Hamımızın dostu Arif Əmrahoğlu

313 Baxış

arifalimArif Alim

 

Sözü, söhbəti, danışığı, münasibəti fərqliydi. Yerişi, duruşu, aşıladıqları fərqli idi. Simasında ilk dəfə müasir ədəbiyyatın içində olan canlı yaradıcı insan gördük. Simasında ilk dəfə çağdaş bədii düşün­cəmizin canlı bir parçasını gördük. Və ən əsası da onun simasında Türk xalqlarının ədəbiy­ya­tı­nı sevdik, öyrəndik, bu ədəbiyyata vurulduq.

Ən çox sevdiyi və dilimizin əzbəri olan ifadəsi “Gözəl insanlar” idi…

Həyat girinti və çıxıntıları ilə hər kəsin yolunu fərqli və ya eyni bir istiqamətə yönəldir. Arif Əmrahoğlunun da yolunu ürəyimizə salmışdı. Və bu yolu, bu məkanı heç kəs bir daha o şəkildə və formada qazana bilməyəcəkdi…

Danışırdı, danışırdı və siqareti tüstülədirdi. Baxışları uzaqlara gedirdi, baxışı türk çöllərinin yovşanlarına doğru uçurdı.

Mənə görə bütün birliklər eyni məqsəd üçün yaradılıb: nəzarət üçün. Tarixi retrospeksiyaya görə də bu, belədir. Amma mən Azərbaycan Yazıçılar Birliyini məhz Arif Əmrahoğluna görə sevir­dim və sevdim. İstənilən zaman qapısı açıq şəxs idi Arif müəllim. İstənilən məsələdə ən yaxşı məsləhətlərini verərdi Arif Əmrahoğlu.

Bir də Çingiz Aytmatovu məhz Arif Əmrahoğlunun diqtəsində sevdik. Bir də “Əlvida, Gül­sarı”…

Və bütün ədəbiyyatı öz axarına bürüyən zamanların harmoniyasını Arif müəllimin müha­zi­rə­lə­rində duyduq.

Və bildik ki, ədəbiyyat məhz budur.

Və bildik ki, sözün qüdrəti məhz bu kontekstdə olur.

Təəccüblənirdim ki, Arif müəllim niyə hazırda-keçmişin indiki zananında ardıcıl və davamlı ədəbi-tənqidi yazılar yazmır? Məsələn, Vaqif Yusifli kimi. Axı ikincinin imzasını, demək olar ki, ədəbiyyatla bağlı hər bir mətbuat orqanında sistemli şəkildə görürük. Sonra bildim ki, özümüz Arif Əmrahoğlunun əsərləri imişik. Bizim özümüzü bədii cəhətdən sistemləşdirirmiş Arif Əmrahoğlu.

Elə yeganə insanlar olur ki, onu qısqanırsan. Məsələn, mən Arif Əmrahoğlunun digər tələbələri ilə mehriban və səmimi münasibətlərinə, davranışlarına biganə qala bilmirdim. Elə düşü­nür­düm, Arif müəllimi bizdən alacaqlar. Eynən ölüm kimi. Eynən torpaq aldığı kimi…

Arif müəllim ədəbiyyatın çinovniki deyildi. Hər kəsə qayğı ilə, sevgi ilə yanaşırdı. Hər kəsin dərdini, çətinliyi ilə bağlı sözünü axıra qədər dinləyirdi. Əlindən gələni etməyə çalışırdı və edirdi.

Bir dəfə qardaşımın şeirlərini Arif müəllimə təqdim elədim. Dedi, başqa yazılarını gətirsin. Aparıb verdim. Yenə bir gün gördüm onu. Dedi, keçən həftəki “Ədəbiyyat” qəzetinə baxdınmı? Dedim, yox. O vaxt indiki kimi maraqlı deyildi “Ədəbiyyat” qəzeti. Yaxud maraqlı yazı gözləntim yox idi. Nə isə… Dedi, baxarsan. Gördüm, qardaşımın şeirlərini təqdimat və şərhlərlə ora verib. Sonra dedi ki, qardaşına de, sənədlərini gətirib mənə versin. Mən aparıb verdim. Bir-iki ay üstündən keçmişdi. Arif müəllimə yolda rast gəldim. Dedi, qardaşın iki aydır Yazıçılar Birliyinin üzvüdür. Niyə gəlib vəsiqəsini götürmür və sairə. Gəncliyə münasibəti kifayət qədər gözəl idi və təmənnasız idi.

Və Arif Əmrahoğlu nikbinlik obrazı idi.

Və Arif Əmrahoğlu ziyalılıq etalonu idi.

Və Arif Əmrahoğlu özündə türklük təfəkkürünün nəzəriyyəsini praktikası ilə birləşdirirdi.

Və bilmirəm, niyə belədir: amma yaradıcı insanlar bir-birinə çox bənzəyir.

Və Allah sənə min-min rəhmət eləsin, Arif Əmrah oğlu Məmmədov və ya sadəcə hamımızın Arifi…

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10