövrdə Azərbaycanda milli ideologiyanın təməl prinsipləri müəyyənləşdirildi. Azərbaycanın siyasi azadlığı milli muxtariyyətdən milli istiqlala qədər çox mühüm bir mərhələ keçmiş oldu. Ən əsası odur ki, “tarixi-coğrafi Azərbaycan” deyimini, müstəqil və milli Azərbaycan anlayışı əvəz etdi. Milli istiqlalın birmənalı şəkildə ideoloqu olan M.Ə.Rəsulzadə Azərbaycan türkçülüyü ideyasını Azərbaycan milli ideologiyasına qədər yüksəldə bilmişdi.

Hüseyn Baykara Azərbaycanda yeniləşmə hərəkatı haqqında

Azərbaycan Türk aydını Hüseyn Baykaranın yaradıcılığında 19-cu əsrdən başlayaraq Azərbaycan xalqının yeni bir dövrə qədəm qoyması, çar Rusiyası tərəfindən qəsb edilmiş azadlığın yenidən qazanılması məsələləri xüsusi yer tutmuşdur. O, “Azərbaycanda yeniləşmə hərəkatları. XIX yüzil” və “Azərbaycan istiqlal mübarizəsi tarixi” kitablarında bu məsələlərə geniş yer vermişdir. “Azərbaycanda yeniləşmə hərəkatları. XIX yüzil” əsərində Baykara göstərməyə çalışmışdır ki, Azərbaycan xalqı hansı şərait və mühitdə yeniləşmənin zəruriliyini dərk etmişdir. O yazırdı: “Millətlərin həyatında  hər dövr, hər çağ bir neçə yüz ili əhatə edir. Bu çağların dönüm illəri də olduqca uzun müddətdə  inkişaf edir və yetkinləşir. Azərbaycan tarixində yeniləşmə hərəkatının əvvəlcə ziyalıların fikir dünyasında doğması və fikirlərin həqiqi xalq həyatına keçirilməsi, yəni Qərb anlamında renessans, reformasiya çağları ondan sonra bu çağların üstündə qurulan hüriyyət, azadlıq mübarizəsi dövrü əsrdən  çox bir müddəti əhatə etmişdir. Millətlərin oyanış, renessans çağında o millətin içindən yetişən ziyalı rəhbər şəxslərə görə, əvvəlcə  mənsub olduğu millətin kimliyi və keçmiş zamanlardakı vəziyyəti araşdırılır, incələnir sonra geri qalmış və bu geriliyin səbəbi ilə yabançı imperialist millətin əsarəti altına düşmüş olan xalqa onun kimliyi tanıdılır. Beləliklə, müstəmləkədə olan xalq öz mənliyini öyrənir, keçmiş zamanlarda atalarının əsarət altında yaşamadıqlarını və sözün əsil mənasında müstəqil, azad yaşadıqlarını, müstəqil dövlət qurduqlarını anlayır. Nəticədə millətin şüuru oyanır, azadlıq mübarizəsinə başlayır”.

Onun fikrincə, şimali Azərbaycan xalqında da milli oyanış, yeniləşmə hərəkatı A.A.Bakıxanov və Mirzə Kazım bəylə başlamış, M.F.Axundzadə və H.B.Zərdabinin timsalında yüksələn xətlə davam etmişdir. Çünki ilk dəfə A.A.Bakıxanov  və Mirzə Kazım bəy müsəlman xalqlarının tənəzzül etməsini daha aydın şəkildə görmüş, hər ikisi tarixi əsərlər yazmışlar.  Baykaraya görə, Mirzə Kazım bəy ilk olaraq “Dərbəndnamə”, Bakıxanov daha sonra “Gülüstani-İrəm” tarixi əsəri ilə Azərbaycan və Qafqazda milli vətənpərvərliyi yenidən gündəmə gətirmişlər. Burada Baykaranın Mirzə Kazım bəyin türk-tatar qrammatikasını yazmasını yüksək qiymətləndirərək ilk Azərbaycan Türk vətənsevəri kimi qiymətləndirməsi də diqqəti çəkir: “Mirzə Kazım bəyin bu incələmələri, türk-tatar qrammatikasını yazması və o dövrdə rus çar hökumətinə verdiyi raportda rus idarəsi altında olan bütün türklərin başa düşə biləcəkləri türk dili yaradılması fikrini təklif etməsi ilə onu ilk Azərbaycan Türk vətənsevəri saysaq, elə bilirəm ki, yanılmarıq”. Bizcə, Mirzə Kazım bəyin məqsədi “rus idarəsi altında olan bütün türklərin başa düşə biləcəkləri Türk dili yaradılması” deyildi. Mirzə Kazım bəy yalnız Qafqazdakı, özəlliklə Azərbaycan türklərinin dilini formalaşdırmağa çalışmış, “Azərbaycan ləhcəsi”ndən bəhs etmişdir. Bu işə isə Mirzə Kazım bəyi çar Rusiyasının ideoloqları cəlb etmişdilər.

