“Hüseyn Cavid irsi və müasir dövr” mövzusunda konfrans keçirilib

30 Baxış

1111

Aprelin 25-də Azərbaycan Dillər Universitetində (ADU) “Hüseyn Cavid irsi və müasir dövr” mövzusunda konfrans keçirilib.

ADU-dan Senet.az-a bildirilib ki, konfrans böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 135 illiyinə həsr edilib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov deyib: “Hüseyn Cavid müxtəlif mənaları özündə təcəssüm etdirən əsərlərin müəllifidir. Hüseyn Cavidin əsərlərində biz fikir zənginliyinin şahidi oluruq”. Hüseyn Cavidin milli olduğu qədər, həm də bəşəri sənətkar olduğunu söyləyən M.İmanov qeyd edib ki, onun zəngin mənalar silsiləsinin olduğu “İblis”, “Peyğəmbər”, “Şeyx Sənan” və digər əsərlərinin mövzusunu çərçivəyə sığışdırmaq mümkün deyil.

AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli bildirib ki, Hüseyn Cavid yaradıcılığındakı fəlsəfi, tarixi fikirlər Azərbaycan dramaturgiyasında yeni mərhələ açıb. O, H.Cavid yaradıcılığının təbliğinin əhəmiyyətini vurğulayıb: “Mentalitetimizin formalaşmasında müstəsna xidmətləri olan Hüseyn Cavid yaradıcılığının araşdırılması gənc nəslin vətənpərvər kimi formalaşmasında mühüm rol oynayır”.

AMEA-nın tərkibində fəaliyyət göstərən Hüseyn Cavidin Ev-Muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı rəhbəri olduğu muzeyin mütəfəkkir sənətkarın yaradıcılığının təbliği, tədqiqi və sistemləşdirilməsi ilə məşğul olduğunu diqqətə çatdırıb: “Hüseyn Cavidin Ev-Muzeyinin həyata keçirdiyi cavidşünaslıq layihəsi çərçivəsində Hüseyn Cavidin həyat və yaradıcılığı barədə dövri mətbuatda çap olunan məqalələrin 50 cildlik kitab şəklində nəşr edilməsi nəzərdə tutulur. Bu günə kimi akademik Kamal Abdullanın rəhbərliyi ilə Hüseyn Cavidin əsərləri müxtəlif dillərə tərcümə olunaraq Avropa ölkələrinə yayılıb”. H.Cavidin Ev-Muzeyində 15 mindən artıq eksponatın qorunub saxlanıldığını deyən G.Babaxanlı müxtəlif yerli və səyyar sərgilərin təşkil olunduğunu sözlərinə əlavə edib.

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının professoru, cavidşünas Cəlal Qasımov əsərlərində bəşəri ideyalara, türkçülüyə geniş yer verən Hüseyn Cavid yaradıcılığının öyrənilməsində onun qızı Turan Cavidin göstərdiyi əvəzsiz xidmətlərdən danışıb: “Mənzum dramaturgiyanı Azərbaycan ədəbiyyatına gətirən Hüseyn Cavidin yaradıcılığında biz tarixə sadiqliyin şahidi oluruq. Millətin milli mənəvi dəyərlərinə hücum olunan zaman Hüseyn Cavid tarixə müraciət edib və “Peyğəmbər” əsərini ərsəyə gətirib, türkün tarixi və torpağı hədəf seçilən zaman isə o, “Topal Teymur”u yazıb. Beləliklə, biz onun yaradıcılığında tarixi köklərə bağlılığın, Vətənə sədaqətin təcəssümünü görürük”.

ADU-nun rektoru, akademik Kamal Abdulla deyib ki, Hüseyn Cavid hər bir azərbaycanlının yaxın şairi olmaqla yanaşı, doğma insanıdır. Kamal Abdulla “Cavidə məhəbbətlə” adı altında nəşr edilən üçcildlik haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Rektor bildirib ki, Azərbaycan ədəbiyyatının ən yüksək nöqtələrində bərqərar olan Hüseyn Cavid öz yaradıcılığı ilə Azərbaycanın ən dahi şairləri ilə səsləşib. Kamal Abdulla qeyd edib ki, 1982-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə şairin cəsədinin Sibirdən gətirilməsi yalnız bir şairin cəsədinin Vətənə gətirilməsi deyil, eyni zamanda, Azərbaycan ziyalıları qarşısında əqidəyə, dünyagörüşə yaşıl işığın yandırılması demək idi: “Bu hadisə repressiya olan ölkələrin heç birində baş verməmişdi və ilk dəfə SSRİ məkanında ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirildi”.

Sonda Hüseyn Cavidin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Qeyd edək ki, ADU-nun foyesində Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən kitab sərgisi təşkil olunub.