Haqverdiyev Sidqi Ruhullaya nə vəsiyyət etmişdi?

148 Baxış

haqverdiyev

Senet.az ədəbiyyat və sənət dərgisində şənbə günləri “Memuar notlar” layihəsi:

Layihənin ilk 11 yazısı:

Layihənin 12-ci yazısı:

Layihənin 13-cü yazısı:

Layihənin 14-cü yazısı:

Layihənin 15-ci yazısı:

“Dağılan tifaq” faciəsinin ilk tamaşası 1896-cı ildə Şuşada, Haqverdiyevin öz rəhbərliyi ilə qoyulmuşdur. Nəcəf bəy rolunda Yusif bəy, Sonaxanım rolunda Zülfüqar Hacıbəyli, bəylər­dən birinin rolunda Süleyman Sani Axundov, Naz­lı xanım rolunda tələbə Rza Mirzəyev çıxış et­mişlər. Əsərdəki məktəblilər nəğməsini Üzeyir Ha­cı­bəyli və başqa tələbələr oxumuşlar. Tamaşa mü­vəffəqiyyətlə keçmişdir. Səhəri gün müəllim­lər və Haqverdiyev bir yerə yığılıb dünənki tama­şa haqqında söhbət etdikləri vaxt, Nazlı xanım rolunu oynayan Rza Mirzəyevin anası hayküylə gəlir:

− Hanı o şəbihgərdan? Mənim uşağıma arvad paltarı geydirib xalqın qabağına çıxaran! Hanı o Əbdürrəhim bəy, başına bir oyun açım ki… – deyə qışqırır.

Qadın üzdən Haqverdiyevi tanımırmış. Müəllimlər onu sakit edib yola salır. Haqverdiyev  gülə-gülə:

− Bəli, mübarək olsun, ləqəb də qazandıq, şəbihgərdan!

 

***

Haqverdiyev Peterburqda təhsil aldığı il­lər­də, çox vaxt yay aylarını Şuşaya gələrdi. O, öz dost­ları ilə Səkili bulağa, İsa bulağına, Turşsuya və baqşa səfalı yerlərə gəzməyə gedərmiş. Bir gün yenə dostlar sözləşirlər ki, filan gün səhər tezdən Bazarbaşı deyilən yerdə toplansınlar və Səkili bulağa gəzməyə getsinlər. Cavanlar toplaşırkən, hamının zəhləsi gedən bir nəfər də bunlara qəmiş olur. Dostlar həmin dilxorçudan canlarını qurtarmaq üçün, sözləşib başqa yerə yığılır və səyahətə gedirlər. Axşamüstü gəzməkdən qayıdarkən, həmin şəxslə yenə Bazarbaşında rastlaşırlar. O, tez dillənir:

− Hə, mənim başımı əkib, özünüz keyfə getmisiniz?

Bu yerdə Haqverdiyev yarıciddi halda ona cavab verir:

− Nə danışırsan əə… sənin əkənin lap atasına lənət!

 

***

 

1899-cu ildə Ə.Haqverdiyev Peterburqdan Şuşaya qayıdırdı. Yevlaxda o, faytona oturub vətənə doğru gedirdi. Nəzərlərini yol boyu uzanan taxıl, pambıq sahələrindən çəkməyən ədib xəyala dalmışdı. Faytonçu zarafatcıl bir kişi idi. Sərnişinin fikirli olduğunu gördükdə gülümsədi:

− Ağa, nə fikir edirsiniz, şükür olsun Alla­ha, bizə qismət olmayan nemətə sahib olub, gözəl vətənə qayıdırsınız.

Haqverdiyev də gülümsədi:

− Lələ qardaş, əvvəla, mən ağa deyiləm. İk­in­cisi də, düz buyurursunuz, budur, oxuyub gəlmişəm. Uzanan zəmilərə baxdıqca, dərd ürəyimi yeyir …

− Bu nə sözdür, ağa?

− Yenə dedin “ağa”. Ay lələ qardaş, mənə nə “ağa” de, nə də “əfəndi”. Sadəcə olaraq Əbdürrəhim.

− Baş üstə, ağa.

Əbdürrəhim bəy bu dəfə qəhqəhə çəkərək güldü:

– Tərki adət bə məcibi mərəzəst.

