Hinduşka

45 Baxış

 AKİF SON ŞƏKİLAkif Abbasov

HİNDUŞKA

 (hekayə)

Səriyyə süddən, qatıqdan, nəhrə yağından-pendirdən,  qaymaqdan-baldan, bir qədər də mer-meyvədən  bir zənbil düzəldib, bir hinduşka da kəsdirib, tükünü yoldu, iç-çalatını təmizləyib  hazırladığı payın üstünə qoydu. Vidadi müdafiə edib alim olmuşdu. Səriyyə gec xəbər tutmuş, vaxtında  əmioğlusunu təbrik edə bilməmişdi. Bir var özünü eşitməməzliyə qoyub üstünü vurmayasan, bir də var gec də olsa, təbrik edəsən. Hər halda ikinci variant yaxşıdır. Sabah Salyandan yola düşən avtobusa əyləşər, uzağı iki saata özünü Bakıya çatdırar, Vidadiyə, ailəsinə gözaydınlığı verər, bir stəkan çaylarını içib, rayon payını da verər, geri qayıdar.

Qonşu Gülbacı Səriyyənin bayaqdan, əlləşib-vuruşduğunu, nə zamandan bəri yanını yerə qoymağa da macal tapmadığını görüb:

- Ay Səriyyə,  yumurtası tərs gəlmiş toyuq kimi nə əlləşirsən? Aaazz, özünə yazığın gəlmir?

Səriyyə deməyə məcbur oldu:

-Bizim Vidadi alim olub, xəbər tutmamışam… Deyirəm gec də olsa, gedib təbrik edim. Universitetdə oxuyan uşağa köməyi çox dəyir. Fikirləşməsin ki, özümüzü  bilməməzliyə vurmuşuq, qanmazıq…

Maraq Gülbacıya güc gəldi:

-Əli boş ha getmirsən, nə aparırsan gülmə-şəkər əmioğlunçun?

Səriyyə cavabında dedi:

-Süd-qatıq, nehrə yağı, pendir, mer-meyvə…

Gülbacının əl çəkmək fikri yox idi. Odur ki dedi:

-Elə bu? Nə əcəb toyuqdan, qazdan-ördəkdən, quzu ətindən… bir şey aparmırsan?

Səriyyə boynuna aldı:

-Bir dənə də hinduşka…

Gülbacı təəccüblə:

-Azz, yeni il qabağıdır, -dedi.  -Heç bilirsən bazarda hinduşka neçiyədir?

Səriyyə halını pozmadan ürəkaçıqlığı ilə dedi:

-Hər neçəyə olsa, əmim oğludur.  Qan qohumumdur, əmimin yadigarıdır. Deyirsən, bir hinduşkanı da  qıymayım? Adam adama hansı gündə lazımdır?!

Gülbacı  dilləndi:

-İndi hinduşkanın biri əlli manatdır.

Bu dəfə Səriyyə təəccüblə içərisini çəkdi:

-Əlli manat???

Gülbacı təsdiqlədi:

-Hə, əlli manat…

Oradan-buradan bir qədər söhbətləşəndən sonra Gülbacı çıxıb getdi. Səriyyə səhər ertə Bakıya yola düşəcəkdi. Odur ki, yatağa tez girdi ki, yatıb yuxuya qalmasın.

Səhər saat 6-da zəngli saat səsləndi. Səriyyə durub yuyundu. Yarım saat, qırx dəqiqə sonra zənbilini götürüb yola çıxdı. Bilet alıb avtobusa qalxdı. Avtobusun yola düşməsinə on beş dəqiqə qalırdı. Səriyyə birdən hiss etdi ki, nəsə darıxır. Dünən Bakıya getmək, Vidadi əmioğlusunu təbrik etmək üçün nə qədər hazırlıq işləri görmüşdü. Bakıya getmək üçün ürəyi əsirdi. İndi isə, getmək istəmirdi. Gülbacının sözləri ona rahatlıq vermirdi: “Heç bilirsən bazarda hinduşka neçiyədir? Əlli manata”.

Qış yaman gəlirdi. Uşaqların əyni yalın idi. Musanın ayaqqabısı su buraxırdı. Gülgəzin paltosu nimdaş idi. İsanın da şalvarı süzülmüşdü. Hinduşkaya bax, gör necə qudurub! Əlli manata qalxıb. Bal da, qaymaq da od qiymətinə idi.  Sürücü sərnişinləri harayladı:

-Gəlin, gedirik. Siqaretinizi atın, avtobusa qalxın.

Sərnişinlər avtobusa doluşdular. Avtobus tərpəndi. Yüz metr belə getməmişdi ki, Səriyyə ayağa qalxdı:

-Şofer qardaş, maşını saxla.

Sürücü dilxor oldu:

-Bəli başlandı… Nə olub? Öyrənmisiniz maşın qalxanda saxlatdırıb bulka alırsınız…

Səriyyə səsini qaldırdı. O,  zənbilini də  götürmüşdü:

-Düşürəm.

Sürücü cin atına mindi:

-Necə yəni düşürəm. İndi bu millət iki saat səni gözləsin ki, nə vaxt qayıdacaqsan?!.

Səriyyə irəli yeridi:

- Getmirəm. Saxla, düşüm.

Sürücü  təəccüblə və əsəbi halda xəbər aldı:

-Getmirsən? Bu başqa məsələ. Amma pulunu qaytarmayacağam. Yeri zanit eləmisən.

Səriyyə əlini yellədi:

-Cəhənnəmə qaytar, qara yola qaytar.

Səriyyə düşdü. Avtobus tərpəndi. Səriyyə nəfəsini dərib əlini qaldırdı. Bazara gedən avtobusa mindi. Südü-qatığı, nehrə yağını-balı, hinduşkanı bazara gətirib yaxşı qiymətə satdı və uşaqlarına yavanlıq, əyin-baş aldı.

Evə qayıdandan sonra bir stəkan çay içib, telefonun dəstəyini qaldırdı. Telefonçu qızın səsini eşidən kimi  Bakını sifariş verdi və Vidadini təbrik etdi.