Hesse və psixoanaliz – Munster Yelena Georgiyevna

8 Baxış

Без названия

Bu məqalədə Ziqmund Freydin elmi çalışmalarının Herman Hessenin həyat tərzi və ədəbi yaradıcılığı ilə qarşılıqlı əlaqəsinə baxılacaq. 

Araşdırmanın yeniliyi yazarın poeziya və nəsrinin psixi patalogiya nöqteyi-nəzərindən analiz edilməsi, ədəbi prosesin düşüncə vasitəsi kimi psixoanalizə şüurlu inteqrasiyasına aydınlıq gətirilməsiylə nəticələnəcək. Metodologiyası isə sistematik, tarixi və müqayisəvi-tipik analizə əsaslanacaq.

Bədii yaradıcılıq analizinin istiqamətlərindən biri psixoanalitik baxışdan ibarətdir. Bunun üçün iki əsas tapşırıq həll edilməlidir: birincisi, əsərin necə yaranmasını izah etmək, ikincisi, orada təsvir olunan əsas konfiliktin sxemini cızmaq.

İlk olaraq Freydin çalışmalarını, daha dəqiqi, “Şair və fantaziya qurmaq” əsərini götürə bilərik. Freydə görə, hər bir əsərdə real həyatda gerçəkləşməsi mümkün olmayan gizli motiv və arzular mütləq var. Yaradıcı insan qəddar gerçəklikdən yayına biləcəyi özünün məxsusi, reallıqdan uzaq dünyası arxasında uşaq kimi gizlənərək öz fantaziyalarını ifadə edir. Bu uydurulmuş dünyanın konflikt mənbəyi yenə də yaradıcı şəxsiyyət və onu əhatə edən aləmin xəfif gizlədilmiş daxili disharmoniyasıdır. Şair və dəlini reallıq və qeyri-reallıq, şüurluluq və şüursuzluğun arasındakı incə bir sərhəd fərqləndirir. Əsas fərqi bu cür də ifadə etmək olar: şair hələ bu sərhədləri ayırmağı bacarır, dəli üçünsə reallığa qayıdan yollar dağılıb.

Ağrı və emosiyalarını silkələyərək bədii əsər yazan yaradıcı insan özünün sağalmasıyla yanaşı bunu başqalarına da təlqin etmiş olur. Hötenin “Verter”i, Hessenin “Demian” və “Yalquzaq” əsəri buna misaldır. Amma əgər Höte bu vasitədən bilməyərək yararlanmışdısa, Hesse bundan psixoanalizin əvəzsiz bilgilər sahibi kimi, təkcə onun nəzəri tərəflərini bilməklə kifayətlənməyib Yunqun şagirdi doktor Lanqın kurslarına getməklə təcrübədən keçirərək istifadə edirdi.

Bir çox tədqiqatçilar Herman Hessenin psixoanalizə olan bağlılıq və heyranlığının əsasən onun nəsrində qabarıq hiss olunduğu qənaətinə gəliblər. Hessenin psixoanalizə münasibətini araşdırmaçı Jozef Milek “Herman Hesse. Şair. Axtarışçı. Tərəfdar. Bioqrafiya” kitabında daha aydın analiz edib. Milek, Hessenin psixoanalizlə tanışlığı, Freydlə Yunqa münasibəti və psixoanalizin onun nəsrinə təsiri kimi suallar üzərində ətrafli dayanır.

