Heç bilməzdik ölüm var, ayrılıq var

360 Baxış

 arifalim
Arif Alim

Hardasa doqquz yaşım olardı. Doqquz yaşım olardı deyəndə ki, SSRİ təzə-təzə dağılırdı. Hələ “baqquş”, “snikers” kəndimizə ayaq açmamışdı. Hələ camaat hər gün səhər tezdən “zil” maşınının kuzasında kolxoza işləməyə gedirdi. Biz hələ də Lenin haqqında şeirlər oxuyurduq. Yavaş-yavaş kəndimizdə “komisyonnu” adlanan dükanlar açılmağa balayırdı.  O vaxt “komisyonnu”su olan adam kəndin ən imkanlı şəxsi hesab olunurdu. Həmin dükanlarda ən çox satılan məhsul “bakkuş” və “snikers” idi. “Bakkuş”, “snikers” əhvalatları mənim üçün maraqlı məsələdi. Həm maraqlıdı, həm də vacib. Ona görə maraqlıdı ki, həmin xarici məhsullara kənardan baxa-baxa qalmağım, ala bilməməyim yadıma düşür. Mənim üçün o zaman “bakkuş” alıb yemək indiki dillə desəm, ən böyük siyasi-iqtisadi nailiyyətlərdən biri hesab olunurdı. “Snikers”i yeməyim isə xüsusi tarixi hadisə kimi yadımda qalıb. Niyə xüsusi tarixi hadisə deyirəm? Ona görə ki, şifahi tanışlığım doqquz yaşımda olsa da, ilk dəfə “snikers” yeməyim on iki  yaşıma aiddir. On iki yaşımın olduğu ilin yayında qardaşım Bakı şəhərinə getmişdi. Kəndə qayıdanda ailəmizi sevindirmək üçün bir ədəd “snikers” də almışdı. Düzdü, atam həmin alqı-satqı hadisəsinə görə qardaşımı bir xeyli danladı. Qardaşımda da böyük cəsarət var. Ürək eləyib iki min manat (o vaxtkı pulnan iki “məmməd”, indiki pulnan qırx qəpik) xərcləmişdi. Hardasa, bu hadisə nəslimizdə ən səs-küylü pul xərcləmə hadisəsi kimi xarakterizə olunurdu. Babam hər dəfə qardaşıma baxıb mənalı-mənalı başını bulayırdı. Əmilərim deyirdi ki, bu, deyəsən, avara olacaq. Atam hər dəfə süfrə arxasında oturanda bildirirdi ki, “Mən məktəbə cırıq qaloşnan getmişəm. Əsgərlikdən gələnə qədər atam mənə bir qəpik pul verməyib. Pulu dağıtmaq bulara hardan keçib, kimdən keçib, bilmirəm”. Nə isə, başımız-beynimiz xarab olmuşdu. Hə, biz də bu söz-söhbəti eşitməzliyə vurub, altı uşaq yığışdıq stolun ətrafına. “Snikers”i altı yerə böldük. Mən öz hissəmi bir balaca iylədim ki, ləzzətini hiss eləyim. Kiçik qardaşım bu zaman mənim gözlərimi yummağımdan, özümü qoxunun ixtiyarına verib hayıl-mayıl olmağımdan istifadə edib payımı əlimdən qapdı. Proses o qədər sürətli oldu ki, çarəm ancaq qardaşımı möhkəm əzişdirməyə qaldı. Başına bir-iki qapaz vurdum, ürəyim soyumadı. Yıxdım yerə, başladım təpikləməyə. O da bir əli ağzında, “snikers”i sovururdu, bir əli ilə də başını tutmuşdu. Axı əzişdirmək “snikers”i geri qaytarmır. Ona görə də Kamrandan əl çəkib böyük qardaşıma yalvarmağa başladım. Yalvardım-yavardım, o da öz payının qırağından iynənin ucu boyda olan hissəni mənə verdi. Bu dəfə cəld hərəkət eləyib şokoladın parçasını ağzıma atdım. Bir xeyli ağzımda saxladım ki, dadı getməsin. Başqa  ləzzəti vardı. Qardaşımı döydüyümə görə peşmanam. Ancaq kənd uşaqları arasında döyüb-döyülmək məsələsi adi işdi. O ki ola uşaqlıqda.  Hə, buna görə həmin məsələ mənim üçün maraqlıdı. Dedim axı, həm də vacibdi.

