Senet.az f.ü.f.d.,dos. Şəmil Sadiqin “Ədəbiyyatla bütövləşmiş şəxsiyyətlər” kitabından “Hüseyn Cavid yaradıcılığında demonizm” məqaləsini təqdim edir:
“Demonizm”– “demon” anlayışını ilk dəfə Sokrat dilinə gətirmiş, haqsızlıq, ədalətsizlik əleyhinə içərisindən üsyan edən səsləri eşidərək onları “demon” – “Allahın səsi” adlandırmışdır. Bu baxımdan demonizm bəşər tarixində zülmə, ədalətsizliyə qarşı bir mübarizə vasitəsi kimi müsbət hadisədir.
Demonizm tiraniyanı ədalətsizlik, zülm, haqsızlıq üzərində qurulan səltənəti daim inkar edir. Əslində onun üsyanı göylər səltənətinə qarşı yox, yerdəki cahil, mövhum, əzazil tirana və onun cəmiyyətinə qarşı-dır.
Platon Allahı “formalar forması”, yəni dünyada hər bir şeyə forma verib onu qoruyub saxlamaq və ya dəyişmək hüququna malik olan bir qüvvə adlandırmışdır.
Bəşər düşüncəsi ta qədimdən xeyirlə şərin mübarizəsini qəbul etmiş, bu mübarizədə xeyirin əvvəl-axır şərə qalib gələcəyinə, işıqlı, ölümsüz, səfalətsiz, ehtiyacsız bir səltənət qurulacağına inanmışdır. Bunun timsalını ən qədim və ən böyük dualist din olan Zərdüştilikdə görürük. Həm zərdüştilik dövründə, həm ondan əvvəl, həm sonra mövcud olan politeist dinlərdə də xeyir və şər qüvvələr daim mübarizədədir. Bu dinlərdə də xeyrin qələbəsi labüd göstərilir.
Tarixin sonrakı dövrlərində yaranan İudaizm, Xristianlıq, İslam dinləri monoteist mövqedə dursalar da, onlarda da xeyirlə şərin mübarizəsi ön plana çəkilir. Şər qüvvələr olan Satana, İblis Allaha – yaradıcı qüvvəyə qarşı çevrilir.
Monoteist dinlər dövründə demonizm, bir çox hallarda əvvəlki müsbət funksiyasını itirərək şərə xidmət edən bir vasitəyə çevrilir. Bu Allahın iradəsiylədirmi, ya onun iradəsindən kənardır? Tanrının iradəsindən kənar heç nə mövcud deyil – nə zaman, nə məkan, nə məzmun, nə də forma.
“İnkarı inkar” qanununa əsaslanaraq, Allah özünü bir dəfə inkar edib dünyanı yaratmış və həmin o dünyada özünə bənzər varlıq olan, bütün yaradılmışların əşrəfi insanı yaratmışdır. İnsan ona qoyulan qadağanı pozmuş və Allah özünü bir daha inkar edərək onu əbədiyyətdən, səadətdən, firavan yaşayışdan məhrum edib cənnətdən qovmuş, əzab-əziyyətə məhkum etmişdir.
Bütün bunlar öz əksini dünyanın romantik ədəbiyyatında Dante, Şiller, Şekspir, Höte, Bayron, Puşkin, Lermontov və s. bizim ədəbiyyatımızda isə, əsa-sən, Hüseyn Cavid yaradıcılığında tapmışdır.
Hüseyn Cavid bir çox faciə və dramlarında demonik ruhlu insanların taleyini Zərdüştilik dövründən tutmuş İslamiyyətin qələbəsi, Böyük Cahan çarpışmaları və ateizm dövrünə qədər izləmişdir. Onun “Səya-vuş”, “Peyğəmbər”, “Xəyyam”, “Topal Teymur”, “Şeyx Sənan”, “İblis”, “Azər” əsərləri bu qəbildəndir.
Cavidin inkar etdiyi, lənətlədiyi tiran şər qüvvələrə uyaraq, başına şər qüvvələri toplayaraq ucsuz-bucaqsız məmləkətlərə, milyon-milyon insanlara qaranlıq, zülmət, əsarət və ehtiyac gətirən yer tiranlarına qarşıdır.
