Hekayədən-hekayəyə… – Vaqif Yusifli

21 Baxış

photo_176

Təranə Vahid imzası ədəbi aləmdə təzə deyil, neçə illərdi ki, bu müəllif yazır-yaradır, mətbuatda hekayələri, esseləri, publisistik yazıları çap olunur. “Cənnətdən yuxarı” adlı ilk nəsr kitabı da işıq üzü görüb. Təranənin “Mən toz dənəsiyəm” hekayəsinin IV Beynəlxalq Mahmud Kaşğari müsabiqəsində Azərbaycan üzrə birinci, 16 türkdilli dövlət və toplumların iştirak etdiyi ikinci mərhələdə dördüncü mükafata layiq görülməsi sevindirici hadisədir. Amma mənim üçün ən sevindirici hadisə Təranə Vahidin nəsrin “kiçik” adlandırılan, əslində, böyük mətləbləri özündə əks etdirə biləcək bir janrda uğurlar əldə etməsidir. Özü də hiss olunur ki, Təranə hekayədən-hekayəyə daha yaxşı yazmağa cəhd edir, hər yeni hekayəsində həm məzmunca, həm də janrın bədii ifadəsi baxımından təzəliyə can atır.

Zəmanəmizin böyük yazıçısı Çingiz Aytmatov məqalələrinin birində yazırdı: “Hekayəni damla ilə müqayisə etmək olar, lakin bu damlasız okean ola bilməz. Mənim fikrimcə, hekayə dövrün mozaikasıdır. Mozaika isə məlum olduğu kimi, xırda və zərif hissəciklərdən ibarətdir.  Burada da dövrün, zamanın səciyyəvi cizgiləri portret halında canlana bilər. Hekayə həmçinin qravüraya bənzəyir.  Yazıçı əməyi də müəyyən mənada qravüraçı sənəti ilə səsləşir: ifadə vasitələrindəki zəriflik, maksimum yığcamlıq, detalların dəqiqliyi hər ikisinə aiddir”.

Təranə Vahidin hekayələrində məhz “ifadə vasitələrində zəriflik, maksimum yığcamlıq və detalların dəqiqliyi” diqqəti cəlb edir və deyim ki, bütün bunlar və ən başlıcası, həyatı təsvir üsulundakı özünəməxsusluq onun hekayələrinə bir özəllik gətirir.

Hər bir hekayəçinin xüsusi olaraq müraciət etdiyi mövzular olur. Sanki bir hekayədə tam olaraq deyə bilmədiyi həqiqəti, dolğun canlandıra bilmədiyi obrazı müəllif digərində tamamlamaq istəyir. Təbii ki, bu prosesdə təkrar, oxşar situasiyalar, süjet eynilikləri də ola bilər, tamam fərqli bir mənzərə də. Təranə Vahidin üç mövzuya müraciətini izləyək.

“Mən toz dənəsiyəm” və “Durna adam” hekayələri insanın dəyişilmə, bir aləmdən başqa bir aləmə “köçürülmə” prosesini əks etdirir və bu hekayələrdə Təranənin uğuru həmin prosesin mahiyyətini psixoloji baxımdan açıqlaya bilməsidir. İnsan niyə arzulayır ki, toza dönsün və niyə arzulayır ki, “Allahın altında dönüb durna olaydım”. Bəni-insan bütün ömrü boyu bu xəyallara düşə bilər və təbii ki, canlı həyatda insanın toza və ya durnaya çevrilməsi mümkün deyil. Amma ədəbiyyat buna qadirdir və Təranə də toza və durnaya dönən iki insanın taleyini iki hekayədə əks etdirir. Toza dönən insan “bütün qadağalardan, sədlərdən, sərhədlərdən azad olub, havada ürəyi istədiyi qədər uçur”. “Mən toz olandan sonra yaşamağın nə olduğunu bilmişəm, öz aramızda qalsın, insan olanda bir dəfə də özümü insan kimi hiss etməmişəm”. Həyat insanı dəyirmanda buğda kimi əzəndə, ona məxsus olanı zorla əlindən alanda, ədalətsizlik, haqsızlıq boğazına dirənəndə, günlərin birində “əl çəkin yaxamdan, mən məğlub oldum, mən heç kiməm, heç kim, mən toz dənəsiyəm” deməyi bacarmalıdır. Bəs toza çevriləndən sonra insanın azadlığa qovuşması, real həyatdakı haqsızlıqlardan xilas olması “Azadlıq çatışmazlığı” sindromunu aradan qaldıra bilirmi? Hər halda, “tozların cəmiyyətində hər şey ədalətlidir” görüntüsü belə deməyə haqq verir ki, yaşadığımız həyat, dünya, cəmiyyət, insan mühiti həmişə fantastik arzular doğurur. Ramiz Rövşən bir şeirində bu fikri neçə il əvvəl belə ifadə etmişdi: “Mən bir tozam, azadam göy üzündə, Nə olsun ki, azad deyil bir adam yer üzündə”. Bəlkə elə Təranə bu şeirdən təsirlənib? Ola bilər.

