“Himnimizin müəllifi kimdir?” – Xəyalə Murad

71 Baxış

xayala-murad

Senet.az oxucularına “Ustad” jurnalının 19-cu sayından Xəyalə Muradın “Himnimizin müəllifi kimdir?” yazısını təqdim edir.

Azərbaycan Xalq Cümhuriyyəti mövzusunda araşdırma yazmaq o qədər məsuliyyətli və o qədər qəlizdir ki, sonsuz mövzu arasında dilemma yaşamaqdaydım. Üzeyir Hacıbəylinin iliyimizədək işləyən, qanımızı qaynadan bəstələrindən, ürək ritmimizə çevrilmiş himnimizdən bəhs etmək qərarına gəldim.

Mövzunu himndən saldıqca rəsmi məlumatlara nəzər salmadan giriş etmək düzgün olmaz. Müstəqil Azərbaycan Respublikasının dövlət himninin layihəsi 1919-1920-ci illərdə hazırlansa da, o dövrün tarixi-siyasi hadisələri onun qanunvericilik səviyyəsində qəbuluna imkan verməyib. Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin 14 Noyabr 1919-cu il tarixli (rusca) sayında Xalq Maarif  Nazirliyi tərəfindən hökumətə milli himnin və dövlət gerbinin hazırlanmasının təşkili məsələsi haqqında rəsmi təkliflərin təqdim edildiyi qeyd edilir. Məlumatda həmçinin o da bildirilir ki, Xalq Maarif Nazirliyi himnin yaradılması üçün müsabiqə elan edilməsini, müsabiqəyə himn layihələrinin 1920-ci il fevralın 1-nə  qədər təqdim olunmasını, ən yaxşı himnə görə isə 15 min rubl miqdarında mükafat verilməsini məqsədəuyğun hesab etmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər  Şurası Maarif Nazirliyinin həmin təklifinə baxaraq 1920-ci il yanvarın 30-da “Azərbaycan Respublikasının milli himni, dövlət gerbi və möhürü, hərbi ordenlərinin layihələrinin hazırlanması haqqında” qərar qəbul etdi. Hökumət qərarına görə, milli himnin, dövlət gerbi və  möhürünün hazırlanması üzrə müsabiqə elan edilməsi Xalq Maarif Nazirliyinə, hərbi ordenlər üzrə isə Hərbi Nazirliyə həvalə edildi. Həmçinin hökumət qərarı ilə milli himnin yaradılması məqsədilə müsabiqə qalibinə 50 min rubl vəsait ayrılması nəzərdə tutulmuşdu. Bu qərarı əsas tutaraq 1920-ci il fevralın 19-da Xalq Maarif Nazirliyi “Azərbaycan” (rusca) qəzetində (19 fevral 1920-ci il, № 33) milli himn, dövlət gerbi və möhürünün hazırlanması üçün müsabiqə elan etdi. Müsabiqənin şərtlərinə görə müsabiqədə iştirak edən şəxslər milli himnin layihəsini (eləcə də dövlət gerbi və möhürünün) bağlı konvertdə, həmçinin təqdim edilən layihənin  əsasını təşkil edən tarixi, milli-mənəvi, siyasi amilləri geniş şərh etməklə Xalq Maarif Nazirliyinin dəftərxanasına 1920-ci il mayın 1-nə qədər təqdim etməli idi. Bu atributların Azərbaycan İstiqlalının ikinci ildönümünədək (28 may 1920-ci il) qanunvericilik səviyyəsində qəbul edilməsi nəzərdə tutulurdu. Lakin 1920-ci ilin 27 aprel rus-bolşevik istilası  nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsi və süqutu bu böyük milli ideyaların həyata keçirilməsinə imkan vermədi.

2011-ci ildə qulağıma himnin əsil müəllifinin kimliyinə dair çox şaiələr çatdı. Kimi himnin sözlərində Əhməd Cavadın yazı üslubunu duymadığını, kimi himn olması üçün lazımi səviyyədə yazılmamasını, sözləri əslində Ü.Hacıbəyliyinin özünün yazdığını deyənlər və buna bənzər bir çox fikirlər yazılır, deyilirdi. Bəs əsl müəllif kim idi? Əhməd Cavad, Cəmo bəy Cəbrayılbəyli, Cəmo bəy Hacınski, yoxsa Üzeyir Hacıbəyli? Bu suala cavab tapmaq üçün qəzetlər arasında bir qədər axtarış verib İradə Sarıyevanın (“Bakı xəbər”.- 2011.- 24 fevral.- S.15) müsahibəsinə rast gəldim. Həmin yazıdan bir hissəni sizinlə bölüşürəm:

Qəzetimizin ötən sayına açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmlər namizədi Asif Rüstəmli himnimizin sözlərinin Əhməd Cavada aid olmadığını bildirmişdi. A.Rüstəmlinin sözlərinə görə, Ə.Cavadın müəllif kimi qəbul edilməsi heç bir faktla əsaslandırılmayıb. Üstəlik, Ə.Cavadın o dövrdə nəşr olunan heç bir kitabında himnin mətni olmayıb.