Ancaq H.Baykaranın o fikriylə razılaşırıq  ki, çar Rusiyasının Bakıxanovun “Gülüstani-irəm” adlı tarixi əsərini çap etməməsi məhz onun milli ruhu ilə bağlı ol­muş­dur. Çünki çar Rusiyası onun əsərin nəşr olunmasına razılıq verməməklə Qafqaz xalqlarının şanlı keçmişlərini öyrənmələrini istəməmişdir. Baykara yazırdı: “İlk dəfə Şirvan və Dağı­stanın ümumi tarixini yazan A.Ağanın yaşadığı çağ və mövzunun zorluğu düşünü­lürsə, ona XIX yüzyılın ən önəmli Türk tarixçisi yerini vermək lazımdır”.

H.Baykaranın fikrincə, M.F.Axundzadə və H.Zərdabi isə müasirləri arasında Avropa mədəniyyətini daha dərindən başa düşmüş və onun dönməz təbliğatçısı olmuşlar. Baykara yazırdı: “Mirzə Fətəli və H.Zərdabinin o dövrdəki yazılarında, mübarizələrində Azərbaycan üçün istədikləri bunlardır: Azad siyasi bir həyat, xalq demokratiyası,  məhsul vasitələrinin inkişaf etdirilməsi, təbii sərvətlərdən xalqın rifahı üçün geniş surətdə fayda təmin edilməsi… Bütün bu nemətlərin xalq üçün əldə edilməsi tezisinin başında, onların ən öndə gələn ideoloji arzuları “feodal monarxiya” rejimini zorla devirmək istəyi vardır. Bu iş yerinə yetirilmədən o biri işlərin həyata keçməycəyini daha çox Mirzə Fətəli başa düşmüş və anlamışdır”. Ancaq mühacir aydınımızın fikrincə,  siyasi anlamda “millət” sözünü ilk dəfə M.F.Axundzadə işlətsə də, H.Zərdabi “Əkinçi” qəzetində “millət” anlayışını daha da inkişaf etdirmşdir. Ancaq Azərbaycanda millətçilik ruhunun daha qabarıq şəkildə  ortaya çıxması Ünsüzadə qardaşlarının nəşr etdirdiyi “Kəşkül” və “Ziya” qəzetləri ilə bağlı olmuşdur. Belə ki, həmin qəzetlərdə 1880-ci illərdə nəşr  olunan məqalələrdə “türk milləti”, “Azərbaycan türkləri” sözlərindən istifadə olunmuşdur.  Eyni zamanda, həmin qəzetlərdə  “millət”, “istibdad”, “haqq” sözlərinə də müraciət olunmuşdur.

H.Baykara Azərbaycan milli mədəniyyəti və fəlsəfəsinin inkişafında milli aydınlarımızın rolunu göstərmək üçün, onların ana dillərində əsərlərinin sayının çoxalmasını göstərirdi.   O yazırdı ki, XIX əsrədək nisbətən fars və ərəb dillərində yazmağa üstünlük verən Azərbaycan türk mütəfəkkirləri, bu dövrdən etibarən  əsasən türk dilində əsərlər yazırdılar. Özəlliklə, Avropada baş qaldıran milliyyətçilik hisləri Azərbaycan ziyalıları arasında da baş qaldırmışdı. Şübhəsiz, Azərbaycan türkləri arasında avropasayağı milliyyətçilik hislərinin yaranmasında polyaklar, gürcülər, ruslar, ermənilər və başqa əcnəbi millətlərin mühüm təsiri olmuşdu. Bu anlamda Azərbaycan türklərinin ziyalı təbəqəsi arasında yaranan milliyyətçilik hisləri düzgün dəyərləndirilməlidir. Hər halda, bütövlükdə dünyada, o cümlədən Avropada baş verən ideoloji-siyasi, elmi-fəlsəfi yeniliklər Azərbaycan mədəniyyətinə və fəlsəfəsinə  də öz təsirini göstərirdi.

