“Humanizm” pərdəsi altında erməni-faşist təəssübkeşliyi – Şahanə Müşfiqin essesi

27 Baxış

154362_d2b4ckcxfy

Ta uşaqlığımdan “Qarabağ” deyiləndə gözümün önünə gələn ilk mənzərə Xocalıda qətlə yetirilmiş bir körpənin donmuş vücudu olub. Əlbəttə, bunu televizorda görmüşdüm. Ona qədər də, ondan sonra da kifayət qədər vəhşət şəkilləri, videoları ilə qarşılaşmışdım. Elə o görüntünün yer aldığı videoda da başqa insanların cansız bədənləri insanın ürəyinə ox kimi batırdı. Amma özünü qorumaq istərcəsinə əllərini sinəsinə sıxmağa çalışmış, sol tərəfi üstə donub qalmış, sifəti tanınmaz hala düşmüş o körpə heç vaxt ağlımdan çıxmır. Bircə o görüntüyə görə illərdir, heç bir işğal günündə, xüsusən Xocalı soyqırımının ildönümündə televizora baxa bilmirəm. Elə bilirəm, o körpə özünü qorumaq istədiyi o buz bağlamış əlləriylə yaxamdan yapışacaq, “siz elə ancaq baxmağı bacarırsınız, hanı mənim qisasım?!” – deyə hesab soruşacaq. Əgər elə bir şey olsaydı, nə deyərdim ona, nə cavab verərdim?

Məhz o körpə vücuda verdiyi işgəncələrə görə erməni mənim əzəli-əbədi düşmənimdir. Tarixinə bu qədər böyük faciələr, əzablar qalaqlanmış, eyni qövm tərəfindən dəfələrlə soyqırımlara məruz qalmış, qanı-canı bahasına torpaqları bağrından qoparılmış bir xalq bütün bunları başına gətirənə düşməndən başqa nə deyə bilər ki?!

Düz iyirmi səkkiz ildir o uşaq əlləri havada ədalət gözləyir. Nəhayət, sentyabrın 27-də onun və onun kimi öldürülən minlərlə günahsız azərbaycanlının haqq səsi cəbhəyanı bölgələrimizdə bomba, güllə, mərmi səsləri cildində ərşə qalxdı. Onların ədalətə susayan ruhları vətən göylərində pərvazlandı. Çünki onların varisləri olan biz 30 ildən sonra çox güclü, cəsarətli və qorxmaz şəkildə haqq savaşımızı başlamışdıq.

Otuz ilə yaxındır, qan tökülməsin, analar ağlar qalmasın, övladlar başsız böyüməsin, gənc həyatlar yarıda qırılmasın deyə müharibə etməyən, torpaqlarını sülhlə, danışıqlar yolu ilə geri almağa çalışan Azərbaycanın səbr kasası doldu və daşdı artıq. Həyasız düşmənin son illərdə bizə meydan oxuyaraq Qarabağla bağlı verdiyi qərarlar, Şuşadakı prezident seçkiləri bu məsələnin sülh yoluyla həllini mümkünsüz etdi. Çünki bizdən fərqli olaraq, düşmən nə beynəlxalq qanunları tanıyır, nə də əməl edir. Bütün bunlarla razılaşmaq, yenidən “qan tökülməsin” deyib olanlara göz yummaq əzəli-əbədi torpaqlarımızdan birdəfəlik imtina etmək demək idi. Torpaqdan isə heç zaman pay olmayıb, ola da bilməz.

Bütün bunların dərki 27 sentyabr günü Qarabağ savaşının, azərbaycanlılar üçün əsl Vətən Müharibəsinin başlamasına rəvac verdi. Artıq 15 gündən çoxdur ki, davam edən döyüşlərdə qüdrətli Azərbaycan ordusu öz gücünü ən yaxşı şəkildə sərgiləyir. Torpaqlarımızın əhəmiyyətli qismi illər sonra düşmən tapdağından azad edildi. Amma bu, hələ hamısı deyil. Ən böyük qələbələrimiz, təbii ki, qabaqdadır. Və biz də hamılıqla o günlərin uzaqda olmadığına inanırıq!

Nə yazıq ki, bu çətin günlərdə içimizdəki humanistlərlə də savaşmalı oluruq. İnsan sevgisi, humanizm gözəldir. Amma müharibədən öncə. Müharibə zamanında isə bu meyl çox vaxt özünü satqınlıq, xəyanət və qorxaqlıq halında göstərir. Bu gün bəziləri “humanizm” adı altında ermənipərəst mövqe göstərməyə, insanların onsuz da tarıma çəkilmiş əsəblərini daha da korlamağa davam edir. Əllərində bayraq tutduqları isə guya demokratiya, fikir-söz azadlığıdır.

Əvvəl elə bilirdim ki, məcburi köçkünlərin, şəhid ailələrinin çəkdiyi əzabları özlərindən başqa kimsə yaxşı anlamaz. Amma maraqlıdır ki, onların arasında da həmin o  “humanizm artistləri” var. Görürsən ki, belələrindən biri Azərbaycanın sərhəddindən yüz kilometrlərlə uzaqda “sülh göyərçinliyi” funksiyasını öz üzərinə götürür. Arqumentləri isə budur ki, dünyanı sülh gözəlləşdirəcək. Bəli, razıyıq, dünyanı sülh gözəlləşdirəcək, sülh çox gözəlliklərə sahib olacaq, amma Qarabağı geri qaytarmayacaq.

İllər boyu Azərbaycan xalqını unutqanlıqda günahlandırmışıq. Çünki 1905-ci il, 1918-ci il hadisələrindən sonra belə sinəsinə çəkilən bütün dağları unudub, düşmənlə bir ərazini, bir kəndi, bir süfrəni bölüşməyə davam edib, qız alıb, qız verib, kirvəlik edib. Bu, xalqımızın həm erməninin, həm də erməni təəssübkeşi humanistlərin göstərməyə çalışdığı qədər vəhşi, barbar, müharibə həvəslisi olmadığının ən gözəl sübutudur. Amma 1990-cı illərdən sonrakı hadisələr, sülh gözləyə-gözləyə otuz il ərzində başımıza açılan oyunlar artıq unutqanlığın və humanizmin bizə nə qədər baha başa gəldiyini göstərdi.

Əgər bu gün övladları ön xəttə vuruşan analar, atalar belə atəşkəsdən qorxurlarsa, susan hər mərmi səsindən “birdən müharibə dayanar” təlaşı keçirirlərsə, deməli, bu xalqın erməniyə qarşı humanist olmağa haqqı yoxdur. İllərdir, körpələri işgənclərə məruz qalan millət alçaldıcı sülhə tərəfdar ola bilməz.

Bəli, biz insan sevirik, erməni faşistlərini isə yox. Nə yazıq ki, erməni faşizminə qol-qanad gərənlərin bir çoxu bu gün “humanizm” adı altında gizlənir. Amma nə onlar, nə də bizə düşmən kəsilən kimsə bizi haqq yolumuzdan döndərə bilməyəcək. Qələbə bizimdir! Qarabağ Azərbaycandır!

 

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10