Hüseyn Cavidin əsərlərində ədalət, sülh və müharibə anlayışları

194 Baxış

esas

F.ü.f.d.,dos. Əzizağa Nəcəfzadə

Kəssə hər kim dökülən qan izini,

Qurtaran dahi odur yer yüzünü.

                                           (Hüseyn Cavid)

Dahilər daim öz zəmanəsi ilə ayaqlaşa bilən, onu qabaqlayan və çox vaxt zamanın fövqündə dura bilən əməl və zəka sahibləridir. Hər bir dahi öz xalqının iftixarı olmaqla bərabər, eyni zamanda bəşərin unikal şəxsiyyəti olur. XX əsrdə Azərbaycan xalqının payına düşən belə fenomenal mütəfəkkirlərdən biri də Hüseyn Caviddir.

Hüseyn Cavidi zamanının digər romantik şairlərindən fərqləndirən, onun əsərlərinə ölümsüzlük qazandıran ən ümdə cəhət, onu dinindən, irqindən, milliyyətindən asılı olmayaraq, oxucularına sevdirən ən əsas keyfiyyət düşüncələrindəki bəşərilik və əbədilikdir, yəni fəlsəfi düşüncələrinin hər zaman aktual olması və hər yerdə qəbul edilməsidir. Deməli, ədibin əsərlərindəki akustik gözəllik yaradıcılığın estetik özülü olsa da, bədii təfəkkürün məhsulu olan lirik düşüncə, epik süjetin ifadə etdiyi məna, səhnə əsərlərindəki dramatiklik – məzmun mündəricəsi onu daha çox bəşəri edir.

Bəs məna üfüqündə bu əbədiliyi, bəşəriliyi qazandıran fəlsəfi kateqoriyalar hansıdır? Sözsüz ki, sevgi, hörmət, ədalət, sülhsevərlik və sairədir.

Cavid öz böyük sələflərinin – Nizami, Füzuli, Namiq Kamal, Tofiq Fikrət və başqa onlarla belə dünya ictimai fikir tarixində iz qoyan düha sahiblərinin ardıcılı olaraq sülhü təbliğ edən sənətkarlardandır. Sülhə çağırış onun ilk dram əsərlərindən yaradıcılığının son günlərinədək tünd xətt kimi izlənir. Ədibin “Ana” dramının sonunda oğlunun qatili ilə rastlaşdıqda Səlma ananın canini sərbəst buraxması, ona çıxış yolunu göstərib: “Get, namərd qonaq, get!” – deyərək vicdanının mühakiməsinə tapşırması, Qanpoladın son nəfəsində: “Burax, haqsız yerə tökmə qan!”, – deyərək yenə də sülhə çağırması, əslində, dramaturqun mövqeyidir.

Hüseyn Cavidin əsərlərindəki sülhə səsləniş ən kiçik çərçivədən – ailədən başlanıb ən böyük makro mühitə – bütöv cahana qədər şaxələnən istiqamətdir. Zülmə, istismara qarşı dura bilmək, əzmkarlıq şairin idealıdır. Cəlal Abdullayev və Alqış Həsənoğlunun “Hüseyn Cavid” monoqrafiyasında bu məsələyə belə münasibət bildirilir: “Bəşər tarixində baş vermiş faciələr şairi yaradıcılığının ilk dövrlərindən başlayaraq son əsərlərinə qədər daim düşündürmüşdür. H.Cavid əzənlə əzilənlər arasındakı barışmaz ziddiyyətləri erkən yaşlarında duymuş, ədalətsizliyi, istismarı, zorakılığı, bir sözlə, insanın həyatını zəhərləyən hər şeyi pisləmiş, tənqid etmişdir”. (1, 3)

Buna baxmayaraq, biz Hüseyn Cavidin əsərlərində döyüş səhnələri ilə də qarşılaşırıq. Onun “Səyavuş”, “Topal Teymur”, “İblis” kimi pyeslərində müharibə süjetin ayrılmaz tərkib hissəsidir. Lakin bu səhnələr də ədalətə çağırış üçün bir vasitə, sülhün təbliği üçün bir zəmindir.

İncəsənətin həyat həqiqətlərinin bəşər övladı tərəfindən mənimsəmə vasitəsi olduğunu yaxşı dərk edən Hüseyn Cavid sinkretik sənət növü olan teatrın imkanlarından bəhrələnməklə öz ecazkar yaradıcılıq potensialından insanlara müsbət hisslər aşılamaq üçün istifadə edirdi. XX əsrin birinci yarısında Azərbaycan teatrında möhtəşəm müharibə səhnələrini, döyüş elementlərini canlandırmağın çətinliyi ilə qarşılaşan müəllif, onun doğurduğu faciələri ustalıqla obrazların dialoqunda verməyə müvəffəq olur. Məsələn, Cavid “Topal Teymur” əsərində Şair ismi ilə təqdim etdiyi obrazın dilindən mənasız qardaş qırğınına, ümumən savaşa olan münasibətini belə ifadə edir: “Qardaş qardaş qanı içiyor. İştə siyasət və rəyasət bəlası!” (2; 357)

