Hansı ölkənin müəllifi daha çox oxunur?

178 Baxış

cinayet masa 3 coverSenet.az ədəbiyyat və sənət dərgisində hər həftənin bazar ertəsi yayımlanan layihə – Cinayət masası № 3

Cinayət masası № 1

 Cinayət masası № 2

  Kitab bazarında detektiv əsər müəlliflərinin reytinqlərinin ölkələr üzrə təhlili

Günümüzün kitab bazarında detektiv, kriminal, triller, qorxu, gərilim, döyüş romanlarının tüğyan elədiyi bir dövrdə New York Times Bestseller siyahısına Skandinaviya detektivləri hələ də liderlik etməkdədi. Elə təkcə “Glass Key” mükafatını almış və son illərin ən çox danışılan müəllifi olan norveçli Jo Nesbonun baş qəhrəmanı “Harry Hole” haqqında xeyli danışmaq olar. Çağdaş xəfiyyə ədəbiyyatında bu gün reytinq üzrə sıralamada İsveç müəlliflərinin detektivlərini ikinci yerdə görmək lazımdı. Və əlbəttə ki, ədəbiyyatın bütün klassikası ilə xatırlanan rasional müəllifləri – saysız-hesabsız publikanın qəbul etdiyi Edqar Allan Po, Artur Konan Doyl, Aqata Kristi, daha sonrasa, Jorj Simenon mifi, yaxud da reallığı var. İngilis və fransız detektivlərindən sonra siyahıda beşinci yerə Amerika detektivlərini yazmaq olar. Düpen, Şerlok Holms, Puaro, Komissar Meqre kimi qəhrəmanlarla yanaşı, Erast Fandorin kimi, yaxud daha sonralar intellektual qatil Dekster Morqan kimi, qanqster detektivdə Çandlerin – “Əlvida, gözəlim!” (“Farewell, My Lovely”), “Yağışda qətl” (“Killer in the Rain”) əsərlərində yaratdığı Filip Marlousu kimi sözün əsl mənasında mükəmməl obrazlar da var.

Fikrimcə, Azərbaycan detektiv əsərlərini bu sıralamada rahatlıqla ilk onluqda görmək mümkündü. Baxmayaraq ki, bizə çox yaxşı məlum olan səbəblərdən (üzrsüz!) dolayı dünya kitab bazarına çıxa bilmirlər. Çingiz Abdullayev istisnadır.

Oxuduğum detektiv ədəbiyyat müəlliflərinin ölkə sıralamasında janrın tələbləri adına hələ ki, ən zəif hesab etdiklərim Türkiyə müəlliflərinin əsərləridir. Əvəzində isə təsvirlər, insan obrazları, qadın taleləri daha ustalıqla işlənmiş olur. Amma detektiv detallar yox dərəcəsindədir. Oxucu təxminən Simenonun “Striptiz” romanı səpgisində əsərlərlə rastlaşır.

Rus müəlliflərində şpion ədəbiyyatı, döyüş romanları, kriminal nə qədər uğurlu alınırsa, ənənəvi detektiv janr bir o qədər maraqsız və hardasa, uğursuz təsir bağışlayır.

Mütəxəssislərin, tənqidçilərin demək olar ki, əksəriyyəti detektiv detalların əsərlərə daxil edilməsini müəllif tərəfindən düşünülmüş şirnikləşdirici hal kimi qəbul edirlər. Yanaşmanın, daha doğrusu dəyərləndirmənin özündə köklü yanlışqlıq olduğuna bir neçə nümunədə baxaq.

Kitab adına dünyada indiyə qədər Quran və Bibliyadan sonra ən çox satılan (və əlbəttə ki, oxunan) əsər ingilis yazıçısı Çarlz Diskensin “İki şəhərin hekayəti” romanıdır. Əsər ilk dəfə 1859-cu ildə çap edilib. İndiyə qədər 200 milyondan artıq nüsxəsi ilə çap edilib. Heç şübhəsiz ki, detektiv ədəbiyyatın kümünü qoymuş Vidokdan, Podan sonra Dikkensin bu janra müraciət etməsi böyük uzaqgörənlikdir.