Şuşaya çatana qədər faytonçu Haqver­di­yevə “ağa” – deyə, Haqverdiyev də faytonçuya “lələ qardaş” deyə müraciət etdi.

 

***

“Bəxtsiz cavan” pyesi 1900-cü ildə Şuşada tamaşaya qoyulur və ilk tamaşadan böyük müvəf­fəqiyyət qazanır. Tamaşanın rejissoru Haqver­­diyev özü imiş. Faciənin müvəffəqiyyəti yerli bəy­ləri narahat edir, Fərhadın üsyankar çıxışları onların xoşuna gəlmir. Hətta bir neçə bəy tamaşanı yarımçıq qoyub gedir. Bu bəylərdən qılın­cının dalı da, qabağı da kəsən bir nəfər Haqverdiyevi yanına çağırır:

−A bəy, gedib hansı cəhənnəmin dərəsində dərs alıb gəlmisən, özün bilərsən, amma dinc otur, yoxsa belə hərzə-mərzə şeyləri camaata göstərmək sənə baha oturar. Bir məsəli də yaddan çıxarma: “Yetim qızsan, qıvrıl yat”

Bunun cavabında Haqverdiyev ancaq:

–Yox, ağa, heç cürə yata bilməyəcəm! – demiş, artıq danışmağı lüzumsuz saymış və qapını çırparaq çölə çıxmışdır.

 

***

Haqverdiyevin arvadı Tükəzban saysız-hesabsız nağıllar bilirdi, onun gözəl hafizəsi vardı. Hətta ədib “Pəri-cadu” pyesinin məzmu­nunu da Tükəzbanın söylədiyi “Qızıl don” nağı­lın­dan götürmüşdü. Tükəzban, hələ lap uşaq vax­tında nənəsindən, babasından eşitdiyi nağılları oldu­ğu kimi danışardı. Əbdürrəhim bəy onun nit­qinə, hafizəsinə heyran qalmışdı və fikirləşirdi ki, bu qadının savadı olsaydı, nələr etməzdi.

Bir gün Haqverdiyev zarfatla ona demişdi:

− Tükəzban, bir belə ki, yaxşı yaddaşın var, özü də gözəl danışırsan, səndən yaxşı aktrisa olar. Arvad rollarında çıxmağa adam tapmırıq …

Tükəzban onun sözünü yarımçıq qoymuşdu:

− Əbdürrəhim, sən lap dəli olmusan, camaat elə doğru deyir ki, şəbihgərdan! Elə bir o qalmışdı səhnəyə çıxam, atılam, düşəm, ağlın gəzdiyin yerlərə gedib …

− Düz deyirsən Tükəzban, bu xəmir hələ çox su aparacaq, – deyə Haqverdiyev arvadına cavab vermişdi.

 

***

1907-ci ildə Haqverdiyev Gəncədə yaşayırdı. Gəncə ziyalıları onu yaxşı tanıyırdı. Ziyalılardan yazmaqla məşğul olan da vardı. Əli Nəzmi də bunlardan idi. Onlar öz yazdıqlarını Haqverdiyevə oxuyar, ondan məsləhətlər alardı. Bir nəfər ədibi lap təngə gətirmişdi. Bu “ziyalı” gecələri yatmır, ağlına gələn hərzələri yazıb adını da faciə qoyur və səhəri Haqverdiyevə oxuyurdu. Haq­verdiyev də xasiyyətcə mülayim olduğu üç­ün, özünə əziyyət verib qulaq asırdı. Bir gün yenə Haqverdiyev bağda oturmuşdu. Bir də gördü ki, həmin “dostu” əlində də “Molla Nəs­rəd­din” məcmuəsinin son nüsxəsi gəldi və salam ve­rib onun yanında əyləşdi. O, həmişəkindən fərqli olaraq çox qürurlu görünürdü.

–Əbdürrəhim bəy -deyə “Cəhənnəm mək­tub­ları”nı mütaliə edirsinizmi? -  deyə əlindəki “Molla Nəsrəddin” nüsxəsinin “Cəhənnəm mək­tub­ları” çap olunan səhifəni Haqverdiyevə gös­tərdi.

− Bəli, oxuyuram, – ədib cavab verdi.

− Necədir, xoşunuza gəlirmi?