Bütün bunları Azərbaycan türklərinin yenidən milli oyanışı baxımdan mühüm amillər hesab edən Baykaraya görə, 19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərində yaşamış H.Zərdabi, N.Nərimanov, C.Məmmədqulu­zadə, H.Mahmudbəyli, S.M.Qənizadənin və başqalarının yorulmadan çalışmaları sayəsində Azərbaycanda 1880-ci ildən sonra “rus-tatar məktəbi” adlanan bir çox məktəblərin açılması yeni bir mərhələni təşkil etmişdir. Onun fikrincə, bu məktəblərin Azərbaycanın elmi həyatında oyna­dığı rolu inkar etmək olmaz: “1890-cı ildə Azərbaycanda on iki gimnaziya və realnı məktəb vardı. Bu məktəblərdə oxuyan 5700 tələbə­dən 91 nəfəri türk idi”.

Ümumilikdə, XIX əsrdə, xüsusilə həmin əsrin orta­larından etibarən milli ictimai-fəlsəfi fikir əsasən, milli-dini (milli özünüdərk-millətləşmə və əsl islamı təbliğ etmək) və müasir­ləş­mək (Qərb mədəniyyətini mənimsəmək) ideyaları ilə bağlı olmuşdur. Xüsusilə, 1830-1900-cu illərdə təməli qoyu­lan milli ideologiyanın, yəni milli-dini və yeniləşmək ideyalarınınilham­vericiləri isə məzhəbpərəstlər, ruhanilər, saray şairləri deyil, mədəni millətçilər, mədəni inqilabçılar – A.A.Bakı­xanov, M.Kazım bəy, M.F.Axundzadə, C.Əfqani, H.B.Zərdabi, “Əkinçi”nin müəllifləri və b. olmuşlar. Məhz, ilk dəfə onlar millətin oyanması, birləşməsi və azadlığı üçün savaşa başlamış, milliyyətdən millətə keçməsi prosesində mühüm rol oynamış­lar.

Eyni zamanda bu ziyalılar, “müsəl­man” dini mən­subiy­yəti içində itib-batan Azərbaycan türk­lə­rinin milli varlığını qoru­ması üçün yeni həyat və yeni ic­timai münasi­bətlər tərzini yaratmağa çalışmışlar. İlk növ­bə­də, köhnə ictimai münasibət­ləri, sxolastik dünya­görüşü yıx­maq üçün savaşa atılan mədəni inqilabçılar xalqına müasir­ləşmiş bir ədəbiyyat, mətbuat, sənət, teatr, dünyəvi məktəb və maarif verməyə başlamışlar. H.Baykara yazır: “Belə bir ağır zamanda, azəri türk cəmiyyəti bir millət olaraq meydana çıxma şüuruna çatmışdır. Çünki miladdan öncə min illərə varan dövrdən bəri ata və babalarının yaşadıqları bir torpaq parçası – “Vətən” vardı, bu torpaqda yaşayan və zamanın axarı ilə inkişaf edən bir Azəri türk cəmiyyəti vardı. Üçüncü ünsür, bu cəmiyyətin haqqını, iradəsini, varlığını, malını, canını qoruyan, kültür və mədəniyyətini yaradan ziyalı liderləri idi. Onların rəhbərliyi altında tarixin səhnəsinə çıxmaq və üzərlərinə düşən “millət” rolunu oynamaq lazım gələcəkdi. Beləliklə, sözdə deyil, işdə azadlıq uğrunda mübarizə aparmaq lazım idi. Etnik birliyə malik Azərbaycan xalqı vardı, neçə əsrlərdən bəri coğrafi sərhədlərə malik Azərbaycan ölkəsi vardı, yalnız siyasi hakimiyyət, azadlıq yoxdu. Lakin nəyin bahasına olursa-olsun, bütün bunları əldə etmək lazımdı…”.

De­məli, M.F.Axundzadə, H.Zərdabi, C.Əfqani və başqaları XIX əsrin ikinci yarısında mədəni inqilabın (yeniləşmənin), mədəni türkçülüyün və islamçılığın əsasını qoymuşdur ki, onların davamçıları da XX əsrin əvvəllərində, həmin ide­ya­la­ra əsaslanaraq azadlıq və milli istiqlal uğrunda mübarizə aparmalı idilər. Çünki artıq müstəqillik üçün gərəkən bütün şərtlər Azərbaycan xalqında vardı. Baykara yazırdı: “Millətin etnik birliyə və kökə əsaslanması lazımdır. Bu sürətlə millət fərdləri arasında tarix birliyi, dil birliyi, ideya birliyi, mədəni və mənfəət birliyi  kimi ünsürlər mövcud olmalıdır. Beləliklə, milləti təşkil edən xalqın vətəndaşları arasında bir-birilərinə bağlılıq və keçmiş, yüz illərdən əvvəl yaşamış ulularından və atalarından onlara qalan iftixaredici və kədərləndirici xatirələr ümumi anlayış yaratmaqdır”.

