Hüseyn Cavid – 135

44 Baxış

cb36d36c6cae

Bu gün yazıçı-dramaturq Hüseyn Cavidin anadan olmasından 135 il ötür. Milli poeziyamızda fəlsəfi lirikanın təkrarsız nümunələrini yaratmış Hüseyn Cavid mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələ açıb. Onun yaradıcılığı Şərqin estetik fikir tarixi və dünya romantizm ənənələri ilə sıx bağlı olub.

Dahi sənətkarın zəngin irsinə “Keçmiş günlər”, “Bahar şəbnəmləri” şeirlər silsiləsi, “Azər”, “Kor neyzən” poemaları, “Ana”, “Maral”, “Şeyx Sənan”, “İblis”, “Şeyda”, “Uçurum”, “Afət”, “Peyğəmbər, “Topal Teymur”, “Knyaz”, “Səyavuş”, “Xəyyam”, “İblisin intiqamı” dramları, ədəbi, elmi, ictimai baxışlarını əks etdirən məqalələri, məktubları daxildir. “Atilla” (Gözəl Eyida), “Çingiz”, “İblisin ilhamı”, “Telli saz”, “Şəhla”, “Koroğlu” adlı əsərləri isə müsadirə olunub. “Mənim Tanrım gözəllikdir, sevgidir”, – deyən Hüseyn Cavid dramaturq olmazdan öncə romantik şair, sevgi və gözəllik aşiqi kimi tanınıb.

Onun poeziyasında dərin həyat fəlsəfəsi, sağlam məntiq, insan kamalına möhkəm inam öz əksini tapıb. Azərbaycan ədəbiyyatına ümumtürk məfkurəsi gətirən böyük sənətkar “Dəniz tamaşası” (1912) şeirində qoca türkün dili ilə millətin döyüş ruhunun qorunmasının vacibliyindən söz açıb. Dil və din birliyinin qorunub saxlanması problemini “Hərb və fəlakət” şeirində qələmə alaraq “İttihad! İştə ən böyük ideal” yazıb.

Senet.az oxucularına Hüseyn Cavidin bir neçə şeirlərini təqdim edir.

 

ÇİÇƏK SEVGİSİ

Ədibi-möhtərəm Əlibəy Hüseynzadəyə

Sevimli, nəşəli, dörd-beş yaşında bir sarışın,
Mələk baxışlı, gözəl bir qız iştə oynayaraq
Qoşardı bağçada… bir şey görüb də etdi maraq:
— Əfəndim, annəciyim! Şöylə saçdığın nə?
— Saqın,
Quzum, ayaqlama! Bunlar çiçək toxumlarıdır.
Səninçin iştə bir az sonra pənbə, mavi, sarı
Gözəl çiçəklər açar həpsi; anladınmı?
— Xayır,
Xayır mən onları sevməm; mənimki pək ayrı,
Bu yanda, bax bu kiçik yerdə ayrı olmalıdır.
— Pəki, mələk çocuğum, hər toxumdan al da bir az,
Bəyəndiyin yerə saç… Kəndin iştə qönçəyi-naz!..
Çocuqcığaz gülərək həp birər-birər ayırır;
Bu çox gözəl, bu nasıl? — der, saçardı həpsindən,
O imdi bir kələbək… hoplayır sevincindən.

Bu vəqədən azacıq bir zaman keçib getdi…
Gülümsəməkdə ikən şəms, o növərusi bahar,
Təbəssüm etməyə üz tutdu büsbütün əzhar,
Sarıb da bağçayı həp rəngə, nura qərq etdi.
Fəqət o nazlı mələk nerdə?!.
— İmdi yapyalınız,
Dərin bir uyquya dalmış məzar içində o qız!

