Senet.az oxucularına gənc şair Ülvi Aydının şeirlərini təqdim edir.
GƏL DE
Qanad açıb gələrdim,
Əgər mənə gəl desən.
Qəmli olsam gülərdim,
Əgər mənə gül desən.
Gözlərinə baxardım
Sən olsaydın yanımda.
Səni görsəm gözəlim
Ağrı qalmaz canımda.
İsidərdi qəlbimi
Sənin isti nəfəsin.
Eşidərdim səsini,
Vurğunuyam o səsin.
Toxunardı əllərim
Sənin isti əlinə.
Sığal çəkər barmaqlar
Siyah olan telinə.
Şirin dilin qonağı
Kaş ki, özüm olaydım.
Gülüm, sənin yanında
Həmişəlik qalaydım.
Bircə dəfə görmüşəm
Gözəl olan simanı.
Mən unuda bilmirəm
Ancaq hələ o anı.
İstəyirəm bunları,
Bunlar mənim istəyim.
Sənlə olmaq olubdur
Hər an arzu diləyim.
Niyə belə qısqancsan?
Qısqanırsan özünü.
İcazə ver, qoy görüm,
Sənin gülən üzünü.
Mənə gəl de, gözəlim,
Gəlim, olaq bərabər.
Ülvi səni istəyir
Ötəri yox, sərasər.
GÖYLƏR NİYƏ AĞLAYIR
Yenə göylər ağlayır,
Amma bilmirəm niyə.
Sanki coşur, çağlayır,
Hay-küyə bax, hay-küyə.
Səmanın göz yaşları
El-obaya çilənir.
Titrədir dağ-daşları,
Torpaq suya bələnir.
Səmanın dərdi nədir?
Niyə söyləmir bizə?
Bəlkə də saxlayır sirr,
Vermir dərdin biruzə.
Əlim çatmır göylərin
Silim gözünün yaşın.
Ovutum dərdin-sərin,
Sığallayım mən başın.
Bizim də dərdimiz var,
Qədəri də az deyil.
Deyib edirik aşkar,
Bu dərdi paylaşır dil.
Göylərin yoxdur dili,
Dərdini deyə bilmir.
Özüylədir nisgili,
Onunçün üzü gülmür.
İnsanlar da göylərtək
Ağlayıban gülməsə,
Qubarlı qalar ürək,
Sirrin yarı bölməsə.
YOX OLACAQ
Düşüncə dəftəri yazsaydım əgər,
Gözəlim, yetməzdi yüzlərlə dəftər.
Eşq dolu beynimə eləsən nəzər,
Görərsən orada nələr var, nələr.
Düşünən bu beyin səni düşünür,
Gözlərim arxanca yüz yol sürünür.
Sənsiz ürəyim də qəmə bürünür,
Vallah, boğur məni bu acı qəhər.
Çıxara bilmirəm başımdan səni,
Çün səni bilirəm ömrümün təni.
Həsrətin saçıma salıbdır dəni,
Mənə eşq əvəzi verirsən kədər.
Bir vaxt gülən gözlər buludtək dolub,
Həsrətdən bənizim saralıb-solub.
Elə bil həyatım bir oyun olub,
Şeş-qoşa verməyir bu oyunda zər.
Gözəlim, bilmirəm neyləyim indi?!
Bu dərdi mən kimə söyləyim indi?!
Məcburam, içimdə göynəyim indi,
Görən, dərd olarmı bu dərddən betər?
Hökm edə bilsəydim ürəyimə mən,
Deyərdim, döyünsün səni sevmədən.
Yox amma, sənləyəm hər dəm, xəyalən,
Çünki bağlanmışam sənə sərasər.
Qüvvət də, taqət də qalmadı canda,
Zülm etməz bu qədər vəzir də, xan da.
Ülvi barmağına üzük taxanda-
O gün yox olacaq bütün dərdü-sər.
ŞƏKİLDƏN SEVDİM
Yeməkdən doyuram, sudan doyuram,
Bu şəklə baxmaqdan ancaq doymuram.
Susqun baxışlara olmuşam təslim,
Eyləyə bilmirəm gözlərimi ram.
Gecə də bu şəklə baxıb yatıram,
Gözümü, ruhumu oxşayır şəkil.
Özüm də bilmirəm axı nə sirdir?!
Yamanca olmuşam bu şəklə mail.
Baxırdım bu qızın rəsminə hər gün,
Bilmirəm təsadüf, yoxsa möcüzə?
Xəyallar gerçəyə çevrildi bir gün,
Həmin o qız ilə gəldik üz-üzə.
Diqqətlə yetirdim gözələ nəzər,
Görcək bu gözəli tutuldu dilim.
Demək istəyirdim, həmin o-sənsən,
Mənim şəkildəki olan sevgilim.
Qız da təəccüblə baxırdı mənə,
Elə bil nə vaxtsa görmüşdü məni.
Əvvəllər görmüşdük bir-birimizi,
Demək ki, biz çoxdan tanışıq, yəni.
Ancaq biz son vaxtlar görüşməmişdik,
Məndə qızın şəkli olduğu üçün.
Müntəzəm o şəklə baxdığım üçün,
Qızı unutmağım deyildi mümkün.
Şəkildən həyatda daha gözəlsən,
Nə yaxşı görüşdük, gəldik üz-üzə.
Sən məni tanıdın, mən səni gördüm,
Xeyli söhbətləşdik baxıb göz-gözə
Fikrimdə, hissimdə yanılmamışam,
Məni aldatmayıb o xoş təravət.
Xislətin əladır, özün səmimi,
Cəmi gözəlliklər səndədir, əlbət.
Şəkildən sevmişəm səni, biləsən,
Həyatda daha da artdı məhəbbət.
Ülvini eşq adlı dərddən qurtardın,
Qəlbimdən qovuldu acı bir həsrət.
ÖYÜNMƏ
Öyünüb demə ki, nədir məhəbbət?!
Məhəbbət insanı ucalda bilir.
Düşünmə məhəbbət ötəri olur,
Məhəbbət insanı qocalda bilir.
Həsrətdə saxlayır insanı sevgi,
Hətta hisləriylə oynayır belə.
Bəzən də çevrilir ruh cəlladına,
Ürəyi eyləyir özünə kölə.
Sevgi sözə baxmır, əhvala baxmır,
Sevgini söz ilə qandırmaq olmur.
Sevgi elə hissdir, biixtiyardır,
Sevgini saxlamaq, dondurmaq olmur.
Cavabsız qalmasın əsl sevgilər,
Cavabsız sevgilər zindana bənzər.
Sevib-sevilməsən olur müsibət,
Azad gəzsən belə zindandan betər.
İstək qarşılıqlı olursa əgər,
Qaranlıq gecələr işıq, nur saçır.
Həyatın mənası çoxalır o dəm,
Sanki kədər, qüssə kənara qaçır.
Ağır xəstəliyi sevgi sağaldır,
İnsana bəxş edir yaşamaq eşqin.
Dərman çarə olur doqquz yüz dərdə,
Sevgi sağaltdığı dərdin sayı min.
Məhəbbət nədir ki, deyib öyünmə!
Hələ sevgi dadın sən dadmamısan.
O an biləcəksən, məhəbbət nədir!
Hansısa bir kəsi sevdiyin zaman.