İlk baxışdan inkaredici mövqedə durub Allahı “ti-ran” adlandıran, ona qarşı mübarizəyə səsləyən qüvvələr insanda təəccüb doğurur. Axı “formalar forma-sı” olan Allah, istəsə insanın məzmununa da sahib dura bilər, lakin o ən ali olduğu qədər də demokratik bir varlıqdır. O, bizə ən gözəl forma və ən ali şüuru vermiş, xeyirlə şəri ayırıb-seçməyi isə öz öhdəmizə buraxmışdır.
Bu baxımdan xeyrə xidmət edən adam demokratik ruha malik olsa, əməlləri bəşəriyyətə səadət, şərə xidmət edən adam isə şər qüvvələrin tövsiyələrinə əməl etsə, bütün kainata, insaniyyətə fəlakət gətirəcək.
H.Cavidin tarixin ən qədim dövrlərindən bəhs edən əsəri “Səyavuş”dur. Xeyrə xidmət edən Səyavuş, şərin köləsi olan Kərşivaz və Südabə əsərin konfliktini təşkil edirlər. Səyavuş qurmaq, yaratmaq, bir-birinə düşmən olan iki böyük xalqı, iki məmləkəti sülhə, qardaşlığa birliyə gətirmək əzmi ilə çarpışır. Ona qarşı mübarizə aparan Südabə və Kərşivaz isə öz şəxsi mənafe, murdar istəkləri ilə xeyrin qarşısına sədd çəkir. Keykavus, Əfrasiyab kimi şərə xidmət edən mənfur insanların əllərində oyuncağa çevrilirlər və qədim tarixin ən qədim faciələrindən biri – Səyavuşun öldürülməsi, şər demonunun xeyir demonuna qələbəsi, artıq yetişməkdə olan İran-Turan birliyinin pozulması, bu xalqların sonralar hələ uzun müddət bir-birinə qanlı, amansız düşmən olması faciəsi baş verir. Şər xeyrə qalib gəlir…
Dramaturqun İslamın ilk təşəkkülü, inkişafı, qələbəsi və peyğəmbərin şəxsiyyətindən bəhs edən, ən maraqlı, düşündürücü dramlarından biri “Peyğəmbər” əsəridir. Peyğəmbər yerə-göyə sığmayan, ancaq göydəki ali qüvvənin hökmünü, istəyini yolundan azmış, çoxallahlığa inanan, həqiqətdən uzaq düşmüş insanlara çatdırmaq istəyən, bu yolda heç nədən qor-xub-çəkinməyən, yalnız xeyrə xidmət edən demonik bir obrazdır. Özündən əvvəl gələn İsa Peyğəmbərdən fərqli olaraq, o, təkcə kitabı yox, qılıncı da qələbə çal-maq üçün intixab etməli olur. Bu fikrə onu yönəldən Allahın özüdür. İlahi tərəfindən göndərilən mələk-lərdən biri ona kitab, digəri isə qılınc təqdim edir. Hicrətdən sonrakı mübarizəsində həm kitab, həm də qılınca dayaqlanaraq nüsrət sahibi olur.
Sufizm dövründə arif insan, həqiqətə varıb xidmət edən şəxsiyyət haqqında çox düzgün bir fikir söylənilmişdir. “Mənəm Allah” demək hüququna malik olan hər hansı bir şəxs ariflik zirvəsinə qalxmalıdır… Və o, bu zaman dörd pillədən keçməlidir: şəriət, təriqət, mərifət, həqiqət.
Şəriət dövründə mövcud olan qanunları öyrənib ona riayət etməli, təriqət dövründə özünə mürşid seçərək ilahi və elmi axtarışlarda olmalı, mərifət dövründə özü mürşid olaraq bildiklərini başqalarına öyrədib yol göstərməli, həqiqət dövründə göstərdiyi yolun, çatdığı elmi-fəlsəfi nəticənin yayıldığını, qalib gəldiyini görməlidir. Əgər görərsə, demək o, həqdir, arifdir. Mənsur Həllac da, Nəsimi də bu yolla getmiş, onların “Mənəm Allah” deməyi, həqiqətə varmalarına, küllə qovuşmalarına səbəb olmuşdur.