–Niyə, pis deyil, yaxşıdır.

–Mən ölüm, Əbdürrəhim bəy, düz deyirsiniz?

–Necə bəyəm? Sizlə zarafatım var?

− Elə isə mən çox xoşbəxtəm.

Haqverdiyevi maraq qarışıq bir təəccüb bürüdü.

–Təəccüblənməyin, Əbdürrəhim bəy, öz aramızda qalsın. Heç kimə deməyin. “Cəhənnəm məktubları”nı mən yazıram. “Xortdan” da mənim gizli imzamdır.

− Çox gözəl, amma qardaşoğlu, hər bir yazdığın pyesi mənə oxuduğun halda, bəs bunu niyə oxumursan, gətir hekayənin mabədini oxuyaq, çox maraqlıdır …

− Yox, mirzə, bu onlardan deyil, bunu oxumaram …

− Oxumazsan?

− Yox.

− Niyə?

− Ürəyinizə pis gəlməsin, qorxuram …

− Nədən qorxursan, qardaşoğlu?

− Belə deyirlər ki, qələm sahibləri çırpışdıran olur.

− Elə isə qulaq as, mən oxuyum, sən başa düş, – Haqverdiyev əlini cibinə salıb bir dəftər çıxarır və “Cəhənnəm məktubları”nın mabədini əlyazmasından oxumağa başlayır. “Cəhənnəm məktubları”nın “müəllifi” yalançı “Xortdan“ özü­nü itirir, “mirzə, işim var” – deyə əkilir və bir daha Haqverdiyevin gözünə görünmür.

 

                          ***

 

1908-ci il yanvar ayının 25-də, Bakıda “Leyli və Məcnun” operasının ilk tamaşası göstərilir.

“Şəbi-hicran yanar canım” sədaları altında pərdə qalxarkən tamaşanın gedişini, xoru, orkestri idarə edən enlikürəkli, uzunboylu, uzun­saçlı bir nəfər daha çox diqqəti cəlb edir. O, Azər­baycanın ilk dirijoru Haqverdiyev idi. Operanın müəllifi Üzeyir Hacıbəyli isə orkestrdə skripka çalırdı. Tamaşa qurtardıqdan sonra camaatın alqış­ları altında səhnəyə çıxarılan gənc Üzeyiri Haq­verdiyev qucaqlayaraq bağrına basır, gözləri yaşara-yaşara deyir:

−Sağ ol oğlum, sağ ol, xalqımızın başını uca etdin. Arzularımdan birinə də yetdim. İncəsənətimizdə opera yarandı… Sənin daha böyük nailiyyətlərə çatacağına şübhə etmirəm.

 

***

1908-ci ilin əvvəllərində “Molla Nəsrəd­din” əməkdaşlarından Cəlil Məmmədqulu­za­də, Əbdürrəhim bəy Haqverdiyev, Faiq Ne­man­zadə, Qurbanəli Şərifov, Salman Mümtaz və baş­qaları “İbrahim bəyin siyahətnaməsi” əsərindən söh­bət edirlərmiş.

Haqverdiyev deyir:

− Nə olardı, bu kitaba nəzirə bir “Səya­hətnameyi Molla Nəsrəddin” də olaydı. Aya, gö­rəsən Molla Nəsrəddin səyahət etsə, başına nə müsibətlər gələ bilər?

Cəlil Məmmədquluzadə üzünü yoldaş­la­rına tutub aram-aram söyləyir:

− Gəlin biz bir “Mozalan” gəzdirək. Ancaq bunun səyahətnaməsini öz aramızda bölüşdürək. Hər kəs onu özü görüb bildiyi yerə aparıb səyahət etdirsin. Oxuyanlar güman etsinlər ki, həqiqətən bir nəfər gəlib buraları görüb, bu felyetonları yazıb.

Hamı onun fikrinə şərik olur. Birinci fel­ye­tonu Haqverdiyev başlayıb, Mozalanı Gəncə tə­rəf­lərdə gəzdirir və Bakıya gətirir. Bakıdan Mo­zalanı Məşhədə Salman Mümtaz aparır. İrəvan və Nax­çıvan tərəflərdə Mozalanı Qurbanəli Şərifov gəzdirir. Beləliklə “Mozalan bəyin səyahət­na­mə­si” əsəri meydana çıxır.

