Hüseyn Bağıroğlunun yeni şeirlər kitabı nəşr olunub

57 Baxış

Hüseyn Bağıroğlu

“Nə yaxşı göydədi hələ göy üzü”

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist Hüseyn Bağıroğlunun “Nə yaxşı göydədi hələ göy üzü” şeirlər kitabı çapdan çıxıb. Kitabı 60 illik yubileyini qeyd edən şairin oxucuları qarşısında yaradıcılıq hesabatı kimi də dəyərləndirmək olar.

Kitabda yer alan bədii nümunələr insanları mənəvi ucalığa, saflığa, özünüdərkə və humanizmə səsləyir.

Kim deyir bu ömür, bu gün havayı…
Hər ürək bir eşqin uçmuş sarayı.
Səhərlər Günəşi, axşamlar Ayı,
Gecələr özümü varaqlayıram…

“Bir şəhid əynində köynəkdi Vətən” deyən şairin yeni kitabında yurd sevgili, şanlı Ordumuzun İkinci Qarabağ müharibəsində qazandığı Qələbə soraqlı şeirlər xüsusi yer tutur. “Vətən”, “Azərbaycanım”, “Salam, əziz Şuşa”, “Azərbaycan-Türkiyə”, “Sənin baban”, “Azərbaycan əsgəri” və başqa şeirlərdə doğma torpağa bağlılıq, Vətən övladlarının misilsiz qəhrəmanlığı yüksək poetik dillə nəzmə çəkilib.

Kitabın üz qabığında Hüseyn Bağıroğlunun şeirin, bədii sözün yarandığı sirli məqam haqqında düşüncələri də verilib. Müəllif şeirin doğulduğu anı ağacların yaşıl yarpaqlarında gedən fotosintez prosesi ilə müqayisə edir: “Şair həyəcanlanır və belə deyək ki, “öz orbitindən” çıxır. Bir neçə misranı qəbul edib “orbitinə” qayıdır. Sonra pərvanə şamın başına dolanan kimi şairin fikirləri də o misraların başına dolanır. Yavaş-yavaş şeir tam şəkildə görünür və yazılır…”.

Qeyd edək ki, Bakıda “ReadENG Publishing” MMC-də nəşr olunan kitabın redaktoru “Mədəniyyət” qəzetinin baş redaktor müavini Fariz Yunislidir.

Bundan əvvəl Hüseyn Bağıroğlu “Adam kölgəsinə səsləmə məni” (1998), “Mən çiynimdən yerə qoydum dünyanı” (2001), “Başımda qar olur, ayağımda yaz” (2010) adlı kitabları ilə oxucuların görüşünə gəlib.

 

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10