Hekayə haqqında hekayə – Şəfa Vəli

48 Baxış

sv

Senet.az oxucularına “Ustad” jurnalının Şəfa Vəlinin “Hekayə haqqında hekayə ” yazısını təqdim edir.

Olduqca cəzbedici təkliflərlə dolu bir siyahı vardı əlimdə. Növbəti hekayə  müsabiqəsinin şərtlərini oxuduqca özümü qalib kimi hiss etmək istəyirdim. Amma, bilirdim ki, bu da yalnızca xəyalımdadır. Mən özümü ancaq və ancaq xəyalımda qurduğum dünyada bestseller müəllifi olaraq görə bilirdim. Əslində isə… Üst-üstə bir neçə hekayə müsabiqəsində iştirak etmiş, heç birində də qaliblər sırasında adımı oxumamışdım. İndi birdən-birə bu qədər cəzbedici təkliflərlə dolu müsabiqədə iştirak etmək istəyi içimdə baş qaldırmışdı. Qalib üçün nəzərdə tutulan pul mükafatına nəinki nəfis bir kitab müəllifi olmaq, hətta, hekayələrim üçün klip də hazırlatdıra bilərdim. Odur ki, bu müsabiqə üçün yeni bir hekayə yazmaq, göstərilən elektron ünvana göndərmək qərarına gəlmişdim. Yazacağım hekayə kreativ süjet xəttinə malik olmaqla yanaşı, eyni zamanda, postmodernist üslubda olmalı, oxucunu beynini yormağa məcbur etməli idi. Bəli, məhz belə qeyri-adi hekayə yazmalıydım. Amma, necə?

Günlər keçdi… Dəfələrlə kompüterin qabağında oturub bir-iki A4 vərəqi qaralamışdım. Yazdığım cümlələri qayıdıb bir daha oxumasam da, sadəcə, söz yığını olduğunun fərqindəydim. Arada özümü toplayıb tünd çay içdim, əlimə  qələm alıb bir-iki dəftər vərəqi də korladım. Alınmadı. Yazacağım, kiməsə anladacağım bir mövzu belə yox idi beynimdə. Nəhayət, Müşfiq Xan demiş, müəyyən qaydaları bir tərəfə atıb açıq havaya çıxmağı düşündüm. Yazmaq və qaydalar… İkisini bir yerdə düşünə bilməsəm də geri dönüncə özümə qaydalar tərtib edəcəyimi də fikrimdən keçirdim.

Küçədə mənasız-mənasız addımlayırdım. Önümə çıxan kiçik kərpic qırığı, tükləri palçığa bulaşmış pişik balası, üstünə “İnternet-kafe” yazılmış şüşə qapının ağzındakı bir ayağı sınıq stul, meyvə-tərəvəz satan ağsaçlı kişi, bir sözlə, gözümə dəyən nə vardısa, hamısında yazmağa mövzu, bədii cəhət axtarırdım. Lakin cəmi iki-üç cümlədən sonra hekayəm sona çatırdı. Heç nə ilə yetinmədiyimi görüb qarşıma çıxan bir xaladan bildiyim yolu soruşdum. Özlüyümdə “dəli dahi” obrazı yaradırdım. İş bu ki, məndə dəlilik  alınmırdı, dahilik isə heç əzəldən yox idi. Əllərimi şalvarın cibinə salıb  utancaq bir boynubüküklüklə gənc çinar ağacına söykəndim. Başladım ağacın cod gövdəsinə kürəyimi sürtməyə. Rahiblərin günahlarını bağışlatmaq törəni kimi özümə fiziki cəza verirdim. Beynimin hansı küncündəsə büzüşüb yatan istedadımı ağrının köməyilə oyatmağa cəhd edirdim. Alınmırdı… Axı mən ağrıya dözən deyildim.

Bir az da küçədə veyil-veyil gəzdim. Yaşlı kişidən siqaret istədim, çayxananın qarşısında oturmuş gənc oğlanlardan alışqan xahiş elədim, ilk nəfəsdən sonra siqareti yerə tullayıb ayağımla əzdim. Siqaret çəkmirdim. Bu da yatmış istedadımı qıdıqlamağın növbəti üsulu idi. Faydasızdı… Füzuli demiş, “oyatdı xəlqi əfğanım”, istedadım baş qaldırmadı. Artıq ətrafdakıların mənə qəribə baxdıqlarını görürdüm. Onların baxışlarında sual da vardı, istehza da, sadəcə, maraq da. Mənsə, izaholunmaz idim. Kiməsə vəziyyəti izah etmək özümü təqdim etmək olardı. Bunu istəmirdim.

Geri qayıdıb yenidən kompüterin qarşısına keçdim. Ağlıma gələn bütün qarma-qarışıq cümlələri yazmağa başladım. Gözlərim mürgü döyəndə kompüteri keçirib başımı yastığa çatdırdım.

Səhər oyanınca ilk işim axşam yazdıqlarımı oxumaq oldu. Bunları yazmışdım:

… Anamın yaşlı bibisi vardı o vaxt. Biz ona da nənə deyirdik. Ümumiyyətlə, nəslimizdəki bütün yaşlı qadınlara nənə demək adət olduğundan mütləq hamısının adını da deməliydik. Anamın bibisinə də Bahar nənə deyirdik. Bir gün Bahar nənə bizi başına yığıb olduqca sirli bir əhvalat danışdı. O deyirdi ki, marallar yelinləyən vaxt ürəyi ilan yemək istəyir. Bu təbii istək onları ilan yeməyə məcbur edir. Elə ki maral ilan tutub yeyir, hər şey də bundan sonra başlayır. Vaxt gəlir, vədə yetir, maral yükünü yerə qoyanda-doğanda həngamə olur, doğan kimi otuz-əlli metr uzağa qaçıb ordan doğduğuna baxır. Əgər doğduğu sürünəndisə, qaçıb uzaqlaşır. Yox, qaçandırsa, yəni öz balasıdırsa, yaxınlaşıb yalamağa başlayır. Maralın doğduğu ilana el arasında “əjdaha” deyilir. Lakin o, cəmi bir nəsil olur. İkinci nəsil üçün təbiət bu əjdahalara heç vaxt şans vermir. Onlar ömürlərini elə tək-tənha başa vururlar. Yelinləyən maralın yediyi ilanın zəhəri onun göbəyinə yığılır, müşk-ənbər adlanır. Hansı evdə, məhlədə, bağ-bağatda ilan görülürsə, o saat maral buynuzu yandırılır ki, ilan çıxıb getsin.

Yazdığımı oxuduqca heç nə başa düşmürdüm. Bu mənim istedadımın məhsulu deyildi. Eşitdiyimi təkrarlayan tutuquşu kimi idim. Sadəcə, eşitdiklərimi cümlələrə düzüb ədəbi-bədii qayda-qanunlara riayət etmişdim. Bunu hekayə adlandıra bilərəmmi?! Bəlkə də hə… Ötən həftə nüfuzlu ədəbiyyat jurnallarından birində betər bir söz yığınını esse adı ilə çap etmişdilər. Odur ki, müsabiqəyə elə bunu göndərməyi qərara aldım. Cəzbedici təkliflər yazılmış vərəqi əlimə alıb elektron ünvan axtarmağa başladım.  Oxuduqca məlum oldu ki, mən artıq müsabiqəyə hekayə göndərməyə gecikmişəm. Son göndəriş tarixi dünəni göstərirdi.

Mənbə: “Ustad” jurnalının 10-cu sayı.

 

           

KÖŞƏ YAZARLARI
TOP 10