Həmin əsərdə bəşərin əşrəfi sayılan insanla vəhşi heyvanların müqayisəsi də ibrətamizdir: “Əvət, qaplan yırtıcıların ən vəhşisidir, fəqət qaplanları parçalayacaq daha böyük vəhşilər var ki, o da insanlardır”. (2; 356)

Bir sərkərdənin, zəfər çalan hökmdarın öz qəddar əməlləri ilə öyünməsini bir növ tipin öz dili ilə özünü tənqid etməsi kimi görmək də olar. Məsələn, Teymurun: “…əsgərlərimdən üç bin kişi öldürdülər. Kəllələrdən qüllələr yapdırdım”, – söyləməsi, zülmə vəhşiliklə qarşılıq göstərməsi əslində müəllifin izləyicilərə mesajıdır, məqsəd dinləyənlərin müharibənin törətdiyi faciələri dərk etməsidir. Bu, ədibin bir rəqəm arxasında neçə insanın, neçə ailənin faciəsinin durduğunu duymağa çağırışıdır.

Əsərin sonuna yaxın yenə də şairin mövqeyi üzə çıxır.  Kin və ədavət, sülh və məhəbbətə qarşı qoyulur: “Məhəbbət! Məhəbbət… Əvət, bütün bəşəriyyəti xilas edəcək yalnız məhəbbətdir. Məhəbbətlə çırpınan bir çoban qəlbi, kin və ədavətlə püskürən bir sultan qafasından daha şərəflidir”. (2; 365)

Cavidin digər əsərində də, məsələn, “Səyavüş”də şair müharibə etikasını baş qəhrəmanın dili ilə verir. Minlərin savaşını, yüzlərin ölümünü lüzumsuz sayır, Homerin “İliada”sında olduğu kimi cəngavər savaşını üstün bilir. Səyavüş deyir:

Bunca xalqı əzib bitirmək neçin?

Hər tərəfdən çəlik qollar seçilsin.

Çarpışsın yigitlər həp birər-birər,

Kim üstün gələrsə, ondadır hünər. (3; 195)

Nə yazıq ki, insanın pis xisləti, heyvani həvəsi, qənimət əldə etmək ehtirası bu etik müharibə üsuluna qarşı çıxır, faciəli nəticələrə səbəb olur. İranı da, Turanı da viran qoyur, dincliyi təlaş əvəz edir, nəfs qulu olan “insan” adlandırdığımız varlıqlar öz həmcinslərinin taleləri ilə qəddar oyun oynayır. Altayın dilindən eşidirik:

Bir yandan Turanın qaçaq elləri,

Bir yandan İranın azğın əskəri.

Qanımızı içib-içib doydular,

Qız-gəlini soyub çılpaq qoydular. (3; 199)

Cavid dramlarında ədalət əsərin fabulasının mərkəzində duran əsas kriteriyadır. Cavidin obrazları ədaləti haqqın qələbəsi üçün bir meyar sayır. Zalımın zülmünə qarşı cəza, adilin hikmətinə qarşılıq olan mükafat – budur Hüseyn Cavid idealı. Əks təqdirdə bəşəri nizam pozular, haqq-ədalət mizanı əyilər. Necə ki, Səyavuş deyir:

Zalım bağışlansa, daha çoq azar,

Məzlum için qazar ən dərin məzar. (3; 295)

Göründüyü kimi, şair əsərlərində öz qənaətini oxucuya sırımır, situasiyanı yaradaraq ona özünün müəyyən qənaətə gəlməsi üçün şərait yaradır. Oxucunu, dinləyicini həqiqətə doğru istiqamətləndirir. Bədii ədəbiyatın əsas vəzifəsi olan tərbiyələndirmə məramından faydalanır. Cavid irsini tədqq edən Şəmil Sadiq “Hüseyn Cavid yaradıcılığında qəhrəman konsepsiyası” adlı monoqrafiyasında bu məsələ ilə bağlı haqlı olaraq yazır: “H.Cavid düşünən və düşündürən sənətkardır”. (4; 342)

Bəşər tarixində elə bir mərhələ yoxdur ki, faciəli hadisələr ondan xali olsun. Bu faciələri bir ibrət dərsi kimi öyrənib təkrarlanmasının qarşısını almaq üçün bədii ədəbiyyatın imkanlarından faydalanan müəlliflərdən biri də məhz Hüseyn Caviddir. Onun “İblis” faciəsi bir nəfərin, bir xalqın deyil, bütün bəşərin faciəsidir. Müharibə, insanların hərisliyi, nəfsinə hakim ola bilməməsi bu əsərdə də əsas tənqid hədəflərindəndir. Bu əsərdə hər bir insan kimi Arifin İblisi öz içində yox, kənarda axtarması faciələrin əsas səbəbi olaraq göstərilir. Bəşərin müharibə, kin, ədavət mərəzindən sağalması üçün ilk öncə fərdlərin öz içindəki İblisi boğmalı olduğunu göstərməsi “İblis” faciəsinin bizə verdiyi əsas dərsdir.