Millət vəkili, xalq şairi Vaqif Səmədoğlu isə Əhməd Cavadın himnimizin mətn müəllifi olaraq qəbul edilməsinin sirrini qəzetimizə açdı. İndiyə qədər mətbuatın diqqətindən kənarda qalan bu məsələyə V.Səmədoğlu aydınlıq gətirdi. O bildirdi ki, bu, əsaslandırılmış şəkildə olub: “İndi hər kəs bir söz danışır. Biri deyir, sözləri Cəmo bəy yazıb, başqa birisi deyir Əhməd Cavad yazıb. Hətta mətni Üzeyir bəyin özünün də yazdığını deyənlər var. Mən də fikrimi bildirim. 1968-ci ildə maestro Niyazi Türkiyədən “Azərbaycan” adlı jurnal gətirmişdi. Mənə zəng vurub bu barədə danışdı və görüşdük, o həmin dərgini mənə verdi. Bu jurnal bütövlükdə Mustafa Kamal Atatürkün vəfatının ildönümünə həsr olunmuşdu. O mərasimdə çıxış edənlən sırasında Mustafa Vəkilov da var idi. O, “Azərbaycan marş”ından da danışmışdı və jurnalın əvvəlində indiki himnimizin sözləri və notu çap olunmuşdu. Onun bəstəkarı kimi Üzeyir Hacıbəyovun, mətn müəllifi kimi isə Əhməd Cavadın adı qeyd olunub. Mən o vaxt həm o mətni köçürdüm, həm də notu. Sonra jurnalı Niyazinin özünə qaytardım. Uzun müddət sonra notu Aydın Əzimova verdim, o musiqinin üstündə işlədi”.

Yuxarda adı çəkilən Cəmo bəy Süleyman oğlu Hacınski 1888-ci ilin iyunun 14-ü Qubada doğulmuşdur. O, görkəmli maarif və mədəniyyət xadimi, publisist, naşir, Azərbaycan Demokratik Respublikasının parlamentinin üzvü Mehdi bəy Hacınskinin (1879-1941) qardaşıdır. Cəmo bəy Hacınski 1912-ci ildə Peterburq Universitetinin hüquq fakültəsini bitirmişdir. 1907-1915-ci illərdə “Kaspi” qəzetinin müxbiri və əməkdaşı olmuşdur. 1915-17-ci illərdə Batumi vilayətində və Dənizkənarı rayonda Birinci dünya müharibəsi (1914-18) dövründə zərər çəkənlərə yardım edən müsəlman qaçqın komitəsinin müvəkkili işləmişdir. 1916-cı ildə “Nicat” mədəni-maarif cəmiyyətinin işində iştirak etmiş, müsəlman dram cəmiyyətinin və 1917-ci ildə Azərbaycan Arxeoloji Cəmiyyətinin yaradıcılarından olmuşdur. Cəmo bəy Hacınski 1917-ci ilin iyulunda Cənubi Qafqaz Kəndli Deputatları Şurası İcraiyyə Komitəsi sədrinin müavini seçilmiş, oradan nümayəndə kimi Rusiya Müəssislər məclisinə seçkilər üzrə Cənubi Qafqaz mərkəzi komissiyasının sədri vəzifəsinə təyin edilmişdir. Zaqafqaziya seyminin Müsəlman fraksiyasının, seym buraxıldıqdan (1918-ci il 26 may) sonra isə yeni yaradılmış Azərbaycan Milli Şurasının (1918-ci il 27 may) üzvü olmuşdur. Hacınski Milli Şuranın Azərbaycanın istiqlal bəyannaməsini qəbul edən 26 üzvündən biri idi. Azərbaycan Milli Şurasının “Azərbaycan Məclisi Məbusanının təsisi haqqında qanun”una (1918-ci il 19 noyabr) əsasən Azərbaycan Cümhuriyyəti Parlamentinə daxil edilmişdi. Hacınski Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabinəsində dövlət nəzarətçisi vəzifəsini icra etmiş, 4-cü və 5-ci hökumət kabinələrində (1919 aprel 20 mart) Poçt və Teleqraf naziri vəzifəsində çalışmış, respublikada rabitə sahəsinin inkişafında xüsusi xidməti olmuşdur. Cəmo bəy Hacınski “Türk yurdu” cəmiyyətində Azərbaycan incəsənətindən mühazirələr oxumuş (1918), Azərbaycan və s. mətbuatında “Qubalı” imzası ilə çıxış etmişdir. Üzeyir Hacıbəyovun əsərlərinin tamaşaları, həmçinin Nəcəf bəy Vəzirov və b. haqqında məqalə və resenziyalar yazmışdır. “Milli nəğmələr” kitabçalarında (1919-20) şeirləri dərc olumuşdur. 1920-ci il aprel işğalından sonra xalq Ədliyyə Komissarlığında İnzibati-maliyyə şöbəsinin rəisi təyin olunmuş, mədəniyyət və maarif sahəsində fəaliyyətini davam etdirmişdir. Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin işində yaxından iştirak etmiş, qədim mədəniyyət abidələrinin mühafizəsi məsələləri ilə məşğul olmuşdur. Cəmo bəy Hacınski 1922-ci il aprelin 21-də həbsə alınmış, 3 il məhbəsdə saxlandıqdan sonra Solovki (Rusiya, Arxangelsk vilayəti) həbs düşərgəsinə göndərilmişdir. 1928-ci ilin iyununda azad edilərək Bakıya qayıtmış, həmin ilin iyulundan Respublika Kənd Təsərrüfatı Kooperasiyası İttifaqında plan şöbəsinin katibi olmuş, sonra şöbə müdiri vəzifəsini icra etmişdir. Hacınski Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabinəsində dövlət nəzarətçisi vəzifəsini icra etmiş, 4-cü və 5-ci hökumət kabinələrində (1919 aprel 20 mart) Poçt və Teleqraf naziri vəzifəsində çalışmış, respublikada rabitə sahəsinin inkişafında xüsusi xidməti olmuşdur. O 1938-ci ilin noyabrında şimala sürgün edilir, 1942-ci ildə Kirovda dünyasını dəyişir və 1956-cı ildə SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası tərəfindən bəraət qazanır. Bəs onun himnimizlə əlaqəsi nədədir, deyə sual verirsinizsə, izah edim.