 

***

Bir gün Haqverdiyev küçə ilə gedərkən, səkinin kənarında bir uşağın ağladığını görür. Yaxın gəlib səbəbini xəbər alırsa da uşaq cavab vermir. Axırda naəlac qalan ədib uşağa sual verir:

− Adın nədir, a bala?

Uşaq bu dəfə tez cavab verir:

− Əliqulu.

− Bir adamın ki, adı Əliqulu olsa, ağlamasın neyləsin?!

Haqverdiyev gülümsəyib uşağı sakit-ləşdirir.

 

***

Ə.Haqverdiyev böyük faciə aktyoru Hü­seyn Ərəblinski ilə dost idi. Hətta o, “Ağa Mə­həm­məd şah Qacar” faciəsini Ərəblinskinin iste­dadlı sənətkarlığını nəzərə alaraq yazmışdı. Faciə yazılıb qurtaranda onlar görüşürlər. Ərəblins­kinin ilk sözü bu olur:

− Mirzə, sən Allah, əvvəl bir de görüm, mənim xahişimi yerinə yetirdinmi? Arvad rolu yoxdur ki? Bu aktrisa məsələsi gözümün qabağında bir dağ kimi durmuşdur.

Əbdürrəhim bəy ona cavab verir:

− Hüseyncan, mən bu “Ağa Məhəmməd şah Qacar” əsərini sənin üçün yazmışam və sənin xətrin üçün bir nəfər də olsun arvad rolu salmamışam.

Bu sözlər Ərəblinskini çox həyəcan­lan­dırır. O, Haqverdiyevi qucaqlayıb öpür və qadın ro­lu oynayan bığlı kişiləri nəzərdə tutaraq deyir:

− Can mirzə, heç olmasa bu əsərdə mənim canımı bu bığlıların əlindən xilas etdin.

 

***

1910-cu ildə “Ağa Məhəmməd şah Qacar” faciəsinin tamaşasından sonra bir dəstə tamaşaçı “şah” rolunu xüsusi məharətlə oynayan Hüseyn Ərəb­linskini və onun artist dostlarını qonaq apa­rırlar. Qonaqlıq otağında Hüseyndən soruşurlar:

− Harada əyləşəcəksiniz?

− Mən Əbdürrəhim bəyin yanında əyləşəcəyəm.

Qonaqlıq sahibləri o zaman Tiflisdə olan Haqverdiyevin məclisə çağırılmadığını və Hüseynin buna işarə etdiyini başa düşür. Təcili olaraq Əbdürrəhim bəyi tapıb məclisə gətirirlər və Ərəb­linskini də onun yanında əyləşdirirlər.

 

***

 

Tiflisdə, qonaqlıq məclislərinin birində Haq­verdiyevin sağlığına badə qaldırırlar. Artistlər növbə ilə gəlib onu öpür. Artist Murad Mu­radov Haqverdiyevi öpərkən, Ərəblinski deyir:

−Yoldaşlar, Muradın niyə psevdonimi yoxdur, bu gün mən ona psevdonim qoyuram: Haq­verdovski. Bu çox gözəl psevdonimdir. Haq­ver­diyev bizim atamız, müəllimimiz olub. Qoy bu ad Murada yadigar qalsın.

Bu əhvalatdan sonra Ərəblinski öz şəkil­lərindən birinin dalına: “İstedadlı sənətkar Haq­ver­dovskiyə Ərəblinskidən yadigar” sözlərini yazıb Murad Muradova bağışlayır.

 

***

Haqverdiyev artistlərə, o cümlədən Ərəb­linski və Əbülfət Vəliyə əlindən gələn köməyi əsirgəmirdi. Bir gün Ərəblinski zarafatla Haqver­di­yevdən yüz min manat pul istəyir:

− Hörmətli müəllim, siz heç şübhəsiz ki, birinci Azərbaycan mütəxəssis artistinin sözünü yerə salmayacaqsınız.

Haqverdiyev də zarafatla ona cavab verir:

− Sənin özünü ilk mütəxəssis artist hesab etməyin heç də düz deyil. Birinci mütəxəssis artist Sidqi Ruhulladır. Çünki sən ayda kirayənişinlərdən iyirmi manat kirə alırsan. Amma Sidqi səhnədən gələn gəlirlə yaşayır.