Əsərdə İblisin dilindən verilən parça da bu həqiqəti ifadə edir:

Siz nə qədər məndən uzaqlaşsanız,

Yerə yox, əflakə uçub qaçsanız,

Qarşılaşıb birləşiriz daima,

Ayrı deyil, çünki biriz daima. (5; 310)

İnsan özü-özündən qaça bilməz. İblis də, mələk də insanın öz içindədir. Fərdlər özünə hakim olmağı bacararsa, bütün bəşəriyyətdə sülh hökm sürər, ədalət qələbə çalar. Budur Cavidin ədalət çağırışı.

Cavidin ən böyük arzusu insanlığı yumruq kimi bir, əqidə, amal, mənəviyyat baxımından bütöv toplum şəklində görmək idi. Dinlərin, təriqətlərin, dövlətlərin, sərhədlərin, partiyaların parçaladığı cəmiyyət üzvləri arasında barışığa çağırırdı ədib. “İblis” faciəsində İblisin dili ilə insanlığın ən zəif nöqtələri belə göstərilir:

Həp din ilə, məzhəblə, siyasətlə cahanda

Həp fırtına qopmuşsa, əvət, mən varam orda.

Hər yerdə ki, vardır əzəmət, qəhr ilə dəhşət,

Hakimdir o yerlərdə bu qarşındakı xilqət. (5; 322)

Ədib “Hərb və fəlakət” adlı lirik əsərində də insanları mənalı həyat sürməyə, xoş məramla yaşamağa, birliyə çağırır. Tərəqqinin yalnız ittihadda olduğunu göstərir:

İdeal arxasınca qoş, çarpın!

İdealsız nicat ümidi məhal…

İttihad! İştə ən böyük ideal!

Səni qurtarsa, qurtarar birlik,

Çünki birlikdədir fəqət dirlik! (6; 71)

Cavidə görə, insanların faciələrinin səbəbi necə böyük nemətlərə sahib olduğunu bilməməsində, yaradılışın zirvəsi olsa da, bəzən özünü ən aşağı pillələrə endirməsindədir. “İblis” əsərindəki bir şərqidə belə deyilir:

Hər şey sənindir, ey qafil insan!

Gülgün şəfəqlər, rəngli çiçəklər.

Hər şey sənindir, ey cahil insan!

Parlaq günəşlər, dilbər mələklər.

Yalnız sənin, yalnız sənin hər dürlü nemət;

Gənclik, gözəllik, eşqü ülfət, hər səadət. (5; 289)

Deyilənərdən o nəticəyə gələ bilərik ki, Cavid digər tərəqqipərvər ziyalılar və mütərəqqi fikirli ədiblər kimi daim müharibələrə qarşı durmuş, müharibənin özündə də ədalətin hakim olmasını tələb etmiş, insanları birliyə, sülhə, sevgiyə çağırmışdır. Onun bu həyat idealını təbliğ etmək üçün səhnə əsərlərinə müraciət etməsi isə ədibin öz milləti və ümumən bəşəriyyət qarşısında insanlıq borcunu layiqincə yerinə yetirdiyini əyani göstərir. Cavidin idealları bu gün də bizi sülhə səsləyir, sabaha inamla baxmağa çağırır.

 

İstifadə olunmuş ədəbiyyat:

1. Abdullayev Cəlal, Həsənoğlu Alqış. Hüseyn Cavid, Bakı, Səda, 1997, 160 səh.

2. Hüseyn Cavid. Əsərləri. 5 cilddə. III cild, Bakı, Elm, 2007, 368 səh.

3. Hüseyn Cavid. Əsərləri. 5 cilddə. IV cild, Bakı, Elm, 2007, 296 səh.

4. Şəmil Sadiq. Hüseyn Cavid yaradıcılığında qəhrəman konsepsiyası, Bakı, Hədəf, 2011, 364 səh.

5. Hüseyn Cavid. Əsərləri, 4 cilddə, II cild, Bakı, Yazıçı, 1982, 394 səh.

6.  Hüseyn Cavid. Əsərləri, 4 cilddə, I cild, Bakı, Yazıçı, 1982, 321səh.

 

Xülasə

Məqalədə Hüseyn Cavidin “Ana”, “Səyavüş”, “Topal Teymur” və “İblis” kimi dram əsərlərinə, “Hərb və fəlakət” kimi lirika nümunələrinə istinadən ədibin sülh və müharibə, ədalət və haqsızlıq haqqında düşüncələri şərh olunur. Bu şərhlər əsnasında böyük şairin insanlığın xoşbəxt gələcəyini necə gördüyü açıqlanır, bəşəri harmoniyaya çatmaq üçün insanların nələrə əməl etməli olduqları göstərilir, bir sözlə, sənətkarın “cahanda sülh” idealı nümunələr əsasında təhlilə cəlb olunur.

 

 

 

 

Bölmə : Manşet
KÖŞƏ YAZARLARI
TOP 10