Vacibdir ona görə ki, mənə görə müstəqilliyimiz “bakkuş” və “snikers”lə gəlib. Yəni müstəqillyimizin ilk addımlarını mən həmin yeyinti məhsulları ilə asossasiya edirəm. Yaxşı yadıma düşdü, o vaxt un da tapılmırdı. Çörək növbələri də ki, ucsuz-bucaqsız. Növbələr vaxtı adamları tanımaq olmurdu. Məsələn, kəndimizdə Zərifə arvad var. Hər dəfə bizi görəndə üzümüzdən öpürdü. Deyirdi ki, “Ay Allah, nə qəşəng balalardı”. Başımızı sığallayırdı. Ancaq yadıma gəlir ki, mən bir dəfə çörək növbəsinə getmişdim. Elə təzəcə özümə yer eləmişdim ki, həmin Zərifə arvad tələm-tələsik özünü soxdu növbəyə. Mən sevinib Zərifə ardvada salam-vermək istəyirdim ki, o, bir əli ilə məni alnımdan geri itələdi. Dedi ki, “Əə, balaca, çəkil o tərəfə. Adama da oxşamır. Çəkil o tərəfə. Növbəyə dayanan olub mənim üçün”. Məni geri itələyib yerimdə dayandı.  Mən də özümü təhqir olunmuş hiss elədim. Ancaq əlacım nə idi. Axırıncı çörəyi Zərifə arvad aldı. Mənə çörək qalmadı. Dedim, “Feyzulla əmi, mənə çörək saxlamamısan?” Dedi, “qardaşoğlu, çörək qurtardı. Sabah sənə saxlayaram”. Möhkəm qəhərləndim. Qəhərlənmək pis şeydi. Elə bilirsən, çənənin altında, xirtdəyindən yuxarıda daş qalıb. Camaat da  ki sənə baxır. Belə çox təhqiramiz  vəziyyətdi. İki saat növbədə dayan, axırda sənə çörək çatmaya. Evdə də oturub gözləyirlər ki, çörək alacaqsan.  Xörəyin  çörəksiz dadı da olmur. Elə bil ləzzətini itirir. Biz tərəflərin camaatı da ki, möhkəm çörək yeyəndi. Nə isə. Adamları tanımaq olmur. Atam evə gələndə anam dedi ki, “bəs bu gün çörək ala bilməmişik”. Səhərisi gün kiçik dayım bizə bir kisə buğda unu gətirdi. Onlar tərəkəmə idilər. Yaman zəhmətkeş adamlar idi. Doxsanıncı illərin əvvəllərində bizim maddi vəziyyətimiz pis idi. Rəhmətlik nənəm hər həftə dayılarımdan bizə bir kisə kartof, yarım kisə də un göndərirdi. Xalalarım da bişirilmiş çörək, qoyun əti filan gətirirdilər. Ailəmiz böyük idi. Ayda dörd kisə un lazım idi ki, bizə çatsın. Hə, dayımız gətirdiyi undan anam çörək bişirdi. Çörək yaman bərk idi. Daş kimi. O dövrdə yumsaq çörək ancaq “Riqa” unu adlanan undan hazırlanırdı. Anam da üç kisə buğda ununa bir kisə “Riqa” ununu qarışdırırdı ki, çörək bir az yumşaq olsun. Çətin vaxtlar idi. Çətin olsa da, maraqlı idi.

Hə, deməli,  bir dəfə yay idi. Qardaşımın “snikers” aldığı il idi. On iki yaşım vardı. Möhkəm qarınağrısı məni az qala öldürürdü. Uşaqlarda belə şeylər tez-tez olur. Nənəm dedi, tez uşağı aparaq Seyid qızının yanına, çarə eləsin. Getdik kəndimizin ən məşhur “doxtur”unun yanına. Nənəm xahiş elədi ki, “Seyid bacı yazıq uşaq ölür ağrıdan, bir əlac elə”. Seyid bacı da dedi ki, “bu dəqiqə dəstəmaz alıram, suyundan içsin, ağrısı qalmayacaq”. Seyid bacı əllərini aftafadan tökdüyü su ilə möhkəm-möhkəm yudu, su töküldü ləyənə. Arada bir burnunu da ləyənə tutub yaxşıca təmizlədi. Sonra bir stəkan gətirib ləyənin içində o tərəf, bu tərəfə gəzdirdi, içini dəstəmaz suyu ilə doldurdu. Dedim, “ay nənə, day mənim qarnım ağrımır, vallah, ağrı keçdi”. Nənəm dedi, “elə şey olmaz, müqəddəs sudu, iç”. Əlacım kəsildi, gözümü yumub stəkanı başıma çəkdim. Deyəsən, Seyid bacı bir balaca qrip imiş, su ilə qarışıq pis-pis şeylər hamısı axdı qarnıma. Nə çəkdiyimi bircə Allah bilir. Ancaq  o vaxtdan qarnım da ağrımadı.

Qarınağrısı pis xəstəlikdir. Ağrıdan dayana bilmirsən. Şəhər uşaqlarında bilmirəm, kənd uşaqlarında belə şeylər adi haldır. Qarnın ağrıyır, tutursan qarnını, uzanırsan yerə. Həkimə, getdi-filan yoxdu. Ümumiyyətlə, kənd yerində həkimə getmək məsələsi qəliz işdi. Qəliz işdi deyəndə ki, hər kiçik şeydən ötrü həkimə-filan getməzlər. Məsələn, dişin ağrıyır-deyirlər ki, get yat, ağrı keçəcək. Sən də zarıldaya-zarıldaya gedib uzanırsan yerinə. İyirmi-iyirmi beş dəqiqə ağlayırsan,  sonra yatırsan. Oyananda görürsən ki, ağrı-filan yoxdu.

Ümumiyyətlə, keçmiş yuxu kimidi. Bir də ayılırsan ki, hər şey keçib gedib.

Bölmə : Manşet
KÖŞƏ YAZARLARI
TOP 10