Hamısını tapa bilirəm, birini tapa bilmirəm – Mirzə Ələkbər Sabir

18 Baxış

32

Bir belə məsəl vardır ki, “doğru danışanın papağının qulağı yırtıq olur”.

Mən bu barədə çox fikirləşirəm ki, əcəba, doğru danışanın papağının qulağı niyə gərək yırtıq olsun?

Fikirləşirəm, fikirləşirəm… axırda yəqin edirəm ki, helə gərək belə də olsun.

Məsələn, götürək ki, Məhəmməd Cəfər ağa vəfat edir, bir qədər pulu, mülkü, malı və neçə nəfər uşaqları da qalır.

Təşbihən, Hacı Molla Feyzi əmi, bu imanın Allah kamil eləmiş kişi, hər növ olur isə uşaqlara qəyyum olub və hər ixtiyarı da yədi-təsərrüfünə keçirir. Söz gəlişi, uşaqların anasına naməhrəm olmasın deyə, nikah da oxudur. Bəli, müsəlman olan adam gərək belə də olsun…

Və səğirlərin pulundun çox xərc olmamaqdan ötrü nökərləri-zadları da azad edir. Ancaq uşaqlar nökərlərinə xidmətlərin dəröhdə edə bilirlər, eləməsələr də yaramaz; çünki Hacı əmi şapalaqlıyar. Qaldı ki, mülk, mal və pul – onları da icarəyə və müamiləyə verib işlədir.

Bəli, vəqt o vəqt olur ki, uşaqlar böyüyürlər, indi gərək Hacı əmi uşaqlara hesab versin.

Hesab isə barmaq hesabından başlanır, yanında yatır, palçığa batır, elə qabil bir şey qalmayır ki, Hacı əmi uşaqlara versin. Burasını istəyirəm ərəbcə deyim ki, başa düşən olmasın: deməli ki, Hacı əmi “bəllətü” edib “həzmi-rabe”dən ötürmüş olur.

Hə, imdi deyəcksən ki, bu sözlərinin yuxarıda dediyin misal ilə nə münasibəti var?

Yox, əzizim, bir dayan, qoy sözümü ayağa kimi deyim, gör münasibəti var, yainki yoxdur.

Vəqta ki, iş bu məqamə yetişir, cəmaət arasında bu söz danışılır, məsələn, bir qəzetə müəbiri də bu sözləri eşidir, götürüb qəzetəyə yazdırır.

Hərçənd Hacı əmi oylə israfçı adam deyil ki, ildə beş-on manat verib bir qəzetəyə abunə olsun və yainki gündə bir şahı verib bir nömrə alıb oxusun. Ancaq qonşudan alıb oxuduğu müftə qəzetədə nagah görür ki, bu əhvalat yazılıb, helə onda kişinin acığı tutub, iki əlli bir qapaz müxbirin basına oylə ilişdirir ki, yazığın papağının qulağı nədir ki, öz qulağı da yırtıq olur. Odur ki, deyirəm, helə belə də gərək olsun…

Amma burada yenə bir az fikirləşirəm; fikirləşirəm ki, Hacı əmi müxbirin başına qapazı neçün ilişdirdi?

Tapıram ki, Hacı əminin elədiyi əməlin yazdığına görə… Fikirləşirəm ki, müxbir bu sözləri yalandan yazıb imiş, yoxsa doğrudan?

Tapıram ki, doğrudan yazıb imiş.

Fikirləşirəm ki, bu əməl yaxşı əməl deyil imiş, hətta Hacı əminin xüşgə möminliyinə də yaraşan əməl deyil imiş.

Fikirləşirəm ki, pəs Hacı əmi qapazı öz basına ilişdirməyib müxbirin başına neçün ilişdirdi və halonki bu əməli işləyən Hacı əmi özü imiş, müxbirin təqsiri nə imiş? əcəba, buralarını hərçi fikirləşirəm, tapa bilmirəm ki, tapa bilməyəcəyəm. Deyirəm, görəsən diqqət edim, bunu tapa biləcəyəmmi?

Tapa bilsəm də Hacı əmini başa sala biləcəyəmmi? Amma, heyhat!..

İndi hər kəs bunu tapa bilsə və Hacı əmini də başa sala bilsə, buyursun, bu iş mənim işim deyil!..

KÖŞƏ YAZARLARI
TOP 10