H.Cavid yaradıcılığında bu cür obrazlara rast gəlmirik. Onun “Xəyyam” və “Topal Teymur” əsərlərində həqiqətin axtarışı, dünyanın dünəni, bu günü və sabahını düşünən qüdrətli demonik obrazlar yaradılmışdır. Bu baxımdan “Xəyyam” pyesi diqqəti daha çox cəlb edir. Əsərdə üç dost təsvir olunur: Xəyyam, Xacə Nizam, İbn Səbbah. Xəyyam, ancaq xeyrə xidmət edən, şəri özündən qovan böyük filosof, alim, şa-ir-Sokrat xislətli bir şəxsdir. İbn Səbbah şərin carçısı, gələcəkdə baş verəcək bir çox fəlakətlərin səbəbkarı və icraçısıdır. Xacə Nizam xeyirlə şər arasında tarazlıq yaratmaq istəyən, bütün dövləti ədalətlə, nizamla idarə etmək istəyən obrazdır.
Allahın özü kimi tənhalığı, öz xeyirxah demonunun pıçıltılarına qulaq asaraq yaratmaq, qurmaq əzmi ilə yaşayan Xəyyam şərə düşüb bir çox çətinliklərlə rastlaşsa da, uzun, mənalı bir ömür sürür, qocalığında hamı ona məhəbbət, hörmət və ehtiramla yanaşır. Şər ona yaxın gələ bilmir, çünki ruhu şərdən uzaq idi. Ancaq hər gün, hər saat şər işlərlə qarşılaşan Alp Ars-lan, Məlik şah, Xacə Nizam kimi dünyaya sahiblik edən qüdrətli şəxsiyyətlər şərin əli ilə nizam, qayda-qanun yaradırlar. İbn Səbbah kimi şərə xidmət edənin ən böyük arzusu və istəyi isə elə həmin qayda-qanun və nizamı dağıtmaqdır – İblisin arzusu kainatın nizamını pozmaqdır. Pozulmuş insan, pozulmuş cahan asanlıqla onun hökmü altına keçə bilər. Burada biz gələcəkdə “İsmailiyyə” terrorçu təriqətinin, təşkilatının, dövlətinin, birliyinin yaradıcılarından biri olan Həsən ibn Səbbahı, əsərdə isə İblisin adı çəkilməsə də, ona xidmət edən demonik bir obrazı görür, tanıyır və əməllərinə nifrət edirik.
H.Cavidin “Topal Teymur” əsəri qəhrəmanlıq dramıdır. Xeyirlə şərin mübarizəsi, Cavidin digər əsərlərində olduğu kimi, burada çox da qabarıq nəzərə çarpmır.
Əsərdə təsvir olunduğu kimi, iki cahangir üz-üzə gəlmişdir. Bunlardan biri Yıldırım Bəyazid, digəri Əmir Teymur idi. Yıldırım Bəyazid serb qızı olan Meliçanın, sərxoşluqdan ayrılmayan vəzirinin, ədalətsiz divan adamlarının dediyi ilə oturub-duran, öz sarayında xain, mənfur niyyətli adamlara yer verib ehtiram göstərən iradəsiz, lakin inad bir şəxsiyyətdir. Şər və çirkabla əhatə olunan bir hökmdar heç vaxt ədalət, nizam, qayda və qanun yaradıcısı ola bilməz.