Digər tədqiqatçı Renata Limberq (“H.Hesse yaradıcılığının terapevtik aspektləri”) yazıçının qəlbi və psixi vəziyyətinə terapevtik təsiri qeyd edərək, onun yaradıcılığı ilə psixoanalizin qarşılıqlı əlaqəsini izləyir. Limberq xüsusi olaraq qeyd edir ki, Hesse rənglərin köməkliyilə yaratdığı qeyri-real və fantastik dünyanı sözlər vasitəsilə də yarada bilir. Bu dünya təsvir olunan predmetlərin konturlarının öz qeyri-adi rəng parlaqlığıyla və ya bütünlüklə şəkil uşaqsayağılıqla fantastikdir. Limberq Hessenin sonrakı əl işləri üçün xarakterik olan stabillik, ümidlilik və sağlamlıq rəmzi kimi düzbucaq və üçbucaq formalarına diqqət çəkir. Hesse qabardılmış, məhdud və etibarsız reallığı öz parlaq və sadiq dünyasıyla qarşı-qarşıya qoyur. Sağ qalmaq və davam etməyə mane olan böhrana qalib gəlmək üçün gərəkli yardımı o, xarici aləmdən yox, yalnız öz dünyasından alır. İtibucaq daşlar uşaq qorxuları və Edip kompleksi nəzəriyyəsindən doğan doyumsuzluq kimi freydsayağı anlayışlardır. Freydə görə, yetkinlik yaşındakı oğlan uşağı öz anasına heç də uşaq sevgisi bəsləmir və tapınma obyektini bölüşmək subyekti kimi atasına nifrət edir. Mixael Limberqin “Atamın kölgəsi ləpirçi kimi. Herman Hesse və atası” kitabında Hessenin atası və oğluna qarşılıqlı münasibətləri probleminə toxunub. Balaca Hesse öz atasına qarşı ən ziddiyyətli hislər bəsləyib. Bir tərəfdən onu atasının himayəsi altına verirlər, digər tərəfdənsə yalnız atası onun ruhuna sakitlik və öz vicdanı ilə uzlaşma imkanı yaradır. Belə ki, atasına olan qorxu hər cəzalanmadan sonra oğlanı növbəti dəcəlliyə və pis davranışlara sövq edir. Uşaq günah hissindən qurtulmaq arzusuyla öz valideyni və müəllimlərinə davamlı qəzəb bəsləyərək cəzanı təcrübə etmək istəyir. Limberq qeyd edir ki, bu mənada daxili konfliktlər xarici dünyanın konfliktləriylə ifadə olunur, bu səbəbdən də rahat yaşanılır. Limberqin sözlərinə görə, Hessenin uşaqlıq və gəncliyi valideynlərin norma və buyuruqlarına riayət etməklə onlara qarşı çıxmaq arasında davamlı hörmət və sevgi arzusuyla keçir. Yalnız psixoanaliz Hesseyə öz atasına qarşı münasibətlərini dəqiqləşdirməyə və bir çox atalıq keyfiyyətlərinin onun özünə də aid olduğunu anlamağa kömək edir.

Freyd və onun şagirdlərinin çoxsaylı çalışmaları bir çox ədəbi tənqidçilərə təsir edərək psixoanalitik məktəb və cərəyanların yaranmasına səbəb olub. Yazıçı və şairlərin yaradıcılığına çətin keçən uşaqlıq və əsəb pozğunluqlarını ifadə edən psixopatalogiya yönündən yanaşılıb. Hesse özü həmişə yaradıcı şəxsiyyətin bu cür qiymətləndirilməsinə etiraz edirdi. Bu səbəbdən biz də yazıçının bədii yaradıcılıq dövründəki qeyri-normallıq və böhranlı vəziyyətinə bəhs olunan yöndən baxmayacağıq. İlk növbədə, biz Hessenin həyat tərzi və ümumi yaradıcılığına Freyd və Yunqun çalışmalarının təsirini izləmək istərdik. Eyni zamanda, psixoanalizlə maraqlanmağın Hesse üçün təkcə onun ədəbi əsərlərinin əsas ideya və metodlarına təsiri kimi yox, ümumi yaradıcılığına çərçivəli inteqrasiyası olduğunu göstərməyə çalışacağıq.

