Hansı şəraitdə yazmalı? – Müşfiq XAN

72 Baxış

mm

Senet.az oxucularına “Ustad” jurnalının “Ədəbiyyatın Orqanizmi” rubrikasından Müşfiq XANın  “Hansı şəraitdə yazmalı?” adlı yazsını təqdim edir.

“Dəliyə yer ver, əlinə belə ver”. Bəli, bu məşhur atalar sözünün diktə etdiyi, daşıdığı məna-mahiyyət günümüzün ədəbiyyatında qarşısıalınmaz əngələ çevrilib. Sosial şəbəkələr, ədəbiyyat və qeyri-ədəbiyyat saytları, həvəskar nəşriyyat və mətbəələr, ucuz və əksəriyyətin asanlıqla əldə edə biləcəyi çap qurğuları buna ciddi zəmin yaradıb. Sanki hamı yazır. Əslində elə hamı yazır. Sanki hamı yazıçı, yaxud da şairdir. Əslində isə…

Bəlkə siz də metronun “Həzi Aslanov stansiyası”ndan “Dərnəgül”ə qədər gedib, “səyahət” boyu romanının əlli-altmış səhifəsini dizlərinin üstünə qoyduğu noutbukda yazan “müəlliflə” rastlaşmısınız. Bu adam bütün xalq arasında “roman” yazır (tahoma, şrift ölçüsü 22, sətirlərarası interval 3). Və sonra bu “əsəri” çap etdirib satılacağına, oxucu rəğbəti qazanacağına böyük ümidlər bəsləyir. Fağırcasına. Əlbəttə, haqqında bəhs elədiyimiz “yazıçını” bəlkə də qınamamaq olar. Ola bilər ki, bu şəraitdə – camaat arasında yazmağın daha effektli olduğu barəsində hardasa oxuyub, eşidib, yaxud görüb. Hətta bu da mümkündü ki, o, əvvəllər daha sakit və yazı üçün uyğun mühitdə yaradıcılıqla məşğul olurmuş. Sonra… Hə, hər şey “Rokki” (“Rocky”) filmindəki Rokki (Rocky) ilə İvan Draqonun (İvan Drago) ilk qarşılaşmasındakı məğlubiyyətdəki kimi olur. Bu zaman heç bir imitasiya işə yaramır. Yazı prosesi (süjetin qurulması, redaktə bura aid deyil!) həssas dönəmdi. Bu mərhələdə mətnin sevgiyə ehtiyacı var. Və bu sevgidə üçüncü şəxsin gözləri – kənar baxış artıqdır. Yazı masasının (yaxud ötən məqalədə dediyimiz kimi, ekstremal yazı mühitinin) formulu məhz belədir: düşünən beyin, iki göz və yazmaq üçün hazır olan əllər (böyük ehtimalla mətnin ovqatına uyğun musiqini də bura əlavə etmək olar).

Son zamanlar saytlarda tez-tez yerli, xüsusilə də xarici qələm adamlarının gənc yazıçılara tövsiyələrindən ibarət məqalələrə rast gəlirik. Səhər – yazı prosesinə günün erkən vaxtında başlamaq, yazı masasına oturmamışdan əvvəl təmiz havada gəzişmək, süd, çiy su, yaxud tünd qəhvə içmək, çoxlu şokolad, şirniyyat yemək və sair belə əcaib məzəli məsləhətlər cinayət məcəlləsinin bəndləri şəklində sıralanır.

Belə olan halda yazının texnikası (bu tamam ayrı və olduqca vacib mövzudur!) kənarda qalır. Əvəzində isə yazılacaq mətnə dəxli olmayan zərərli və faydasız qaydalar ön plana keçir. Özünü yetişdirmək istəyən, mətnlərini zaman-zaman cilalamağa çalışan yazıçı deyil, yazıçı rolunu oynamağa çalışan obraz formalaşır.

Məsələn, çox tirajlanan, az təqdir olunan, çətin yazılan və asan oxunan bir janrda – detektiv janrda yazan müəllifin ağlına hər gün onlarla vazkeçilməz süjet ideyası gələ bilər. Həmin süjetlərin zəminə çevrilib əsərə yansıya bilməsi üçün əlbəttə ki, o, harda olduğundan və nə iş gördüyündən asılı olmayaraq qeydlərini götürməlidir. Bu gələcək əsər üçün həyat məsələsidir. Belə halda ilham pərilərinə qətiyyən inanmayın və fürsəti mütləq dəyərləndirin. Çünki yaxşı süjet, cəlbedici əsər qurğusu həmişə ələ düşmür.