Əmir Teymur isə ayıq, hər şeydən şübhələnən, hətta ən yaxın adamlarına da bir işi etibar edəndə onu dəfələrlə yoxlatdıran, ən xırda intizam, qayda-qanun pozğunçuluqlarına qarşı amansız olan, lakin ədaləti heç vaxt əldən verməyən, dostlarına sonsuz məhəbbət, düşmənlərinə nəhayətsiz kin və qəzəb bəsləyən bir şəxsiyyətdir. Onun demonik ruhu hərblə yoğrulub. Bununla belə, Əmir Teymur şeirə, sənətə, gözəlli-yə qarşı laqeyd deyildir. Onu apardığı mübarizədə heç nə – nəinki tək-tək, hətta yığın-yığın insanlar, ucsuz-bucaqsız məmləkətlər, bəşərin başına gətirilən faciələr çəkindirə bilmir. Qarşıya qoyduğu məqsədə, fi-kir və əməlinin qələbəsinə o hər şeyi qurban verməyə qadirdir. Yıldırım Bəyazidə söylədiyi sözlər dedikləri-mizə sübutdur: “Heç maraq etmə, xaqanım!.. Əgər dünyanın zərrə qədər dəyəri olsaydı, yığın-yığın in-sanlara, ucu-bucağı yox məmləkətlərə… sənin kimi bir kor, mənim kimi bir topal müsəllət olmazdı”.
Bir nəticə hasil olur, onların hər ikisi icraçıdır. Biri durğunluq, şər mühitə xidmət edir, digəri isə dağıdıcı da olsa, qurub-birləşdirməyə, qayda-qanuna riayət edən bir cəmiyyət yaratmağa cəhd göstərir. Əmir Teymur özünü yol azmışlara qarşı mübarizə aparan bir “Allah bəlası” adlandırırdı.
H.Cavid “Şeyx Sənan” əsərini dini ayrıseçkilik əleyhinə yazmış, hələ dinlərin indiki formada mövcud olmadığı, ən ilkin dövrdə ilahiyə və yaxın bildiyi adamlara məhəbbət şəklində olduğu bir zamanla indiki təzadlı dövrü qarşılaşdırmışdır. Allah bizi xristi-an və ya müsəlman yaratmayıb. Bizi yaradarkən “ya-xın və əziz bildiklərini sev”– deyib. Bu sevginin ən yüksək forması eşqdir. Sənanın Xumara olan məhəbbəti Məcnunun Leyliyə olan məhəbbətinə bənzəsə də, daha əzablı, daha keşməkeşlidir.
Yuxuda buta alan, sevginin dalınca Tiflisə gələn, daim şübhələr içində yaşasa da, pak eşqinə, məhəbbətinə şəkk gətirməyən Sənan demonik bir obrazdır. O həm İslamın, həm də Xristianlığın mövhumat və cəhalətinə üsyan edən, “Allah birdir, din də bir olmalıdır və bu dinin əsası eşqdir”, – deyən bir şəxsiyyətdir. Öz mürşidlərinin əhatəsindən uzaqlaşıb Xumarın atasının və onun ətrafındakı xristian cahillərinin tələblərini yerinə yetirərək istəyinə yenə də çata bilmədiyini anlayan Sənan Xumarın dəvəti və təhriki ilə sevgilisi ilə birlikdə uçuruma atılır. Onlar səadəti bu dünyada yox, özlərini inkar edərək o dünyada arayır və tapırlar.
Cavidin I Dünya Müharibəsi əleyhinə yazılmış “İblis” faciəsi ictimai məzmun və dərin fəlsəfi mənasına görə həmişə aktuallığını qoruyub saxlayan bir sənət abidəsidir. Əsər boyu ən çox iki obrazla rastlaşırıq. Bunlardan biri şərin carçısı və hərəkətverici qüvvəsi olan İblis, digəri əvvəl İblisə nifrət edən, sonra isə onun köləsinə çevrilən mütərəddid ruhlu Arifdir. Arif insanlardan, müharibədən, dünyanın keşməkeşlərindən uzaqlaşaraq İxtiyar adlı bir ərəbin ocağına sığınan, onun nəvəsi ilə evlənən və səadəti, Allahı təqdir, İblisi inkar edən bir şəxsiyyətdir. Biz onu əsərin ilk səhnələrində bu cür görürük. Tərəddüdlü, sabitqədəm olmayan Arifin cahanda baş verən bütün fəlakətlərə qarşı İblisi günahkar bilməsi və ona qarşı etdiyi inkaredici çıxışlar İblisi vadar edir ki, onu tənhalıqdan çəkib çıxartsın və cəmiyyətin təzadlı, keşməkeşli burulğanına atsın.