Himnimizin sözləri 1919-cu ildə Bakıda ilk dəfə “Milli Nəğmələr” məcmuəsində “Vətən marşı” adı ilə çap olunub. Bu kitab Azərbaycan şairlərinin Vətən mövzusunda yazdıqları şeirlərdən ibarət toplu idi. Himnin sözləri “Cəmo bəy” imzası ilə çap olunub. Bu imza isə ADR dövründə həm parlament, həm də hökümət üzvü kimi fəaliyyət göstərmiş publisist və şair Cəmo bəy Hacınskiyə məxsusdur. Lakin bir əmma ortaya çıxır. Axı “Cəmo bəy” təkcə Cəmo bəy Hacınski deyildi, Cəmo bəy Cəbrayılbəyli kimi şair də vardı. Bəs o kim idi?

Cəmo bəy Adil bəy oğlu Cəbrayılbəyli 1887-ci ildə Şamaxı şəhərində anadan olmuş, maarifçi, pedaqoq, metodist, publisist, yazıçı və şair idi. Şamaxı şəhər məktəbini bitirmişdir (1901). 1908 ildən pedaqoji fəaliyyətə başlamış, Şamaxı (1908-14) və Bakı (1914 ildən) məktəblərində müəllimlik etmişdir. Cəbrayılbəyli və Zülfüqar bəy Hacıbəyli Şamaxıda “Nicat” maarif cəmiyyətinin şöbəsini açmaq məqsədilə 1915-ci ilin yayında Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasını tamaşaya qoymuşlar. Bakı mətbuatında, əsasən, “Məktəb” jurnalında uşaq pyesləri, hekayələr, şeirlər dərc etdirmişdir. Ağəli bəy Naseh, Mirzə Ələkbər Sabir və Abbas Səhhətlə yaxın dost olmuşdur. “Cəmo” imzasıyla şeirlər yazmışdır.(Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Bakı, 2004, s. 279) Cəbrayılbəyli 1922-ci ildə orta məktəb müəllimləri hazırlayan ali pedaqoji kursları bitirmiş, “Zükur” darülmüəlliminə (pedaqoji texnikumuna) müəllim, sonralar dərs hissə müdiri təyin edilmişdir (1922-31). 1931-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun biologiya fakültəsini bitirmiş, 1932-37-ci illərdə Sənaye Akademiyasında (Bakı), Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda, 1938-64-cü illərdə Azərbaycan Elmi-Tədqiqat İnstitutunda işləmişdir. 1942-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, pedaqoji elmlər namizədi, dosent adı almış, elə həmin il Azərbaycanın əməkdar müəllimi adına layiq görülmüşdür. Cəbrayılbəyli Azərbaycanda pedaqoji kadrların hazırlanmasına və tərbiyə olunmasına böyük əmək sərf etmişdir. O, bir sıra dərsliklərin (“Təbiətə ilk addım”, Müxtəsər nəbatat”, “Heyvanat dərsləri” və s.), 30-dan çox elmi-metodik kitab və kitabçanın müəllifidir. Şərəf nişanı ordeni və bir çox medallarla təltif edilmişdir. 1964-cü ildə fərdi təqaüdə çıxmışdır. Şamaxıda “Şahixəndan” qəbiristanlığında M.Ə.Sabirin qəbri yanında dəfn edilmişdir. Bəs himnin əsl müəllifi odurmu?