Bəs Əlif kişini Durna olmağa nə vadar edir? “Allahın altında dönüb durna olaydım. Qoşulaydım bu qatara, gedəydim dünyanın axırına” – adi bir arzudur və müəllif onu çox asanlıqla həyata keçirir.  Əlif kişinin “bircə yaddaşı özündə qaldı” və   “göylərin genişliyi, azadlığı ağlını başından almışdı, qocalıqdan canı qurtarmış, ayaqları, qolları quş kimi yüngülləşmişdi. Uzun qanadları  enib-qalxdıqca, ürəyində “İlahi, kərəminə şükür, bəxtimdə durna olmasaq da, varmış” – deyib Yaradandan dualarını əsirgəmirdi”.İnsan yaddaşı onu keçmişə, durna yaddaşı gələcəyə səsləyir və “Mən toz dənəsiyəm” hekayəsindəki insandan fərqli olaraq Əliş kişi “çox-çox uzaqlardan sümüyü sürmə olmuş anasının həzin laylasını eşidir, göz açdığı kənd, gəzdiyi torpaq, yaşadığı vaxt onun yolunu gözləyirdi”. Və Əliş kişi bir vaxtlar sahibi olduğu həyətdə durna kimi yaşamağa razı olur, həsrətlə adam olacağı günü gözləyir.

Fikrimcə, “Durna adam” hekayəsi  birinci hekayəyə nisbətən daha maraqlıdır, “fəlsəfəçilikdən” uzaqdır, obrazın mənəvi təkamül prosesini əks etdirmək baxımından da uğurludur.

Təranə Vahidin bir neçə hekayəsi (“Axşamüstü”, “İntihar”, “Qorxu çiçəkləri”) ölüm hadisəsi ilə sona çatır. Ölümü adi fiziki, bioloji hal kimi deyil, mənəvi-psixoloji fakt kimi təsvir edəndə, daha inandırıcı olur. Bu baxımdan Təranənin “Qorxu çiçəkləri” onun ən uğurlu hekayələrindən biridir. Qoca bir bağban qoca bir alma ağacı ilə dərdləşir. İlin qış vədəsində qorxudan çiçəkləmiş  bu ağacın taleyi onu düşündürür, bu ağacın vaxtilə bolluca bar verməyini xatırlayır, göydən qar yağanda əlləri ilə ağacın gövdəsini sığallayır, nəfəsi ilə isidir, alma ağacına layla deyirdi.  Beləcə alma ağacına söykəli qalır və o da, qar altında şaxta vurmuş çiçəklər də ölümü qarşılayır.

Çox təsirli hekayədir. Təsirliliyi ondadır ki, bu əhvalat öz bədii təcəssümünü Təranə Vahidin oxucuya şirinliklə aşıladığı təhkiyə tərzində, dilinin sadəliyi, aydınlığı və şəffaflığında tapır.

Təranənin bu il fevral ayında “525-ci qəzet”də dərc edilmiş “Asan xidmət” adlı bir hekayəsi göstərir ki, o, bu janrda artıq formalaşır, yetkinləşir.. O, bizim nəsrimizin Mirzə Cəlil, Haqverdiyev ənənələrini yaxşı mənimsəyir, bu böyük nəsr ustaları kimi dildə sadəliyə, xəlqiliyə can atır, dialoqlarında təbiiliyi, hazırcavablığı, təhkiyədə şirinliyi, səlisliyi ilə diqqəti cəlb edir. Təranə kənd həyatına, təbiətinə məxsus lövhələri hekayələrə gətirir və bildiyi, illər boyu müşahidə etdiyi hadisələri, olayları qələmə alır.

“Asan xidmət” hekayəsində müəllif müasir Novruzəlinin başına gələn əhvalatları oxucuya təqdim edir. Novruzəli bizim realist tənqidi nəsrimizin ən aparıcı obrazlarından biridir, böyük tənqidçi Yaşar Qarayevin təbirincə desək: “Bu ad ədibin nəsr qəhrəmanları üçün o qədər xarakterikdir ki, biz “Mirzə Cəlilin Novruzəlisi” dedikdə ümumiləşmiş bir obraz nəzərimizə gəlir və Mirzə Cəlilin böyük ustalıqla yaratdığı bu tip, görünür öz bədii-estetik cazibə qüvvəsi ilə bu günün, çağdaş həyatımızın ahənginə də qarışmaqdadır – yəni qloballaşma dövründə, kosmos, modern texnika əyyamında Novruzəliliyin mövcudluğu da faktdır. Təranə Vahidin  Novruzəlisi, əslində, bugünkü gerçəkliyimizi anlamaq üçün klassik obrazı “yeniləşdirmək” yolu ilə yaradılmış bir görüntü-obrazdır. Mirzə Cəlilin Novruzəlisi bir poçt qutusuna məktub atmaq üstündə tutulub həbs edildi, amma bizim müasir Novruzəli şəhərə gəlir, işlərini də görür, arvadının sifariş etdiyi güzgünü də alır və şad-xürrəm  kəndə qayıdır. Kəndçi də olsa, sadə və avam görünsə belə, bu təzə Novruzəli bu günün adamıdır, kəndlərimizdə nə qədər desən, belə Novruzəlilər yaşayır. Onların müasir sivilizasiyadan iraq düşməyi, “avam kəndçi” stixiyasından ayılmaq istəməməsi düşündürüb müəllifi. Şəhər isə artıq poçt qutularını divarlardan kənar edib, Asan xidmətlər hər şeyə qadirdir…

Mən Təranə Vahidin digər hekayələri və esseləri barədə söz aça bilmədim. Söz açsaydım, bəzi ortabab, mətləbi və bədii təcəssümü zəif, bir-birilə uyuşmayan bir neçə hekayəsini tənqid edərdim. Amma inkişaf göz qabağındadır və Təranə Vahid bir hekayəçi kimi yetişir, formalaşır, hətta professionallaşır.

KÖŞƏ YAZARLARI
TOP 10