Bu tapşırığı həll etmək üçün mütləq Hessenin psixoanalizlə tanışlığına nəzər yetirməliyik. Güman edilir ki, bu tanışlıq 1914-cü ilin ikinci yarısında baş tutub. Jozef Milekin qeyd etdiyi kimi “Hessenin ailəsi dağılanda və əsəb sistemi tamamilə çökəndə intellektual həvəsi şəxsi maraqlar əvəzləməyə başladı”. Ailədaxili problemlər, atasının vəfatı, Birinci Dünya Müharibəsinin başlanması – bunlar hamısı əsəb sarsıntılarıyla nəticələndi, bu da öz növbəsində müalicəni qaçılmaz etdi. 1916-ci ildən Hesse işlərinə heyran olduğu Yunqa olan marağından onun şagirdi doktor Lanqın psixoanaliz kurslarına getməyə başladı. Amma sonradan Hesse yenidən Freydə üstünlük verməyini bununla əsaslandıracaqdı ki, Yunq onun çoxsaylı istedadlı davamçılarından yalnız biridir.

Bu dövr ərzində psixoanaliz Hessenin ən ehtiraslı əyləncəsinə çevrilsə də, 1922-ci ildən onunla ciddi maraqlanmağa başlayır. Bu əyləncə asan anlaşılandır: lap əvvəldən onun romantik duyğuları – emosiya, təsəvvür və arzuları, əhvali-ruhiyyə və ehtirasları – Hesseni gerçək dünyadan daha artıq məşğul edirdi. Bu bilgilər onun həyat tərzi və bütünlüklə yaradıcılığına sirayət etməkdə idi. Psixoanalizə marağı onu rəsm çəkməyə də həvəsləndirdi: öz yuxularının təsvirlərilə başlanan bu şəkillər sonradan parlaq peyzaj rəsmlərinə çevrildi. Psixoanalizə heyranlığı onun ədəbi əsərlərinin sanballılığına, xarakterlərin mütləq dərinliyi və bitkinliyinə gətirib çıxardı. “Demian” və “Yalquzaq” romanlarında bunu daha aydın görmək olar. Bu vurğunluğa gündəlik qeydləri, çoxsaylı esselər, eləcə də Freyd və Yunqun əsərlərinə həsr olunmuş resenziyalar daxildir. Milekin “demək olar ki, psixoanaliz bütünlüklə onun düşüncə tərzinə çevrilir” fikriylə razılaşmaq olar.

Hesse 1918-ci ildə istisnasız psixoanaliz və onun ədəbiyyatla əlaqəsinə həsr etdiyi yeganə əsəri “Bədii yaradıcılıq və psixoanaliz” essesini yazır. Bu, onun bəhs olunan yeni elmə tənqidi qiyməti və çılğınlıq etirafı idi. Hesse bu essedə yaradıcı insanın üç müsbət cəhətini qeyd edir ki, bu da ilk növbədə təhtəlşüur və fantaziya rolunun təsdiqilə nəticələnir, çünki “məhz analiz yaradıcı insana zamanla təhtəlşüur kimi qəbul olunanın yüksək qiymətə malik olduğunu xatırladır; analiz ruhun başlıca tələblərinin mövcudluğunu, həmçinin, bütün avtoritar miqyas və qiymətlərlə əlaqəli olduğunu yüksək səslə onun yadına salır. “Psixoanaliz onu əsaslı və ciddi səkildə öz təcrübəsində sınayan bir şəxsin qarşısında bütün dərinlikləriylə açılar, çünki bu zaman analiz intellektual məşğuliyyət kimi yox, ruhi sarsıntılar rolunda çıxış edər”. Bu bilgilərlə praktiki tanışlıq “şəxsi dərketmə” ilə əsaslı münasibətlərin inkişafı, şüurluluq və şüursuzluq arasındakı çılğın, yaradıcı, ehtiraslı qarşılıqlı fəaliyyətin hiss edilməsilə nəticələnər (bir sıra hissi və psixi təzahürlər adətən gerçəkliyin astanasında qalaraq qısa yuxular səviyyəsində gəzişirlər, analiz onların da üzərinə işıq salmağa nail olur).