Yazı prosesində münbit şərait varsa, daha dəqiqi, tarixçilərin dediyi kimi – inqilabi şərait yetişibsə, inqilab olmalıdır. Yəni, əgər sənin beyin neyronların qeyri-ixtiyari olaraq bütün kənar müdaxilələrdən təcrid olunubsa, yazmağı şiddətlə arzu edirsənsə, başlamalısan. Bu halda, yazı prosesində heç bir tələsik mətndən söhbət gedə bilməz. Əksinə, bu şəraitdə tələsik yazılan mətnlər daha uğurlu alınır, nəinki “mütləq yeni nəsə yazmalıyam”, “belə olmaz” tipli düşüncələrlə yazı masasında saatlarla oturub mətn barəsində baş sındırmaq! Əlbəttə, ideya və süjet beynində yerbəyer olunubsa, tələsmədən də işləmək olar. Yazı masası arxasında olmaq da şərt deyil. Ümumiyyətlə, oturub, yaxud dirsəklənib, uzanıb yazmaq, noutbukamı, telefonun mesaj yerinəmi, qeyd dəftərçəsinəmi, tualet salfetinəmi, divar kağızınamı, ovcunuzun-qollarınızın üstünəmi qeydlər aparmaq, yazmaq bir o qədər də vacib xırdalıq deyil. Əksər hallarda və belə şəraitlərdə bu məqam adətən unudulur. Təkcə bir şey düşünün (düşünürsən!) – “Bunu mütləq yazmalıyam!”. Və yazı(rsa)n!.

Bu şəraitdə yazmaq vaxtsız-vədəsiz gələn, amma bir ömürlük xatirələri qalan sevişmələrə bənzəyir. Planlaşdırılmış hiss və hadisələrin bircə kadrlıq xatirəsi olmur, bilirsiniz. Zillətlə, zorla düşünülmüş mətnlər də belədi. Buna görə də bekara yerə zibil qutularının bağrın çartlatmağa, kağızları məsrəf eləməyə dəyməz.

Yox, illah ki, yuxarıda bəhs elədiyimiz kimi – bəndlər şəklində fikirlərimi bilmək istəyirsinizsə, onda buyurun:

1. Yazı prosesində tək olun.

2. Əsəri yazdığınız günlərdə (aylarda) öz yazdıqlarınız da daxil olmaqla heç bir bədii ədəbiyyat oxumayın, bədii filmlərə baxmayın. Yoxsa, yazdığınız əsərin nöqtəsini qoyandan sonra “fərqinə varmadan ilhamlanma”, “rekonstuksiya”, “dekonstruksiya”, “motivlərə əsaslanma” kimi bəhanələr uydurmalı olacaqsınız. Özünüz bilin, bu işin təqlidçiliyə, plagiatçılığa, lap elə oğurluğa kimi yolu var. Məsum olduğunuzu isə bir özünüz biləcəksiniz.

3. İri həcmli əsər yazırsınızsa, mütləq və mütləq hər gün yazın. Hətta hər gün bir dəfə deyil, iki və üç dəfə həmin mətnlə işləyin. Hətta yazdıqlarınızın çox hissəsini növbəti oxunuşda silib (heç vaxt silib atmayın, arxiv qovluq yaradıb ora əlavə edin; amma silməyi bacarın!) ixtisar etməli olsanız belə, yazın (mətnə vaxt ayırın, qayğı göstərin).

4. Ürəyiniz nə zaman istəyirsə o zaman yazmağa başlayın.

5. Yazı masasına ac oturmayın.

6. Yazı prosesinə başlamamışdan əvvəl üç dənə çiy yumurta için.

1, 2, 3, 4, 5! Getdik!

P.S. Ümid edirəm ki, altıncı bəndin yorğunluqdan irəli gələn zarafat olduğunu qəbul edib müəllifi bağışlamağı bacaracaqsınız (əgər hələ də gec deyilsə və siz yumurtaları sındırmayıbsınızsa…).

Mənbə: Ustad jurnalının 3-cü sayı.

KÖŞƏ YAZARLARI
TOP 10