Yaxud da tirajı 100 milyona yaxınlaşan romanların ilk beşliyinə baxın: Den Braunun “Da Vinçi kodu” (80 milyon) və Umberto Ekonun “Qızılgülün adı” (50 milyon). Nümunələrdə adı keçən hər üç əsər karkası və ana süjeti detektiv detallar üzərində möhkəmləndirilən əsərlərdi. Nümunələrdən sonra sadə bir eksperiment də apara bilərsiniz. Adı keçən əsərlərdən hansısa birini qarşınıza qoyun. Oxuduqca, detektiv süjet xəttinə aid olan mətnlərin hamısını ixtisar edin. Və sonda əsərə bir daha nəzər salın. Geridə nə qalmışdır? Şişirdilmiş təhkiyyə dili ilə zəngin yorucu təsvir və hadisələrdən ibarət bitkin olmayan mətnlər yığını…

Siz bir də, Hüqonun, Balzakın, yaxud da Dostayevskinin əsərlərini düşünün. Onların rəngarəng baş qəhrəmanlarını real xəfiyyə Fransua Vidokun dörd cildlik memuarlarından çırpışdırmadıqlarınımı sanırsınız?!

 Osman Aysunun “Cinayət sancısı” romanı

“Cinayət masası-2”də Türkiyəli müəllif Osman Aysunun “Cinayət sancısı” romanı haqqında yazacağımı demişdim. Romanı təxminən iki il əvvəl oxumuşam. Tərsinə detektiv janrda, o qədər də uğurlu olmayan detektiv romandı. Yəni detektiv janrın tələbləri adına süjet axtarırsınızsa, tövsiyə etmirəm. Ümumiyyətlə Osman Aysudan oxuduğum daha iki roman – “Saxta casus” və “Qanlı bazar” haqqında da təəssüratlarım eynidir. Qısa desəm: roman kimi roman olsalar da, kitabın qapağında yazılan “polisiye” etiketinin tələblərinə cavab verməyən əsərlərdi.

“Cinayət sancısı”nda əsərin baş qəhrəmanı olan qadının fahişəliyə sürüklənmiş, daha sonra intihar etmiş bacısının qisasını almaq üçün keçdiyi həyat yolu əks olunur. Böyük şirkətlərdən birində iki şərik arasında daim diqqət mərkəzində olan gözəl və gənc qadın – Betül onlardan birinin – daha gənc olanının sevgilisinə çevrilir. Münasibətlərinin hər sonrakı pilləsində gənc şirkət rəhbərini dəfələrlə gözlənilməz situasiyalarda üzüstə qoyub tərk edən Betül əslində bacısının qisasını almaq üçün tutduğu siyahıdakı insanları sıra ilə aradan götürən silsilə qətllər törədən qatildir.

Əsərin kulminasiyası Betülün, bacısının intiharına səbəb olan keçmiş dəstə başçısının məhz işlədiyi şirkətin yaşlı şərikinin olduğunu öyrənməsi və onu öldürməsidir. Şirkətin gənc şəriki – Betülün sevgilisi son anda otağa girsə də, gənc qadını fikrindən yayındıra bilmir. Sonuncu cinayətini həyata keçirəndən bir neçə dəqiqə sonra Betül özünü yüksəklikdən ataraq intihar edir.

Müəllif əsərin sonuna qədər şirkətdə Betülün rəisi olan həmin dəstə başçısına aid heç bir şübhəli məqam, yaxud detal verməyib. Oxucu sadəcə onu və ailəsini Betülü qızı qədər sevən biri kimi tanıyır. Sonda isə gözlənilməz sürpriz – onun məhz Betülün axtardığı adam olduğunun ortaya çıxması, səbəblərinin izah olunmaması oxucunu xəyal qırıqlığına uğradır. Üstəlik cinayət-axtarış şöbəsi əməkdaşlarının yarıtmaz fəaliyyəti də ən azı “Qan izi” (“Trail of blood”) filmindəki qədər gülüncdür. “Cinayət sancısında” cinayət masası xəfiyyəsinin qatilin intiharından sonra gəlib çıxması, “Qan izin”ndə isə iki FTB əməkdaşının “ölüm mələyi”nin diktəsi ilə qara magiyaya çevrilən “piyada” tərəfindən öldürülməsində oxucu, yaxud tamaşaçı üçün maraqlı heç nə yoxdur. Fikrimcə romanda ən çox yadda qalan və maraqlı hissə Betülün sevişmə səhnələri, filmdə isə dincəlmək üçün kampa gələn gənc cütlüklərin pivə bankalarını açma üsuludur.

 Müşfiq XAN

 

KÖŞƏ YAZARLARI
TOP 10