Hesseyə görə, psixoanaliz hər bir insanın etika və vicdanı üzərində böyük əhəmiyyətə malikdir. O iddia edir ki, analiz “insandan özü özünə münasibətdə vərdiş etmədiyi dürüstlüyü tələb edir” və ona şüurundan uğurla aşkarladığını görmək, qiymətləndirmək, tədqiq edib ciddiyə almağı öyrədir. Psixoanalizin başlıca uğurunu Hesse insanın daxili dünyasını dərk etməsində görür. O, “Demian” romanının ön sözündə yazırdı ki, “hər bir insanın həyatı onun özü özünə olan yoludur”. “İnsanın özünə olan yolu” – deyə Hesse qeyd edir, – “onun dağılmış ruhundan keçir, özünü dərk etmək isə hər bir şəxsin həyatının ən vacib məqsədi kimi öz ruhundakı saysız dünyalarla tanış olmaqdan ibarətdir”. Bu yolu Hesse “Yalquzaq” romanının baş qəhrəmanı Harri Hallerlə birgə gedir. O, bu üsulla ruhun tutqun və heyvanı cəhətlərini aşkarlamağa çalışır. Hesse anlayır ki, bunun üçün gərək öz dərinliyinə baxa, öz qaranlıq tərəfinlə üz-üzə dayana və onu özündən çölə çıxara biləsən. O, öz ağrı və qayğılarından çalxalanaraq təmizlənməsini şeirlərində də göstərə bilir:

“Bir zamanlar şair idim,

İndisə yalnız beytlər yaza bilirəm.

Onları oxuyan insanlar,

Gülür, ya da lağa qoyurlar.

Nə vaxtsa mən müdrik olub çox şey bilirdim,

Mən məqsədimə o qədər yaxın idim ki.

İndisə axmağa çevrilmişəm,

Və yenə əvvəldən başlamalıyam”.

 

“Böhran” dövrünün bu və ya digər şeirlərində əvvəlki illərə nəzərən psixoloji yararlanma və şüursuz başlanğıca meyil hiss olunur. Hesse ruhi böhranının şüuruna yetişərək onlardan oyun səviyyəsində bəhs edir, maska arxasında gizlənməklə əvvəlki xəstə strukturu sındırıb onun çiliklərindən yenisini yaratmağın mütləqliyi qənaətinə gəlir.

Psixoanaliz və Hesse yaradıcılığının qarşılıqlı əlaqəsini bu bilginin mövcud bir istiqaməti – yuxuların interpretasiyası – olmadan təsəvvür etmək mümkün deyil. Freydə inansaq, “yuxuda təsadüf və dəxlisiz heç nə yoxdur”, tapmaca da bu cür “əhəmiyyətsiz və motivləşdirilməmiş detallar” arxasında gizlənir. Freyd yuxugörmənin böyük terapevtik rolunu qeyd edərək yazır ki, “o, hallüsinativ doyumsuzluq yoluyla psixi qəzəblərin dağıtdığı yuxunu bərpa edir”. Məhz yuxularda insanın bütün yenilmiş, fərdi naturanın istifadə olunan tərəfi, eləcə də nəzakət və etik prinsipləri arxasında gizlənmiş hiss və instinktləri tapmaq olar. Axı yuxugörmələrdə yaradıcı şəxsin fantaziyaları tamamilə azadlıq qazanaraq gerçək həyatda mümkünsüz olan şedevri yaratmağa kömək edir. Hesse bunu dəqiqliklə anlayandan sonra öz yuxularını yazmağı öyrənir, ağlagəlməyən bu ecazkar təsvirləri gün işığına çıxararaq onlara məntiqi izah və bitkinlik verməyə çalışır. Bu cəhdləri biz onun “Yuxuların izi ilə” esselər toplusunda görə bilərik. “Cizmaqara” essesində Hesse, Freydin yuxuların səbəb olduğu hallüsinativ doyumsuzluq barədəki iddiasını təsdiq edir. Essenin qəhrəmanı gecəyarısı “xoşbəxtedici və ecazkar, sirli qüvvəyə malik yuxudan oyanaraq hiss edir ki, nəsə əhəmiyyətli və fərəhverici bir hal yaşayıb”. O, vacib və unudulmaz yuxunun onu həyatında nələrisə xilas etdiyini, yuxudan sonra yaddaşda qalanları yazmalı və bu qabarıq duyğuların şifrəsini açmalı olduğunu anlayır. Yuxuda görərək aşiq olduğu qız “ruhunun ən dərin və ən gözəl mənbəsindən dirçələrək” “taleyin ümidlə gözlədiyi gələcəyin rəmzi və xoşbəxtliyin qiymətli arzusu kimi” onun üçün doğulub. Qəhrəman xoşbəxtdir, lakin o, bütünlüklə ədəbi əsərin vərdişedilməz şəkli sanaraq bu yuxularını yazmaq cəhdindən əl çəkir və sadəcə ədəbiyyatçı qalmaq yolunu seçir.