Əslində bu himn müəllifinin kimliyi mövzusu heç də yeni bir iddia deyil. Hətta tarixçi Möhsün Əliyev 1990-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetinin 20 aprel nömrəsində yazdığı məqalədə vurğulayır ki, “Azərbaycan marşı”nın sözləri Əhməd Cavadın yox, Cəmo Cəbrayılbəylinindir.” O vaxtlar qeyd etdilər ki, Cəmo bəy Cəbrayılbəylinin 1919-cu ildə çıxan şeirlər kitabında həmin şeir də var. Alim Aybəniz Kəngərli “Xalq” qəzetində bunun haqqında məqalə yazır və həmin kitabın üz qabığını da nümunə olaraq göstərir. Bir cavabsız suala da nəzər salaq – Cəmo bəy Cəbrayılbəyli də Cəmo bəy Hacınski kimi “Cəmo” imzası ilə şeir yazırdımı?

Növbəti ehtimal olunan müəlliflərdən biri də dahi bəstəkar Üzeyir Hacıbəylidir. Bu ehtimalın nədən qaynaqlandığını təxmin etmək asandır. Çünki bu anadək Üzeyir bəy sözləri özünə məxsus olan çox şerə musiqi bəstələmişdi. “Ustad” dərgisinin ilk sayında professor Alxan Bayramoğlunun “Dövlət himnimizin söz və mətninin müəllifliyi haqqında” adlı məqaləsindən istinad gətirəcəm:

“Üzeyir bəy 1917-ci ilin dekabrında Y.V.Çəmənzəminlinin bir mətbu çağırışına cavab olaraq “Açıq söz” qəzetində (22 dekabr 1917-ci il) “Milli marş” başlıqlı məqaləsində bildirirdi ki, son günlər o, milli nəğmə yaratmaq üzərində işləməkdədir və hələlik bir milli qəsidə yazmışdır. Üzeyir bəy himn, marş və digər istilahlarla yanaşı, həmin bəstəsinin hansı üsulla yazıldığı barədə də məsələyə aydınlıq gətirərək yazırdı: “…Milli bir qəsidə (himnə qəsidə desək, şərqi sözündən daha düzgün olar) yazmaq haqqında mən bir müddətdir ki, çalışıram. Hələlik bir milli marş yazmışam ki, sözlərini burada dərc etməyi lazım bilmədim. Ancaq bu sözlərin vəzn cəhətdən düzgün olmadığının səbəbini qabaqca söyləməliyəm”.

Bundan sonra Üzeyir bəy sözünə davam edərək öz bəstəsində istifadə etdiyi yeni üsul haqqında belə izahat verir: “Qədim Yevropada və bu gün bizlərdə musiqinin vəzni şeirin vəzninə tabe olur. Halbuki, bu gün Yevropada musiqiyə xüsusi bir vəzn verilib, şeiri ona tabe edirlər. Bunun izaha ehtiyacı vardır ki, ancaq indi məqamı deyildir. Onu demək istəyirəm ki, həmin sözlərin vəzni musiqisinə tabedir”.

