Hüseyn Cavid: “Mənim tələbələrim pivəsatan olur.”

163 Baxış

cavidSenet.az ədəbiyyat və sənət dərgisində “Memuar notlar” layihəsi

 Layihənin birinci yazısı 

 Layihənin ikinci yazısı

 

Orta məktəb dərsliyində Hüseyn Cavidin tərcümeyi-halını yazmaq məqsədilə A. Şaiq məlumat almaq üçün ona müraciət etdikdə, şair zarafatla deyir:

− Yaz ki, dimdiyinin sarısı getməmiş sərçə balasıdır.

 

***

 

Hüseyn Cavid gözəl qadını, qızı göydən enmiş mələk sayırdı. Günlərin birində, müəllim Hüseyn Cavidin yanına gözəllik ilahəsi qədər füsunkar, lakin bilikdən dayaz bir qız imtahana gəlir. Suallara cavab verə bilməyən qızın xarici gözəlliyi şairin gözlərini qamaşdırır. Qız yalvarırmış kimi dillənir:

− Müəllim, xahiş edirəm, mənə pis qiymət verməyəsəniz.

Şair ilhama, vəcdə gəlir:

− Qızım, Tanrı səni yaradanda “beş” qiyməti verib, mənim nə ixtiyarım var Yaradanın qiymətini korlayım, – deyə, qıza “beş” yazır.

 

***

 

Hüseyn Cavidin istedadlı gənclərə xüsusi məhəbbəti vardı. O, Mikayıl Müşfiqi, Səməd Vurğunu xüsusi ilə çox sevirdi. Bir dəfə Cavidin yanına çoxlu gənc şair gəlir. Onlardan biri, Cavidə pərəstiş edən bir nəfər, böyük şairə müraciətlə söyləyir:

− Cavid müəllim, sizin yanınıza çox adam gəlir. Onlar sizin işləməyinizə mane olmurmu? Siyahı tərtib edin, kim lazımsa, ancaq onları buraxın.

Cavid gülümsəyir:

− Onda siyahıya iki gəncin adını yazın: Mikayıl Müşfiq, Səməd Vurğun …

− Bəs niyə Səməd Vurğun?

− Səmədin şeirləri rəvandır, bulaq kimi axır… Onun simasında mən gələcəyin böyük sənətkarını görürəm …

− Cavid müəllim, axı, o, səliqəsizdir, geyinib-keçinməyinə fikir vermir.

Hüseyn Cavid gülür:

− O da şairin bir məziyyətidir.

 

***

 

Hüseyn Cavid səliqəli geyinməyi sevərdi. Onun ayaqqabısı həmişə par-par parıldayardı. Bir gün şair palçığa bulaşmış ayaqqabısını çəkmə­si­lənə sildirəndə görür ki, çəkməsilən on­un üzünə baxıb gülümsəyir. Şair xəbər alır:

− Yaxşı oğlan, niyə bic-bic gülürsən?

Çəkməsilən gülümsəyə-gülümsəyə, həm də utana-utana söyləyir:

− Bağışlayın, Cavid Əfəndi, siz mənim mü­əl­limim olmuşsunuz.

Hüseyn Cavid əllərini bir-birinə vurub şaq­qıldayıb deyir:

− Düz deyirsən bala, mənim tələbələrim ya çəkməsilən, ya da pivəsatan olur.

 

***

 

Hüseyn Cavid yaxşı nərd oynayırdı. İstedadlı gənc şair Mikayıl Müşfiqlə oyundan xüsusi zövq alar, çox zaman onu udar, udan kimi də təkrar edərdi:

− Bu da şeir deyil ha, yaza bilməyək.

 

KÖŞƏ YAZARLARI
TOP 10