“Yuxudakı hədiyyə” essesində Hesse yenidən “yuxugörmədəki ədəbiyyatçı”ya qayıdaraq qeyd edir ki, onlar ömürlərinin böyük hissəsini bir əsas tapşırıq kimi bu ecazkar görüntüləri canlandırmaq cəhdinə xərcləyir. O, yaradıcılara rahatlıqla gülərək bizə sayğısız yanaşmalarını qınayır və “sirlərinə agah olmaq üçün zamanla həmin gözəl dərinliyə baş vurmağın qaçılmaz olduğu” qənaətinə gəlir. Hesse bu essesində keçmiş, eyni zamanda, indiki incəsənəti əks etdirən peyzaji da yuxusunda gördüyündən bəhs edir. Bu şəklin rəngləri onun sevimli rəng çaları isti sarı və qırmızımtıl tonlu idi. Yalnız oyanandan sonra bu şəkil gərəksiz gözəl, hədsiz çəhrayı və harmonik, hətta, azacıq duyğusal görünməyilə təəssüf doğururdu. Hessenin fikrincə, elə bununla da yuxugörmə mifi dağılır və sirri aşkar olurdu.

Yuxugörmələrlə oynamaq Hesseyə sərhədsiz zövq verirdi. On illər ərzində o, gördüyü yuxuları xatırlamaq və şüurlu surətdə köçürmək bacarığını inkişaf etdirərək psixoanaliz metodlarıyla onlara anlam verməyi, şüurluluq və şüursuzluq arasındakı əlaqəni izləməyi öyrənir. Hesse etiraf edir ki, zamanla “yuxuları geri çağırmaq, əvəzində isə onlardakı xəfif xəbərdarlığı izləmək bacarığı”nın heç vaxt onu tərk etməməsinə baxmayaraq, yuxu həyatı “əvvəllər olduğu kimi toxunulmazlıq və ərköyünlük” nümayiş etdirmirdi.

Psixoanaliz romantizm kimi Hessenin əsas əyləncələrindən biri olsa da, onun ruhunda və yaradıcılığının ikinci dövründəki rəmzi mənalandırmada silinməz izlər buraxır. Bu periodun əsərlərini və bioqrafik oçerkləri oxuyarkən görürük ki, Freydin psixoanalitik çalışmaları Hessenin həyatıyla yanaşı yaradıcılığına da təsir edir. Psixoanaliz və doktor Lanqın terapevtik seanslarıyla tanışlığı Hesseyə ruhi böhranlarından qurtularaq yaradıcılığını davam etdirmək üçün gərəkli qüvvəyə yetişməsinə səbəb olur. Yuxugörmələrin təsvirlərilə başlanan rəssamlıqla məşğul olması sevinc və istirahət mənbəyinə, nəsri isə üslub və materialına görə yüksək dərəcədə orijinal və müasir ədəbiyyata çevrilir. Psixoanaliz Hesseni həyata olan yeni baxışlarını idarə etmir, amma özünü dərketmədəki səliqəliliyin, ədəbi yaradıcılığının düşüncə tərzindəki qərarlılığının yaranmasına səbəb olur.

Tərcümə: Səbuhi ŞAHMURSOY

Mənbə: “Ustad” jurnalının 17-ci sayı.