Beləliklə, XIX əsrdə yaranan mədəni islamçılıq, mədəni türkçülük və mədəni inqilabçılığı, XX əsrin əvvəllərində Azər­­baycan türk ziyalıları Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ə.M.Top­çubaşov, M.Ə.Rəsulzadə, N.Yusifbəyli və b. ideoloji şəkilə salmağa çalışaraq, əvvəlcə onu islamçılıq və türkçülük, daha sonra isə Azərbaycan türk milliy­yətçiliyi və azər­bay­cançılıq (“Azərbaycan” ideyası) kimi formulə etməyə cəhd göstərmiş­lər.

 H.Baykaranın yaradıcılığında Milli İstiqlal mübarizəsinin siyasi-ideoloji təhlili

H.Baykaraya görə, XX əsrin əvvəllərində Azərbaycan türkləri yeni bır mərhələnin başlanğıcında olduğunu anlayırdılar. Çünki artıq Azərbaycan xalqı yenidən toparlanmaq gücünə çatmışdı. Bunun bariz örnəklərindən biri Azərbaycanda milli oyanışın açıq müstəviyə keçməsi  idi. Onun fikrincə, milli oyanışın əsas dayağı milli ziyalılar və onların ərsəyə gətirdikləri əsərləri idi. Milli aydınlar bir tərəfdən xalqı maarifləndirir, digər tərəfdən milli-demokratik dövlət qurmaq üçün ideyalar irəli sürürdülər. Özəlliklə, Azərbaycan milli aydınlarından Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov və başqaları mətbuatda dərc olunan yazılarında xalqı oyanışa, birləşməyə, 1905-ci il inqilabının verdiyi haqq və azadlıqlardan maksimum istifadə etməyə çağırmışdı. Baykara yazırdı: “Dünənə kimi uşaqları üçün ana dilində məktəb açmaq imkanı olmayan, qəzet nəşr etdirə bilməyən, seçki hüququ məhdudlaşdırılan və daha bir sıra haqları əlindən alınan bir xalqın birdən-birə nailiyyətlər əldə etməsi çar hökuməti üçün gözlənilməz bir sürpriz oldu”. Doğrudan da, itirilmiş müstəqilliyin yenidən qazanılması yolunda xeyli işlər görülmüşdü. Bu milli işdə Azərbaycan aydınlarının əvəzsiz rol oynadığını dəfələrlə vurğulayan Baykara hesab edirdi ki, XX əsrin əvvəllərində əsas mübarizə ilk növbədə ruslaşdırma siyasətinə qarşı aparılmışdır. Burada söhbət türk torpaqlarına rus kəndlilərin köçürülməsinə qarşı mübarizədən, türk dilinin məktəblərdə keçirilməsinə nail olmaqdan, milli mətbuatın, milli kitabxanaların  yaranmasından gedirdi. H.Baykara yazırdı: “Bu zaman ideologiya baxımından “avropalaşmaq, islamlaşmaq və türkləşmək” fikirləri ətrafında mübahisələr gedirdi. Bütün bu mübahisələrin ətrafında azəri xalqının milli azadlıq hərəkatı dururdu. Azərbaycan azadlıq hərəkatını azəri xalqının tərəqqipərvər və vətənsevər ruhundan gələn demokratik adət-ənənələrə bağlamaq istəyən ziyalılar çoxluq təşkil edirdilər”.

Qeyd edək ki, 20-ci əsrin əvvəllərində Azərbaycan milli aydınları əsasən, üç cəbhədə fəaliyyət göstəriblər: 1) İslamçılıq və türkçülük;  2) Liberal-demokratik;  3) Sosial-demokratik. Baykaranın fikrincə, ilk iki cərəyan milli müxalifətə aid olduğu halda, sonuncular beynəlmiləlçi olmuşlar. Ancaq sonralar, 1910-cu illərdən etibarən yerli sosial-demokratlardan bir çoxu, o cümlədən M.Ə.Rə­sul­zadə də milli-demo­kratik cəbhəyə keçmişdir. Baykaranın fikrincə, bu üç siyasi-ideoloji cəbhə ilə yanaşı, Türk Azərbaycanının istiqlalı uğrunda mübarizə­də maarifçi-demokratik (realist və romantizm) ədəbi cərəyanları da mühüm rol oynamışdır.

Yazının davımı “Ustad” juranlının 9-cu sayında.

KÖŞƏ YAZARLARI
TOP 10