− Ay müəllim, axı iyirmi manat nə gəlir­dir, ki!.. Mən hamıya, o cümlədən sizə boğazacan borcluyam. Elə isə mən evi satacağam, – deyə Ər­əb­linski cavab verir və bir neçə gündən sonra evi satır.

Ərəblinskinin evi satması xəbərini eşidən Haqverdiyev əvvəl pərt olur. Sonra o, Hüseynin könlünü almaq üçün onun yanına gedir:

− Hüseyn, mən səni bu qədər dəliqanlı bil­məzdim, evi niyə satmısan? Eybi yoxdur, satmı­san, yaxşı eləmisən. Amma yadında saxla ki, sən kapitalist də olsan, belə mühitdə işlər sən deyən ki­mi getməyəcək, çünki arzu böyük, imkan isə yox­dur. Lakin vaxt olacaq ki, sənin arzuların çi­çək kimi açacaq. Mən buna əminəm.

 

***

 

Şuşada verilən konsertlərdə həvəskar ar­tist­lərdən birinin cındır paltarda, neybalabanın mü­şayiəti ilə oxuduğu mahnı Haqverdiyevin çox xoşuna gələrdi. Çünki mahnının sözlərini və ha­vasını ədib özü düzəltmişdi:

 

Gəlin gedək Daşaltına gəzməyə,

Ördək kimi o göllərdə üzməyə,

Qorodovoy gəlir bizi əzməyə.

Ölürəm, kimə yalvarım.

 

Çox sözüm var ürəyimdə deməyə,

Yoxdur bir kəs çağırmağa köməyə,

İştaham yox, qapaz-kötək yeməyə.

Ölürəm kimə yalvarım,

Yanıram kimə yalvarım

 

və s.

***

Bir dəfə Haqverdiyev evdə oturduğu zaman, jandarm idarəsi rəisi təklifsiz otağa daxil olur:

− Mirzə, eşitmişəm kitablarının içində si­yasi ədəbiyyat da vardır. Düzdür, mən buna in­an­mıram, ancaq gərək məni bağışlayasınız, qul­luq adamıyam, vəzifəmdir, özüm sizin kitabları yoxlayacağam, – deyə otaqdakı kitabları diqqətlə göz­dən keçirir. Ostrovskinin pyesləri məcmuəsini əlinə götürür, birinci səhifədəki şəklə diqqətlə nə­zər salır:

− Yox, mənim gözüm bu kişidən su içmir, heç düz adama oxşamır, cənab Əbdürrəhim bəy, belə kitabları oxumaq sizə yaraşmaz!

Haverdiyev ona heç bir söz demir və gülümsəyir. Jandarm rəisi Ostrovskinin kitabını özü ilə aparır.

***

 

“Dağılan tifaq” faciəsinin tamaşası gedir­miş. Dördüncü pərdədə, Əbdül ilə İsmayılın daş üstündə oturub, Nəcəf bəyin tarmar olmuş evinə baxaraq danışdıqları səhnədə Əbdül İs­ma­yıla deyir ki, “Xudabəndi-aləm hətta öz Qurani-Şə­rifində qumarı şeytan əməli buyurubdur”. Əb­dül rolunda oynayan artist sözləri dəyişdirib demişdir:

− Xudabəndi-aləm hətta öz qumari-şə­rifində Quranı şeytan əməli buyurubdur.

Bu söz dəyişmənin üstündə Haqverdiyevi məsuliyyətə çəkirlər ki, bilə-bilə belə yazmısan. Lakin mətn yoxlandıqdan sonra ədibdən üzr istəməli olurlar.***

Haqverdiyev artistlərlə, o cümlədən Sidqi Ruhulla ilə bərk dost idi. O, Sidqiyə bağışladığı “Pəri-cadu” pyesinin əlyazması üzərində yazmışdı:

“Artist Ruhulla bəradərimə. Bəradərim, dünyada insaniyyətə, millətə və mədəniyyətə ən böyük xidmətlərdən biri artistlikdir. Artist üzünü unluyub acı həqiqətləri sənətin şəkəri ilə şirinləyib camaata yedirdir. Bu cəhətdən, artistliyin yolları nə qədər ağır, tikanlı olsa da, qiymətlidir. Çünki nəticəsi parlaqdır. Bu sözləri həmişə xəyalında saxla”.