QIZ MƏKTƏBİNDƏ

— Quzum, yavrum! Adın nədir?
— Gülbahar.
— Pəki, sənin anan, baban varmı?
— Var.
— Nasıl, zənginmidir baban?
— Əvət, zəngin, bəyzadə…
— Öylə isə, geydiyin geyim neçin böylə sadə?
Yoxmu sənin incilərin, altun bilərziklərin?
Söylə, yavrum! Heç sıxılma…
— Var əfəndim, var… lakin
Müəlliməm hər gün söylər, onların yox qiyməti,
Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.
- Çox doğru söz… Bu dünyada sənin ən çox sevdiyin
Kimdir, quzum, söylərmisən?
— Ən çox sevdiyim ilkin
O allah ki, yeri-göyü, insanları xəlq eylər.
— Sonra kimlər?
— Sonra onun göndərdiyi elçilər.
— Başqa sevdiklərin nasıl, yoxmu?
— Var…
— Kimdir onlar?
Anam, babam, müəlliməm, bir də bütün insanlar…

İLK BAHAR

Kiçik bir məktəbliyə

Bahar, bahar gəlmiş, yenə ilk bahar;
Güllər, çiçəklər gülər, quşlar oynar.
Göyün altun saçlı qızı nur saçar,
İnsanların tutqun könlünü açar.
Dağlar, çəmənlər geyinir al, yaşıl;
Yerlər, göylər parıldar işıl-işıl.
Bülbüllər ötüşür, cəh-cəh vururlar,
Güllüklərdə dügün, dərnək qururlar.
Sevgili bir çoban, on bir yaşında,
Düdük çalar axar sular başında.
Ətrafında qoyun, quzu hoplaşır,
Oynar, mələr, qoşar yenə toplaşır.
Bir yanda bir dul qadın ağır-ağır
Xəstə yavrusunu öpüb oynadır.
Bir yanda məktəbli bir çox qız, oğlan
Oynaşıb oxuşur həp bir ağızdan.
Əl-ələ, qol-qola şadan olurlar,
Haqqın qüdrətinə heyran olurlar.

ÖKSÜZ ƏNVƏR

Doquz yaşında zəki, uslu bir çocuq: Ənvər…
Sinifdə tam iki ildir, birincilikdə onun
Şərəfli bir adı var; daima müəllimlər
Sevərdilər onu. Lakin o imdi çox yorğun.

O imdi çox mütəfəkkir… cahanda iştə onun
Həyatı, nəşəsi, ümmidi tək bir annəsi var.
Fəqət o, bəlkə üç ay var ki, xəstə, giryənümun
Nəzərlərilə üzər binəvayı leylü nahar.

Zavallı annəsi söndükcə yavrucuq yanıyor,
Yanıb da qovruluyor; ən böyük düşüncələri
Yarınki matəmi güldürmək üzrə aldanıyor,
Fəqət qadın ərimiş, onda yox həyat əsəri.

Çocuq dəvam eləyir dərsə hər sabah; lakin
Nə söyləyirsə müəllim, o bir şey anlamayır.
Dalıb, dalıb gediyor, dərs için, vəzifə için,
Toqat yeyirsə də biçarə susmuş, ağlamayır.

Səkiz gün oldu ki, artıq xəbər yox Ənvərdən,
O imdi dərsə dəvam etməyir, qadıncığazın
Qoşar məzarına öksüzcə ağlar, inlərkən
Gəlincə xatirə mazi, düşüb qalır bayğın.
Sorar sinifdə müəllim o kimsəsiz çocuğu,
Qızar da söylənərək hər gün arxasınca onun;
“Aman, nasıl yaramaz! Bax, bu həftə keçdi dəxi
Nə bir xəbər, nə bir iz var? Demək o bir çapqın…”

Yarınki gün o soluq çöhrə pürməlali təəb,
Sinifdə ərzi-vücud etdi. Dərsə başlanaraq
Müəllim əkşi, çatıq üzlə püritabü qəzəb,
Görüncə Ənvəri, qaldırdı:
- Ey! Çocuq, mənə bax!
Sən, iştə hanki cəhənnəmdə, söylə, nerdə idin?
Düşünmə, söylə!
- Əfəndim, şey…
- Ah, dəni yaramaz!
Nasıl da bax dalıyor, sanki tülküdür qurnaz!..
Çocuqcığazda cavab: iştə bir sükuti-həzin…
Gözündə dalğalanır incə bir bahar buludu,
O həp baxıb duruyor, yoxdur onda hiylə və suç…
Sükuta qarşı müəllim qəzəblə bir, iki, üç
Toqatlayınca, çocuq bircə kərrə hıçqırdı:
“Aman, vay, annəciyim!..”, sonra qəşş olub getdi;
Bu səs sinifdə olan cümlə qəlbi titrətdi.

 

KÖŞƏ YAZARLARI
TOP 10