Göründüyü kimi, Üzeyir bəy Hacıbəyli Azərbaycan bəstəkarlığına gətirdiyi bu yeniliyin əksəriyyət tərəfindən ilk vaxtlar başa düşülməyəcəyini və bu üzdən şeirin mətnində nəzərə çarpa biləcək məhdudluqla bağlı qüsurları qəbul edə bilməyəcəyini qabaqcadan duyaraq ona aydınlıq gətirməyi lazım bilmişdir. Həmin yeniliyin mahiyyəti və Üzeyir bəyin izahatı bu gün çoxlarına bəlli olmadığı üçün onlar Dövlət Himnimizin sözlərində şeiriyyətcə və ya nəsə qüsur “tapıb” ona kölgə salmağa çalışır, bununla da öz naşılıqlarını və məlumatsızlıqlarını nümayiş etdirmiş olurlar.”

Bəs bu iddia nədən qaynaqlanır? Niyə marşın müəllifinin kimliyinə bu qədər şübhə edilir? Musiqisinin Üzeyir Hacıbəylini tərəfindən bəstələndiyi hər kəsə gün kimi aydın olduğu halda, niyə sözlərin Əhməd Cavad olmadığını düşünən oldu? Bu barədə bir qədər təhlil etdikdən sonra sualıma cavab tapdım: məsələ burasındadır ki, Əhməd Cavadın yazdığı bütün şeirlər misra-misra izlənilir, sözün ifadə tərzinə, vurğuladığı mənaya nəzər salınırdı. “Göy-göl” şeirinə görə ittiham edilən Əhməd Cavadı onu yazanadək elə himnin “Üç rəngli bayrağınla məsud yaşa” misrasına görə həbs edə bilərdilər. Bəs niyə himnin adı çəkilmir? Niyə onun “təhlükə” saçan misraları içində himnin fəxarət hissi oyadan bəndləri qeyd edilmir? Yoxsa himnin əsl müəllifinin Əhməd Cavad olmadığını bilirdilər?

İndi İradə Sarıyevanın (“Bakı xəbər”.- 2011.- 24 fevral.- S.15) müsahibəsinə təkrarən nəzər salaq:

“Vaqif bəy, yəqin ki, onun dövlət himni kimi qəbul edilməsi təşəbbüsünü də siz qaldırmısınız. Oradakılar da müəlliflərin kim olduğunu ilk dəfə sizdən eşidib”.

V.Səmədoğlunun sözlərinə görə, o qətiyyən belə bir təklif irəli sürməyib: “Yox, bu mənim təklifimlə olmayıb. O kimin təşəbbüsü ilə qəbul edilib, bilmirəm. Bilirsiz, Meydan Hərəkatı dövründə əvvəllər mitinqlərdə Üzeyir Hacıbəyovun “Koroğlu” operasından uvertura səsləndirilirdi. Aydın Əzimov o vaxtkı “Azərbaycan marşı”nı işləyəndən sonra isə o səslənməyə başladı. Milli Məclis qəbul edəndə o artıq məşhur idi.

Hər kəs də mətn müəllifinin, “Azərbaycan” jurnalında qeyd edildiyi kimi, Əhməd Cavad olduğunu bilirdi. Düşünürəm ki, bunu problem etməyə dəyməz. Kimin üçün maraqlıdırsa, buyurub araşdırsın, müəllifin kimliyini təsdiqləsin.”

“Azərbaycan marşı”nın sözləri ilk dəfə 1919-cu ildə “Vətən marşı” adı ilə hökumət mətbəəsində “Milli nəğmələr” kitabında çap olunmuş, musiqisi isə ondan sonra bəstələnmişdir.  “Azərbaycan marşı” 1989-cu ildə tanınmış bəstəkar Aydın  Əzimov tərəfindən böyük xor və simfonik orkestr üçün aranjiman edilərək lentə yazılmış, həmin ilin payızında 70 illik fasilədən sonra ilk dəfə olaraq Azərbaycan xalqı qarşısında, eləcə də dövlət televiziyası və radiosunda səsləndirilmişdir.

Qəzetdən-qəzetə, portaldan portala, məqalədən məqaləyə nəzər saldıqca ovcumda qalan sualların cavabını axtarmağa çalışdım. Himnimizin müəllifi kimdir? Əhməd Cavad? Cəmo bəy Hacınski? Cəmo bəy Cəbrayılbəyli? Yoxsa dahi Üzeyir Hacıbəyli? Lakin heç birinə tutarlı cavab tapa bilmədim. Himnimizin dəyişdirilməsini qətiyən istəmirəm. Onu bütünqəlbimlə sevir, övladlarıma öyrədirəm, lakin həqiqəti bir vətəndaş kimi bilmək istəyirəm. Araşdırmalar bir nəticə verməli, qəlbimizdə əbədi kök salan o misraların əsil müəllifinin kimliyi bir dəfəlik təsdiqlənməli, müəlliflik hüququ öz sözünü deməlidir.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10