İnsan ilk günahını nəfsi ucbatından etmiş və indiyəcən, bundan sonra da edəcəyi bütün günahlar onun nəfsini boğa bilməməsindən irəli gəlir. Arifə bütün tə-rəddüdlü insanlarda olduğu kimi, bu hissin güclü olduğunu bilən İblis torunu Rənanı səhnəyə gətirməklə qurmağa başlayır. İlk məhəbbəti yada düşən və özü-nü cilovlaya bilməyən Arif müxtəlif qiyafələrdə zü-hur edən İblisin fitnələrinə uyur, cinayət yoluna düşə-rək Xavəri boğub öldürür. İblisin təhriki ilə əlinə silah alır, şərab içir, cibinə altun doldurur. Qadın, silah, şə-rab, altun-İblisin insanları yoldan çıxartmaq üçün is-tifadə etdiyi ən güclü vasitələrdir. İlk cinayətlərdən qorxub geri çəkilməyən Arif ikinci bir cinayətə yol ve-rərək yəhudi sələmçisini öldürür. Eşq, ehtiras və qan onun gözünü elə tutur ki, doğma qardaşı Vasifi belə tanımır. Qardaşını qətlə yetirəndən sonra ağlı, huşu başına gələn Arif bütün bu işlərdə özünü yox, İblisi günahkar sayır. Ədalət carçısı Elxan və son pərdədə səhnəyə çıxanların hamısı bəd əməllərinin səbəbini İblisdə görür: “Qəhr olmalı, məhv olmalı İblis!” – de-yə fəryad və üsyan qaldırır.
Kimdir günahkar? Mövhumi, rəmzi-simvolik həm də ola bilsin ki, gerçək, fövqəlbəşər bir qüvvə olan İb-lismi, ya öz nəfsi ucundan həmcinsinə, yaxınına, uza-ğına düşmən kəsilən, Allahın “Mən səni dünyanın əş-rəfi yaratdım” – deyə müraciət etdiyi insanmı?
H.Cavid bu suala İblisin son monoloqunda tutarlı bir cavab verir. Oxucuya da, tamaşaçıya da əsl tiranların, İblisin xidmətində duran şeytan xislətli insanların daxili aləmi açılıb göstərilir. Bunlar xaqanlar, şahlar, tülkü siyasilər, xadimi ədyanlar, qadın düşkünləri, məzhəb, din ayıranlar və s. şərin xidmətində duranlardır. İblis bu cür insanların, o, yerə enməsə də, şərə xidmət edəcəyinə inanır və insandakı nəfs, şəhvət, təkəbbür və digər mənfi xislətlərin onun üçün bir ovlaq yeri olduğunu tam yəqinliyi ilə söyləyir:
Mən tərk edirəm sizləri əlan, nəmə lazım?
Heçdən gələrək, heçliyə olmaqdayım azim.
İblis nədir?- Cümlə xəyanətlərə bais…
Ya hər kəsə xain olan insan nədir? – İblis!..
Bəli, Sokrat, Xəyyam kimi insanlar İblis köləsi ola bilməz. Onların ruhuna yaxınlıq edən demon bu cür adamları ancaq xeyrə xidmət etməyə səsləyə bilər. İbn Səbbah kimi ruhunu çoxdan İblisə satanlar bundan heç bir peşmanlıq duymazlar. Arif kimi həyatının müəyyən dövründə İblisə uyanlar nə qədər peşman olsalar da, etdikləri səhvlər bizim üçün, oxucu və tamaşaçılar üçün bir örnəkdir.
Demonizm-demon şərə xidmət edəndə, tərəddüdlü, zəif adamların ruhuna hakim olanda fəlakət, iradəcə güclü, ruhən mətin, xeyrə xidmət edən adamlarda isə bütün bəşəriyyət üçün səadət gətirər. Bu baxımdan “Tiran”ın inkarı şərə xidmət edənlərin, onun təqdiri isə xeyrə xidmət edənlərin amalı, kredosudur. Rahim və rəhman olan zalım və tiran ola bilməz. Lənətlənib dərgahdan qovulan İblis və ona xidmət edənlər Tirandırlar. H.Cavidin tirana yönəldilmiş inkarı onlara qarşıdır.