İkinci bir hədiyyənin üzərində isə belə yazmışdı:

“Artist Sidqi Ruhullaya vəsiyyətim: Ar­tist­liyin yolları ağır və tikan ilə doludur. Ayağa batan tikanların ağrılarına qəyuranə davam edib mər­danə getməyin, axırda işıqlı bir mənzilə yetir­məyi şübhəsizdir. Həmişə xəyalın bu yerdə olsun ki, bu gün dünəndən yaxşı oynayasan. Çünki artist nə qədər yaxşı oynasa gərək bilsin ki, daha yaxşı oynamaq mümkündür”.

 

***

1928-ci ildə Mirzə Fətəli Axundzadənin vəfatının 50 illik yubileyi komitəsinə Haqver-diyev başçılıq edirmiş. Komitə üzvləri Bakıdakı mərkəzi küçələrindən birinə M.F. Axundzadənin adını qoymağı təklif edəndə Haqverdiyev deyir:

− O küçəni yox, o küçə lazım olacaq …

İndiyə qədər Bakıda M.F.Axundzadə adına küçə yoxdur.

 

***

   Haqverdiyev Azərbaycan Dövlət Darül­fununda (indiki Bakı Dövlət Universiteti – red.) dərs dediyi zaman mövzular tələbələr arasında bölünər, kimə nə düşdüsə, hazırlaşar, gəlib danı­şar­mış. Mövzuları da qrup rəhbəri seçilən tələbə paylayarmış. Bir tələbəyə də “Yeyərsən qaz ətini, görərsən ləzzətini” pyesi düşür. Haqverdiyev, adə­­tən, proqram əsasında onun yaradıcılığına ay­rı­­lan saatlarda auditoriyada oturmaz: utanar­mış. Ədib koridor boyu gəzərkən, qulağına “Yeyərsən qaz ətini, görərsən ləzzətini” pyesindən danışan tələbənin səsi gəlir:

− Pyesdə, hörmətli ədibimiz qaz ətindən, qaz ətinin ləzzətindən danışır. O yazır ki, qaz ətini yeməyənlər onun ləzzətini bilməzlər. Haqverdiyev nəsihət edir ki, qaz əti yeyin, ləzzət alın. Yəni yeyərsən qaz ətini, görərsən ləzzətini.

Haqverdiyev gülümsəyə-gülümsəyə auditoriyaya daxil olub, həmin tələbənin üzünə diqqətlə baxır:

− Əhsən bala, çox yaxşı danışdın. Əsəri yaxşı başa düşmüsən. Qaz əti, doğrudan da, ləzzətli olur.

Haqverdiyevin sözlərindəki incə kinayə­yə tələbələr gülüşür. Ədib özü də onlara qoşulur.

 

***

1929-cu ildə Azərbaycan yazıçıları Gür­cüs­tana qonaq gedirlər. Heyətin sədri Haqverdiyev, katibi isə S.Rüstəm imiş. Azərbaycan və gürcü yazıçıları qədim gürcü şəhəri Msxetə getməli olur. Haqverdiyev, C.Məmmədquluzadə və Qalaktion Tabidze bir maşında, A. Şaiq, C. Cab­barlı və S. Rüstəm də digər maşında gedirlərmiş. Başqa maşınlarda da digər yazıçılar gəlirlərmiş. Haqverdiyevgilin mindiyi maşın hər yerdə oldu­ğu kimi, burada da birinci gedirmiş. Cəfər Cab­barlı sürücünün qulağına nə isə pıçıldayır, maşın sürətini artırır və Msxetə o biri maşınlardan tez çatır. O biri maşınlar gəlib yetişdikdə Haqver­diyevi çox pərt görürlər. C.Məmmədquluzadə dodaqaltı gülərək, şəhadət barmağı ilə S.Rüstəmi hədələyir. Haqverdiyev heyətin katibi S. Rüstəmi yanına çağırır:

− Bu dəfəlik günahından keçirəm. Bundan sonra belə işlər görmə. Adam sədrin maşınını keçməz! – deyir.

 

 

 

 

 

Bölmə : Manşet, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10